Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(010)-5621/2021 30.09.2021 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Suraxanı Rayon Məhkəmənin hakimi Miriyeva Səlimə Miri qızı, İddiaçı cavabdehlər Cavabdeh Açıq Səhmdar Cəmiyyəti və X3 qarşı “istilik sisteminin quraşdırılması, borcun silinməsi və zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlərə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı cavabdehlər Cavabdeh Açıq Səhmdar Cəmiyyəti və X3 qarşı “istilik sisteminin quraşdırılması, borcun silinməsi və zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə müraciət edərək məhkəmədən yaşadığı binada istilik sisteminin quraşdırılmasının tam texniki standartlar çərçivəsində təmin edilməsi, barələrində iddia qaldırdığı cavabdehlərin qanun qarşısında cavab verməsi, borcun silinməsi, ona vurulan maddi, mənəvi ziyanlar, eləcə də fiziki ziyanların ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, ərizə məhkəməyə təqdim edilərkən Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin tələblərinə əməl edilmədiyindən iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılmalıdır. Belə ki, iddia ərizəsində cavabdeh kimi göstərilmiş Cavabdeh Açıq Səhmdar Cəmiyyəti Bakı şəhəri, Xətai rayonunda yerləşir. Digər cavabdeh X2 isə rəsmi olaraq hansı ünvanda qeydiyyatda olduğu müəyyən deyil. Belə ki, iddia ərizəsinə cavabdehin qeydiyyat ünvanını müəyyən etməyə imkan verən heç bir sənəd (MAPS arayışı) əlavə edilməmiş, eləcə də cavabdehin şəxsiyyəti barədə məlumatın elektron məhkəmə informasiya sistemi vasitəsilə əldə edilməsi mümkün olmamışdır. Bu səbəbdən cavabdeh X2 rəsmi olaraq Bakı şəhəri, Suraxanı rayonunda qeydiyyatda olması müəyyən deyil. Nəzərə alınmalıdır ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən, qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər (bundan sonra şəxslər) Azərbaycan Respublikasında yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmalıdırlar. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın məqsədi Azərbaycan Respublikasında yaşayan şəxslərin uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi (sosial müdafiə, pensiya təminatı, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s.) üçün zəruri şərait yaratmaqdır. Belə olan halda məhkəmə hesab edir ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin tələbləri pozulmaqla məhkəməyə təqdim edilmişdir. Bundan başqa, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 149.2.3cü maddəsinə əsasən iddiaçının və ya ərizəçinin tələbi, onların öz tələblərini əsaslandırdıqları hallar, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb ərizədə göstərilməlidir. Hazırkı ərizədə isə bu tələbə riayət edilməmişdir. Belə ki, ərizənin xahiş hissəsində qeyd edilir ki: “barələrində iddia qaldırdığım cavabdeh tərəflər qanun qarşısında cavab versinlər”, həmçinin, qeyd edilir ki: “mənə vurulan maddi, mənəvi, eləcə də fiziki ziyanlar ödənilsin”. Göründüyü kimi tələbin konkret olaraq nədən ibarət olması aydın deyil. Yəni, bu xahişlərlə müəyyən edilmir ki, “cavabdehlərin qanun qarşısında cavab verməsi” dedikdə nə nəzərdə tutulur, yaxud hansı “maddi, mənəvi, fiziki ziyan”dan söhbət gedir. Məhkəmə iddiaçının diqqətinə çatdırır ki, iddia ərizəsinin məzmununu təşkil edən məlumatların dairəsi elə olmalıdır ki, onlar iddianın predmetini, yəni iddiaçının cavabdehə qarşı konkret maddi hüquqi tələbini və yaxud əsasını, yəni iddiaçının öz tələbini əsaslandırdığı halları müəyyənləşdirməyə imkan versin. Başqa sözlə, iddia ərizəsində tələb konkret ifadə olunmalıdır. Üstəlik, Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə yönələn tələb nisbətən aydın olsa da (texniki standartlara cavab verən istilik sisteminin quraşdırılması, borcun silinməsi) digər cavabdeh X1 olaraq hansı tələbin yönəldiyi, iddiaçının ondan nə tələb etdiyi, bu tələbin binaya verilən istiliklə nə kimi əlaqəsi olduğu müəyyən deyil. Nəzərə alınmalıdır ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 149.3-cü maddəsinə əsasən iddiaçı bir-biri ilə bağlı olan bir neçə tələbi bir iddia ərizəsində birləşdirməyə haqlıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 151.1. İddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. 152.1. Hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır: 152.1.1. iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə ... ...152.1.3. əgər iş ərazi aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə... 152.2. İddia ərizəsinin qaytarılması haqqında hakim qərardad çıxarır. 152.3. İddia ərizəsinin qaytarılması haqqında qərardaddan şikayət verilə bilər. Qərardad ləğv edildikdə, iddia ərizəsi məhkəməyə müraciət edildiyi gündən verilmiş hesab edilir. 152.4. İddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Beləliklə, mülki prosessual qanunvericiliyin yuxarıda göstərilən tələblərinə əsasən məhkəmə hesab edir ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Yuxarıda qeyd edilənlərə əsasən və MPM-in 149-152-ci maddələrini rəhbər tutaraq, QƏRARA A L D İ: İddiaçı cavabdehlər Cavabdeh Açıq Səhmdar Cəmiyyəti və X3 qarşı “istilik sisteminin quraşdırılması, borcun silinməsi və zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. İddiaçıya izah edilsin ki, ərizənin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Səlimə Miriyeva
Məhkəmə qərarları › İş №2(010)-5621/2021
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərardad — İş №2(010)-5621/2021
30.09.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver