Məhkəmə qərarları › İş №2(010)-6089/2025

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərardad — İş №2(010)-6089/2025

21.11.2025 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi - Mənzilə hüquqların itirilmiş hesab edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(010)-6089/2025 21.11.2025 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin hakimi Talıbova Leyla Oruc qızı İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı “qeydiyyatdan çıxarılma” tələbinə dair iddia ərizəsinə və ona əlavə olunmuş sənədlərə baxaraq, MÜƏYYƏNETDİM: İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı “qeydiyyatdan çıxarılma” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Aşağıdakı əsaslara görə ərizə geri qaytarılmalıdır. Belə ki, hazırda iddiaçının məhkəməyə təqdim etdiyi ərizəyə əsasən işə məhkəmədə iddia icraatı qaydasında baxılmasına imkan vermir. İddiaçının diqqətinə çatdırıram ki, hazırkı məqamda isə iddiaçı qeyri-dəqiq məzmunlu ərizə ilə məhkəməyə müraciət etmişdir. Belə ki, iddia ərizəsinin mahiyyətindən cavabdehin mənzildən qeydiyyatdan çıxarılması tələb olunur. Həmçinin iş materiallarından iddiaçıların, mənzildə faktiki yaşamayan və ya istifadə hüququ olmayan şəxsin qeydiyyatına xitam verilməsi ilə bağlı inzibati orqana müraciət etməsi müəyyən edilmir. İddia ərizəsinə əlavə olunmuş Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsi Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışın surətindən müəyyən olunur ki, ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evi xüsusi mülkiyyət hüququ əsasında Cavabdeh adına xx.xx.2021-ci il tarixdən 6 otaq, İddiaçı1 adına 1 otaq hüquqi qeydiyyatdan keçmişdir. Bundan əlavə məhkəmə iddiaçının nəzərinə çatdırır ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 24 sentyabr 2020-ci il tarixli qərarının 2-ci bəndindən müəyyən olunur ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin mənasına görə mülkiyyətçinin ərizəsi əsasında qeydiyyata alınmış, lakin həmin yaşayış sahəsində faktiki yaşamayan və ya istifadə hüququ olmayan şəxsin qeydiyyatına mülkiyyətçinin inzibati orqana müraciəti əsasında xitam verilməlidir. Müraciət edənin mənzildən qeydiyyatdan çıxarılma üçün bütün hallarda mənzildən istifadə hüququna xitam verilməsinə dair qətnamənin olması mövqeyi ilə əlaqədar qeyd edilməlidir ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 9-cu maddəsinin birinci hissəsinin 5-ci bəndinin müddəaları onu göstərir ki, məhkəmələr bu növ iddialara baxarkən, hər bir halda şəxsin həmin yaşayış sahəsində yaşayıb-yaşamaması, istifadə hüququnun mövcud olub-olmaması məsələsini araşdırmalıdır. Belə ki, istifadə hüququ mövcud olmadığı halda ona xitam verilməsi məsələsindən də söhbət gedə bilməz. Müraciətdə göstərilən mülki işdə olduğu kimi, mükiyyətçiyə məxsus yaşayış sahəsinə qeydiyata alınmış, lakin həmin yaşayış sahəsindən istifadə hüququ olmayan və orada faktiki yaşamayan şəxslərin qeydiyyatdan çıxarılması məsələsi ilə əlaqədar Konstitusiya Məhkəməsinin Plenumu qeyd etməyi zəruri hesab edir ki, bu hallarda qeydiyyatda olan şəxslərin mülkiyyətçinin ərizəsi əsasında inzibati orqan tərəfindən qeydiyyatdan çıxarılması məsələsi qanunvericilikdə birmənalı qaydada tənzimlənməsə də, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 9-cu maddəsinin birinci hissəsinin 1-ci bəndinin mənasına görə bu mümkün hesab edilməlidir. Belə ki, qeyd edilən norma məhz şəxsin yaşayış yerini dəyişdiyi halda müvafiq icra hakimiyyəti orqanının məlumatı əsasında onun əvvəlki yaşayış yeri üzrə qeydiyyatdan çıxarılmasını müəyyən edir. Qanunun bu normasında nəzərdə tutulmuş “şəxsin yaşayış yerini dəyişməsi” ifadəsi “şəxsin həmin yaşayış sahəsində yaşamaması” mənasını da ehtiva edir. Beləliklə hesab edirəm ki, iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş forma və məzmununa riayət olunmadan mülki işin icraata qəbul edilməsi qeyri-mümkündür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149.2.2.-ci maddəsinə əsasən iddiaçının, onun nümayəndəsinin (əgər iddia ərizəsini nümayəndə təqdim edirsə), cavabdehin və işdə iştirak edən digər şəxslərin, şahidin və məhkəmə iclasına dəvət etmək istədiyi digər şəxslərin soyadı, adı, atasının adı (hüquqi şəxsə münasibətdə adı), şəxsiyyəti eyniləşdirməyə imkan verən digər məlumatlar, yaşayış yeri və ya olduğu yer (həm faktiki, həm də rəsmi qeydə alındığı ünvanı), yazışmaların aparılmasının istənildiyi digər ünvan, olduğu halda – iş yerinin ünvanı, telefon nömrələri, o cümlədən mobil telefon nömrələri, elektron poçt ünvanı, cavabdehin və işdə iştirak edən digər şəxslərin eyniləşdirmə məlumatları (şəxsiyyət vəsiqəsinin seriya nömrəsi və ya VÖEN, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin, xarici hüquqi şəxslərin və ya onların nümayəndəsinin eyniləşdirmə məlumatları) ərizədə göstərilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149.2.3-cü maddəsinə əsasən iddianın predmeti və qiyməti, iddiaçının və ya ərizəçinin tələbləri, onların öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb göstərilməlidir. Beləliklə ərizədən müəyyən edildiyi kimi ərizə məhkəməyə təqdim edilərkən qanunun qeyd edilən müddəalarına riayət edilməmiş və yuxarıda göstərilən nöqsanlarla ərizə məhkəməyə təqdim edilmişdir. Odur ki, iddia ərizəsi MPM-nin yuxarıda göstərilən tələblərini pozmaqla tərtib edilərək məhkəməyə təqdim edildiyi üçün geri qaytarılmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 263-264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, QƏRARAALDİM: İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı “qeydiyyatdan çıxarılma” tələbinə dair iddia ərizəsi geri qaytarılsın. İddiaçıya hazırkı iddia ərizəsi ilə bağlı nöqsanlar aradan qaldırıldıqdan sonra məhkəməyə ərazi aidiyyəti üzrə ikinci dəfə müraciət etmək hüququnun olması izah olunsun. Qərardaddan, qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Leyla Talıbova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar