Məhkəmə qərarları › İş №2(010)-5837/2025

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərardad — İş №2(010)-5837/2025

03.11.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(010)-5837/2025 03.11.2025 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin hakimi Talıbova Leyla Oruc qızı İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “vurulmuş fiziki, mənəvi və maddi ziyana görə kompensasiya ödənilməsi” tələbinə dair iddia ərizəsinə və ona əlavə olunmuş sənədlərə baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: İddiaçı Cavabdeh1 və Cavabdeh2 qarşı “vurulmuş fiziki, mənəvi və maddi ziyana görə kompensasiya ödənilməsi” tələbinə dair iddia ərizəsinə ilə məhkəməyə müraciət edərək cinayət prosesini həyata keçirən orqanın səhvi və ya sui-istifadəsi nəticəsində ona vurulmuş fiziki, mənəvi və maddi ziyana görə kompensasiyanın ödənilməsi haqqda, kompensasiyanın maddi ziyana görə ödənilməsinin dövlət büdcəsindən; fiziki və mənəvi ziyana görə hissəsinin cavabdehlər-Cavabdeh2 və Cavabdeh1 onun xeyrinə tutulması haqda qərar verilməsini xahiş etmişdir. Aşağıdakı əsaslara görə ərizə geri qaytarılmalıdır. Belə ki, hazırkı ərizədən müəyyən edildiyi kimi, iddiaçı vurulmuş fiziki, mənəvi və maddi ziyana görə kompensasiya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Hazırda iddiaçının məhkəməyə təqdim etdiyi ərizəyə əsasən işə məhkəmədə iddia icraatı qaydasında baxılmasına imkan vermir. Məhkəmə iddiaçının diqqətinə çatdırır ki, hazırkı məqamda iddiaçı qeyri-dəqiq məzmunlu ərizə ilə məhkəməyə müraciət etmişdir. Ərizədə ona vurulmuş fiziki, mənəvi və maddi ziyana görə kompensasiyanın ödənilməsi xahiş edilsə də, ona vurulmuş maddi və mənəvi zərərin məbləği göstərilməmiş, iddia ərizəsində cavabdeh kimi Maliyyə Nazirliyi deyil, Polis İdarəsinin əməkdaşları cəlb edilmişdir. Məhkəmə hesab edir ki, iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş forma və məzmununa riayət olunmadan mülki işin icraata qəbul edilməsi qeyrimümkündür. Bundan əlavə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1101.1.-ci maddəsinə əsasən qanunsuz məhkum etmə, cinayət məsuliyyətinə qanunsuz cəlb etmə, qəti imkan tədbiri kimi həbsə almanın və ya başqa yerə getməmək haqqında iltizamın qanunsuz tətbiqi, inzibati tənbehin qanunsuz verilməsi nəticəsində fiziki şəxsə vurulmuş zərərin əvəzini təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının vəzifəli şəxslərinin təqsirindən asılı olmayaraq, Azərbaycan Respublikası qanunla müəyyənləşdirilmiş qaydada tam həcmdə ödəyir. Bu Məcəllənin 1114.3.-cü maddəsinə əsasən təhqiqat, ibtidai istintaq, prokurorluq və ya məhkəmə orqanları vəzifəli şəxsinin vurduğu zərərin əvəzinin ödənildiyi halda, əgər onun təqsiri məhkəmənin qanuni qüvvəyə minmiş hökmü ilə müəyyənləşdirilmişdirsə, Azərbaycan Respublikasının həmin şəxsə reqres hüququ vardır. Məhkəmə iddiaçının nəzərinə çatdırır ki, Azərbaycan Respublikasının bilavasitə cavabdehlik daşıdığı hallarda maddi və mənəvi zərərin həddinin müəyyənləşdirilməsi və onun dövlət büdcəsinin hesabına ödənilməsi ilə bağlı məsələ həll edildiyindən mərkəzi icra hakimiyyəti orqanı olan Maliyyə Nazirliyi cavabdeh qismində cəlb olunmalı, pozuntuya yol vermiş qurumlar isə müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməlidirlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149.2.3-cü maddəsinə əsasən iddianın predmeti və qiyməti, iddiaçının və ya ərizəçinin tələbləri, onların öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb göstərilməlidir. Beləliklə ərizədən müəyyən edildiyi kimi ərizə məhkəməyə təqdim edilərkən qanunun qeyd edilən müddəalarına riayət edilməmiş və yuxarıda göstərilən nöqsanlarla ərizə məhkəməyə təqdim edilmişdir. Odur ki, iddia ərizəsi MPM-nin yuxarıda göstərilən tələblərini pozmaqla tərtib edilərək məhkəməyə təqdim edildiyi üçün geri qaytarılmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 263-264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, QƏRARAALDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “vurulmuş fiziki, mənəvi və maddi ziyana görə kompensasiya ödənilməsi” tələbinə dair iddia ərizəsi geri qaytarılsın. İddiaçıya hazırkı iddia ərizəsi ilə bağlı nöqsanlar aradan qaldırıldıqdan sonra məhkəməyə ərazi aidiyyəti üzrə ikinci dəfə müraciət etmək hüququnun olması izah olunsun. Qərardaddan, qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Leyla Talıbova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar