Məhkəmə qərarları › İş №2(010)-6115/2024

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərardad — İş №2(010)-6115/2024

16.12.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(010)-6115/2024 16.12.2024 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Mən, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin hakimi Məmmədov Tural Nurulla oğlu, İddiaçı Cavabdeh qarşı maddi və mənəvi zərərin ödənilməsi tələbinə dair iddia ərizəsini və ərizəyə əlavə olunmuş sənədləri nəzərdən keçirərək, Müəyyən etdim: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh məhkəmə qərarının icrasından yayınması ilə bağlı müvafiq hüquqi cəza tədbirlərinin tətbiq edilməsinin təmin edilməsi, əmək haqqından qanunsuz tutulmaların araşdırılması üçün ekspertiza təyin edilməsi və dəymiş maddi ziyanın tam şəkildə hesablanaraq ödənilməsi və Cavabdeh ona dəymiş maddi zərərdən əlavə olaraq 10.000 AZN məbləğində mənəvi zərərin tutulub ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəni və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib hesab edirəm ki, iddia ərizəsi və ona əlavə olunmuş sənədlər geri qaytarılmalıdır. Əvvəla qeyd edilməlidir ki, hazırki iddia ərizəsi AR MPM-də nəzərdə tutulan formada tərtib edilməklə məhkəməyə təqdim edilməmişdir. Belə ki, tələbin “xahiş etdi” hissəsində iddiaçının tələbi qeyri müəyyən formada gösərilmişdir. İddiaçı ərizəsində Cavabdeh məhkəmə qərarının icrasından yayınması ilə bağlı müvafiq hüquqi cəza tədbirlərinin tətbiq edilməsini xahiş etmişdir. Tələbin bu hissəsi iddia icraatı qaydasında yox, məhkəmə qərarlarının icrası qaydasında araşdırılmalı olan məsələdir. Belə ki, iddiaçının özünün qeyd etdiyi kimi məhkəmə qərarının icrasından yayınmağa görə prosessual tədbirlərin görülməsi məsələsi üçün məhkəmə qərarlarının icrası qaydasında məhkəməyə müraciət edilməlidir. Tələbin 2-ci hissəsi isə qeyri-müəyyəndir. Ona görə ki, iddiaçı xahişini bu hissədə mücərrəd formada bildirmiş, əmək haqqısından qanunsuz tutulmalarla bağlı ekspertiza təyin edilməsini xahiş etmişdir. Tələbin bu hissəsinin hansı cavabdehə qarşı yönəldiyi də qeyri-müəyyəndir. Bununla yanaşı, iddia ərizəsindən göründüyü kimi iddiaçı maddi və mənəvi zərərin ödənilməsinə dair qiymətləndirilən iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş, lakin bu zaman qiymətləndirilən iddia ərizələrinin verilməsi üçün qanunvericilikdə nəzərdə tutulan məbləğdə dövlət rüsumu ödəməmişdir (qəbz iddia ərizəsinə əlavə edilməmişdir). Belə ki tələbdən göründüyü kimi iddiaçı maddi ziyandan əlavə 10.000 manat məbləğində mənəvi zərərində cavabdehdən tutulub ona ödənilməsini xahiş etmişdir. “Dövlət rüsumu haqqında” Qanunun 8.1.3-cü maddəsinə görə, iddianın qiyməti 10.000 manatdan 100.000 manatadək olduqda 120 manat + 10.000 manatdan yuxarı olan iddia qiymətinin 0.3 faizi həcmində dövlət rüsumu ödənilir. Göründüyü kimi, qiymətləndirilən iddia ərizəsinin təqdim edilməsi üçün qanunvericilikdə yuxarıda qeyd olunan qaydada dövlət rüsumunun ödənilməsi nəzərdə tutulmuş, lakin hazırki iddia ərizəsinə dövlət rüsumunun ödənilməsini təsdiq edən qəbz (sənəd) əlavə edilməmişdir. Digər tərəfdən, ərizəçinin dövlət rüsumu ödəməkdən azad edilən şəxslər kateqoriyasına daxil olması da işə əlavə edilmiş sənədlərdən görünmür. Dövlət rüsumu haqqında Azərbaycan Respublikasının Qanununun 9.1-ci maddəsinə görə aşağıdakılar dövlət rüsumu ödəməkdən azad olunurlar: 9.1.1. əməyin ödənilməsi və əmək fəaliyyəti ilə bağlı digər tələblər üzrə -iddiaçılar; 9.1.2. aliment alınması barədə iddialar üzrə - iddiaçılar; 9.1.3. əlillik, səhhətə digər xəsarətlər yetirilməsinə və ya ailəni dolandıranın ölümü nəticəsində dəyən ziyanın ödənilməsi barəsində iddialar üzrə – iddiaçılar; 9.1.4. müəlliflik mübahisələri üzrə - müəlliflər, müəlliflik hüququ, ixtiralar, faydalı modellər, sənaye nümunələri, habelə əqli mülkiyyətin digər növlərinə dair hüquqlardan irəli gələn iddialar üzrə - iddiaçılar; 9.1.5. istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə iddiaçılar; 9.1.6. zərərçəkənə və ya onun ailə üzvlərinə ödənilmiş müavinət və ya pensiya məbləğinin zərər vurandan tutulması barədə reqres iddialar üzrə - sosial sığorta orqanları və əhalinin sosial müdafiə mərkəzləri; 9.1.7. sosial müdafiə vasitələrinin tələbi barədə iddialar üzrə - sosial təminat orqanları; 9.1.8. itirilmiş məhkəmə icraatının və ya icra üzrə icraatın bərpa edilməsi barədə verilən ərizə üzrə - tərəflər; 9.1.12. inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə – tərəflər; 9.1.13. təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxsə vurulmuş ziyanın ödənilməsi haqqında mübahisələr üzrə - tərəflər; 9.1.14. məhkəmələrə verilən iddia ərizələri və bütün növ şikayətlər üzrə - büdcə təşkilatları, bələdiyyələr; 9.1.16. öz hüquqlarının müdafiəsi barədə ərizələr üzrə – yetkinlik yaşına çatmayanlar; 9.1.17. iş üzrə icraata xitam verilməsi, iddianın baxılmamış saxlanılması, məhkəmə cərimələrinin qoyulması və müvəqqəti təminat tədbirinin tətbiqi və ya bundan imtina barədə qərardadlar istisna olmaqla, digər məhkəmə qərardadlarından verilən şikayətlər üzrə - işdə iştirak edən şəxslər; 9.1.18. qiyabi icraat qaydasında qəbul edilmiş qərarlara yenidən baxılması haqqında birinci instansiya məhkəmələrinə verilən ərizələr üzrə - tərəflər; 9.1.20. məhkəmədə verilən iddialar üzrə - şəhid ailələri, müharibə veteranları, müharibə ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər, qaçqınlar və məcburi köçkünlər, habele Çernobıl AES-də qəza nəticəsində şüa xəstəliyinə və şüa yükü ilə əlaqədar xəstəliyə tutulmuş və ya bu xəstəlikləri keçirmiş şəxslər. Hazırkı işdə iddiaçının yuxarıda qeyd edilən kateqoriya şəxslərin dairəsinə aid olması barədə hər hansı sübut iş materiallarına əlavə edilməmişdir. Azərbaycan Respublikası MPM-nin 108.3-cü maddəsinə əsasən, dövlət rüsumu yalnız elektron ödəniş sistemləri vasitəsilə ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 151.1-ci maddəsinə əsasən, iddia ərizəsi həmin Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Həmin Məcəllənin 152.1.5-ci maddəsinin tələbinə görə isə müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd təqdim edilmədikdə, hakim ərizəni və ona əlavə olunmuş sənədləri geri qaytarır. Həmin Məcəllənin 152.4-cü maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin yuxarıda qeyd olunan maddələrini rəhbər tutaraq, Qərara aldım: İddiaçı Cavabdeh qarşı maddi və mənəvi zərərin ödənilməsi tələbinə dair iddia ərizəsi və ona əlavə olunmuş sənədlər iddiaçıya geri qaytarılsın. İzah olunsun ki, qərardadda göstərilən nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada təkrar məhkəməyə müraciət etmək olar. Qərardaddan onun surəti rəsmi qaydada təqdim edildiyi gündən 10 (on) gün müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Tural Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar