Məhkəmə qərarları › İş №2(010)-608/2022

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-608/2022

02.02.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Subroqasiya qaydasında pul tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-608/2022 02.02.2022 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Tural Nurulla oğlunun sədrliyi, Həsənzadə Leyla Fərhad qızının katibliyi, İddiaçı ASC-nin nümayəndəsi X1 iştirakı ilə İddiaçı «XALQ SİĞORTA” ASC-nin Cavabdeh qarşı subroqasiya qaydasında pul tələbinə dair mülki işə Bakı şəhəri, Suraxanı Rayon Məhkəməsində açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDI: İddiaçı «XALQ SİĞORTA” ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 700 manat məbləğində vurulmuş zərər, 30 manat məbləğində ödənilmiş dövlət rüsumunun və müvəqqəti təminat tədbirinin tətbiqi haqqında ərizə üçün 10 manat məbləğində ödənilmiş dövlət rüsumunun (cəmi 740 manat) alınaraq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, RAVON NEXİA R3” markalı, **-PJ-*** dövlət nömrə nişanlı avtomobil 05.06.2019-cu ildən 05.06.2020-ci ilədək "xxxx" ASC-də icbari sığorta növündə sığortalanmışdır. Sığortalı ilə 02.06.2019-cu il tarixli PXA ********** nömrəli sığorta müqaviləsi bağlanılmışdır. 2019-cu il noyabrın 03-də Cavabdeh etibarnamə olmadan idarə etdiyi “RAVON NEXİA R3” markalı, **-PJ-*** dövlət nömrə nişanlı avtomobillə Bakı şəhəri, Q.Qarayev prospektində, “VAZ 21074” markalı, **-LC-*** dövlət nömrə nişanlı avtomobillə toqquşmuşdur. Həmin hadisə ilə bağlı Nizami DYPŞ tərəfindən 03.11.2019-cu il tarixində İXP ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilmiş və Cavabdeh Azərbaycan Respublikası İXM-nin 332.1-ci (nəqliyyat vasitəsinə sahiblik hüququ olan şəxsin nəqliyyat vasitəsində olması halları istisna olmaqla, nəqliyyat vasitəsinin etibarnamə olmadan idarə edilməsinə görə) və 327.2-ci maddələri ilə məsuliyyətə cəlb edilmişdir. Nizami DYPŞ-in 03.11.2019-cu il tarixli TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarına əsasən Cavabdeh Azərbaycan Respublikası İXM-nin 332.1-ci və 327.2-ci maddələri ilə təqsirli bilinmişdir. Avtomobillərin Texniki Xidmət Mərkəzi tərəfindən 08.11.2019-cu il tarixində verilmiş qüsur aktına əsasən hadisə nəticəsində “VAZ 21074” markalı, **-LC-*** dövlət nömrə nişanlı avtomobilə 700 manat məbləğində zərər dəymişdir. İddiaçı 15.03.2019-cu il tarixində həmin məbləği zərəçəkmiş şəxs X4 ödəmişdir. Məhkəmə iclasında iddiaçı «XALQ SİĞORTA” ASC-nin nümayəndəsi X3 iddia tələbini müdafiə edərək onun təmin edilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və bunun səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə işə cavabdehin iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Məhkəmə iddiaçı tərəfin izahatını dinləyib və hazırkı iş üzrə təqdim edilmiş sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan: -İcbari sığorta müqaviləsinə dair elektron məlumatın çıxarışından görünür ki, sığortaçı «XALQ SİĞORTA” ASC ilə sığortalı Cavabdeh arasında «RAVON NEXİA R3» markalı, **-PJ-*** dövlət qeydiyyat nişanlı avtomobilin icbari sığorta olunması barədə 02.06.2019-cu il tarixli, sığorta təminatının müddəti 1 il olan, PXA********** №-li sığorta müqaviləsi bağlanmışdır. İş materiallarında olan sığorta aktının surətindən görünür ki, Cavabdeh etibarnamə olmadan idarə etdiyi “RAVON NEXİA R3” markalı, **-PJ-*** dövlət nömrə nişanlı avtomobillə Bakı şəhəri, Q.Qarayev prospektində, “VAZ 21074” markalı, **-LC-*** dövlət nömrə nişanlı avtomobil toqquşmuş və nəticədə “VAZ 21074” markalı, **-LC-*** dövlət nömrə nişanlı avtomobilə dəymiş 700 manat məbləğində zərər sığortaçı tərəfindən zərərçəkmiş X5 ödənilmişdir. İş materiallarında olan inzibati xəta haqqında protokoldan görünür ki, Cavabdeh Azərbaycan Respublikası İXM-nin 332.1-ci (nəqliyyat vasitəsinə sahiblik hüququ olan şəxsin nəqliyyat vasitəsində olması halları istisna olmaqla, nəqliyyat vasitəsinin etibarnamə olmadan idarə edilməsinə görə) və 327.2-ci maddələri ilə təqsirli bilinərək məsuliyyətə cəlb edilmişdir. İş materiallarında olan AR X2 Şəhadətnaməsinin surətindən görünür ki, “RAVON NEXİA R3 MİNİK” markalı, **-PJ-*** dövlət nömrə nişanlı avtomobil "xxxx" MMC-yə məxsusdur. Göründüyü kimi, hazırkı işdə sığortaçının sığorta olunana qarşı subroqasiya hüququ yaranmışdır. Məhkəmə hesab edir ki, iddia 700 manat məbləğində vurulmuş zərərvə 30 manat məbləğində ödənilmiş dövlət rüsumunun tələb olunması hissəsində əsaslıdır. Mülki Məcəllənin 936.1-ci maddəsinə görə subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. İcbari sığortalar haqqında Azərbaycan Respublikasının Qanununun 25.1-ci maddəsinə görə sığortaçının mülki məsuliyyətin icbari sığortası üzrə verdiyi sığorta ödənişi məbləğində sığortalıya və (və ya) müvafiq hallarda sığorta olunana qarşı subroqasiya hüququ aşağıda göstərilən hallarda yaranır: -25.1.2. bu Qanunun xüsusi bölməsində hər hansı sığorta növü üzrə başqa cür nəzərdə tutulmamışdırsa, sığorta hadisəsi baş verərkən sığortalının və ya sığorta olunanın, yaxud onların nümayəndəsinin, etibar etdikləri şəxsin əmlakı (binanı, tikilini, avtonəqliyyat vasitəsini, cihazı, qurğunu, avadanlığı və s.) alkoqoldan, narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir edən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə istismar etməsi, həmçinin qeyd olunan maddələrdən istifadənin müəyyənləşdirilməsi ilə bağlı səlahiyyətli orqan tərəfindən aparılan müayinədən boyun qaçırması; -25.1.5. sığortalı (sığorta olunan) və ya onun nümayəndəsi sığorta hadisəsi zamanı əmlaka daha çox zərərin dəyməsinin qarşısının alınması və (və ya) onun azaldılması istiqamətində, həmçinin zərər çəkmiş və ya zərər çəkmə ehtimalı olan şəxslərin həyatını xilas etmək üçün mümkün olan tədbirləri qəsdən görmədikdə; bu zaman subroqasiya hüququ o həcmdə yaranır ki, qeyd olunan tədbirlər görülmüş olsaydı, zərərin miqdarı həmin həcmdə azalmış olardı. Həmin Qanunun 25.2-ci maddəsinə görə bu Qanunun 25.1-ci maddəsində nəzərdə tutulmuş hallarda subroqasiya hüququ sığorta hadisəsinin baş verməsində təqsirli olan şəxsə qarşı yaranır.Sığorta hadisəsinin baş verməsində təqsirli olan şəxs işlərin təhlükəsiz aparılmasına əmək müqaviləsi, mülki hüquqi müqavilə və ya muzd əsasında müəyyən tapşırığın yerinə yetirilməsi üçün müvafiq əmlakı işlətməsi, idarə etməsi və ya digər qaydada istifadəsi üçün ona verən sığortalının (sığorta olunanın) nəzarəti altında fəaliyyət göstərdiyi və ya fəaliyyət göstərməli olduğu halda, subroqasiya hüququ həmin sığortalıya (sığorta olunana) qarşı da istifadə edilə bilər. Belə olan halda, məhkəmə hesab edir ki, 700 manat məbləğ Cavabdeh iddiaçı «XALQ SİĞORTA” ASC-nin xeyrinə tutulmalıdır. İddia tələbinin müvəqqəti təminat tədbirinin tətbiqi haqqında ərizə üçün 10 manat məbləğində ödənilmiş dövlət rüsumunun tutulması hissəsi ilə bağlı məhkəmə qeyd edir ki, həmin tələb təmin edilmədiyi üçün ərizənin verilməsinə görə ödənilmiş rüsum iddiaçının özünə aid edilməlidir. Halbuki, MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Hazırkı iş üzrə çəkilmiş məhkəmə xərcləri Azərbaycan Respublikası MPM-in 119.1ci maddəsi ilə müəyyən edilmiş qaydada ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməlidir, iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş dövlət rüsumunun 30 (otuz) manatı cavabdehə aid edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Şərh olunanlara və Azərbaycan Respublikası MPM-nin 119.1, 216-220, 227, 233 və 360-cı maddələrinə əsasən, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh iddiaçı "xxxx" Açıq Səhmdar Cəmı̇ yyətinin xeyrinə 700 manat məbləğində vurulmuş zərər və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 manat tutulsun. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Tural Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar