Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(010)-5281/2021 14.09.2021 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Suraxanı Rayon Məhkəmənin hakimi Miriyeva Səlimə Miri qızı, İddiaçı cavabdehlər Cavabdeh Açıq Səhmdar Cəmiyyəti və Göyçaylı Nəsimiyə qarşı “istilik sisteminin quraşdırılması, borcun silinməsi və zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlərə baxaraq, MÜƏYYƏN E T D İ: İddiaçı cavabdehlər Cavabdeh Açıq Səhmdar Cəmiyyəti və Göyçaylı Nəsimiyə qarşı “istilik sisteminin quraşdırılması, borcun silinməsi və zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə müraciət edərək məhkəmədən yaşadığı binada istilik sisteminin quraşdırılmasının tam texsniki standartlar çərçivəsində təmin edilməsi, barələrində iddia qaldırdığı cavabdehlərin qanun qarşısında cavab verməsi, borcun silinməsi, ona vurulan maddi, mənəvi ziyanlar, eləcə də fiziki ziyanların ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, ərizə məhkəməyə təqdim edilərkən Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin tələbləri pozulduğundan iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılmalıdır. Belə ki, iddia ərizəsində Cavabdeh Açıq Səhmdar Cəmiyyətinin ünvanı göstərilməmişdir. Halbuki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 149.2.2-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin adları, onların poçt ünvanları ərizədə göstərilməlidir. Digər cavabdeh - Göyçaylı Nəsiminin isə ata adı qeyd edilməmiş, beləliklə, cavabdehin adı ilə bağlı iddia ərizəsində qeyri-dəqiqliyə yol verilmişdir. Məhkəmə hesab edir ki, iddia ərizəsində cavabdehlərin adı və poçt ünvanları barədə bu cür qeyri-dəqiqliyə yol verilməsi məhkəmə bildiriş və qərarlarının cavabdehlərə çatmaması, cavabdehlərin məhkəmə prosesindən məlumatlı olmaması ilə nəticələnə bilər ki, bu da mülki mühakimə icraatının çəkişmə prinsipinin kobud pozuntusu deməkdir. Nəzərə alınmalıdır ki, Azərbaycan Respublikasının Konstitusiyasının 127-ci maddəsinin 7-ci bəndinə əsasən, məhkəmə icraatı çəkişmə prinsipi əsasında həyata keçirilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 9.1-ci maddəsinə əsasən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Bu Məcəllənin 9.2-ci maddəsinə əsasən bu Məcəllə ilə başqa hal nəzərdə tutulmayıbsa, məhkəmədə mübahisəyə işdə iştirak edən şəxslər çağırılıb dindirilmədikdə baxıla bilməz. İşdə iştirak edən şəxslər öz tələblərini əsaslandırdıqları dəlillər, sübutlar və hüquqi nəticələr barədə bir-birlərinə məlumat verməyə borcludur ki, digər tərəf bunlara qarşı özünün müdafiəsini təşkil edə bilsin. Həmin Məcəllənin 9.3-cü maddəsinə əsasən hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməlidir. O, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə, qərarını tərəfləri dəvət etmədən özünün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə əsaslandıra bilməz. Bundan başqa, “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 18.03.2019-cu il tarixli Qərarında qeyd edilir ki, çəkişmə prinsipinin əsasını həmçinin tərəflərin prosessual hüquq bərabərliyi prinsipi təşkil edir. Bu prinsipə görə, tərəflər öz hüquq və mənafelərini müdafiə etmək üçün hüquqi cəhətdən tam bərabər imkana malik olmalıdırlar. Bu imkanlar qanunla və məhkəmə tərəfindən təmin edilir. Mülki prosessual qanunvericilik tərəflərə eyni hüquqlar verir. Buna görə də prosesdə tərəflərdən heç biri prosessual hüquqların həcminə görə digəri qarşısında üstünlüyə malik deyildir. Tərəflərin prosessual bərabərliyi prosesin çəkişmə prinsipi əsasında həyata keçirilməsinə şərait yaradır. Yuxarıda qeyd edilənlərə əsasən, məhkəmə hesab edir ki, cavabdehlərdən birinin olduğu yerin ünvanı, digərinin isə tam adı barədə məhkəmədə məlumat olmadan iddia ərizəsinin icraata qəbul edilməsi gələcəkdə cavabdehlərin ünvanına məhkəmə bildirişlərinin göndərilməsini mümkünsüz edə bilər ki, bu da cavabdehlərin məhkəmə iclası barədə məlumatsız olması ilə nəticələnməklə mülki mühakimə icraatının çəkişmə və tərəflərin hüquq bərabərliyi prinsiplərinin pozulmasına səbəb ola bilər. Bu səbəbdən iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 152.1.1-ci maddəsinə əsasən iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. 152.2-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması haqqında hakim qərardad çıxarır. 152.3-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılması haqqında qərardaddan şikayət verilə bilər. Qərardad ləğv edildikdə, iddia ərizəsi məhkəməyə müraciət edildiyi gündən verilmiş hesab edilir. 152.4-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Göründüyü kimi, bütün bu tələblərə riayət edilməsi birbaşa qanunvericiliyin tələbidir. İddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. (MPM md. 151.1) Hazırkı iddia ərizəsində isə yuxarıda qeyd edilmiş tələblərin heç birinə riayət edilməmişdir. Bu səbəbdən məhkəmə hesab edir ki, iddia ərizəsi yuxarıda göstərilən əsaslarla geri qaytarılmalıdır. Beləliklə, mülki prosessual qanunvericiliyin yuxarıda göstərilən tələblərinə əsasən məhkəmə hesab edir ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Şərh olunanlara əsasən və MPM-in 149-152-ci maddələrini rəhbər tutaraq, QƏRARA A L D İ: İddiaçı cavabdehlər Cavabdeh Açıq Səhmdar Cəmiyyəti və Göyçaylı Nəsimiyə qarşı “istilik sisteminin quraşdırılması, borcun silinməsi və zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. İddiaçıya izah edilsin ki, ərizənin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Səlimə Miriyeva
Məhkəmə qərarları › İş №2(010)-5281/2021
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərardad — İş №2(010)-5281/2021
14.09.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver