Məhkəmə qərarları › İş №2(010)-5681/2025

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-5681/2025

30.10.2025 · Vergi ödəyicisi və ya sığortaedən olan fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında işlər üzrə icraat
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-5681/2025 30.10.2025 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin hakimi Qafarova Rübabə Nurulla qızının sədrliyi, Allahyarlı Eltac Rauf oğlunun katibliyi, Ərizəçi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin (Maraqlı şəxs) “ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması» tələbinə dair ərizəsi üzrə xüsusi icraat qaydasında mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi Maraqlı şəxs qarşı “ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması» tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, Vergi ödəyicisi olan fiziki şəxs Maraqlı şəxs (VÖEN: **********) tərəfindən dövlət büdcəsinə olan ümumilikdə 2699,60 manat, İcbari Tibbi Sığorta Fonduna olan 22 manat məbləğində borcun ödənilməsini təmin etmək üçün Maraqlı şəxs barəsində (Şəxsiyyəti təsdiq edən sənədin FİN nömrəsi - xxxxxxx, şəxsiyyət vəsiqəsinin seriya və nömrəsi AZE3780299) ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, vergi öhdəliklərini Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədiyi üçün xx.xx.2025-ci il tarixə vergi ödəyicisi olan Maraqlı şəxs (VÖEN: **********) İcbari Tibbi Sığorta Fonduna 22 manat, dövlət büdcəsinə 2699,60 manat məbləğində (o cümlədən, vergilər üzrə 1829,22 manat, faizlər üzrə 870,38 manat), "PRAYM LEQAL" Vəkil Bürosunun (VÖEN: **********) dövlət büdcəsinə 0 manat məbləğində (o cümlədən) olmaqla, ümumilikdə 2699,82 manat borcu vardır. Yaranmış borc məbləğinin 5 gün ərzində dövlət büdcəsinə və müvafiq fonda ödənilməsi məqsədi ilə vergi ödəyicisinə Vergi Məcəlləsinin 65-ci maddəsinə əsasən xx.xx.2024-cü il tarixli **********517900, xx.xx.2024-cü il tarixli **********505500, xx.xx.2025-ci il tarixli **********328700 nömrəli bildirişlər göndərilmiş, lakin vergi ödəyicisi yaranmış borc məbləğlərini ödəməmişdir. Reyestr məlumatlarına əsasən yuxarıda qeyd edilən borclu Maraqlı şəxs ünvan 1 ünvanında yaşayır. İş üzrə ərizəçi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş qaydada xəbərdar edilmələrinə baxmayaraq, üzürlü səbəb göstərmədən ərizəçinin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin etibarnamə üzrə nümayəndəsi X1 Məhkəmə İnformasiya Sistemi vasitəsi ilə məhkəmə ərizə ilə müraciət edərək, iş yükünün çoxluğunu nəzərə alaraq, məhkəmə iclasını nümayəndənin iştirakı olmadan keçirilərək ərizənin təmin edilməsini xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 355-7.2-ci maddəsinə əsasən hazırki işə gəlməyən tərəflərin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. İş üzrə maraqlı şəxs Nuhiyev X2 Məhkəmə İnformasiya Sistemi vasitəsi ilə məhkəmə ərizə ilə müraciət edərək, göstərmişdir ki, daha öncə ərizəçi tərəfindən eyni tələb ilə məhkəməyə müraciət edilmiş və Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-4342/2025 saylı qərardadı ilə həmin ərizə geri qaytarılmışdır. Həmçinin həmin qərardaddan şikayət verilməmişdir. Onun tərəfindən vergi borcunun ödənilməsi davam etdirilir. Belə ki, ilkin müraciət zamanı vergi borcu 3449 (üç min dörd yüz qırx doqquz) manat olduğu halda, hazırda borcun məbləği 2699 (iki min altı yüz doxsan doqquz) manat təşkil edir. Göründüyü kimi, ərizəçi tərəf məhkəmənin əvvəlki qərardadında göstərilən halları nəzərə almamış, habelə vergi borcunun azaldılması faktını da diqqətə çatdırmamışdır. Halbuki, borcun mərhələli şəkildə ödənilməsi nəzərə alındıqda, ödəyicinin ölkədən getmək hüququnun məhdudlaşdırılmasına hüquqi zərurət qalmamışdır. Yuxarıda qeyd edilənləri nəzərə alaraq, təqdim olunmuş ərizənin geri qaytarılmasını xahiş etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, aşağıdakılara əsasən ərizə təmin edilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Qeyd edilən Məcəllənin 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. İş materiallarına əlavə edilmiş Maraqlı şəxs şəxsi hesab vərəqindən görünür ki, Maraqlı şəxs vergi ohdəliklərini Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədiyi üçün İcbari Tibbi Sığorta Fonduna 22 manat, dövlət büdcəsinə 2699,60 manat məbləğində (o cümlədən, vergilər üzrə 1829,22 manat, faizlər üzrə 870,38 manat) borcu vardır. İşdə olan Maraqlı şəxs seriyası və nömrəsi AA******* olan şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, həmin şəxs ünvan 1 ünvanında pasport qeydiyyatındadır. Məhkəmə qeyd edir ki, dövlətə olan külli miqdarda vergi borcunun ödənilməsini təmin etmək üçün Maraqlı şəxs ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmalıdır. Məhkəmə xatırladır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 305.1.12-ci maddəsinə əsasən məhkəmə xüsusi icraat qaydasında vergi ödəyicisi olan fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında işlərə baxır. 355-7.1-ci maddəsinə əsasən, vergi ödəyicisi olan fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında ərizə məhkəməyə təqdim olunduqdan sonra məhkəmə tərəfindən 10 gün müddətinə baxılır. 355-7.3-ci maddəsinə əsasən, işə mahiyyəti üzrə baxan hakim ərizənin rədd edilməsi və ya təmin edilməsi barədə qətnamə qəbul edir. 355-7.4-cü maddəsinə əsasən, vergi ödəyicisi olan fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında qətnamə qəbul edildikdən dərhal sonra qüvvəyə minir və qətnamədən şikayətin verilməsi onun icrasını dayandırmır. Odur ki, məhkəmə təqdim edilmiş sübutların mötəbərliyini əsas götürərək ərizənin təmin edilməsi qənaətinə gəlir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə əsasən, məhkəmə(hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinin tələbinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233, 305.12, 355-7 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. İcbari Tibbi Sığorta Fonduna olan vergi borcunun ödənilməsini təmin etmək üçün Maraqlı şəxs (Doğulduğu tarix -xx.xx.1985-ci il, Doğulduğu yer -Kürdəmir, Atakişili kəndi, Şəxsiyyəti təsdiq edən sənədin FİN nömrəsi-xxxxxxx, şəxsiyyət vəsiqəsinin seriya və nömrəsi-AA*******) ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılsın. Qətnamə qəbul edildiyi andan qüvvəyə minir. Qətnamədən məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Rübabə Qafarova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar