Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-5473/2025 13.02.2026 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Miriyeva Səlimə Miri qızının sədrliyi, X2 iclas kаtibliyi, İddiaçı iştirakı ilə İddiaçı Cavabdeh qarşı (Bakı şəhəri 11 saylı Vəkil Bürosu mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) vurulmuş maddi və mənəvi zərərin əvəzinin ödənilməsi tələbinə dair ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddia tələbi İddiaçı (bundan sonra – iddiaçı) Cavabdeh (bundan sonra – cavabdeh) qarşı vurulmuş maddi və mənəvi zərərin əvəzinin ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən xx.xx.2024-cü il tarixli, EM-1259VK-2637/24 nömrəli hüquqi yardım göstərilməsi haqqında müqavilə üzrə ödənilmiş 400 manat məbləğində pul vəsaitinin və mənəvi zərərin əvəzi kimi 600 manat məbləğində pul vəsaitinin tutularaq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbinin əsaslandırıldığı hallar İddiaçı tələbini onunla əsaslandırmışdır ki, cavabdeh Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Cavabdeh ilə aralarında xx.xx.2024-cü il tarixli, EM-1259VK-2637/24 nömrəli hüquqi yardım göstərilməsi haqqında müqavilə imzalanmışdır. Həmin müqaviləyə əsasən, Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Cavabdeh oğlu X4 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair iş üzrə hüquqlarının müdafiəsini Bakı şəhəri Binəqədi Rayon Məhkəməsində həyata keçirilməli idi. Hüquqi yardıma görə haqq qarşılıqlı razılaşmaya uyğun olaraq 400 manat məbləğində müəyyən edilmiş və ödənilmişdir. Müqavilənin 2.1-ci bəndindən də göründüyü kimi həmin məbləğ ödənilmişdir. Qeyd olunan müqavilə öhdəlikləri yerinə yetirilsə də, cavabdeh tərəfindən öhdəliklər yerinə yetirilməmişdir. Belə ki, cavabdeh məhkəmə iclaslarında bir dəfə də olsun iştirak etməmiş, gəlməməsinin səbəblərini əvvəlcədən bildirməmişdir. Sonradan ona məlum olmuşdur ki, vəkilin fəaliyyəti üç ay müddətinə dayandırılmışdır. Bu barədə vəkil tərəfindən ona məlumat verilməmişdir. Hər dəfə məhkəmə iclasına gedərkən vəkil ilə oğlunun müdafiəsini məhkəmədə həyata keçirmək üçün müqavilə bağlamasına baxmayaraq gəlmədiyindən əsəb, stress keçirmişdir. Dəfələrlə taksi sifariş edərək onun işlədiyi ünvan ünvana getmişdir. Cavabdehə müqavilə üzrə öhdəliklərini yerinə yetirməsi barədə müraciət etsə də, hər dəfə cavabdeh müxtəlif bəhanələr gətirmişdir. Yuxarıda qeyd edilən qanun pozuntularından və özbaşınalıqdan irəli gələrək öz konstitusion hüquqlarının təmin edilməsi və bərpası, eləcə də ədalətli qərar qəbul edilməsi üçün məhkəməyə müraciət etmək qərarına gəlmişdir. İddia tələbinə etiraz Cavabdeh iddia tələbinə etiraz ərizəsi ilə məhkəməyə müraciət edərək, iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. İddia tələbinə etirazın əsaslandırıldığı hallar Cavabdeh iddia tələbinə etirazı onunla əsaslandırmışdır ki, iddiaçı ərizəsində göstərmişdir ki, guya o, oğlu X4 ittiham olunduğu cinayət işi üzrə onun hüquqi müdafiəsini həyata keçirmək üçün onunla hüquqi yardım haqqında müqavilə bağlandıqdan sonra vəkillik fəaliyyətini layiqincə yerinə yetirməmiş, eləcə də Azərbaycan Respublikası Vəkillər X3 xx.xx.2024-cü il tarixli qərarı ilə vəkillik fəaliyyətinin 3 ay müddətinə məhdudlaşdırılması barədə ona hər hansı məlumat verməmiş, iddiaçı işlədiyi 11 saylı Vəkil bürosuna dəfələrlə gedib-gəlib və bu səbəbdən də, əsəb-stress keçirmişdir. İlk növbədə qeyd edir ki, iddiaçı ilə aralarında bağlanan hüquqi yardım haqqında müqavilə üçtərəfli müqavilədir, iddiaçı müqavilə üzrə ödənişi bilavasitə ona məxsus olan bank kartına deyil, 11 saylı Vəkil Bürosunun müdiri Azər Quliyevin adına rəsmiləşdirilmiş bank hesabına ödəmişdir. Vəkil orderini aldığı andan elektron məhkəmə sistemi vasitəsilə Əlizamin Nəcəfovun barəsində Binəqədi Rayon Məhkəməsinin icraatında olan 1(001)-402/2024 saylı cinayət işi üzrə "Ərizədə qeyd olunan məhkəmə işinin seçilmiş tərəfinə vəkil kimi əlavə etməyinizi xahiş edirəm" məzmunlu elektron vəkil müraciəti etmiş, həmin iş üzrə ittiham aktını əldə edərək zəruri vəsatətlərini hazırlamışdır. Təəssüf ki, elektron məhkəmədə iş üzrə vəkil kimi əlavə olunmadığından və məhkəmə tərəfindən sair formada əvvəlcədən, vaxtında məlumatlandırılmadığından məhkəmənin xx.xx.2024-cü il tarixli iclasında iştirakı qeyrimümkün olmuşdur, növbəti məhkəmə iclasında isə vəkillik fəaliyyəti müvəqqəti olaraq məhdudlaşdırıldığından əsaslı olaraq məhkəmədə iştirak edə bilməmişdir. Bu barədə əvvəlcədən iddiaçıya bildirmiş, etirazı olduğu halda 11 saylı Vəkil Bürosuna yazılı qaydada ərizə ilə müraciət edərək aralarında bağlanmış hüquqi yardım haqqında müqaviləyə xitam verilməsini izah etmişdir. Qeyd edir ki, hüquqlarını müdafiə etdiyi Əlizamin Nəcəfov saxlanıldığı təcridxanadan dəfələrlə onunla əlaqə saxlayaraq onun vəkillik xidmətindən imtina etmədiyini, vəkillik fəaliyyətinin bərpa olunacağı xx.xx.2024-cü il tarixədək onun məhkəmədə hüquqlarının dövlət hesabına vəkil vasitəsilə müdafiə olunacağını bildirmişdir. Bu danışıqlardan iddiaçı məlumatlı olmuş, hətta, bəzi zənglər məhz onun telefonu vasitəsilə həyata keçirilmişdir. Bu səbəbdən də iddiaçının oğlu Binəqədi Rayon Məhkəməsinin 1(010)-402/2024 saylı cinayət işində müvafiq ərizə ilə müraciət edərək ona dövlət hesabına hüquqi yardım göstərən vəkilin hüquqi xidmətindən imtina etdiyini və məhkəmənin növbəti iclasının təxirə salınmasını məhkəmədən xahiş etmiş, məhkəmənin xx.xx.2024-cü il tarixli müvafiq qərarı ilə "Təqsirləndirilən şəxs X4 vəsatəti təmin edilsin. X4 məhkəmədə hüquqlarının müdafiə olunması məqsədi ilə məhkəmənin xx.xx.2024-cü il tarixli qərarı əsasında dövlət vəsaiti hesabına təyin edilmiş Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili X1 təqsirləndirilən şəxsin müdafiəçisi qismində fəaliyyətinə xitam verilsin" qərara alınmışdır. Təəssüf ki, sonradan yenidən fəaliyyəti qeyri-müəyyən müddətə dayandırıldığından məhkəmə iclaslarında iştirakı ondan asılı olmayaraq qeyri-mümkün olmuşdur. Yuxarıda qeyd edilən hallardan da görünür ki, iddiaçı ilə hüquqi yardım haqqında müqavilə bağlanarkən, yəni xx.xx.2024-cü il tarixində vəkillik fəaliyyəti ilə qanuni əsaslarla məşğul olmuş, həmin tarixdən müvəkkilinə ilkin hüquqi yardım göstərərək vicdanlılıq prinsipinə əməl etmişdir, lakin, özündən asılı olmayan səbəblərdən məhkəmə iclaslarında iştirak edə bilməmişdir. İddiaçı ərizəsində hüquq normalarına tam və düzgün istinad etməmiş, onun özündən asılı olmayan səbəbdən öhdəliyin icrasından qəsdən və qərəzli olaraq imtina etmədiyini, iddiaçıya bununla bağlı hüquqi nəticələri və müqavilənin ləğvi üçün 11 saylı Vəkil Bürosuna müraciət etməli olduğunu vaxtında izah etdiyini nəzərə almamış, AR MM-in 423.2-ci maddəsinin tələblərini pozduğunu nəzərə almamışdır. Göstərilənləri nəzərə alaraq belə qənaətə gəlir ki, iddia ərizəsi əsassız olduğundan rədd edilməlidir. Tərəflərin izahatları Məhkəmə baxış iclasında iştirak edən iddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə baxış iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilmiş cavabdeh məhkəmə baxış iclasına gəlməmiş, bunun üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Belə olan halda, məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən, işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Üçüncü şəxsin nümayəndəsi (vəkili) Nümayəndə ərizə ilə məhkəməyə müraciət edərək, məhkəmə baxış iclasının onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir. İş materiallarına əlavə edilən sənədlər və onlar əsasında təsdiq edilən faktlar İddiaçı (Müraciət edən şəxs), Cavabdeh (Hüquqi yardım göstərən şəxs – vəkil) və X10 (Bakı şəhəri 11 saylı Vəkil Bürosunun rəhbəri) arasında xx.xx.2024-cü il tarixdə bağlanmış EM-1259VK-2637/24 nömrəli hüquqi yardım göstərilməsi haqqında müqavilədən müəyyən olunur ki, bu müqaviləyə görə “Vəkil” ona həvalə edilən tapşırıq əsasında hüquqi yardım göstərməyi, “Müraciət edən şəxs” isə hüquqi yardıma görə haqq ödəməyi öhdəsinə götürür. Hüquqi yardıma görə haqq qarşılıqlı razılıq əsasında 400 manat müəyyən edilir və başqa razılaşma yoxdursa, bir qayda olaraq müqavilə bağlandığı vaxtda ödənilir. xx.xx.2024-cü il tarixli köçürmə sənədindən müəyyən olunur ki, 523915******3100 nömrəli bank hesabından 417211******1955 nömrəli bank hesabına 400 manat məbləğində pul vəsaiti mədaxil edilmişdir. Azərbaycan Respublikası Vəkillər X6 tərəfindən iddiaçıya xx.xx.2024-cü il tarixdə ünvanlanmış 1857 nömrəli cavab məktubundan müəyyən olunur ki, Rəyasət Heyətinin xx.xx.2024-cü il tarixli qərarına əsasən, Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Cavabdeh Vəkillər Kollegiyasının üzvlüyündən xaric edilməsi ilə bağlı məhkəməyə müraciət edilmiş və iş üzrə yekun məhkəmə aktı qanuni qüvvəyə minənədək onun vəkillik fəaliyyəti dayandırılmışdır. Bu səbəbdən, Cavabdeh xx.xx.2024-cü il tarixdən vəkillik fəaliyyəti ilə məşğul ola bilməz. xx.xx.2025-ci il tarixli, ********** nömrəli mədaxil qəbzindən müəyyən olunur ki, iddiaçı tərəfindən iddia ərizəsi ilə məhkəməyə müraciət edilməsi üçün 30 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Məhkəmənin sorğusuna Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi tərəfindən xx.xx.2025-ci il tarixdə verilmiş 5-93/2-3871/2025 nömrəli cavab məktubundan müəyyən olunur ki, X4 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinin materiallarına əsasən, vəkil Cavabdeh məhkəmə iclaslarında X4 vəkili qismində iştirak etməsi və məhkəməyə hər hansı vəsatət təqdim etməsi halı müəyyən edilməmişdir. İşin faktiki halları İddiaçı (Müraciət edən şəxs), Cavabdeh (Hüquqi yardım göstərən şəxs – vəkil) və X10 (Bakı şəhəri 11 saylı Vəkil Bürosunun rəhbəri) arasında xx.xx.2024-cü il tarixli, EM- 1259VK-2637/24 nömrəli hüquqi yardım göstərilməsi haqqında müqavilə bağlanmışdır. Həmin müqaviləyə əsasən, vəkil ona həvalə edilən tapşırıq əsasında hüquqi yardım göstərməyi, müraciət edən şəxs isə hüquqi yardıma görə haqq ödəməyi öhdəsinə götürmüşdür. Hüquqi yardıma görə haqq qarşılıqlı razılıq əsasında 400 manat müəyyən edilir və başqa razılaşma yoxdursa, bir qayda olaraq müqavilə bağlandığı vaxtda ödənilir. Hüquqi yardım göstərilməsi haqqında müqavilə üzrə müəyyən edilmiş xidmət haqqı iddiaçı tərəfindən ödənilmişdir. Cavabdeh vəkillik fəaliyyəti xx.xx.2024-cü il tarixdən dayandırılmışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 21. Zərərin əvəzinin ödənilməsi. 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Maddə 385. Öhdəlik anlayışı. 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 386. Öhdəliklərin əmələ gəlməsi əsasları. 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Maddə 425. Öhdəliklərin icrası zamanı vicdanlılıq. 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 425.2. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. Maddə 427. Öhdəliyin icrası müddəti. 427.1. Əgər öhdəliyin icrası müddəti təyin edilibsə, kreditor müddət çatanadək onun icrasını tələb edə bilməz, lakin borclu onu vaxtından əvvəl icra edə bilər. 427.2. Əgər öhdəliyin icrası müddəti təyin edilməyibsə və ya şəraitə görə onu təyin etmək mümkün deyildirsə, kreditor öhdəliyin dərhal icrasını tələb edə bilər, borclu isə onu ağlabatan müddətdə icra etməyə borcludur. 427.4. Ağlabatan müddətdə icra edilməmiş öhdəliyi, eləcə də icra müddəti tələbetmə anı ilə müəyyənləşdirilmiş öhdəliyi borclu kreditorun icra tələbini irəli sürdüyü gündən yeddi gün müddətində icra etməyə borcludur, bu şərtlə ki, bu Məcəllədən, öhdəliyin şərtlərindən, işgüzar adətlərdən və ya öhdəliyin mahiyyətindən icranı başqa müddətdə həyata keçirmək vəzifəsi irəli gəlməsin. Maddə 442. Öhdəliyin icra edilməməsi anlayışı. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə 443. Öhdəliyin icra edilməməsi ilə vurulan zərərin əvəzinin ödənilməsi. 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. 443.2. Zərər bu Məcəllənin 21-ci maddəsində nəzərdə tutulan qaydalara uyğun müəyyənləşdirilir. Maddə 448. Öhdəliklərin icra edilməməsi üçün borclunun məsuliyyəti. 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. Maddə 777. Tapşırıq müqaviləsi. 777.1. Tapşırıq müqaviləsinə görə, tapşırığı həyata keçirməyi öhdəsinə götürən şəxs (vəkalət alan) başqa şəxsin (vəkalət verənin) ona tapşırdığı əqdləri, işləri və ya digər xidmətləri konkret nəticə əldə olunmasına təminat vermədən icra etməyi öhdəsinə götürür. 777.2. Tapşırıq müqaviləsi həm şifahi, həm də yazılı formada bağlana bilər. Müqavilə vəkalət alanın tapşırığı qəbul etməsindən sonra qüvvəyə minir. Maddə 778. Tapşırığın məzmunu. 778.1. Vəkalət alan tapşırığı vicdanla icra etməli, bu zaman vəkalət verənin haqlı mənafelərini müdafiə etməlidir. Maddə 779. Vəkalət alanın məsuliyyəti. 779.1. Vəkalət alan tapşırığı qəsdən və ya ehtiyatsızlıq üzündən kifayət qədər vicdanla icra etməməsi nəticəsində vəkalət verənə dəyən zərər üçün məsuliyyət daşıyır. 786.1. Tapşırıq müqaviləsinin hər bir iştirakçısı istənilən vaxt müqaviləni ləğv edə bilər. Əgər müqavilə əvəzlidirsə, ləğvetməyə dair bildirişi verən tərəf digər tərəfin düşdüyü zərərin əvəzini ona ödəməlidir, bu şərtlə ki, müqavilənin ləğvinə səbəbin bilavasitə digər tərəfin hərəkəti nəticəsində baş verdiyini və ya həmin hərəkətlərlə bağlı olduğunu sübut etməsin. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14. İş üzrə məhkəmə baxışının prinsipləri. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77. Sübut etmə vəzifəsi. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Sübutların qiymətləndirilməsi. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 107. Məhkəmə xərclərinin tərkibi. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Maddə 119. Məhkəmə xərclərinin tərəflər arasında bölüşdürülməsi. 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Maddə 185. İşdə iştirak edən şəxslərin, nümayəndələrinin və vəkillərinin məhkəmə iclasına gəlməməsinin nəticələri. 185.5. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Maddə 217. Qətnamənin qanuniliyi və əsaslılığı. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. “Vəkillər və vəkillik fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə 1. Vəkillik fəaliyyətinin əsasları və prinsipləri. İ. Azərbaycan Respublikasında vəkillik hüquq müdafiə fəaliyyətini peşəkarcasına həyata keçirməli olan müstəqil hüquqi təsisatdır. İİ. Vəkillik qanunun aliliyi, müstəqillik, demokratizm, humanizm, ədalət, şəffaflıq, insan hüquqlarına hörmət və konfidensiallıq prinsipləri əsasında fəaliyyət göstərir. Maddə 3. Vəkilliyin vəzifələri. Vəkilliyin əsas vəzifələri fiziki və hüquqi şəxslərin, habelə dövlət orqanlarının (qurumlarının) hüquqlarının, azadlıqlarının və qanunla qorunan mənafelərinin müdafiə edilməsindən və onlara yüksək keyfiyyətli hüquqi yardımın göstərilməsindən ibarətdir. Maddə 4. Vəkillik fəaliyyəti. İ. Vəkillik fəaliyyəti bu Qanuna və Azərbaycan Respublikasının digər normativ hüquqi aktlarına uyğun olaraq yalnız vəkil tərəfindən fiziki və hüquqi şəxslərin, habelə dövlət orqanlarının (qurumlarının) hüquqlarının təmin edilməsi və müdafiəsi məqsədilə peşəkarcasına həyata keçirilən müstəqil hüquq fəaliyyətidir. İİ. Cinayət işləri üzrə şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi, məhkəmənin baxdığı inzibati xəta haqqında iş üzrə icraatda fiziki şəxsin müdafiəsi, mülki işlər və inzibati mübahisələrə dair işlər üzrə şəxsin Azərbaycan Respublikası Ali Məhkəməsində təmsil edilməsi, habelə hüquq və azadlıqlarının pozulması ilə bağlı şikayət vermiş ərizəçinin Azərbaycan Respublikası Konstitusiya Məhkəməsində təmsil edilməsi vəkillik fəaliyyətinin müstəsna dairəsidir. İİİ. Vəkillər hüquqi yardımın göstərilməsi ilə bağlı aşağıdakı məsələlərdə iştirak edirlər: dövlət və qeyri-dövlət orqanlarında və təşkilatlarda, o cümlədən xarici ölkələrdə və beynəlxalq təşkilatlarda fiziki və hüquqi şəxslərin, habelə dövlət orqanlarının (qurumlarının) nümayəndəliyinin həyata keçirilməsində; hüquqi məsələlərə dair şifahi və yazılı məsləhətlər, izahatlar və arayışlar verilməsində; ərizələrin, şikayətlərin və hüquqi xarakterli sənədlərin tərtib edilməsində; fiziki və hüquqi şəxslərə, habelə dövlət orqanlarına (qurumlarına) lazımi hüquqi yardım göstərilməsində, onların fəaliyyətinin hüquqi təminatının həyata keçirilməsində; digər növ hüquqi yardım göstərilməsində. Maddə 5. Vəkillik fəaliyyətinin həyata keçirilməsinin ümumi qaydaları. İİ. Vəkillik fəaliyyəti hüquqi yardım üçün müraciət etmiş şəxslərin hüquqlarının və mənafelərinin müdafiəsinin və ya təmsil edilməsinin vəkilə həvalə edilməsi əsasında və onların tapşırıqlarına müvafiq olaraq həyata keçirilir. İİİ. Vəkilin ədalət mühakiməsində iştirakı yalnız hüquqi yardım üçün müraciət edən şəxslə fərdi qaydada fəaliyyət göstərən vəkil və ya bu maddənin V hissəsində göstərilən vəkilin daxil olduğu qurum arasında bağlanmış yazılı müqavilə əsasında həyata keçirilir. İV. İşin mahiyyəti əsasında vəkil hüquqi yardım üçün müraciət etmiş şəxsə həmin tapşırığın icra edilməsinin ehtimalı ilə əlaqədar olan bütün şərtləri bildirir və tərəflər razılığa gəldikdə yazılı surətdə müvafiq müqavilə tərtib edilir. Müraciət etmiş şəxs müqavilə şərtləri əsasında vəkilə həvalə edilmiş tapşırığı qabaqcadan xəbərdarlıq etmədən məhdudlaşdıra və ya geri götürə bilər. Bu Qanunun 20-ci maddəsində göstərilən qaydada müraciət etmiş şəxs təyin olunmuş vəkildən istənilən vaxt imtina edə və özünün seçdiyi digər vəkillə müqavilə bağlaya bilər. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə 8. Məhkəməyə iddia ərizəsinin, digər ərizənin və ya şikayətin verilməsinə, məhkəmə aktının surətinin təkrar verilməsinə görə dövlət rüsumunun dərəcələri. 8.1 Qiymətləndirilən iddia ərizəsinin verilməsinə görə: 8.1.1 iddia qiyməti 1.000 manatadək olduqda – 30 manat. Məhkəmənin mövqeyi Məhkəmə iddiaçının izahatını dinləyib, iddia ərizəsi və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək, təqdim edilmiş sübutlara tam, obyektiv, hərtərəfli və qərəzsiz şəkildə baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. İlk növbədə qeyd edilməlidir ki, iddiaçının cavabdehə qarşı irəli sürdüyü iddia tələbi 2 hissədən – 1) müqavilə öhdəliklərinin vicdanlılığın tələb etdiyi tərzdə yerinə yetirilməməsinə görə vurulmuş maddi zərərin və 2) mənəvi zərərin əvəzinin ödənilməsindən ibarətdir. Məhkəmə baxış iclasında təqdim edilmiş sübutların bilavasitə tədqiqi nəticəsində müəyyən edildi ki, İddiaçı, Cavabdeh və Bakı şəhəri 11 saylı Vəkil Bürosunun rəhbəri Azər Quliyev arasında üçtərəfli hüquqi yardım göstərilməsi haqqında müqavilə bağlanmışdır. Həmin müqaviləyə əsasən, hazırkı iş üzrə Cavabdeh İddiaçı oğlu – Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3.2-ci maddəsi ilə təqsirləndirilən şəxs X4 Bakı şəhəri Binəqədi Rayon Məhkəməsində baxılan cinayət işi üzrə hüquqlarını müdafiə etməyi, ona həvalə edilən tapşırıq əsasında hüquqi yardım göstərməyi, iddiaçı isə hüquqi yardım göstərilməsi üçün razılaşdırılmış xidmət haqqını cavabdehə ödəməyi öz öhdəsinə götürmüşdür. xx.xx.2024-cü il tarixli, EM-1259VK-2637/24 nömrəli hüquqi yardım göstərilməsi haqqında müqavilənin 2.1-ci bəndinə əsasən, hüquqi yardıma görə haqq qarşılıqlı razılıqla 400 (dörd yüz) manat müəyyən olunur və başqa razılaşma yoxdursa, bir qayda olaraq müqavilə bağlandığı vaxtda ödənilir. Tərəflərin qarşılıqlı razılığına əsasən, hüquqi yardıma görə haqq hissə-hissə olaraq ödənilə bilər. Hüquqi yardıma görə ödənilən məbləğ vəkilə həvalə edilən işin haqqıdır və tapşırığın nəticəsindən asılı deyil. İş materiallarına əlavə edilmiş xx.xx.2024-cü il tarixli köçürmə sənədindən müəyyən olunur ki, 523915******3100 nömrəli bank hesabından 417211******1955 nömrəli bank hesabına 400 manat məbləğində pul vəsaiti mədaxil edilmişdir. Göründüyü kimi, İddiaçı müqavilə üzrə öz üzərinə müəyyən olunmuş, hüquqi yardım göstərilməsi üçün qarşılıqlı razılıq əsasında ödənilməsi nəzərdə tutulan 400 manat məbləğində xidmət haqqını ödəməklə şərtlənən öhdəliyini vaxtında və lazımı qaydada yerinə yetirmiş, yəni cavabdehlə aralarında yaranmış öhdəlik hüquq münasibətlərinə uyğun olaraq, vicdanlılığın tələb etdiyi tərzdə davranmışdır. Həmçinin, cavabdeh tərəfindən işin qeyd edilən halın əksini təsdiq edən mötəbər sübutlar məhkəməyə təqdim edilməmiş, ümumiyyətlə cavabdeh müvafiq fakt barədə mübahisə etməmişdir. İş üzrə iddiaçı tərəfindən öhdəliklərin vaxtında və lazımı qaydada yerinə yetirilməsindən savayı, cavabdeh tərəfindən hüquqi yardım göstərilməsi barədə müqavilə üzrə müəyyən edilmiş öhdəliklərin vaxtında və lazımı qaydada yerinə yetirilməsi iddiaçı tərəfindən mübahisələndirilmiş, cavabdeh isə buna etiraz etmişdir. Cavabdehin iddia tələbinə etirazının ilk dəlili ondan ibarət olmuşdur ki, o, hüquqi yardım göstərilməsi haqqında müqavilə bağlandıqdan dərhal sonra vəkil orderini əldə edərək, hüquqlarını müdafiə etdiyi şəxsin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçmiş 1(001)-402/2024 nömrəli cinayət işi üzrə məhkəməyə müvafiq vəsatətlə müraciət etmiş və məhkəmədən müvafiq şəxsin vəkili kimi işə əlavə edilməsini xahiş etmişdir. Cavabdeh iddia tələbinə etirazın müvafiq dəlilini təsdiq edən sübut qismində “vəkil ərizəsi” başlığı altında ərizəni iddia tələbinə etiraz ərizəsinə əlavə etmişdir. Bundan əlavə, cavabdeh ərizə ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət etməsinə baxmayaraq, cinayət işi üzrə tərəf – təqsirləndirilən şəxsin müdafiəçisi qismində işə əlavə edilmədiyini, lakin ittiham aktını əldə edərək zəruri vəsatətlərini hazırladığını bildirmişdir. Məhkəmə cavabdehin müvafiq dəlillərinə münasibətdə qeyd etməyi zəruri hesab edir ki, cavabdehin Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin icraatında olan 1(001)- 402/2024 nömrəli cinayət işi üzrə vəkil qismində əlavə olunması barədə ərizə ilə müraciət edən zaman (hüquqi yardım göstərilməsi haqqında müqavilə bağlandıqdan dərhal sonra bu məzmunlu ərizə ilə müraciət edilməsi cavabdehin iddia tələbinə etiraz ərizəsində göstərilmişdir) onun vəkillik fəaliyyətinin dayandırılmadığı aşkar görünür (cavabdehin vəkillik fəaliyyəti xx.xx.2024-cü il tarixdə dayandırılmışdır). Hüquqi yardım göstərilməsi haqqında müqavilənin xx.xx.2024-cü il tarixdə bağlanması, həmin müqavilə əsasında xx.xx.2024-cü il tarixli, EO-1259VK-1500/24 nömrəli order verilməsi və bu hərəkətlərin vaxt baxımından analoji vaxtlarda baş verməsi nəzərə alınmaqla, cavabdeh tərəfindən hüquqi yardım göstərilməsinə məhz iddia tələbinə etirazda göstərilən dəlillər baxımından maneçilik törədilməsi istisna olunur. Belə ki, qüvvədə olan vəkil orderi əsasında cavabdehin rayon (şəhər) məhkəməsinə iş üzrə tərəf qismində əlavə edilmə barədə ərizə ilə müraciət etməsi, lakin rayon (şəhər) məhkəməsinin müvafiq hərəkətsizlik göstərməsi, yəni onu iş üzrə müdafiəçi qismində cəlb etməməsi ağlabatan mühakimə baxımından mümkün hesab edilmir. Həmçinin, cavabdeh bir yox, bir neçə zəruri vəsatətlərini hazırladığını, lakin məhkəmənin təqsiri üzündən işə müdafiəçi qismində əlavə edilmədiyi üçün həmin vəsatətləri məhkəməyə təqdim etmək imkanından məhrum olunduğunu bildirsə də, həmin vəsatətlərin minimal sayda nüsxəsini iddia tələbinə etiraz ərizəsinə əlavə etməmişdir. Bununla yanaşı, cavabdeh cinayət işi üzrə müdafiəçi qismində əlavə edilmədiyini bildirsə də, ittiham aktını əldə etdiyini qeyd etmişdir. Cinayət işi üzrə müdafiəçi qismində cəlb edilmədən, həmin şəxs barəsində tərtib edilmiş ittiham aktının əldə edilməsi də öz-özlüyündə şübhə doğurur. Bununla belə, cavabdehin yuxarıda qeyd edilən cinayət işi üzrə məhkəmə iclaslarında iştirakı, bu və ya digər vəsatətləri məhkəməyə təqdim edib-etməməsi, bir sözlə hüquqlarını müdafiə etdiyi şəxsin birinci instansiya məhkəməsində həyata keçirilən cinayət mühakimə icraatı çərçivəsində hüquqlarının müdafiəsi məqsədilə edilmiş hərəkətləri barədə məlumat əldə etmək məqsədilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə məhkəmə sorğusu ilə müraciət edilmişdir. Məhkəmənin sorğusuna Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi tərəfindən xx.xx.2025-ci il tarixdə verilmiş 5-93/2-3871/2025 nömrəli cavab məktubundan müəyyən olunur ki, X4 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinin materiallarına əsasən, vəkil Cavabdeh məhkəmə iclaslarında X4 vəkili qismində iştirak etməsi və məhkəməyə hər hansı vəsatət təqdim etməsi halı müəyyən edilməmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin müvafiq məzmunlu sorğuya cavab məktubunda qeyd edilən məlumatlar qanunauyğunluq prezumpsiyasından yararlanır. Prezumpsiyanın əksini iddia edən cavabdeh mötəbər sübutlarını məhkəməyə təqdim etməklə, həmin məlumatların qeyri-obyektivliyini təsdiq etmək imkanına malik olsa da, buna dair hər hansı sübutu məhkəməyə təqdim etməmişdir. Cavabdehin iddia tələbinə etirazının bir digər dəlili iddiaçı ilə aralarında bağlanmış hüquqi yardım göstərilməsi haqqında müqavilə üzrə təqsirləndirilən şəxs barəsində təyin edilmiş məhkəmə iclaslarında iştirakının mümkün olmamasının ondan asılı olmayan obyektiv səbəblərdən baş verməsindən ibarətdir. Obyektiv səbəb qismində cavabdeh məhz vəkillik fəaliyyətinin dayandırılmasına istinad edir. Halbuki, vəkillik fəaliyyətinin dayandırılması cavabdehin qanunla müəyyən edilmiş qaydada həyata keçirdiyi vəkillik fəaliyyətinin qüsurlu icrası nəticəsində baş verir və qeyd edilən səbəb obyektiv deyil, məhz cavabdehdən asılı olan subyektiv səbəb kimi çıxış edir. “Vəkillər və vəkillik fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 22-ci maddəsinin 8-ci bəndinin tərəflər arasında mübahisəli hüquq münasibətlərinin yarandığı dövrdə qüvvədə olan redaksiyasında göstərilir ki, Vəkillər Kollegiyasından xaric edilməyə səbəb ola biləcək əsaslar olduqda İntizam Komissiyasının rəyi əsasında Vəkillər X6 məsələnin həlli üçün məhkəməyə müraciət edərək həmin məsələ ilə bağlı məhkəmə qərarı qanuni qüvvəyə minənədək vəkilin fəaliyyətini dayandıra bilər. Yuxarıda istinad edilən qanunun 22-ci maddəsinin 1-ci bəndinə əsasən, vəkil tərəfindən bu Qanunun və digər normativ hüquqi aktların və “Vəkillərin etik davranış qaydaları haqqında” Əsasnamənin tələblərinin pozulması, habelə vəkilin il ərzində minimal icbari tədris saatlarının toplanmaması halları aşkar olunduqda, o, intizam məsuliyyətinə cəlb edilir. Başlanan intizam icraatı çərçivəsində vəkil barəsində qəbul edilən qərarlardan birini də vəkil adına ləkə gətirməklə vəkil peşəsinin nüfuzuna xələl gətirən hərəkətə yol verilməsinə və ya icraatında olan işlə bağlı normativ hüquqi aktların tələblərini kobud və ya mütəmadi olaraq pozmaqla təmsil etdiyi şəxsin maraqlarına ziyan vurulmasına görə Vəkillər Kollegiyasının üzvlüyündən xaric edilmə təşkil edir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Vəkillər X6 tərəfindən iddiaçıya xx.xx.2024-cü il tarixdə ünvanlanmış 1857 nömrəli cavab məktubundan müəyyən olunur ki, Rəyasət Heyətinin xx.xx.2024-cü il tarixli qərarına əsasən, Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Cavabdeh Vəkillər Kollegiyasının üzvlüyündən xaric edilməsi ilə bağlı məhkəməyə müraciət edilmiş və iş üzrə yekun məhkəmə aktı qanuni qüvvəyə minənədək onun vəkillik fəaliyyəti dayandırılmışdır. Bu səbəbdən, Cavabdeh xx.xx.2024cü il tarixdən vəkillik fəaliyyəti ilə məşğul ola bilməz. Hazırkı iş üzrə cavabdeh, yəni Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Cavabdeh Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvlüyündən xaric edilməsinə səbəb olan müvafiq əsas məhkəməyə məlum olmasa da, sonuncu barəsində intizam icraatının başlanılması və onun üzvlükdən xaric edilməsi ilə bağlı məhkəməyə müraciət edilməsi, eləcə də iş üzrə yekun məhkəmə aktı qanuni qüvvəyə minənədək onun vəkillik fəaliyyətinin dayandırılması müqavilə öhdəliklərinin pozulmasının obyektiv deyil, məhz subyektiv səbəblərdən baş verməsi qənaətinə gəlməyə kifayət qədər əsas verir. Nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin məcəllənin 448.2-ci maddəsinə əsasən, borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. Cavabdehin iddia tələbinə etirazının bir digər dəlili iddiaçının oğlunun onunla bağlanmış hüquqi yardım göstərilməsi haqqında müqaviləyə olan inamını itirməməsi, yəni onun vəkillik fəaliyyətinin müvəqqəti dayandırıldığı xx.xx.2024-cü il tarixədək məhkəmədə dövlət hesabına təmin edilmiş vəkillə təmsil olunacağı, lakin qeyd edilən tarixdən sonra yenidən onun hüquqi xidmətlərindən istifadə edəcəyi ilə bağlıdır. Cavabdeh iddia tələbinə etirazın qeyd edilən dəlilini təsdiq edən mötəbər sübut kimi Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarını iş materiallarına əlavə etmişdir. Həmin qərardan görünür ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirləndirilən şəxs X7 məhkəmə tərəfindən ona təyin edilmiş müdafiəçi – Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili X1 müdafiəçi qismində fəaliyyətinə xitam verilməsini xahiş etmiş, həmçinin növbəti məhkəmə iclasında özünün yeni müqavilə üzrə müdafiəçisinin iştirak edəcəyini qeyd etmişdir. Nəticədə, təqsirləndirilən şəxsin vəsatəti təmin edilmiş, məhkəmənin xx.xx.2024-cü il tarixli qərarı əsasında dövlət vəsaiti hesabına təyin edilmiş Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili X1 müdafiəçi qismində fəaliyyətinə xitam verilmişdir. Göründüyü kimi, iddiaçının oğlunun rayon (şəhər) məhkəməsində müdafiəsi xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək məhz Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili X5 tərəfindən həyata keçirilmişdir. İddiaçı və cavabdeh arasında hüquqi yardım göstərilməsi haqqında müqavilənin xx.xx.2024-cü il tarixdə bağlanması nəzərə alındığı təqdirdə, cavabdehin həmin müqavilədən irəli gələn öhdəliklərini vicdanlılığın tələb etdiyi tərzdə yerinə yetirməməsi barədə iddiaçının gətirdiyi dəlilərin əsaslı hesab edilməsi üçün zəmin yaradır. Bununla yanaşı, sözügedən qərarda təqsirləndirilən şəxsin məhz yeni müqavilə üzrə müdafiəçinin hüquqi xidmətlərindən istifadə edəcəyini bildirməsi, lakin xx.xx.2024-cü il tarixli müqavilənin qüvvədə olması səbəbindən “yeni müqavilə” anlayışı ilə əhatə olunmaması nəzərə alınmalı və cavabdehin müvafiq dəlili də əsassız hesab edilməlidir. “Vəkillər və vəkillik fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 4-cü maddəsinin 1-ci hissəsinə əsasən, vəkillik fəaliyyəti bu Qanuna və Azərbaycan Respublikasının digər normativ hüquqi aktlarına uyğun olaraq yalnız vəkil tərəfindən fiziki və hüquqi şəxslərin, habelə dövlət orqanlarının (qurumlarının) hüquqlarının təmin edilməsi və müdafiəsi məqsədilə peşəkarcasına həyata keçirilən müstəqil hüquq fəaliyyətidir. Cinayət işləri üzrə şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi, məhkəmənin baxdığı inzibati xəta haqqında iş üzrə icraatda fiziki şəxsin müdafiəsi, mülki işlər və inzibati mübahisələrə dair işlər üzrə şəxsin Azərbaycan Respublikası Ali Məhkəməsində təmsil edilməsi, habelə hüquq və azadlıqlarının pozulması ilə bağlı şikayət vermiş ərizəçinin Azərbaycan Respublikası Konstitusiya Məhkəməsində təmsil edilməsi vəkillik fəaliyyətinin müstəsna dairəsidir. Həmin maddənin 3-cü hissəsində göstərilir ki, vəkillər hüquqi yardımın göstərilməsi ilə bağlı aşağıdakı məsələlərdə iştirak edirlər: 1) dövlət və qeyridövlət orqanlarında və təşkilatlarda, o cümlədən xarici ölkələrdə və beynəlxalq təşkilatlarda fiziki və hüquqi şəxslərin, habelə dövlət orqanlarının (qurumlarının) nümayəndəliyinin həyata keçirilməsində; hüquqi məsələlərə dair şifahi və yazılı məsləhətlər, izahatlar və arayışlar verilməsində; 3) ərizələrin, şikayətlərin və hüquqi xarakterli sənədlərin tərtib edilməsində; 4) fiziki və hüquqi şəxslərə, habelə dövlət orqanlarına (qurumlarına) lazımi hüquqi yardım göstərilməsində, onların fəaliyyətinin hüquqi təminatının həyata keçirilməsində; 5) digər növ hüquqi yardım göstərilməsində. Göründüyü kimi, vəkillər tərəfindən həyata keçirilməsi nəzərdə tutulan hüquqi yardım üzrə hərəkətlərin konkret və dəqiq siyahısı qanunla nisbətən tənzimlənmiş, lakin hüquqları müdafiə olunması nəzərdə tutulan şəxsin hüquqlarının və qanuni mənafelərinin müdafiəsi məqsədilə digər zəruri hərəkətlərin edilməsi imkanı da qanunla istisna edilməmişdir. “Vəkillər və vəkillik fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 16-cı maddəsinin 2-ci bəndinə əsasən, vəkilin qanun pozuntusuna yol verməsi nəticəsində müdafiə edilən və yaxud təmsil edilən şəxsin əmlakına bilavasitə zərər dəyərsə, buna vəkil maddi məsuliyyət daşıyır. Tərəflər arasında bağlanmış xx.xx.2024-cü il tarixli hüquqi yardım göstərilməsi haqqında müqavilənin 2.1-ci maddəsindən də aydın görünür ki, hüquqi yardıma görə ödənilən məbləğ vəkilə həvalə edilən işin haqqıdır və tapşırığın nəticəsindən asılı deyil. Tapşırığın mahiyyəti Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3.2-ci maddəsi ilə təqsirləndirilən şəxsin Bakı şəhəri Binəqədi Rayon Məhkəməsində hüquqlarının müdafiəsi ilə bağlı olduğundan təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi məqsədilə qanunla nəzərdə tutulan və ya qanunla nəzərdə tutulmasa da, qanunun məcburi göstərişlərinə zidd olmayan hüquqi yardım xarakterli hərəkətlərin edilməsi cavabdehin müqavilə ilə müəyyən edilmiş imperativ vəzifəsidir. Bu vəzifənin keyfiyyətli şəkildə icra edilməməsi birbaşa müqavilə öhdəliklərinin pozuntusu hesab edilməklə, iddiaçıya vurulmuş zərərin əvəzinin cavabdeh tərəfindən ödənilməsini və iddiaçının pozulmuş hüquqlarının ədalətli kompensasiyasını şərtləndirir. İddia tələbinin 2-ci hissəsinə, yəni vurulmuş mənəvi zərərin əvəzinin ödənilməsinə dair hissəyə münasibətdə məhkəmə qeyd edir ki, iddia tələbi bu hissədə əsassız olmaqla, təmin edilməməlidir. Belə ki, “Şəxsiyyət hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2025-ci il tarixli, 20 nömrəli qərarına əsasən, şəxsiyyət (qeyri-əmlak) hüquqları – şəxsə anadangəlmə və ya qanunla mənsub olan, iqtisadi dəyəri olmayan, şəxsiyyəti ilə bağlı olmaqla ayrıla, özgəninkiləşdirilə və ya hər hansı başqa üsulla ötürülə bilməyən hüquq və azadlıqlardır. Toxunulmaz olan şəxsiyyət hüquqlarına hörmət etmək və onları pozmamaq hər kəsin borcudur. Bu baxımdan şəxsiyyət hüquqları onu pozan hər kəsə qarşı irəli sürülə bilən hüquqlardır (mütləq hüquq) və onların müdafiəsinə müddət şamil olunmur. Mənəvi zərər – fiziki şəxsin şəxsiyyət hüquqlarının pozulması nəticəsində keçirdiyi sarsıntı və (və ya) iztirabdır. Mənəvi sarsıntı – şəxsiyyət hüquqlarına müdaxilə nəticəsində fiziki şəxsin daxili sabitliyini pozan iztirab həddinə çatmayan neqativ emosional vəziyyətidir (stress, qorxu, qəzəb, kədər, alçalma, utanma, məyus olma, qıcıqlanma, uzun müddət davam edən qeyri-müəyyənlik və s.). Mənəvi iztirab – şəxsiyyət hüquqlarına müdaxilə nəticəsində fiziki şəxsin daxili sabitliyini pozan, davamlı fiziki (xəstəlik, orqanların zədələnməsi və ya onlardan məhrum olma, fiziki narahatlıq, ağrı və s.) və (və ya) psixi əzab (depressiya, psixi xəstəlik və s.) çəkməsinə səbəb olan güclü neqativ emosional vəziyyətidir. Mənəvi zərərə görə kompensasiya hüquqazidd əmələ (hərəkət və hərəkətsizlik) məruz qalmış şəxsin keçirdiyi mənəvi sarsıntı və (və ya) iztirabın unudulması, yaşama sevinci və arzusunun təkrar qazanılması, pozulan mənəvi tarazlığın bərpa edilməsi üçün bərabərləşdirmə vasitəsidir. Fiziki şəxsin şəxsiyyət hüquqlarının pozulması ona maddi və (və ya) mənəvi zərərin vurulmasına səbəb ola bilər. Şəxsin əmlak hüquqlarının pozulması isə o halda mənəvi zərərə səbəb ola bilər ki, bu pozuntu həmin şəxsin şəxsiyyət hüquqlarına hüquqazidd müdaxilə ilə nəticələnmiş olsun. Göründüyü kimi, fiziki şəxsə mənəvi zərərin vurulması üçün mütləq şərt onun şəxsiyyət (qeyri-əmlak) hüquqlarının pozulmasıdır (fiziki şəxsin əmlak hüquqlarının pozulması nəticəsində də mənəvi zərərin yaranmasının mümkünlüyü istisna edilmir). Tərəflər arasında mövcud öhdəlik hüquq münasibətlərinin məhz müqavilədən irəli gələn münasibətlər olması nəzərə alınmalı və mənəvi zərərin mövcudluğunun müəyyən edilməsi həmin konteksdən araşdırılmalıdır. Belə ki, yuxarıda qeyd edilən plenum qərarının 4.13-cü bəndinə əsasən, müqavilə tərəfinin əsas marağı iqtisadi xarakterli olduğundan bir qayda olaraq müqavilədən irəli gələn öhdəliklərin pozuntusu mənəvi zərərin yaranmasına səbəb olmur (məsələn, borc müqaviləsi üzrə borcun qaytarılmasından yayınma, alqısatqı müqavilələri üzrə alqı-satqı predmetinin dəyərinin ödənilməsi ilə bağlı öhdəliklərin yerinə yetirilməməsi və s.). Müqavilə öhdəliklərinin pozulması o halda mənəvi zərərin yaranmasına səbəb ola bilər ki, bu pozuntu eyni zamanda müqavilə tərəfinin şəxsiyyət hüquqlarına hüquqazidd müdaxilə ilə nəticələnmiş olsun. Bu zaman müqavilədə onun predmetinin tərəf üçün qeyri-maddi dəyər daşımasına dair xüsusi şərtin nəzərdə tutulub-tutulmamasından asılı olmayaraq, öhdəliyin pozulmasının şəxsin şəxsiyyət hüquqlarına hüquqazidd müdaxilə ilə nəticələndiyi araşdırılmalıdır. Məsələn, tibbi turizm zərfi müqaviləsi üzrə öhdəliyin pozulması nəticəsində təcili cərrahi əməliyyat keçirməli olan müqavilə tərəfinin əməliyyatının vaxtında baş tutmaması və yaxud sərnişin daşıma xidmətinin qüsurlu icrası nəticəsində şəxsin ali məktəbin qəbul imtahanına gecikməsi və ya podrat, xidmət müqaviləsi üzrə öhdəliyin pozulması nəticəsində yeganə nüsxədə fotoalbom, rəsm əsəri və bu kimi mənəvi dəyəri olan əşyalara bərpaolunmaz ziyanın vurulması, satılmış planşetin qüsurlu olması səbəbindən işə qəbul imtahanından kəsilməsi, estetik əməliyyat səbəbindən şəxsin xarici görünüşünün eybəcərləşməsi nəticəsində mənəvi zərərə məruz qalması. Göründüyü kimi, müqavilə öhdəliklərinin pozulması o halda fiziki şəxsə mənəvi zərər vurulmasına səbəb olur ki, sözügedən pozuntu eyni zamanda fiziki şəxsin şəxsiyyət hüquqlarına müdaxilə etsin və bu müdaxilə hüquqaziddlik meyarı ilə əhatə olunsun. Lakin, baxılan iş üzrə müqavilə öhdəliklərinin məhz cavabdeh tərəfindən pozulması nəticəsində iddiaçının bu və ya digər şəxsiyyət hüququna hüquqazidd müdaxilə edilmə faktı aşkar edilməmiş, iddiaçı öz tələbinin əsası kimi istinad etdiyi fakt və halların təsdiqinə dair mötəbər sübutları məhkəməyə təqdim etməmişdir. Məhkəmə xərcləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İş materiallarına əlavə edilmiş mədaxil qəbzindən görünür ki, iddiaçı tərəfindən iddia ərizəsi ilə məhkəməyə müraciət edilməsi üçün 30 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Bu məbləğ “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş iddia qiymətinə mütənasib olmuşdur. İddia tələbi qismən təmin edildiyindən, ödənilmiş dövlət rüsumu da cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Məhkəmənin gəldiyi nəticə Beləliklə, məhkəmə təqdim edilmiş sübutların hər birinin aidlik, mümkünlük və mötəbərlik nöqteyi-nəzərindən, həmin sübutların məcmusunu isə iş üzrə sübut edilməli olan faktların yetərliliyi baxımından qiymətləndirərək hesab edir ki, iddia qismən təmin edilməli, cavabdehdən 400 manat məbləğində pul vəsaiti və 30 manat məbləğində dövlət rüsumu tutularaq iddiaçının xeyrinə ödənilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh vurulmuş maddi zərərin əvəzi kimi 400 (dörd yüz) manat məbləğində pul vəsaiti və ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumu tutularaq İddiaçı xeyrinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(010)-5473/2025
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-5473/2025
13.02.2026 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver