Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(010)-6181/2021 22.10.2021 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Suraxanı Rayon Məhkəmənin hakimi Miriyeva Səlimə Miri qızı, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlərə baxaraq, MÜƏYYƏN E T D İ: İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə müraciət edərək məhkəmədən otuz ildən artıq müddətdir ki, sahiblik və istifadəsində olan Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, Nizami döngəsi ünvanında yerləşən 0.10 ha torpaq sahəsinə dair mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması haqqında qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, ərizəyə məhkəmədə baxılmalı olmadığından ərizənin qəbulundan imtina edilməlidir. Belə ki, iddia tələbindən görünür ki, iddiaçı sahiblik və istifadəsində olduğunu iddia etdiyi torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınmasını xahiş edir. Bu tip iddialara isə rayon (şəhər) məhkəmələrində baxılmır. Belə ki, Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 12 may tarixli Fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Əsasnaməsinin 2.0.6-cı bəndinə əsasən daşınmaz əmlakın dövlət reyestrini tərtib etmək və aparmaq, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatını həyata keçirmək Xidmətin əsas fəaliyyət istiqamətlərindən biridir. Nəzərə alınmalıdır ki, iddiaçı məhkəməyə mülkiyyət hüququnun tanınması tələbi ilə yox, mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması tələbi ilə müraciət etmişdir. Halbuki, bunun üçün iddiaçı ilk növbədə, mülkiyyət hüququnu dövlət qeydiyyatına alan orqana müraciət etməli, bu müraciətdən imtina edilərsə, müvafiq inzibati orqanın imtinasını inzibati icraat qaydasında inzibati məhkəmədə mübahiləndirməlidir. Çünki, inzibati orqanlara qarşı yönəldilmiş bu cür tələblərə baxılması inzibati məhkəmələrin səlahiyyətindədir. Belə ki, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin: 2.2. İnzibati məhkəmə icraatı qaydasında aşağıdakı iddialara baxılır: 2.2.1. şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia); 2.2.2. inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia); 2.2.3. inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) ... Məhkəmə iddiaçının nəzərinə çatdırır ki, hazırkı iddia tələbi (mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması) birbaşa inzibati orqana qarşı yönəlmiş tələbdir və əgər inzibati orqan bu tələbin təmin edilməsindən imtina edirsə, onun hərəkətləri inzibati icraat qaydasında mübahisələndirilə bilər. Odur ki, hazırkı iddiaya mülki məhkəmə icraatı qaydasında baxılması mümkün olmadığından iddia ərizəsinin qəbulundan imtina edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM): 153.2.1-ci maddəsinə əsasən, ərizəyə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, hakim iddia ərizəsini qəbul etməkdən imtina edir. 153.3-cü maddəsinə əsasən, hakim ərizəni qəbul etməkdən imtina barədə əsaslandırılmış qərardad çıxarır. İşə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, iddiaçının hansı orqana və ya məhkəməyə müraciət etməli olmasını orada göstərir. 153.4-cü maddəsinə əsasən ərizəni qəbul etməkdən imtina haqqında qərardad ərizəyə əlavə olunmuş bütün sənədlərlə birlikdə ərizəçiyə rəsmi qaydada verilməlidir. 153.5-ci maddəsinə əsasən, ərizəni qəbul etməkdən imtina edilməsi ərizəçiyə həmin cavabdehə qarşı, həmin predmet barəsində və həmin əsaslarla yenidən iddia qaldırmağa mane olur. Beləliklə, MPM-in yuxarıda göstərilən tələblərinə əsasən məhkəmə hesab edir ki, iddia ərizənin icraata qəbul edilməsindən imtina edilməli və ərizəyə əlavə olunmuş bütün sənədlər ərizə ilə birlikdə iddiaçıya geri qaytarılmalıdır. Şərh olunanlara əsasən və MPM-i 153-cü və 267-269-cu maddələrini rəhbər tutaraq, QƏRARA A L D İ: İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması” tələbinə dair iddia ərizəsi icraata qəbul edilməsin və iddia ərizəsinə əlavə olunmuş sənədlər iddiaçıya geri qaytarılsın. İddiaçıya izah edilsin ki, torpaq sahəsinə mülkiyyət hüququnun dövlət qeydiyyatına alınmasına dair tələblə əvvəl müvafiq inzibati orqana (Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti) müraciət etməli, onun müraciətindən imtina edilərsə, müvafiq inzibati orqanın imtinasını inzibati icraat qaydasında inzibati məhkəmədə mübahiləndirməlidir. İddiaçıya izah edilsin ki, ərizəni qəbul etməkdən imtina edilməsi iddiaçıya həmin cavabdehə qarşı, həmin predmet barəsində və həmin əsaslarla yenidən iddia qaldırmağa mane olur. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Səlimə Miriyeva
Məhkəmə qərarları › İş №2(010)-6181/2021
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərardad — İş №2(010)-6181/2021
22.10.2021 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver