Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-589/2023 23.10.2023 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Suraxanı rayon məhkəməsinin hakimi Qafarova Rübabə Nurulla qızının sədrliyi, Rəhimov Bəhlul Qılman oğlunun katibliyi ilə, İddiaçılar İddiaçı və X1 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı "torpaq sahəsində payların naturada ayrılması" tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddia tələbi Bakı şəhəri Suraxanı rayonu, Qaraçuxur qəsəbəsində yerləşən, 1/4 hissədə paylı mülkiyyət hüququ ilə İddiaçı, X2, Cavabdeh2 qızma və Cavabdeh1 məxsus olan 0.06 ha torpaq sahəsində payların naturada (real şəkildə) ayrılaraq, həmin torpaq sahəsinin sol hissəsində, tərəfindən inşa edilmiş və yaşadıqları özbaşına tikili evin yerləşdiyi tərəfdən ümumilikdə 0.03 ha hissəsinin (1.5+ 1.5) İddiaçı və X2 məxsus olan hissəsi kimi müəyyən edilməklə, onların istifadəsinə verilməsi. İddia tələbinin dəlilləri İddiaçı ilə həyat yoldaşı X7 xx.xx.1976-cı il tarixdə nikahlarını rəsmi qeyd etdirməklə ailə qurmuşdur. Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsində yerləşən 0.06 ha torpaq sahəsi həyat yoldaşı X3 məxsus olmuş və o, xx.xx.2018-ci il tarixdə vəfat etmişdir. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 onun uşaqlarıdırlar. Cavabdehlərdən başqa onun xx.xx.1981-ci il təvəllüdlü X4 adlı daha bir oğlu da vardır ki, həmin oğlu Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(010)-587/2020 saylı qətnaməsi ilə fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edildiyindən, Bakı şəhəri Suraxanı rayonu İcra Hakimiyyəti Başçısının 194 saylı, xx.xx.2021-ci il tarixli Sərəncamı ilə iddiaçı onun azyaşlı uşaqları (nəvələri) xx.xx.2010-cu il təvəllüdlü İddiaçı Rasim oğlu və xx.xx.2011-ci il təvəllüdlü X5 üzərində, xx.xx.2021-ci il tarixli, 204 saylı Sərəncamı ilə isə həmin oğlu X4 üzərində qəyyum təyin edilmişdir. Hələ 2000-ci ildə onlar mərhum həyat yoldaşı Lətifə Nəbiyevaya məxsus olan 0.06 ha sahəsinin sol hissəsində özü üçün 12x12 ölçüdə olan fərdi yaşayış evi inşa etdirib, xx.xx.2018-ci il tarixdə həyat yoldaşının vəfatına qədər onunla birlikdə həmin evdə yaşamışdır. Hal-hazırda isə o, fəaliyyət qabiliyyəti olmayan oğlu Rasim Qələndərov və onun azyaşlı uşaqları ilə birlikdə həmin evdə yaşayır. Mərhum həyat yoldaşı Lətifə Nəbiyevadan miras qalmış 0.06 ha torpaq sahəsindəki payların bölgüsü üzrə vərəsələr arasında razılaşma baş tutmadığından, Suraxanı Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(010)-1098/2022 saylı qətnaməsi ilə həmin torpaq sahəsində hər birinin payı bərabər 1/4 hissədə tanınmış və daha sonra bu barədə hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən adına çıxarışlar da verilmişdir. Hazırda o, torpaq sahəsinin özünə və fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilmiş oğlu Rasim Qələndərova məxsus olan (ümumilikdə 0.03 ha) hissəsini daş hasara alıb ayırmaq istəyir. Buna torpaq sahəsinin yerləşmə vəziyyəti-məkanı imkan versə də, cavabdehlərlə razılıq əldə edə bilmir. Baxmayaraq ki, ümumi ölçüləri 30 x 20 olan həmin torpaq çıxışı sahəsinin qabaq, 30 m. hissəsi küçə yoluna paralel düşür və sahənin 4 yerdən də ayrıca giriş-çıxışı da vardır. Tərəflərin izahatları xx.xx.2023-c il tarixdə məhkəməyə poçt vasitəsi ilə iş üzrə iddiaçılar İddiaçı və X4 müraciət edərək, xx.xx.2023-cü il tarixə təyin olunmuş məhkəmə iclasının iştirakları olmadan keçirilərək iddia tələblərinin təmin edilməsini xahiş etmişdir. İş üzrə cavabdehlərə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş qaydada xəbərdar edilməsinə baxmayaraq, üzrlü səbəb göstərmədən məhkəmə iclasına gəlməmişlər və gəlmələrinin səbəbi barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə xatırladır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə görə, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməmənin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda məhkəmə işə iclasa gəlməyən cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əvvəlki məhkəmə iclasında dindirilən İddiaçı iddianı müdafiə edərək, izahatında göstərdi ki, o, iş üzrə verilmiş ekspert rəyi ilə razı deyil. Rəy obyektiv verilməmişdir. Əvvəlki məhkəmə iclasında dindirilən iddiaçının nümayəndəsi və vəkili Vəkil1 izahatında göstərdi ki, iddia tələbini müdafiə edir. İş üzrə keçirilmiş ekspertiza rəyi obyektiv olaraq verilməmişdir. Həyətdə üç tikili var və hər bir tikilinin küçəyə ayrı-ayrılıqda çıxışı var. Həmin tikililər böyük tikililər deyir, yəni 5x4 və 3 olar. Əvvəlki məhkəmə iclasında dindirilən Cavabdeh2 iddianı qəbul etməyərək izahatında göstərdi ki, mübahisəli torpaq sahəsində iki mərtəbəli ev yerləşir. Əslində torpaq üzərində bütün əmlaka ¼ pay var, evi bütov istəyir. İddianın rədd olunmasını xahiş edir. Əvvəlki məhkəmə iclasında dindirilən Cavabdeh2 nümayəndəsi və vəkili Vəkil2 izahatında göstərdi ki, İş üzrə keçirilmiş ekspertiza rəyi ilə razıdır. Həyətdə tikilmiş tikililərin hüquqmüəyyən edici sənədləri yoxdur. xx.xx.2023-cü il tarixli məhkəmə hazırıq iclasında iştirak edən, məhkəmənin sorğusu əsasında, saxlanıldığı 3 saylı İstintaq Təcridxanasından gətirilən Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsi ilə təqsirləndirilən şəxs, Cavabdeh1 izahatında göstərmişdir ki, o, iddianı qəbul etmir. Hazırda 3 saylı İstintaq Təcridxanasında saxlanılsa da, həbsdən çıxandan sonra yaşamağa yeri yoxdur. İş materialları Suraxanı Rayon Məhkəməsinin 2(010)-1098/2022 saylı qətnaməsinə əsasən iddiaçı Cavabdeh2 cavabdehlər X2, İddiaçı və Cavabdeh1 qarşı miras payın qəbul edilməsi barədə iddiası qismən təmin edilmiş, Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsində yerləşən, mərhum X3 məxsus olmuş 0,06 ha torpaq sahəsi miras əmlak kimi iddiaçı Cavabdeh2, cavabdehlər İddiaçı, X4 və Cavabdeh1 tərəfindən faktiki qəbul edilmiş hesab edilmiş, Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsində yerləşən, mərhum X3 məxsus olmuş 0,06 ha torpaq sahəsinə miras əmlak kimi 1/4 hissədə iddiaçı Cavabdeh2, 1/4 hissədə cavabdeh İddiaçı, 1/4 hissədə cavabdeh X1, 1/4 hissədə Cavabdeh1 payının tanınması qət edilmişdir. Bakı şəhəri Suraxanı Rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2021-ci il tarixli 194 saylı sərəncamından görünür ki, İddiaçı fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilmiş övladı X4 üzərində qəyyum təyin edilmişdir. (X1 mülkiyyət hüququ saxlanılmaq şərti ilə); Suraxanı rayon Qeydiyyat şöbəsi tərəfindən xx.xx.2010-cu il tarixdə verilmiş doğum haqqında şəhadətnamədən görünür ki, İddiaçı Rasim oğlu xx.xx.2010-cu ildə doğulmuş, valideynləri X4 və X6r. Nizami rayon Qeydiyyat şöbəsi tərəfindən xx.xx.2012-ci il tarixdə verilmiş doğum haqqında şəhadətnamədən görünür ki, X5 xx.xx.2011-ci ildə doğulmuş, valideynləri X4 və X6r. Azərbaycan Respublikasının Ədliyyə Nazirliiy Məhkəmə Ekspertizası Mərkəzinin 10/1537 saylı xx.xx.2023-cü il tarixli rəyində göstərilir ki, qərardadda ekspert qarşısında qoyulmuş sual üzrə qeyd olunur ki, mübahisəli torpaq sahəsinin tərəflər arasında bölgüsü yalnız təcrid sahələr şəklində aparılmalıdır ki, bu bölgü zamanı, tərəflərin hər birinin sərəncamında sərhəd hasarı ilə təcrid olunmuş torpaq sahələri və bu sahələrə ayrıayrılıqda giriş-çıxış yolu olmalıdır. Yuxarıda qeyd olunanları, mübahisə predmeti olan torpaq sahəsinin hüdudları daxilində tikililərin yerləşdiyini və bölgü aparılacağı təqdirdə bölünmüş sahələrə ayrı-ayrılıqda giriş-çıxış yollarının açılmasının mümkünsüzlüyünü nəzərə alaraq qeyd olunan torpaq sahəsinin mülkiyyətçilər arasında paylar üzrə bölünməsinin texniki cəhətdən mümkün olmadığı müəyyən olunur. Beləliklə, Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsində yerləşən mübahisə predmeti olan 0.06 ha həyətyanı torpaq sahəsinin mülkiyyətçilər arasında paylar üzrə bölünməsinin texniki cəhətdən mümkün olmadığı müəyyən olunur. İşin faktiki halları Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsində yerləşən torpaq sahəsi 1/4 hissəyə İddiaçı, 1/4 hissəyə X1, 1/4 hissəyə Cavabdeh1, 1/4 hissəyə Cavabdeh2 pay hüququ olmaqla onların paylı mülkiyyətindədir. Hazırda iddiaçılar yuxarıda adı çəkilən torpaq sahəsində payların naturada (real şəkildə) ayrılaraq, həmin torpaq sahəsinin sol hissəsində, iddiaçı tərəfindən inşa edilmiş və yaşadıqları özbaşına tikili evin yerləşdiyi tərəfdən ümumilikdə 0.03 ha hissəsinin (1.5+ 1.5) İddiaçı və X2 məxsus olan hissəsi kimi müəyyən edilməklə, onların istifadəsinə verilməsini istəyir. Cavabdehlər isə iddia tələbi ilə razı deyillər və bunu onunla əsaslandırırlar ki, mübahisəli torpaq sahəsində iki mərtəbəli ev yerləşir, iddiaçı da həmin tikilinin özündə qalmağını istəyir. Tətbiq olunan hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi: 213.2 Əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər. 213.3 Əşyaya ümumi mülkiyyət, qanunvericilikdə həmin əşyaya birgə mülkiyyət yaranmasının nəzərdə tutulduğu hallar istisna olmaqla, paylı mülkiyyətdir. 220.1. Paylı mülkiyyətdə olan əşya mülkiyyətçiləri arasındakı razılaşmaya əsasən onlar arasında bölünə bilər. 220.2. Paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər. 220.3. Paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir. 223.2 Birgə mülkiyyətin mülkiyyətçiləri tərəfindən ümumi əşyanın bölünməsi və ya onlardan birinin payının ayrılması mülkiyyətçilərdən hər birinin payı qabaqcadan müəyyənləşdirildikdən sonra həyata keçirilə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
107. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
Məhkəmənin mövqeyi İşin faktiki halı ondan ibarətdir ki, Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsində yerləşən torpaq sahəsi 1/4 hissəyə İddiaçı, 1/4 hissəyə X1, 1/4 hissəyə Cavabdeh1, 1/4 hissəyə Cavabdeh2 pay hüququ olmaqla onların paylı mülkiyyətindədir. Hazırda iddiaçılar yuxarıda adı çəkilən torpaq sahəsində payların naturada (real şəkildə) ayrılaraq, həmin torpaq sahəsinin sol hissəsində, iddiaçı tərəfindən inşa edilmiş və yaşadıqları özbaşına tikili evin yerləşdiyi tərəfdən ümumilikdə 0.03 ha hissəsinin (1.5+ 1.5) İddiaçı və X2 məxsus olan hissəsi kimi müəyyən edilməklə, onların istifadəsinə verilməsini istəyir. Cavabdehlər isə iddia tələbi ilə razı deyillər və bunu onunla əsaslandırırlar ki, mübahisəli torpaq sahəsində iki mərtəbəli ev yerləşir, iddiaçı da həmin tikilinin özündə qalmağını istəyir. Azərbaycan Respublikasının Ədliyyə Nazirliiy Məhkəmə Ekspertizası Mərkəzinin 10/1537 saylı xx.xx.2023-cü il tarixli rəyi məhkəmədə tədqiq edilərkən müəyyən olunmuşdur ki, Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsində yerləşən mübahisə predmeti olan 0.06 ha həyətyanı torpaq sahəsinin mülkiyyətçilər arasında paylar üzrə bölünməsinin texniki cəhətdən mümkün deyil. Belə ki, mübahisəli torpaq sahəsinin tərəflər arasında bölgüsü yalnız təcrid sahələr şəklində aparılmalıdır ki, bu bölgü zamanı, tərəflərin hər birinin sərəncamında sərhəd hasarı ilə təcrid olunmuş torpaq sahələri və bu sahələrə ayrı-ayrılıqda giriş-çıxış yolu olmalıdır, lakin mübahisə predmeti olan torpaq sahəsinin hüdudları daxilində tikililərin yerləşir və bölgü aparılacağı təqdirdə bölünmüş sahələrə ayrıayrılıqda giriş-çıxış yollarının açılması mümkünsüzdür.
Məhkəmənin gəldiyi nəticə Sadalanan qanunvericilik aktı normalarına əsasən, həmçinin ekspert rəyini əsas götürərək məhkəmə hesab edir ki, iddiaçılar İddiaçı və X1 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı "torpaq sahəsində payların naturada ayrılması" tələbinə dair iddiası rədd edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
QƏT ETDİ:
İddiaçılar İddiaçı və X1 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı "torpaq sahəsində payların naturada ayrılması" tələbinə dair iddiası rədd edilsin. İddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamə, şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Rübabə Qafarova