Məhkəmə qərarları › İş №2(010)-639/2023

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-639/2023

15.03.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-639/2023 15.03.2023 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Mahmudova Təranə Nəriman qızının sədrliyi, məhkəmə iclas katibi X27 qızının katibliyi, İddiaçı1 vəkili və nümayəndəsi Vəkil, Cavabdeh iştirakları ilə, iddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı “pul” tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddia tələbi:

1. İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh X1 15000 manat pulun, ödənilmiş dövlət rüsumunun tutularaq onlara ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

Tərəflərin izahatları:

2. İddiaçı2 məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və bu barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə İddiaçı2 iştirakı olmadan baxılmasını mümkün saymışdır.

3. İddiaçı1 vəkili və nümayəndəsi Vəkil iddia tələbini müdafiə edərək və iddia ərizəsinə uyğun izahat verərək bildirdi ki, iddiaçılar tərəfindən cavabdehə 15000 manat məbləğində pul verilsə də, onlar hələ də pullarını geri ala bilmirlər. Cavabdeh Bakı şəhəri Nəsimi rayonu 19-cu polis bölməsində həmin məbləği aldığını təsdiq etmişdir. Cavabdeh hökmdə 15000 manat puldan 1000 manat ödədiyini, 14000 manat borcu qaldığını bildirib, lakin həmin 1000 manatı da verməyib. Buna görə də qeyd olunanların nəzərə alınaraq iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi.

4. Cavabdeh məhkəmə iclasında iddia tələbini qismən qəbul edərək bildirdi ki, iddiaçılardan Təranə onun bacısı, Əlzamin isə yeznəsidir. Onlar evlərini satdıqdan sonra həmin pulla əlaqəli nə edəcəklərini bilmədikləri və mübahisələri yarandığı üçün ortaq bir qərara gələnədək pulu ona verərək lombardındakı seyfdə saxlamaqlarını istəmişlər. O, təklifi qəbul edərək pulu almış və seyfdə saxlamışdır. Lakin bədbəxtlikdən onun lombardında oğurluq hadisəsi baş verdiyi üçün bütün qızılları və seyfdə olan pulları oğurlanmışdır. Bütün bunlar hökmdə qeyd olunmuş və o, məhkəmədəki izahatında da həmin faktları təsdiq etmişdir. Cinayət işi üzrə təqsirləndirilən şəxslər həmin pulları qaytaracaqlarını bildirərək, onlardan şikayətçi olmadığına dair ərizə yazmağı xahiş etmiş, o, isə razılamışdır. Lakin buna baxmayaraq ona yalnız 1500 manat qaytarılmış və digər qızıllar və pullar qaytarılmamışdır. Onun iddiaçılara borcu yoxdur, sadəcə olaraq ona saxlanılmaq üçün verilən puldan 12.000 manat qaytaracağı var və həmin pulu hissə-hissə ödəməyə razıdır. Belə ki, o, 14.000 manatdan 2000 manatını hələ hökm çıxmamış iddiaçıların istəyi əsasında hissə-hissə onlara vermiş və bu barədə əlyazmalar mövcuddur, lakin hazırda həmin sübutlar çantasında olmadığı üçün tədqim edə bilmir. Buna görə də qeyd edilənlərin nəzərə alınaraq iddianın 12.000 manat pulun tutulması hissəsində təmin edilməsi barədə qətnamə qəbul edilməsinə etiraz etmədiyini bildirdi.

İş materialları.

5. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 1(006)-11/2019 nömrəli iş üzrə qəbul etdiyi xx.xx.2019-cu il tarixli hökmündən görünür ki, X24 özgənin əmlakını təkrarən gizli yolla talamaq məqsədilə qabaqcadan əlbir olan bir qrup şəxslə cinayət əlaqəsinə girərək tanışları X10, X12, X2, X11, X13 və X21 ilə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək, bir qrup şəklində Bakı şəhəri, Nəsimi rayonu, 5-ci mikrorayon, 3005-ci məhəllə, Cavadxan küçəsi ilə Məmmədcəfər Cəfərov küçəsinin kəsişməsində, 52C saylı ünvanda yerləşən, Cavabdeh işlədiyi lombarddan əvvəlcədən planlaşdırılmış oğurluqda iştirak edərək, lombardda yerləşən seyfdən oğurluq etmək üçün 30 sentyabr 2016-cı il tarixdə, günorta vaxtlarında Gəray İsmayılovun ona verdiyi həmin seyfin açarının surətini çıxartdıraraq açarı sonuncuya qaytarmış, 02 noyabr 2016-cı il tarixdə axşam vaxtlarında Vüsal Əskərov və Gəray İsmayılova oğurluqda istifadə etmək üçün bir ədəd dəmirkəsən qayçını vermiş, 03 noyabr 2016-cı il tarixdə, saat 01 radələrində X21 və X11 lombardın pəncərəsinin dəmir barmaqlıqlarını ondan götürülmüş dəmirkəsən qayçı ilə kəsdikdən sonra X2 pəncərədən lombarda daxil olmuş, otaqda yerləşən seyfi onun düzəltdirdiyi açarla açaraq seyfdən zərər çəkmiş şəxs Cavabdeh məxsus 11.250 manat məbləğində pulu və 3.000 manat dəyərində istifadəyə yararsız 9 ədəd qızıl üzüyü, 6 ədəd qızıl boyunbağını, 9 ədəd diş üçün istifadə edilən qızıl məmulatını, 1 cüt qızıl sırğanı, 5 ədəd qızıl qolbağını, 1 ədədqızıl kulonu, 4 ədəd uşaq qızıl qolbağını, 2 ədəd qızıl sırğanı, zərər çəkmiş şəxs X14 məxsus 9.600 manat dəyərində üzərində brilliant qaşları olan ağ-sarı metaldan hazırlanmış bir ədəd qızıl boyunbağını, bir ədəd qolbağ, bir cüt sırğa və bir ədəd üzükdən ibarət qızıl dəstini, üzərində brilliant qaşları olan sarı metaldan hazırlanmış bir ədəd qızıl boyunbağını, bir cüt sırğa və bir ədəd üzükdən ibarət qızıl dəstini, sarı metaldan olan bir ədəd qızıl üzüyü, bir cüt sırğa və bir ədəd kulondan ibarət qızıl dəstini və bir ədəd “kitab” şəkilli qızıl kulonu, zərər çəkmiş şəxs İddiaçı1 məxsus 14.000 manat məbləğində pulu, zərər çəkmiş şəxs X3 məxsus 8.000 manat dəyərində bir ədəd kolye və bir ədəd qolbaqdan ibarət qızıl dəstini oğurlayaraq, zərər çəkmiş şəxsin hər birinə xeyli miqdarda maddi ziyan vurmuşlar.

6. Məhkəmə istintaqında zərər çəkmiş şəxs Cavabdeh ifadəsində göstərmişdir ki, 2016-cı il 02 noyabr tarixdən 03 noyabr tarixə keçən gecə Bakı şəhəri, Nəsimi rayonu, 3005-ci məhəllə, Cavadxan və Məmmədcəfər Cəfərov küçələrinin kəsişməsindəki 52C saylı ünvanda yerləşən, özünün işlədiyi lombarddan baş vermiş oğurluq barədə səhər tezdən xəbər tutmuş, dərhal lombarda gələndə pəncərənin dəmir barmaqlıqlarının sındırıldığını görmüş, sonra isə polis əməkdaşlarına bu haqda məlumat vermişdir. Polis əməkdaşları gəldikdən sonra seyfi açdıqda oradan külli miqdarda pulun və qızıl-zinət əşyalarının oğurlandığını görmüşdür. Belə ki, lombarddan 25.250 manat pul oğurlanmış, həmin puldan 11.250 manatı özünə, 14.000 manatı isə bacısının əri İddiaçı1 məxsus idi.

7. Məhkəmə istintaqında zərər çəkmiş şəxs İddiaçı1 ifadəsində göstərmişdir ki, ailəsi ilə Bakı şəhərinə köçdükdən sonra ev almaq qərarına gəlmiş və bu məqsədlə 2016-cı ilin sentyabr ayında Cəlilabadda olan evini 17.000 manata satmışdır. İlk vaxtlarda pulu evdə saxlamış, lakin güvənli saxlanc yeri olmadığından pulları baldızı Cavabdeh işlədiyi lombarddakı seyfdə saxlamaq qərarına gəlmişdir. 27 oktyabr 2016-cı il tarixdə o, 14,000 manat pulu Fərqanənin ofisinə apararaq sonuncuya vermiş, Fərqanə də onun yanında pulları seyfə qoymuşdur. 03 noyabr 2016-cı il tarixdə, saat 10-11 radələrində Fərqanə ilə telefon danışığı zamanı sonuncu lombardan oğurluq olduğunu ona bildirmişdir. Təqsirləndirilən şəxslərin həbsdə olmasını istəmir. Çünki pulu saxlanca baldızı Fərqanəyə vermiş və ondan da bu vəsaiti tələb edir.

8. Bakı şəhəri, Nəsimi RPİ-nin 19-cu PŞ-nin təhqiqalçısı, polis polkovniki X8 tərəfindən qəbul edilmiş xx.xx.2022-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, qərarın təsviri hissəsində göstərilənlərə əsasən HK-1/1415 (19 PŞ) №-li araşdırma materialı üzrə əməldə cinayət tərkibi olmadığından həmin xüsusat üzrə cinayət işinin başlanması rədd edilmiş, qərarın surəti ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən rayon prokuroruna göndərilmişdir.

9. Qərara əsasən materiallarının təhlili nəticəsində müəyyən edilmişdir ki, xx.xx.2017-ci il tarixdə İddiaçı2nm əri X4 Nəsimi rayon Prokurorluğuna qeyd olunan faktla bağlı ünvanlanmış ərizəsi aidiyyəti üzrə 19-cu PŞ-yə ünvanlanmış, həmin şöbənin sahə inspektorıı, polis mayoru Elxan Hüseyinov tərəfindən araşdırma aparılmış, tərəflərin izahatı alınmışdır. Araşdırma zamanı həqiqətən də F.Ə.Mehdiyevanın işlədiyi Nəsimi rayonu, Cavadxan küçəsi 3005-ci məhəllədə yerləşən Lombarddan ona məxsus qızıl-zinət əşyalarının. Ə. Hətəmovdan aldığı 14.500 və özünün 10.750 manat pullarının oğurlandığı, hadisəni törədən şəxslərin yaxalanaraq istintaqa cəlb edildiyi, F.Mehdiyevanın bu səbəbdən bacısının əri F.Hətəmov tərəfindən ona verilmiş pulu qaytarmaq iqtidarında olmadığı müəyyən edilmiş, araşdırmanın nəticəsi barədə şikayətçiyə xx.xx.2017-ci il tarixli 083-7506-1217 saylı məktubla rəsmi məlumat verilmişdir.

10. Material üzrə izahatı alınmış X5 yuxarıda qeyd olunanları təsdiq etməklə yanaşı, bacısının yoldaşı tərəfindən ev almaq məqsədilə saxlamaq üçün ona verilmiş və sonradan digər pul və qızıl-zinyət əşyaları ilə birgə işlətdiyi lombardan oğurlanmış 15000 manatın 1000 manatını qaytardığını, yerdə qalan pulu isə hissə-hissə qaytara biləcəyini, hazırda yaşadığı və satışa qoyduğu mənzil satılacağı təqdirdə borcu tam ödəyəcəyini bildirmişdir.

11. Aparılmış araşdırma zamanı İddiaçı2, onun əri X6 və onların qohumu X7 arasında 2016-cı ildən pul bocuna görə yaranmış mübahisənin mülki xarakter daşıdığı və əməldə cinayət tərkibinin olmadığı müəyyən edilmişdir.

12. xx.xx.2022-ci il tarixli qəbzdən görünür ki, İddiaçı1 tərəfindən iddia ərizəsi ilə məhkəməyə müraciət edilən zaman 135 manat məbləğində rüsum ödənilmişdir.

İşin faktiki halları.

13. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 1(006)-11/2019 nömrəli iş üzrə qəbul etdiyi xx.xx.2019-cu il tarixli hökmünə əsasən İddiaçı1 tərəfindən Cavabdeh saxlanılması üçün pul verilməsi və hazırda həmin pulun oğurlanması və iddiaçılara qaytarılmaması işin mübahisəsiz hallarıdır.

Tətbiq edilən hüquq.

14. Azərbaycan Respublikası Mülki Məcəlləsi.

Maddə 21. Zərərin əvəzinin ödənilməsi. 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Maddə 1096. Mülki hüquq pozuntuları (deliktlər) anlayışı. 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər.

15. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllə.

Maddə 77. Sübut etmə vəzifəsi. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 82. Sübut etməkdən azad olmaq üçün əsaslar. 82.4. Məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir.

Məhkəmənin mövqeyi.

16. Məhkəmə iş materiallarını və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir.

17. Belə ki, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 1(006)-11/2019 nömrəli iş üzrə qəbul etdiyi xx.xx.2019-cu il tarixli hökmündən görünür ki, məhkəmə istintaqında zərər çəkmiş şəxs qismində ifadə verərkən Cavabdeh ona məxsus lombarddan 25.250 manat pul oğurlandığını, həmin puldan 11.250 manatının özünə, 14.000 manatın isə bacısının əri İddiaçı1 məxsus olmasını etiraf etmişdir. Həmçinin, Bakı şəhəri, Nəsimi RPİ-nin 19-cu PŞnin təhqiqalçısı, polis polkovniki X8 tərəfindən qəbul edilmiş xx.xx.2022-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, material üzrə izahatı alınmış X5 yuxarıda qeyd olunanları təsdiq etməklə yanaşı, bacısının yoldaşı tərəfindən ev almaq məqsədilə saxlamaq üçün ona verilmiş və sonradan digər pul və qızıl-zinyət əşyaları ilə birgə işlətdiyi lombardan oğurlanmış 15000 manatın 1000 manatını qaytardığını, yerdə qalan pulu isə hissə-hissə qaytara biləcəyini, hazırda yaşadığı və satışa qoyduğu mənzil satılacağı təqdirdə borcu tam ödəyəcəyini bildirmişdir.

18. Göründüyü kimi həm hökm üzrə, həm də qərar üzrə Cavabdeh İddiaçı1 tərəfindən ona ev alınması məqsədilə saxlanılmaq üçün pul verildiyini, lakin işlətdiyi lombard dükanından oğurluq edilən zaman həmin pulun da oğurlandığını və hissə-hissə pulu qaytaracağını etiraf etmişdir. Məhkəmə qaytarılmalı olan pulun məbləğinə münasibətdə qeyd edir ki, həm cavabdeh, həm də iddiaçı hökmdə oğurlanan pulun 14.000 manatının ona məxsus olmasını, cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarda isə həmin pul məbləğinin 15.000 manat olduğu, lakin 1000 manatının qaytarıldığı bildirilmişdir. Məhkəmə iclasında cavabdeh hazırda həmin puldan 2.000 manatını qaytardığını və 12.000 manat qaytarmalı olduğunu bildirsə də, həmin faktları təsdiq edəcək mötəbər dəlillərini məhkəməyə təqdim etməmişdir. Bu səbəbdən də məhkəmə yalnız həm hökmlə, həm də qərarla təsdiqini tapan hissədə, yəni 14.000 manatın cavabdehdən alınaraq iddiaçılara verilməsini əsaslı hesab edir.

Məhkəmə xərcləri.

19. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir.

20. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

21. İddia qismən təmin edildiyi üçün ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 126 manat məbləğində pul Cavabdeh tutularaq iddiaçılar İddiaçı1 və İddiaçı2 ödənilməli, ödənilmiş dövlət rüsumunun qalan 9 manat hissəsi isə iddiaçıların özünə aid edilməlidir.

Məhkəmənin gəldiyi nəticə.

22. Beləliklə, məhkəmə iş materiallarını araşdırıb, sübutlara məcmu halda, tam, hərtərəfli və obyektiv hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh 14.000 manat məbləğində pul tutularaq iddiaçılar İddiaçı1 və İddiaçı2 ödənilməli, iddia qalan hissədə rədd edilməlidir.

23. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə

qət etdi:

İddia qismən təmin edilsin. Cavabdeh 14.000 (on dörd min) manat məbləğində pul tutularaq iddiaçılar İddiaçı1 və İddiaçı2 ödənilsin. İddia qalan hissədə rədd edilsin. İddia qismən təmin edildiyi üçün ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 126 (bir yüz iyirmi altı) manat məbləğində pul Cavabdeh tutularaq iddiaçılar İddiaçı1 və İddiaçı2 ödənilsin. Ödənilmiş dövlət rüsumunun qalan 9 (doqquz) manat hissəsi iddiaçıların özünə aid edilsin. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar