Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-6485/2025 25.12.2025 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Rzayeva Fəridə İslam qızının sədrliyi, X1 iclas katibliyi, Maraqlı şəxs iştirakı ilə Ərizəçi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin Maraqlı şəxs qismində cəlb edilməklə vergi ödəyicisi olan hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına dair ərizəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında xüsusi icraat qaydasında baxaraq, məhkəmə müəyyən etdi. Ərizəçinin xahişi Ərizəçi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi (bundan sonra – ərizəçi) ərizə ilə məhkəməyə müraciət edərək, vergi ödəyicisi olan hüquqi şəxs tərəfindən dövlət büdcəsinə olan ümumilikdə 1227695.66 manat, Dövlət Sosial Müdafiə Fonduna olan 1225921.72, İşsizlikdən Sığorta Fonduna olan 9733.29 manat, İcbari Tibbi Sığorta Fonduna olan 1493 manat məbləğində borcun ödənilməsini təmin etmək üçün həmin hüquqi şəxsin icra orqanının rəhbəri olan Maraqlı şəxs (xx.xx.1983-cü il tarixdə Bakı şəhərində doğulan, Azərbaycan Respublikasının vətəndaşı, şəxsiyyəti təsdiq edən sənədin FİN nömrəsi – xxxxxxx) ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizənin əsaslandırıldığı hallar Ərizə onunla əsaslandırılmışdır ki, vergi öhdəliklərini Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədiyi üçün xx.xx.2025-ci il tarixə vergi ödəyicisi olan Nərimanov rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinin (VÖEN – **********) İcbari Tibbi Sığorta Fonduna 1493 manat, İşsizlikdən Sığorta Fonduna 9733.29 manat, Dövlət Sosial Müdafiə Fonduna 1225921.72 manat, dövlət büdcəsinə 1227695.66 manat məbləğində (o cümlədən, vergilər üzrə 432774.87 manat, faizlər üzrə 794720.79 manat, maliyyə sanksiyası üzrə 200 manat) olmaqla, ümumilikdə 2464843.67 manat borcu vardır. Yaranmış borc məbləğinin 5 gün ərzində dövlət büdcəsinə və müvafiq fonda ödənilməsi məqsədi ilə vergi ödəyicisinə Vergi Məcəlləsinin 65-ci maddəsinə əsasən, xx.xx.2025-ci il tarixli, **********078600, xx.xx.2025-ci il tarixli, **********627000, xx.xx.2025-ci il tarixli, **********399300, xx.xx.2025-ci il tarixli, **********520700 nömrəli bildirişlər göndərilmiş, lakin vergi ödəyicisi yaranmış borc məbləğini ödəməmişdir. Tərəflərin izahatları Məhkəmə baxış iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilmiş ərizəçi məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş, bunun üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Belə olan halda, məhkəmə işə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 355-7.2-ci maddəsinə əsasən ərizəçinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə baxış iclasında iştirak edən maraqlı şəxs ərizəni qəbul etməyərək bildirdi ki, Nərimanov rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinə xx.xx.2022-ci il tarixdən rəhbər təyin edilmiş, təyin ediləndən sonra borcları hər ay ödəmişdir. Hazırda ərizədə qeyd edilən borcların ondan əvvəlki dövrə təsadüf edən borclardır. Lakin o, ödənişləri etməkdən yayınmır. Belə ki, o, sözügedən orqana rəhbər təyin ediləndən sonra təxminən 6 milyon manatdan çox ödəniş etmişdir. Odur ki, ərizənin təmin edilməməsini xahiş etdi. İş materiallarına əlavə olunan sənədlər və onlar əsasında təsdiq edilən faktlar İşsizlikdən sığorta haqqı üzrə borcun ödənilməsinə dair xx.xx.2025-ci il tarixli bildirişdən müəyyən olunur ki, vergi ödəyicisi olan hüquqi şəxs Nərimanov rayon Mənzil- Kommunal Təsərrüfatı Birliyinin (VÖEN: **********) xx.xx.2025-ci il tarixə ümumilikdə 38508.94 manat (25388.20 manat işsizlikdən sığorta haqqı və 13120.74 manat faiz) məbləğində borcu var və həmin borcun 5 (beş) gün müddətində ödənilməsi tələb edilir. Muzdlu və qeyri-muzdlu işdən əldə edilən gəlirlər üzrə məcburi dövlət sosial sığorta haqqı üzrə borcun ödənilməsinə dair xx.xx.2025-ci il tarixli, **********308000 nömrəli bildirişdən müəyyən olunur ki, vergi ödəyicisi olan hüquqi şəxs Nərimanov rayon Mənzil- Kommunal Təsərrüfatı Birliyinin (VÖEN: **********) xx.xx.2025-ci il tarixə ümumilikdə 1831240.81 manat (1162557.06 manat muzdlu və qeyri-muzdlu işdən əldə edilən gəlirlər üzrə və 668683.75 manat faiz) məbləğində borcu var və həmin borcun 5 (beş) gün müddətində ödənilməsi tələb edilir. İcbari tibbi sığorta haqqları üzrə borcun ödənilməsinə dair xx.xx.2025-ci il tarixli bildirişdən müəyyən olunur ki, vergi ödəyicisi olan hüquqi şəxs Nərimanov rayon Mənzil- Kommunal Təsərrüfatı Birliyinin (VÖEN: **********) xx.xx.2025-ci il tarixə ümumilikdə 91300.50 manat (67479.77 manat icbari tibbi sığorta haqqı və 23820.73 manat faiz) məbləğində borcu var və həmin borcun 5 (beş) gün müddətində ödənilməsi tələb edilir. Vergi borcunun ödənilməsinə dair xx.xx.2025-ci il tarixli bildirişdən müəyyən olunur ki, vergi ödəyicisi olan hüquqi şəxs Nərimanov rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinin (VÖEN: **********) xx.xx.2025-ci il tarixə ümumilikdə 2359949.54 manat (1332222.70 manat vergilər, 130680 manat maliyyə sanksiyaları və 897046.84 manat faiz) məbləğində borcu var və həmin borcun 5 (beş) gün müddətində ödənilməsi tələb edilir. xx.xx.2025-ci il tarixli ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında xəbərdarlıqdan müəyyən olunur ki, Nərimanov rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinin (VÖEN: **********) icra orqanının rəhbəri – Maraqlı şəxs hüquqi şəxsin ödənilməmiş vergi borcunun məbləği (3730199.46 manat) barədə məlumat verilmiş və həmin borcun 15 (on beş) gün müddətində ödənilməsi tələb edilmişdir. Nərimanov rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyi tərəfindən 2022 – 2025-ci illər üzrə ödənilmiş vergilər haqqında məlumatdan müəyyən olunur ki, Nərimanov rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyi (VÖEN: **********) tərəfindən qeyd edilən təqvim illəri üzrə büdcə hesabına 2036341.64 manat, təsərrüfat hesabına isə 114798.75 manat məbləğində vergi ödənişi edilmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası Maddə 73. Vergilər və başqa dövlət ödənişləri İ. Qanunla müəyyən edilmiş vergiləri və başqa dövlət ödənişlərini tam həcmdə və vaxtında ödəmək hər bir kəsin borcudur. İİ. Heç kəs qanunla nəzərdə tutulmuş əsaslar olmadan və qanunda göstərilmiş həcmdən əlavə vergilər və başqa dövlət ödənişləri ödəməyə məcbur edilə bilməz. Azərbaycan Respublikasının Vergi Məcəlləsi Maddə 16.1.1 Qanunla müəyyən edilmiş vergiləri, habelə Vergi məcəlləsi ilə müəyyən edilmiş qaydada hesablanmış faizləri, tətbiq edilmiş maliyyə sanksiyalarını və digər məcburi ödənişləri ödəmək vergi ödəyicisinin vəzifələrinə aiddir. Maddə 23.1. Vergi orqanlarının hüquqları aşağıdakılardır: 23.1.15-3. vergi ödəyicisi vergi öhdəliyini bu Məcəllə ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə, hesablanmış vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üsulu kimi vergi ödəyicisi olan fiziki şəxsin və ya hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması üçün məhkəməyə müraciət etmək; Maddə 24. Vergi orqanlarının vəzifələri: 24.1.2-1. vergi ödəyicisi olan fiziki şəxsin və ya hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına səbəb olmuş əsaslar aradan qalxdıqdan sonra dərhal həmin məhdudlaşdırmanın götürülməsi barədə qərar qəbul etməyə; Maddə 77.1 Vergi ödəyicisinin Vergi Məcəlləsində göstərilən arda və qaydada müəyyən edilən vergini (o cümlədən cari vergi ödəmələrini), hesablanmış faizləri tətbiq edilmiş maliyyə sanksiyalarını ödəmək vəzifəsi onun vergi öhdəliyi hesab olunur. Maddə 77.3 Vergi ödəyicisi vergi qanunvericiliyinin tələblərinə uyğun olaraq verginin ödənilməsini nəzərdə tutan şəraitin yarandığı andan vergi öhdəliklərinin yerinə yetirməsi üçün cavabdehdir. Maddə 78.1 Vergi öhdəliklərinin yerinə yetirilməsi ödənilməli olan vergi məbləğinin vergilərin (o cümlədən cari vergi ödəmələrinin), hesablanmış faizlərin və tətbiq edilmiş maliyyə sanksiyalarının müəyyən edilmiş müddətlərdə və qaydada ödənilməsidir. Vergi ödəyicisinin hesablarında və ya kassasında vəsaitin, habelə onun əmlakının olubolmamasından asılı olmayaraq vergi öhdəliklərinin yerinə yetirilməsi məcburidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 355-5.1. Vergi ödəyicisi və ya sığortaedən vergi, məcburi dövlət sosial sığorta, icbari tibbi sığorta və işsizlikdən sığorta haqları üzrə öhdəliyini qanunla müəyyən edilmiş hallarda və müddətlərdə yerinə yetirmədikdə, hesablanmış vergilər, məcburi dövlət sosial sığorta, icbari tibbi sığorta və işsizlikdən sığorta haqları üzrə borcların və faizlərin, vergilər və məcburi dövlət sosial sığorta haqları üzrə tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə məhkəməyə müraciət etmək hüququna malikdir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə 9. Məhkəməyə iddia ərizəsinin, digər ərizənin və ya şikayətin verilməsinə, məhkəmə aktının surətinin təkrar verilməsinə görə dövlət rüsumunun ödənilməsindən azadolmalar və dövlət rüsumunun ödənilməsinin xüsusiyyətləri 9.1. Aşağıdakılar dövlət rüsumu ödəməkdən azad olunurlar: 9.1.14. məhkəmələrə verilən iddia ərizələri və bütün növ şikayətlər üzrə - büdcə təşkilatları, bələdiyyələr; Məhkəmənin mövqeyi Məhkəmə maraqlı şəxsin izahatını dinləyib, ərizə və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək, təqdim edilmiş sübutlara tam, obyektiv, hərtərəfli və qərəzsiz baxdıqdan sonar həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq hüquqi qiymət verərək hesab edir ki, ərizə təmin edilməməlidir. Məhkəmə baxış iclasında təqdim edilmiş sübutların bilavasitə tədqiqi nəticəsində müəyyən edildi ki, Maraqlı şəxs vergi ödəyicisi olan hüquqi şəxs – Nərimanov rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinin icra orqanının rəhbəridir. Ərizəçi vergi ödəyicisi olan Nərimanov rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinin vergiləri qanunla müəyyən edilmiş qaydada və müddətdə ödəmədiyinə istinad edərək, müvafiq hüquqi şəxsin icra orqanın rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qətnamə qəbul edilməsini xahiş etmiş, maraqlı şəxs ərizəyə etiraz edərək, sözügedən vergi borclarının onun rəhbərlik etdiyi dövrdə yaranmamasına və mütəmadi olaraq vergi öhdəliklərinin yerinə yetirilməsinə istinad edərək ərizənin təmin edilməməsini xahiş etmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 73-cü maddəsində təsbit olunmuş vergi ödəmək vəzifəsi dövlətin şərtsiz tələbi kimi bütün vergi ödəyicilərinə şamil olunur. Vergiləri ödəmək (o cümlədən qanunvericiliklə müəyyən edilmiş müvafiq vaxtda və miqdarda) hər bir şəxsin konstitusiya vəzifələrindən biridir. Vergi ödəyicisi qanunla nəzərdə tutulmuş qaydada dövlətin xəzinəsinə müəyyən pul məbləği şəklində ödənilməli olan əmlakının müəyyən hissəsinə dair öz mülahizəsinə uyğun sərəncam verə bilməz və bu məbləği mütəmadi olaraq dövlətin xeyrinə keçirməyə borcludur. Əks təqdirdə dövlətin, həmçinin digər şəxslərin hüquqları və qanunla qorunan maraqları pozulmuş olar. Vergi ödəyicisinin bu vəzifəsində cəmiyyətin bütün üzvlərinin ictimai maraqları öz əksini tapmışdır. Buna görə dövlət yalnız vergi ödəyicilərinin deyil, həmçinin cəmiyyətin digər üzvlərinin də hüquq və qanuni mənafelərinin qorunması məqsədilə vergi hüquq münasibətlərini tənzimləmək sahəsində qanuni tədbirlər görmək hüququna və vəzifəsinə malikdir (Konstitusiya Məhkəməsi Plenumunun 9 sentyabr 2013-cü il tarixli Qərarı). Xüsusi nəzərə alınmalıdır ki, vergilər, hər bir dövlətin yarandığı andan cəmiyyətdə iqtisadi münasibətlərin ayrılmaz tərkib hissəsi olmaqla, müasir dövrdə dövlətin gəlirlərinin əsas formalarından biridir. Bununla əlaqədar olaraq, vergilərin və digər məcburi ödəmələrin ödənilməməsi dövlətin maliyyə maraqlarına ziyan vuran kifayət qədər təhlükəli əməl hesab olunur və müvafiq məsuliyyət növünə cəlb edilmə üçün əsas ola bilər. Odur ki, bu vəzifənin icrası konstitusion əhəmiyyətli dəyərlərdən irəli gəldiyindən sözügedən məcburi ödənişinin həyata keçirilməsinin təmini üçün qanunverici bir sıra təminatlar müəyyən etmişdir. Belə ki, göstərilən konstitusion müddəalara uyğun olaraq, Vergi Məcəlləsi Azərbaycan Respublikasında vergi sistemini, vergitutmanın ümumi əsaslarını, vergilərin müəyyən edilməsi, ödənilməsi və yığılması qaydalarını, vergi ödəyicilərinin və dövlət vergi orqanlarının, habelə vergi münasibətlərinin digər iştirakçılarının vergitutma məsələləri ilə bağlı hüquq və vəzifələrini, vergi nəzarətinin forma və metodlarını, vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyəti, dövlət vergi orqanlarının və onların vəzifəli şəxslərinin hərəkətlərindən (hərəkətsizliyindən) şikayət edilməsi qaydalarını müəyyən edir (Vergi Məcəlləsinin 1.1-ci maddəsi). Bundan əlavə, Azərbaycan Respublikası Vergi Məcəlləsinin 78.1-ci maddəsində müəyyən edilir ki, vergi öhdəliklərinin yerinə yetirilməsi ödənilməli olan vergilərin (o cümlədən cari vergi ödəmələrinin), hesablanmış faizlərin və tətbiq edilmiş maliyyə sanksiyalarının müəyyən edilmiş müddətlərdə və qaydada ödənilməsidir. Vergi ödəyicisinin hesablarında və ya kassasında vəsaitin, habelə onun əmlakının olubolmamasından asılı olmayaraq vergi öhdəliklərinin yerinə yetirilməsi məcburidir. Həmin məcəllənin 78.4-cü maddəsinə əsasən, vergi öhdəliklərinin yerinə yetirilməsi əmtəəsiz əməliyyat üzrə faydalanan şəxs istisna olmaqla, digər şəxsin üzərinə qoyula bilməz. Bu maddənin məqsədləri üçün faydalanan şəxs əmtəəsiz əməliyyat aparmaqla mənfəət əldə etmək məqsədilə həyata keçirilən fəaliyyət üzrə faktiki olaraq gəlir əldə edən, o cümlədən əmtəəsiz əməliyyat aparmaqla mənfəət (gəlir) əldə edən hüquqi şəxsin faktiki sahibi və ya əmtəəsiz əməliyyat aparmaqla gəlir əldə edən vergi ödəyicisinə nəzarəti həyata keçirən fiziki şəxsdir. Azərbaycan Respublikası Konstitusiyasının 28-ci maddəsinə əsasən, hər kəsin azadlıq hüququ vardır. Azadlıq hüququ yalnız qanunla nəzərdə tutulmuş qaydada tutulma, həbsəalma və ya azadlıqdan məhrumetmə yolu ilə məhdudlaşdırıla bilər. Qanuni surətdə Azərbaycan ərazisində olan hər kəs sərbəst hərəkət edə bilər, özünə yaşayış yeri seçə bilər və Azərbaycan Respublikasının ərazisindən kənara gedə bilər. Azərbaycan Respublikası vətəndaşlarının hər zaman maneəsiz öz ölkəsinə qayıtmaq hüququ vardır. Bununla yanaşı, nəzərə alınmalıdır ki, Konstitusiya azadlıq hüququnu təsbit etməklə yanaşı, onun ümumi və xüsusi məhdudiyyətlərinin hüdudlarını müəyyən etmişdir. Lakin xüsusi nəzərə alınmalıdır ki, azadlıq hüququnun məhdudlaşdırılması qanunda nəzərdə tutulmalı, legitim məqsəd daşımalı, mütənasib olmalı, cəmiyyətin və ya dövlətin ümumi maraqları ilə fərdin konstitusiya hüquqlarının qorunması arasında ədalətli tarazlığa nail olunmaqla həyata keçirilməlidir. Bu mənada, vergi ödəyicisi olan fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun məhdudlaşdırılması konstitusion əhəmiyyətli dəyərlərdən olan vergi öhdəliyinin icrasını təmin etmək məqsədi ilə tətbiq edildiyindən legitim sayılmalıdır. İş materiallarının tədqiqi nəticəsində isə aydın olur ki, Nərimanov rayon Mənzil- Kommunal Təsərrüfatı Birliyinin icra orqanının rəhbəri olan hazırkı iş üzrə Maraqlı şəxs tərəfindən məcburi dövlət sosial sığorta, icbari tibbi sığorta və işsizlikdən sığorta haqları üzrə vergi öhdəlikləri qanunla müəyyən edilmiş qaydada və müddətdə yerinə yetirilir. Belə ki, bu öhdəliklər həm vergi orqanı tərəfindən maraqlı şəxsə bildirişlə müraciət edilməzdən əvvəl, həm də həmin bildirişin göndərilməsindən sonra yerinə yetirilmiş, qeyd edilənləri təsdiq edən ödəniş tapşırıqları iş materiallarına əlavə edilmişdir. Hazırkı iş üzrə maraqlı şəxs tərəfindən mövcud borcun mütəmadi şəkildə ödənilməsi, vergi öhdəliklərini yerinə yetirməsi nəzərə alınaraq məhkəmə hesab edir ki, ərizə təmin edilməməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: Ərizəçi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin Maraqlı şəxs qismində cəlb edilməklə vergi ödəyicisi olan hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına dair ərizəsi təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Fəridə Rzayeva
Məhkəmə qərarları › İş №2(010)-6485/2025
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-6485/2025
25.12.2025 · Vergi ödəyicisi və ya sığortaedən olan fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında işlər üzrə icraat
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver