Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(010)-5622/2021 30.09.2021 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Suraxanı Rayon Məhkəmənin hakimi Miriyeva Səlimə Miri qızı, İddiaçı cavabdeh Suraxanı rayon İcra və probasiya Şöbəsinə qarşı “icra məmurunun hərəkətinin qanunsuz hesab edilməsi və əmlak üzərindən həbsin götürülməsi ” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlərə baxaraq, MÜƏYYƏN E T D İ: İddiaçı cavabdeh Suraxanı rayon İcra və probasiya Şöbəsinə qarşı “icra məmurunun hərəkətinin qanunsuz hesab edilməsi və əmlak üzərindən həbsin götürülməsi” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə müraciət edərək məhkəmədən Suraxanı rayon İcra və Probasiya Şöbəsinin Bakı Apellyasiya Məhkəməsinin 2(103)-11176/2019 saylı, 29.100.2019-cu il tarixli icra sənəndinin icra olunması üçün Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X1 İdarəsinin Qeydiyyat- İmtahan İdarəsinə göndərilməsindən ibarət hərəkətinin qanunsuz hesab edilməsi və İddiaçı məxsus “Suzuki İntruder VL 1500 BTL3” markalı, 99A109 dövlət nömrə nişanlı motosikl üzərindən həbsin götürülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, ərizəyə ümumi məhkəmədə baxılmalı olmadığından ərizənin qəbulundan imtina edilməlidir. Belə ki, iddia ərizəsinə əlavə edilmiş Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 23.04.2021-ci il tarixli, 8(010)-166/2021 saylı qərardadı və həmin qərardaddan verilmiş şikayət əsasında işə baxmış (şikayət təmin edilməmişdir) Bakı Apellyasiya Məhkəməsinin 02.07.2021-ci il tarixli, 8(103)-325/2021 saylı qərardadında göstərilmişdir ki, motosikletin üzərinə məhdudiyyətin qoyulması barədə heç bir məhkəmə qərarı mövcud deyil və mövcud olmayan bir qərar ləğv edilə bilməz. Üstəlik, Bakı Apellyasiya Məhkəməsinin 02.07.2021-ci il tarixli, 8(103)-325/2021 saylı qərardadında açıq şəkildə qeyd edilmişdir ki: “... əgər şikayətdə göstərilən kimi motosikletin üzərinə məhdudiyyət əsas olmadan, yəni qanunsuz olaraq qoyulmuşdursa, onda ərizəçi həmin qanunsuz hərəkəti etmiş orqana qarşı müvafiq iddia qaldıra bilər”. Buna baxmayaraq, İddiaçı yenidən – bu dəfə iddia icraatı qaydasında məhkəməyə müraciət etmiş (hansı ki, daha əvvəl də eyni qaydada məhkəməyə müraciət etmiş və ərizəsi geri qaytarılmışdır), heç bir məhkəmə qərarı ilə üzərinə həbs qoyulmamış motosikletin üzərindən həbsin götürülməsini yenidən ümumi məhkəmədən xahiş etmişdir. Məhkəmə təkrar iddiaçının diqqətinə çatdırır ki, artıq mübahisəyə nə iddia, nə də məhkəmə qərarlarının icrası qaydasında (ərizəyə bu qaydada bir dəfə baxılaraq qanuni qüvvəyə minmiş məhkəmə qərardadı çıxarılmışdır) ümumi məhkəmədə baxılması mümkün deyil. Yuxarıda da qeyd edildiyi kimi əgər iddiaçı mülkiyyətində olan motosikletin üzərinə qanunsuz olaraq həbs qoyulduğunu hesab edirsə, bununla bağlı ilk növbədə, motosikletin üzərinə həbsi qoyan orqana müraciət edə, müraciəti yerinə yetirilməzsə, həmin orqana qarşı iddia ərizəsi ilə inzibati məhkəməyə müraciət edə bilər. Odur ki, hazırkı iddiaya ümumi məhkəmədə baxılması yolverilməz olduğundan iddia ərizəsinin qəbulundan imtina edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 153.2-ci maddəsinə əsasən, ərizəyə məhkəmə qaydasında baxılmalı deyildirsə hakim iddia ərizəsini qəbul etməkdən imtina edir. 153.3-cü maddəsinə əsasən, hakim ərizəni qəbul etməkdən imtina barədə əsaslandırılmış qərardad çıxarır. İşə məhkəmə qaydasında baxılmalı deyildirsə, iddiaçının hansı orqana müraciət etməli olmasını orada göstərir. 153.4-cü maddəsinə əsasən ərizəni qəbul etməkdən imtina haqqında qərardad ərizəyə əlavə olunmuş bütün sənədlərlə birlikdə ərizəçiyə rəsmi qaydada verilməlidir. 153.5-ci maddəsinə əsasən, ərizəni qəbul etməkdən imtina edilməsi ərizəçiyə həmin cavabdehə qarşı, həmin predmet barəsində və həmin əsaslarla yenidən iddia qaldırmağa mane olur. Beləliklə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin yuxarıda göstərilən tələblərinə əsasən məhkəmə hesab edir ki, iddia ərizənin icraata qəbul edilməsindən imtina edilməli və ərizəyə əlavə olunmuş bütün sənədlər ərizə ilə birlikdə iddiaçıya geri qaytarılmalıdır. Yuxarıda qeyd edilənlərə əsasən və MPM-in 153-cü və 267-269-cu maddələrini rəhbər tutaraq, Q Ə R A R A A L D İ: İddiaçı cavabdeh Suraxanı rayon İcra və probasiya Şöbəsinə qarşı “icra məmurunun hərəkətinin qanunsuz hesab edilməsi və əmlak üzərində həbsin götürülməsi ” tələbinə dair iddia ərizəsi icraata qəbul edilməsin və iddia ərizəsinə əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılsın. İddiaçıya izah edilsin ki, əgər mülkiyyətində olan motosikletin üzərinə qanunsuz olaraq həbs qoyulduğunu hesab edirsə, bununla bağlı ilk növbədə, motosiklet üzərinə həbsi qoyan orqana müraciət edə, həbsin götürülməsindən imtina edilərsə, həmin orqana qarşı iddia ərizəsi ilə inzibati məhkəməyə müraciət edə bilər. İddiaçıya izah edilsin ki, ərizəni qəbul etməkdən imtina edilməsi iddiaçıya həmin cavabdehə qarşı, həmin predmet barəsində və həmin əsaslarla məhkəmədə yenidən iddia qaldırmağa mane olur. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Səlimə Miriyeva
Məhkəmə qərarları › İş №2(010)-5622/2021
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərardad — İş №2(010)-5622/2021
30.09.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver