Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-5246/2025 23.01.2026 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhər Suraxanı rayon Mməhkəməsinin hakimi Mirzəyeva Firuzə Fuad qızının sədrliyi, X10 qızının katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “istifadə hüququnun itirilmiş hesab edilməsi” tələbinə tələbinə dаir mülki işə аçıq məhkəmə iclаsındа bаxаrаq, məhkəmə MÜƏYYƏN ETDİ: İddia tələbi. İddiaçı Cavabdeh qarşı “istifadə hüququnun itirilmiş hesab edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ünvan 1 ev 15-dən istifadə hüquqlarının itirilmiş hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbinin əsaslandırılması. İddia tələbi onunla əsaslandırılmışdır ki, ƏMDX DƏDK və Reyestri PHŞ tərəfindən verilmiş hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən ünvan 1 ev 15 onun mülkiyyətindədir. Cavabdeh onun keçmiş gəlinidir və uzun müddətdir ki, qeydiyyatda olduğu evdə faktiki olaraq yaşamır. Belə ki, cavabdeh uzun müddətdir Bakı şəhəri Xəzər rayonu Mərdəkan qəsəbəsi Qurban İsmayılov küçəsi 3 saylı evin 38 saylı mənzildə yaşayır. Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(010)-4386/2019 saylı qətnaməsi ilə oğlu olan X9 ilə keçmiş gəlini Cavabdeh arasında Suraxanı rayon Qeydiyyat şöbəsində xx.xx.2008-ci il taixdə 1285 saylı akt qeydi ilə bağlanmış nikah pozulmuşdur. Lakin uzun müddət keçməsinə baxmayaraq cavabdeh hələ də qeydiyyatdan çıxmamışdır. Belə olan halda, onun mülkiyyət hüquqları məhdudlaşır. Tərəflərin izahatları. İddiaçının nümayəndəsi Nümayəndə məhkəmə iclasında iddia tələbini müdafiə edərək, iddia ərizəsinə məzmununa uyğun izahat vermişdir. İddianın təmin edilməsini xahiş edir. Əvvəlki məhkəmə iclasında iddiaçının nümayəndəsi Nümayəndə bildirmişdir ki, evi 2002-ci ildə atası Sabir Kişiyev almışdır. Cavabdeh uzun müddətdir, mübahisə predmeti olan ünvanda yaşamır və faktiki olaraq başqa ünvanda yaşayır. Ona görə də, qeydiyyatda qalmasına lüzum yoxdur. Evin mülkiyyətçisi heç vaxt qardaşı, yəni cavabdehin keçmiş əri olmayıb. Əvvəl mülkiyyətçi atası olub, sonra isə anası. Cavabdeh məhkəmə iclasında bildirmişdir ki, kompensasiya tələbindən imtina edir. Qərarı məhkəmənin mülahizəsinə buraxır. Əvvəlki məhkəmə iclasında Cavabdeh bildirmişdir ki, 2008-ci ilin noyabr ayında evlənmişdir. 2017-ci ilə kimi həmin evdə yaşamışdır. Mülkiyyətində olan ev yoxdur, anasının yanında qalır. Qeydiyyatdan o halda çıxar ki, kompensasiya versinlər. O, mübahisəli mənzilə köçəndə ev qaynatasının adına idi. İş materialları. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında ƏMDX DƏDK və Reyestri Xidməti PHŞ 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli ********** qeydiyyat nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, ünvan 1 ünvanda yerləşən 15 saylı fərdi yaşayış evi xüsusi mülkiyyət hüququ üzrə İddiaçı adına hüquqi qeydiyyatdan keçmişdir. Azərbaycan Respublikası DİN (ASAN 4) tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli ******* saylı yaşayış yeri üzrə qeydiyyat haqqında arayışdan görünür ki, Nümayəndə xx.xx.2002-ci il tarixdən ünvan 1 ünvanda yerləşən 15 saylı fərdi yaşayış evində qeydiyyatdadır. Cavabdeh və digər şəxslər də həmin ünvanda qeydiyyatdadırlar. Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(010)-4386/2019 saylı qətnaməsindən görünür ki, iddiaçı Cavabdeh X7 qarşı “nikahın pozulması, uşaqların ananın himayəsində saxlanması və aliment” tələbinə dair iddiası təmin edilmiş, X9 ilə Cavabdeh arasında xx.xx.2008-ci il tarixdə Suraxanı qeydiyyat şöbəsində 1285 saylı akt qeydi ilə bağlanmış nikahın pozulması; xx.xx.2009-cu il təvəllüdlü X8 anası Cavabdeh himayəsində saxlanılması, X4 22 avqust 2019-cu il tarixdən başlayaraq xx.xx.2019-cu il təvəllüdlü X8 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 160 manatın tutularaq Cavabdeh ödənilməsi, ödənilmiş 20 manat dövlət rüsumunun cavabdehdən alınaraq iddiçıya, ödənilməmiş 10 manat dövlət rüsumunun isə cavabdehdən dövlət hesabına tutulması qət edilmişdir. xx.xx.2022-ci il tarixdə Bakı şəhəri 10 saylı notariat ofisi tərəfindən verilmiş 2V-91 reyesr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin surətindən görünür ki, xx.xx.2021-ci il tarixdə vəfat etmiş X2 vərəsəsi İddiaçı miras əmlakdan (ünvan 1də yerləşən 15 saylı fərdi yaşayış evi) tam hissədə pay almalıdır. 146395 nömrəli, xx.xx.2002-ci il tarixli Daşınmaz Əmlakın Alqı-Satqı Müqaviləsindən görünür ki, satıcı X5 ona məxsus ünvan 1də yerləşən 15 saylı fərdi yaşayış evini alıcı X1. Satıcı evi qırx üç milyon iki yüz min manat qiymətinə alıcıya satmışdır. Tətbiq edilən hüquq. Azərbaycan Respublikasının Konstitusiyası Maddə 13. Mülkiyyət İ. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. İİ. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. Maddə 29. Mülkiyyət hüququ İ. Hər kəsin mülkiyyət hüququ vardır. İİ. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. İİİ. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 140. Daşınmaz əmlakın dövlət reyestrinin məzmununun həqiqiliyi və tamamlığı prezumpsiyası. Reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. Maddə 152. Mülkiyyət hüququnun anlayışı və məzmunu 152.1 Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 152.2. Sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. 152.3. İstifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. 152.4. Sərəncam hüququ - əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Maddə 228. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququ 228.1. Yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın. 228.2. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər. 228.3. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququ alğı-satqının, girovun və icarənin müstəqil predmeti ola bilməz. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququ olan şəxs, mülkiyyətçi də daxil olmaqla istənilən şəxsdən həmin yaşayış binasına olan hüququnun pozulmasını aradan qaldırmağı tələb edə bilər. 228.4. Yaşayış evinə və ya mənzilə mülkiyyət hüququnun keçməsi yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi üçün əsas deyildir, amma yaşayış otağından istifadə hüququ olan şəxsin mülkiyyət hüququndan imtina barəsində həmin hüquq keçənədək notariat qaydasında təsdiqlənmiş öhdəlik verdiyi hal istisna təşkil edir. 228.5. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri öz yetkinlik yaşına çatmayan uşaqlarını həmin yaşayış binasına köçürmək ixtiyarına malikdirlər. Digər ailə üzvlərinin (ərin, arvadın) köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış binasının tərkib hissəsindən istifadə hüququ mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Yaşayış binasının tərkib hissəsindən mülkiyyətçinin ailə üzvlərinin istifadə etmək hüququ bu məcəllənin qüvvəyə mindiyi gündən yaranır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14. İş üzrə məhkəmə baxışının prinsipləri. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Sübutların qiymətləndirilməsi. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217. Qətnamənin qanuniliyi və əsaslılığı 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 218. Qətnamə çıxarıldıqda həll edilən məsələlər 218.1. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Azərbaycan Respublikasının tərəfdar çıxdığı “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasına 1 saylı Protokol Həmin Protokolun 1-ci maddəsinə əsasən, “hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz.” “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikasının Qanunu. Maddə 9. Şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması Müvafiq icra hakimiyyəti orqanları tərəfindən şəxs yaşayış yeri üzrə qeydiyyatdan aşağıdakı hallarda çıxarılır: 5) yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında; “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 08 oktyabr 2013-cü il tarixli qərarı. Yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdən sonra onun keçmiş ailə üzvünün həmin sahədən istifadə hüququ ilə bağlı məsələlərə baxılarkən, 2009-cu il oktyabrın 1-dək yaranmış münasibətlərə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228ci maddəsinin, həmin tarixdən sonra yaranan münasibətlərə isə Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin müddəaları tətbiq edilməlidir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə əsasən əmələ gələn istifadə hüququna xitam verilməsinə” dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 29 mart 2016-cı il tarixli Qərarı.
1. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə əsasən əmələ gələn keçmiş ailə üzvünün yaşayış binasının tərkib hissəsindən istifadə hüququna müvafiq kompensasiya ödənilmədən xitam verilməsi həmin hüququn əldə edilməsini zəruri edən əsas (yaşayış sahəsinə ehtiyac) aradan qalxdıqda mümkündür. Belə mübahisələrə baxılarkən məhkəmələr tərəfindən işin faktiki halları, o cümlədən istifadə hüququnun həyata keçirilməməsinin səbəbləri dəqiq və hərtərəfli araşdırılmalı və məhkəmə aktında əsaslandırılmalıdır.... Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunu. Maddə 8. Məhkəməyə iddia ərizəsinin, digər ərizənin və ya şikayətin verilməsinə, məhkəmə aktının surətinin təkrar verilməsinə görə dövlət rüsumunun dərəcələri. 8.2. Qiymətləndirilməyən iddia ərizəsinin, məhkəmə əmri haqqında ərizənin, xüsusi icraat qaydasında baxılan iş üzrə ərizənin verilməsinə görə - 100 manat. Məhkəmənin mövqeyi və gəldiyi nəticə. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını araşdırıb, təqdim edilmiş sübutları tədqiq edərək hesab edir ki, aşağıdakılara əsasən iddia tələbi təmin edilməlidir. İşin faktiki hallarından göründüyü kimi, ünvan 1 ünvanda yerləşən 15 saylı fərdi yaşayış evi İddiaçı mülkiyyətindədir. Onun oğlu X9 və Cavabdeh arasında xx.xx.2008-ci ildə nikah bağlanmış, cavabdeh sözügedən mənzilə köçmüşdür. Cavabdeh həmin yaşayış sahəsinə köçdüyü vaxt evin mülkiyyətçisi X6 (iddiaçının mərhum əri və cavabdehin qayınatası) olmuş, sonradan xx.xx.2021-ci ildə vəfat etmiş X2 mirası üzrə qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən mübahisə predmeti olan fərdi yaşayış evi vərəsəlik qaydasında İddiaçı adına keçmişdir. Cavabdeh 2017-ci ildə həmin mənzili tərk etmiş, xx.xx.2019-cu ildə isə iddiaçının oğlu ilə aralarında bağlanmış nikah pozulmuşdur. Cavabdeh evi tərk edib getsə də, həmin evdə qeydiyyatda qalmışdır. Hazırda iddiaçı cavabdehin ünvan 1 ünvanda yerləşən 15 saylı fərdi yaşayış evindən istifadə hüququnun itirilmiş hesab edilməsini xahiş edir. Belə ki, mülkiyyət hüququ Azərbaycan Respublikasında nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericilik çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərində üstünlüyünə üçüncü şəxslərin müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. Məhkəmə ilk növbədə qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 08 oktyabr 2013-cü il tarixli Qərarına istinadən, iddiaçının mülkiyyətində olan əmlaka cavabdehin istifadə hüququnun yaradılmasına Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin müddəaları tətbiq edilməlidir. Məhkəmə onu da qeyd edir ki, iddiaçı tərəfindən irəli sürülmüş iddianın qanuni əsasını Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.2-ci maddəsi təşkil edir. Həmin maddənin tələblərinə görə yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. İş materiallarından da göründüyü kimi, tərəflərin mənzildən istifadə hüququ barədə notarial qaydasında təsdiqlənən yazılı razılaşma mövcud deyil. Belə ki, işin faktiki hallarını nəzərə alaraq, məhkəmə qeyd edir ki, evin əvvəlki və hazırki mülkiyyətçisi ilə cavabdeh arasında heç vaxt yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi ilə bağlı notariat qaydasında təsdiqlənən yazılı razılaşma olmamışdır və cavabdeh tərəfindən yaşayış sahəsindən istifadə hüquqlarının əmələ gəlməsi və ya davam etdirilməsi ilə bağlı razılaşma və ya bu hüququn saxlanmasına əsas ola biləcək hallar üzrə hər hansı mötəbər sübut məhkəməyə təqdim edilməmişdir. Fərdi yaşayış evində qeydiyyat isə istifadə hüququn yaranması üçün əsas deyil. Məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi ilə yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə, müvafiq icra hakimiyyəti orqanları tərəfindən şəxs yaşayış yeri üzrə qeydiyyatdan çıxarılır. Beləliklə, məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, Cavabdeh iddiaçının xüsusi mülkiyyətində olan ünvan 1 ünvanda yerləşən 15 saylı fərdi yaşayış evindən istifadə hüququ itirilmiş hesab edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin Məcəlləsinin 216-220, 227, 233, 357, 358, 360 və 362-cı mаddələrini rəhbər tutаrаq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh iddiaçının xüsusi mülkiyyətində olan ünvan 1 ünvanda yerləşən 15 saylı fərdi yaşayış evindən istifadə hüququ itirilmiş hesab edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron Məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Bakı şəhər Suraxanı rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim: Firuzə Mirzəyeva