Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-596/2021 20.04.2021 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Qasımov Anar Adil oğlunun sədrliyi Maqsudov İsa Sabir oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə İddiaçı Cavabdeh qarşı «pul tələbinə» dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı «pul tələbinə» dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehdən 15000 (on beş min) manat məbləğində vurulmuş maddi ziyanın, 15000 (on beş min) manat məbləğində əldən çıxan faydanın, 5000 (beş min) manat mənəvi zərərin və dövlət rüsumu qaydasında ödədiyi 30 (otuz) manat, ümumilikdə 35030 (otuz beş min otuz) manat pul vəsaitinin tutulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək göstərdi ki, Cavabdeh onunla qonşuluqda yaşayan X1 vasitəsilə tanımışdır. O, Bakı şəhəri, Binəqədi rayonu, Xocəsən qəsəbəsi, Sumqayıt şossesi,döngə 2-də yerləşən, ailəsi ilə birlikdə yaşadığı 1 saylı fərdi həyət evini özəlləşdirmək istəmiş və qonşusu Süleyman belə bir şəxsin olduğunu və uzun müddət Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətində işlədiyini, həmin şəxsin adının Bağır olduğunu və onun Bakı şəhəri, Nərimanov rayonu, Ağa Nemətulla küçəsində yaşamağını bildirərək onu sonuncu ilə tanış etmişdir. Cavabdeh ondan şəxsiyyət vəsiqəsinin və evə dair sənədlərin surətlərini istəmiş, özəlləşmə işinin 2-3 günə hansı vaxta və hansı məbləğdə başa gələcəyini söyləmişdir. O, ertəsi günü şəxsiyyət vəsiqəsinin və evin bələdiyyə tərəfindən işlənmiş esgiz layihəsinin və digər sənədlərin surətlərini ona təqdim emiş, iki-üç gündən sonar cavabdeh 2 nəfər şəxslə yaşadığı ünvana baxaraq evin layihəsinin yenidən işlənəcəyini bildirmişdir. Torpaq sahəsinin 3 sot olmasına görə bu işin 15000 manata başa gələcəyini, rüsumların, layihə xərclərinin çox baha qiymətə başa gələcəyini, bəzi şəxslərə şirinlik verəcəyini demişdir. Onunla razılaşdıqdan sonra, pulun bir hissəsini,yəni ki, 5000 manatını əvvəlcədən, qalan hissəsinin isə layihənin hazır olduğu vaxta ödəyəcəyini cavabdehə bildirmişdir. 3-4 gün keçəndən sonra cavabdeh layihənin hazır olduğunu, yerdə qalan 10000 manatın da verilməsini tələb etmişdir. O, cavabdehə evini tanıdığını, gəlib pulu götürməyi bildirmişdir. Cavabdeh özü , qardaşı oğlu və Fərman adlı şəxslə onlara gəlmiş və o həmin şəxslərin yanında qalan pulun 10000 manatını da vermişdir. Cavabdeh ən geci 1 ay müddətinə evin özəlləşdirilməsi barədə sənədləri hazırlayıb verəcəyini bildirmiş və heç bir yerə getməməyi, sənədlərə isə sonda imza etməyi bildirmişdir. O, cavabdehə inanıb 1 aylıq müddəti gözləmişdir. Lakin bu müddət ərzində cavabdehdən heç bir xəbər olmadığını eşidib narahat olmağa başlamış və 2018-ci ilin iyul ayından noyabr ayınadək dəfələrlə cavabdehlə danışsa da, ondan evin özəlləşməsi ilə əlaqədar heç bir məlumat ala bilməmişdir. Artıq məsələnin nə yerdə olduğunu anlayaraq cavabdehdən pulunu tələb etsə də, sonuncu qızı ilə yalnız sənədlərini ona qaytarmışdır. O, sənədləri aldığı zaman pulun qaytarılmadığını görüb bu haqda soruşmuş, sonuncu isə həmin məsələdən xəbəri olmadığını bildirmişdir. O, dərhal cavabdehə zəng edib pulunu tələb etsə də, cavabdeh yaxın vaxtlarda pulu qaytaracağına söz verməsinə kimi buna əməl etməmişdir. Belə olduğu halda o, şikayət ərizəsi ilə Bakı şəhəri Binəqədi RPİ-nə müraciət etmiş, lakin mübahisənin mülki xarakter daşıması baxımından “cinayət işinin başlanmasının rədd eddilməsi haqqında qərar qəbul edilmişdir. Bunlara əsasən iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh iddianı qismən qəbul edərək göstərdi ki, İddiaçı Süleyman adlı şəxsin vasitəsi ilə tanış olmuş və iddiaçı onun əvvəllər Dövlət Reyestr Xidmətində çalışdığını nəzərə alaraq yaşadığı evini sənədləşdirmək istədiyini bildirmişdir. O, iddiaçı ilə söhbət etdikdən sonra evə dair sənədlərlə birlikdə ondan 5000 manat beh kimi götürmüş, lakin özü təqüddə olduğuna görə bu işin görülməsini qardaşı oğlu Akifə həvalə etmək onunla və Fərman adlı şəxslə görüşmüşdür. Daha sonra həmin şəxslərlə birlikdə Ağacəfərinə evinə getmişlər və evə dair sənədləri düzəldəcəklərini vəd edib ondan əlavə olaraq 10.000 manat məbləğində pul almışlar. Lakin iddiaçının evinin sənədləşdirilməsi ona məlum olmayan səbəblərdən həll edilməmişdir. Belə olan halda o, qızı vasitəsi ilə 5000 manat pulu iddiaçıya qaytarmış, qalan 10.000 manatı isə hazırda qaytarmaq imkanı yoxdur, lakin həmin hissədə borcunu qaytarmaqdan boyun qaçırmır. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbləri qismən əsaslı olduğuna görə iddia qismən təmin edilməlidir. Bel ki, məhkəmə iclasında tədqiq olunmuş işin materialları ilə, o cümlədən tərəflərin izahatları ilə müəyyən olunmuşdur ki, İddiaçı Bakı şəhəri, Binəqədi rayonu, Xocəsən qəsəbəsi, Sumqayıt şossesi,döngə 2-də yerləşən fərdi həyət evinin özəlləşdirilməsi ilə bağlı Cavabdeh 15000 manat pul vermişdir. Bu faktı cavabdeh öz izahatında təsdiq edərək mübahisələndirməmişdir. Cavabdeh yalnız ona etiraz etmişdir ki, iddiaçıya həmin puldan 5000 manatını qaytarmışdır. Məhkəmə iddia tələbinin qanuni əsası kimi aşağıdakı hüquq normalarının qeyd olunmasını zəruri hesab edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1091-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1092.1 və 1092.2-ci maddələrinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Əldə edilənləri vermək mümkün olmadıqda, onların dəyəri ödənilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1093.1-ci maddəsinə əsasən öhdəliyin icrası üçün deyil, varlanmış şəxsin hər hansı hərəkəti yerinə yetirməsi və ya yerinə yetirməməsi üçün varlanmış şəxsə nə isə verən məhrum olan, varlanmış şəxsin əməli gözlənilən məqsədə uyğun olmadıqda verdiyini geri tələb edə bilər. Mübahisənin həlli ilə əlaqədar olaraq yuxarıda göstərilən qanunvericilik müddəalarını rəhbər tutmaqla məhkəmə ilk növbədə iddiaçının tələblərini əsaslandıran bütün faktları və halları məhkəməyə bildirməsini yoxlamışdır. Həmçinin nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinə 106.3-cü maddəsinə əsasən tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. Bu baxımdan cavabdehin iddiaçıdan 15000 manat alması etiraf olunduğundan iddiaçı həqiqətən belə bir məbləğdə pulun verilməsini sübut etmək vəzifəsindən azaddır. Məhkəmə hesab edir ki, cavabdeh heç bir hüquqi əsas olmadan, yəni həyata keçirilməmiş əsasa görə iddiaçının hesabına əsassız varlandığı üçün iddiaçının ondan verdiklərini geri tələb etmək hüquq vardır. Bu baxımdan məhkəmə qeyd etməyi zəruri hesab edir ki, cavabdeh həmin puldan 5000 manatı iddiaçıya qaytarmış olduğunun qeyd edirsə, artıq qaytarmağı sübut etmək vəzifəsi cavabdehin üzərinə düşür, çünki Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Lakin cavabdeh həmin məbləğdə (5000 manat) pulun qaytarılmasını təsdiq edən hər hansı sübutu təqdim etməmişdir. Digər tərəfdən məhkəmə qeyd etməyi zəruri hesab edir ki, məhkəmə iclasında tədqiq olunmuş İddiaçı müraciəti əsasında Binəqədi rayon Polis İdarəsinin 40-cı Polis Bölməsində toplanmış 1400/19 saylı materialdan görünür ki, Cavabdeh izahat verərək İddiaçı məhz 15000 manat pul aldığını etiraf etmişdir. Məhkəmədə isə pulun məbləği ilə bağlı fərqli izahat verərək bu ziddiyyətləri heç bir tutarlı əsasla izah edə bilməmişdir. Belə olduğu halda məhkəmə hesab edir ki, Cavabdeh polis bölməsində izahatında İddiaçı 15000 manat pul alması faktının etiraf etməsi işin obyektiv hallarına uyğun gəldiyindən məhz həmin məbləğdə pul vəsaiti ondan tutularaq iddiaçıya ödənilməlidir. Bununla belə məhkəmə əldə çıxmış faydaya görə və mənəvi zərərin əvəzinin ödənilməsi hissələrdə iddia tələblərini əsassız hesab edir. Belə ki, iddiaçı əldə çıxmış fayda nədən ibarət olması və bunun nədə ifadə olunması barəsində hər hansı sübutu məhkəməyə təqdim etməmiş, habelə göstərilən zərərin ona vurulmasını məhkəmə araşdırması zamanı işin hər hansı halı ilə sübuta yetirə bilməmişdir. Həmçinin məhkəmə iddia tələbinin mənəvi ziyanla bağlı hissəsi ilə əlaqədar qeyd edir ki, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri əmlak zərəri olmaqla iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərər çəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O, həm vurulmuş əmlak zərəri ilə birlikdə yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Lakin iddiaçı tərəf bu mənəvi ziyanın nə də ifadə olunduğunu, hansı formada təzahür etməsini göstərməmiş, bunun təsdiqi ilə bağlı heç bir sübut təqdim etməmişdir. Buna görə də iddia tələbi həmin hissədə əsaslı hesab edilə bilməz. Buna görə də məhkəmə hesab edir ki, həmin iddia tələbləri rədd edilməlidilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə hesab edir ki, Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən iddia ərizəsi üzrə ödənilmiş 30 manat dövlət rüsumu cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 15.000 manat və dövlət rüsumuna ödənilmiş 30 manat tutularaq tutularaq İddiaçı verilsin. İddia tələbi qalan hissədə rədd edilsin. Qətnamədən bir ay müddətində Suraxanı rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. SƏDRLİK EDƏN: Anar Qasımov
Məhkəmə qərarları › İş №2(010)-596/2021
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-596/2021
20.04.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver