Məhkəmə qərarları › İş №2(010)-599/2021

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-599/2021

05.04.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-599/2021 05.04.2021 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhər Suraxanı rayon məhkəməsinin hakimi Qasımov Anar Adil oğlunun sədrliyi, Maqsudov İsa Sabir oğlunun katibliyi, İddiaçı, cavabdeh Cavabdeh1 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “vurulmuş maddi və mənəvi zərərin ödənilməsi” tələbi barədə iddia ərizəsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “vurulmuş maddi və mənəvi zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 və Cavabdeh2 tərəfindən ona satılmış keyfiyyətsiz mebelin qaytarılması, vurulmuş 3.600 manat məbləğində maddi zərərin və 5.000 manat məbləğində mənəvi ziyanın, cəmi 8.600 manat məbləğində pulun tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edib, iddia ərizəsində yazılanlara uyğun izahat verərək bildirdi ki, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 ona Türkiyə istehsalı olan mebel adı ilə müxtəlif mebellərin fotoşəklini göndərmiş, onlara inandığına görə etibar etmiş və nəhayət bir mebelin özünə tam olaraq deyil, bir hissəsinə, yəni bir qapısına baxıb bəyənib, 3.100 manata olan qiyməti ilə də razılaşıb. həmin mebelin tam dəyəri olaraq 3.100 manatı şəxsən Cavabdeh1 ödəyib, qızının gəlin köçdüyü evə gətirilməsinə razılıq vermişdir. Tam baxmadan bəyəndikləri həmin mebeli qızının gəlin köçdüyü evdə quraşdırarkən onun xarici deyil, yerli istehsal olduğu, rənglənməsində və hissələrinin birləşmə yerlərində çoxsaylı qüsurların olduğunu aşkar etmişlər. Ona görə də, bu barədə Cavabdeh1 öz iradını bildirmiş, sonuncu isə həmin mebelin satışını təşkil etmiş Cavabdeh2 bu barədə demişdir. Onu inandırmağa çalışmışlar ki, həmin qüsurlar aradan qaldırıla biləndir və bunun üçün ustalar göndərəcəklər. Lakin usta da göndərməmişlər və bir müddət sonra içərisində müxtəlif növ qab-qacaq olan həmin mebelin bir hissəsinin sınması nəticəsində 500 manat dəyərində olan qab-qacaq da sınaraq, yararsız hala düşmüşdür. O, Cavabdeh2 tanımamış və onunla yalnız telefon vasitəsi ilə əlaqə saxlamış və ödədiyi 3.100 manat pulu ona qaytarmaqla, satdıqları həmin yerli istehsallı işlənmiş və nasaz vəziyyətdə olan mebeli geri aparmağı tələb etmişdir. Bunun nəticəsiz qaldığını görüb polisə şikayət etsə də, cavabdehlər bunu indiyə kimi əsassız və qanunsuz olaraq qəsdən etməmişlər. Bakı şəhəri, Suraxanı rayon Polis İdarəsinin Təhqiqat Şöbəsinin təhqiqatçısının xx xxxxxx 2019-cu il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərarına əsasən şikayəti üzrə material toplanmış, qeyd edilən fakt təsdiqini tapmış, lakin iş mülki iş olduğu qənaətinə gəlinmiş, ona görə cinayət işinin başlanması rədd edilərək, bu barədə mülki qaydada məhkəməyə müraciət etməyi tövsiyə edilmişdir. Sözügedən mebeli, içərisində olan qab-qacaqla birgə sındıqdan sonra, onu istifadə etməmişlər və hazırda da etmirlər. Bununla yanaşı qızının və onun evində davamlı olaraq dərin “qanqaraçılığı” hökm sürmüş və hazırda da sürməkdədi. Cavabdehlərin qanunsuz əməllərinin nəticəsində həm o, həm də həyat yoldaşı daim gərgin vəziyyətdədilər. Bunlara görə dəfələrlə həkimlərə müraciət edib, çoxsaylı müalicə prosedurları keçmişlər. Belə ki, gəlin köçən qızının evində yaranmış davamlı qanqaraçılığının nəticəsində onlar camaatın arasında biabır olmuş, təqsirli və cavabdeh şəxslər əməllərindən nəticə çıxarmadıqlarına və onlar hələ də cəzasız qaldıqlarına görə davamlı olaraq psixi sarsıntılar keçirmişlər. Ona cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qanunsuz və ziyankar əməllərinin və üzərlərinə götürdükləri öhdəliyi lazımınca yerinə yetirməmələrinin nəticəsində ona vurduqları maddi zərərdən savayı mənəvi zərər də vurmuşlar və ona indiyədək vurulmuş mənəvi zərəri hazırda 5.000 manat məbləğində qiymətləndirir. Hesab edir ki, cavabdehlərin qanunsuz və ziyankar əməllərinin nəticəsində ona 3.100+500=3.600 manat məbləğində maddi zərər və 5.000 manat məbləğində mənəvi zərər çəkmiş və hələ də çəkməkdədir. Ona görə də iddia tələbinin təmin olunması və Cavabdeh1 və Cavabdeh2 tərəfindən ona satılmış keyfiyyətsiz mebelin qaytarılması, vurulmuş 3.600 manat məbləğində maddi zərərin və 5.000 manat məbləğində mənəvi ziyanın, cəmi 8.600 manat məbləğində pulun tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. Məhkəmə iclasında Cavabdeh1 iddia tələbini qəbul etmədiyini bildirərək, izahatında göstərdi ki, İddiaçı onu mebel ustası kimi tanıyıb müraciət etmiş və qızı üçün cehiz kimi qonaq və yataq otağı mebellərini sex qiymətinə əldə olunmasında köməklik etməsini xahiş etmişdir. O, iddiaçının yanında Emin adlı şəxsə zəng edərək, yaxın adamının xeyir işi olduğunu ona topdan satış qiymətinə mebel satılması ilə əlaqədar razılaşmış və iddiaçı ailəsi ilə birlikdə mağazada bəyəndiyi mebellərin şəkilini ona təqdim etdikdən o, onları Cavabdeh2 göndərmişdir. Bundan sonra iddiaçıdan beh kimi aldığı 4.000 manatı Cavabdeh2 göndərdiyi Südabə adlı qadına təqdim etmişdir. Bir neçə gün sonra mebel gətirilib quraşdırılmışdır və aradan bir müdddət keçdikdən sonra iddiaçı ona müraciət edərək, qonaq otağı mebelinin köhnə mebelə oxşadığını bildirmiş və bununla əlaqdar o, Eminə zəng edərək, bu barədə məlumat vermiş və sonuncunun nömrəsini iddiaçıya verərək, arada qalmaq istəməmişdir. Bundan sonra Sahib və Emin ona heç bir şey demedikləri üçün işin həll olunduğunu fikirləşmişdir. Mebel Sahibgilin evinə quraşdırıldıqdan təxminən 55 gün sonra Sahib onun evinə gələrək, mebelin geri qaytarılmasının və 3.100 manatını tələb etmişdir. Bu barədə o, Eminə də məlumat vermişdir. Onun mebelin qüsurlu olmasında hər hansı bir təqsiri yoxdur. Çünki mebeli iddiaçı özü ailəsi ilə birlikdə gedib seçib bəyənmiş və mebeli o, yox Emin iddiaçıya satmışdır. Belə olan halda özünü baş vermiş hadisədə təqsirli hesab etmədiyindən iddiaçıya vurulmuş zərərlə əlaqədar iddia tələbinin təmin edilməməsini xahiş edir. Cavabdeh2 məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməsinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən, məhkəməyə gəlməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə, mülki işə Cavabdeh2 iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməməlidir. Belə ki, məhkəmə ilk növbədə onu qeyd etməyi zəruri hesab edir ki, mülki prosessual qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Məhkəmə araşdırılması zamanı iş üzrə müəyyən olunmuş hallar ondan ibarətdir ki, İddiaçı ona mebel alınmasında köməklik göstərmək müraciəti əsasında mebel alınmasında köməklik göstərərək iddiaçıdan aldığı 4000 manat məbləğində pulu götürüb mebeli iddiaçının dediyi ünvana gətirilməsi və quraşdırılmasını təşkil etmişdir. Eləcə də, məhkəmə baxışı zamanı müəyyən olundu ki, mebellərin məhz Cavabdeh2 əldə edilməsinə dair sübutlar məhkəməyə təqdim edilməmişdir. Belə ki, məhkəmə iclasında iddiaçı Cavabdeh2 tanımadığını və onunla yalnız telefon vasitəsi ilə əlaqə saxladığını bildirmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. Göstərilənlərə və qeyd olunan normaya əsasən, məhkəmə hesab edir ki, məhkəmə baxışı zamanı Cavabdeh1 iddiaçının tanışı olaraq yalnız ona mebel alınmasında köməklik göstərməsi və iddiaçıdan mebel alınması üçün nəzərdə tutulan aldığı pulları mebelin quraşdırılmasını həyata keçirən şəxslərə verilməsi mebelin qüsurlu olmasında onun (Cavabdeh1) iddiaçı qarşısında maddi zərərlə əlaqədar əsaslar yaratmır. Cavabdeh2 münasibətdə isə məhkəmə qeyd etməyi zəruri hesab edir ki, İddiaçı məhkəmə baxışı zamanı mebellərin məhz Cavabdeh2 alınmasına dair sübutları (müqavilə, qəbz, akt və sair) məhkəməyə təqdim etməmişdir. Belə olan halda Cavabdeh1 aldığı pulları həmin cavbadehin işçiləri olan şəxslərə verdiyini bildirməsi də heç bir sübutla təsdiq edilmədiyinə görə məhkəmə Cavabdeh2 qarşı iddia tələbini dəəsassız hesab edir. Məhkəmə həmçinin hesab edir ki, iddiaçının cavabdehlərə yönəltdiyi tələbinin ona dəymiş maddi ziyanın barədə iddia tələbləri təmin edilmədiyindən müvafiq olaraq mənəvi zərərin əvəzinin ödənilməsi hissəsi də təmin olunmamalıdır. Çünki həmin tələb digər tələblərdən birbaşa asılıdır və məhz onların mövcudluğu halında məhkəmə tərəfindən qiymətləndirilərək münasibət bildirilə bilər. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsiin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirakı edən şəxslərə aid edilir. Ona görə də, hazırki iddia tələbi təmin edilmədiyindən, ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “vurulmuş maddi və mənəvi zərərin ödənilməsi” tələbi barədə iddia ərizəsi təmin edilməsin. İş üzrə ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamə şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir və qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhər Suraxanı rayon məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Anar Qasımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar