Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(010)-593/2022 14.02.2022 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Miriyeva Səlimə Miri qızının sədrliyi, X5 iclas kаtibliyi, Cavabdeh2 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh2, Şabran rayon notariat kontoru, üçüncü şəxslər X2, X3, X6, X1, X7 və X4 qarşı “mirasın qəbul edilmə müddətinin uzadılması” tələbinə dair mülki işə açıq məhkəmə hazırlıq iclasında baxaraq, məhkəmə MÜƏYYƏN E T D İ: İddiaçı cavabdehlər Cavabdeh2, Şabran rayon notariat kontoru, üçüncü şəxslər X2, X3, X6, X1, X7 və X4 qarşı “mirasın qəbul edilmə müddətinin uzadılması” tələbinə dair iddia ərizəsi ilə Şabran Rayon Məhkəməsinə müraciət edərək, məhkəmədən Şabran şəhəri, Heydər Əliye prospekti 78 ünvanında 600 m2 torpaq sahəsində yerləşən, ümumi sahəsi 72 m2, yaşayış sahəsi 43 m2 olan evə mirasın qəbul edilməsi müddətinin uzadılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Şabran Rayon Məhkəməsinin 23.11.2021-ci il tarixli, 2(031)-965/2021 saylı qərardadı ilə mülki işin aidiyyəti üzrə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə göndərilməsinə dair qərardad qəbul edilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, iddiaçı məhkəmə iclasına gəlməmiş, bunun səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə iclasında Cavabdeh2 iddianı qəbul etməyərək bildirdi ki, atası 2008-ci ildə vəfat etmiş, 2012-ci ildə o, atasından qalan bütün miras əmlakı qəbul etmişdir. İddiaçı isə qardaşıdır. O, uzun müddət Rusiya Federasiyasında yaşamış, orada qətl hadisəsi törətdikdən sonra məhkum olunmuş, 2019-cu ildə Azərbaycana qayıtmışdır. Qardaşı ölkəyə qayıtdıqdan sonra Bakıdakı evlərində qalmış, sonra Şabrandakı mübahisəli evə getmiş, orada iki ay qalmışdır. İddiaçı rayonda qaldığı müddətdə tez-tez dostları ilə yığışıb səs-küy saldığından qonşular şikayətlənməyə başlamış, o da bununla bağlı iddiaçıya narazılığını bildirmişdir. Bundan sonra, iddiaçı vərəsəliklə bağlı əvvəlcə notariusa, daha sonra məhkəməyə müraciət edib əmlakdan pay tələb etməyə başlamışdır. Rayon məhkəməsi iddianı təmin etsə də apellyasiya instansiyası məhkəməsi onun iddiasını rədd etmişdir. Ümumiyyətlə, iddiaçı notariusa ölkəyə qayıdandan 5-6 ay sonra müraciət etmiş, bununla da mirasın qəbul edilmə müddətini üzürsüz səbəbdən ötürmüşdür. O, iddiaçının əmlak üzərində vərəsə kimi payının tanınmasına razı deyil. Belə ki, iddiaçı həmin evi satıb, pulunu aralarında bölməsini ondan tələb edir. Hansı ki, həmin ev ata mülküdür və bu səbəbdən də evin satılmasını istəmir. Digər tərəfdən, 1996-cı ildən bəri orada olan təsərrüfatı özü idarə edir. Bu səbəblərdən iddia tələbi ilə razı deyil. Odur ki, məhkəmədən iddianın təmin edilməməsi xahiş etdi. Həmçinin, bildirdi ki, iş üzrə icraata xitam verilməsinə etiraz etmir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilmiş digər cavabdeh və üçüncü şəxslər məhkəmə iclasında iştirak etməmiş, bunun üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verilməmişdir. Məhkəmə cavabdehin izahatını dinləyib, iş materiallarını araşdıraraq, hesab edir ki, iş üzrə icraata xitam verilməlidir. Belə ki, iddia tələbindən görünür ki, iddiaçı Şabran şəhəri, Heydər Əliye prospekti 78 ünvanında yerləşən ev üzrə mirasın qəbul edilməsi müddətinin uzadılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İlk növbədə qeyd edilməlidir ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1248-ci maddəsi ilə mirasın qəbul edilməsi vaxtının uzadılmasına təminat verilmişdir. Belə ki, həmin maddədə qeyd edilir ki, mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddəti məhkəmə, gecikdirmənin səbəbini üzrlü sayarsa, uzada bilər. Müddət qurtardıqdan sonra, əgər mirası qəbul edən bütün digər vərəsələr razıdırlarsa, miras məhkəməyə müraciət edilmədən də qəbul oluna bilər. Lakin göründüyü kimi, bu maddədə söhbət yalnız mirasın qəbul edilməsi müddətinin uzadılmasından getmir, müddətin uzadılması ilə eyni zamanda mirasın qəbul edilməsinin müəyyən edilməsindən gedir. Yəni, mirasın qəbul edilməsi vaxtının uzadılması tələbi ilə məhkəməyə müraciət edən iddiaçı, eyni zamanda mirasın qəbul edilməsinin müəyyən edilməsini də tələb etməlidir. Bu, həmçinin, ona görə zəruridir ki, məhkəmə qətnaməsi ilə vərəsələrdən biri tərəfindən mirasın qəbul edilməsi vaxtının hansısa qeyri-müəyyən müddətə uzadılması qət edilə bilməz. Məhkəmə əgər mirasın qəbul edilməsi müddəti keçibsə və iddiaçı bu müddətin uzadılmasını, eyni zamanda mirasın tərəfindən qəbul edilməsinin müəyyən edilməsini xahiş edibsə, bu cür iddiaya baxa bilər. Belə olan halda məhkəmə hesab edir ki, əgər iddiaçı mirasın qəbul edilməsi vaxtının uzadılmasını xahiş edirsə, iddia icraatı qaydasında bu vaxtın uzadılmasını tələb edərkən, eyni zamanda mirasın tərəfindən qəbul edilməsinin müəyyən edilməsini də xahiş etməlidir. Bu səbəbdən hazırkı işə məhkəmədə baxıla bilməz. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 261.0.1-ci maddəsinə əsasən, iş məhkəmədə və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, hakim iş üzrə icraata xitam verir. 262.1-ci maddəsinə əsasən, iş üzrə icraata xitam verilməsi barədə məhkəmə qərardad çıxarır. 262.5-ci maddəsinə əsasən, iş üzrə icraata xitam verilməsi haqqında məhkəmənin qərardadından şikayət verilə bilər. Həmçinin, nəzərə alınmalıdır ki, iş üzrə icraata məhkəmənin hazırlıq iclasında xitam verilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 170.1-ci maddəsinə əsasən bu Məcəllənin 254, 255, 261.0.1—261.0.3 və 261.0.6— 261.0.8-ci maddələrində göstərilən əsaslar olduqda, məhkəmə baxışına hazırlığın icraatı dayandırıla və ya xitam edilə bilər, yaxud iddiaçının vəsatəti ilə ərizə qaytarıla bilər. 170.2-ci maddəsinə əsasən işin məhkəmə baxışına hazırlanmasının dayandırılması və ya xitam verilməsi zamanı hakim qərardad çıxarır. 170.3-cü maddəsinə əsasən bu Məcəllənin 170.1-ci və 170.2-ci maddələrində göstərilən qaydada qəbul edilmiş qərardaddan şikayət verilə bilər. Beləliklə, yuxarıda qeyd edilənlərə əsasən, məhkəmə hesab edir ki, işin məhkəmə baxışına hazırlanmasına xitam verilməlidir. Şərh olunanlara əsasən və MPM-in 170, 261-262, 263, 264, 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı cavabdehlər Cavabdeh2, Şabran rayon notariat kontoru, üçüncü şəxslər X2, X3, X6, X1, X7 və X4 qarşı “mirasın qəbul edilmə müddətinin uzadılması” tələbinə dair işin məhkəmə baxışına hazırlanmasına xitam verilsin. İddiaçıya izah edilsin ki, mirasın qəbul edilməsi vaxtının uzadılması tələbi ilə məhkəməyə müraciət edən iddiaçı, eyni zamanda mirasın qəbul edilməsinin müəyyən edilməsini də tələb etməlidir. Tərəflərə izah edilsin ki, işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Səlimə Miriyeva
Məhkəmə qərarları › İş №2(010)-593/2022
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərardad — İş №2(010)-593/2022
14.02.2022 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver