Məhkəmə qərarları › İş №2(010)-65/2023

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-65/2023

22.02.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-65/2023 22.02.2023 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Tural Nurulla oğlunun sədrliyi, Almuradov Ülvi Ramiz oğlunun katibliyi, İddiaçı, Cavabdeh və onun vəkili Vəkil iştirakı ilə İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxıb, məhkəmə Müəyyən etdi: İddiaçı Cavabdeh qarşı ““pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 50 ədəd tatamidən istifadə etməsi nəticəsində ödənilməmiş 2400 (iki min dörd yüz) icarə haqqı borcu, 500 (beş yüz) manat dəyərində idman mallarının dəyəri, ödənilmiş 59 (əlli doqquz) manat dövlət rüsumunun əvəzi və dəymiş mənəvi ziyanın əvəzi olaraq 1000 (min) manat tutularaq ona ödənilməsi və ona məxsus 50 ədəd tataminin cavabdehdən alınaraq ona qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh Bakı şəhəri Suraxanı rayonu, Hövsan qəsəbəsi ərazisində "Kano" X1 təsis edərək, ona məxsus 2009-cu ildən aldığı 50 ədəd tatamini icarəyə götürməklə, idman zalında işlətmişdir. Həmin tatamilərdən istifadəyə görə ona aylıq icrarə haqqı ödənilməli olması barədə aralarında razılıq olmuş və o icarə haqqı müqabilində tatamiləri ona müvəqqəti istifadə etmək üçün vermişdir. Lakin 2020-ci ilin mart ayında ölkə ərazisində karantin rejiminin tətbiq edilməsi ilə əlaqədar idman zallarının istifadəsi qadağan olunduğundan, cavabdeh ona məxsus tatamiləri icarəyə götürdüyü yerdən başqa ünvana köçürərək, orada istifadə etməyə başlamışdır. Hal-hazırkı vaxtadək ona məxsus tatamilərdən istifadə etməsinə baxmayaraq, nə tatamiləri qaytarmır, nə də icarə haqqı ödəmir. Cavabdehin ona 500 manat idman geyimlərinin satışı üzrə, 1 illik tatamilərdən istifadə etməsi nəticəsində ödənilməmiş 1200 manat icarə haqqı borcu yaranmışdır. Dəfələrlə cavabdehə müraciət edərək, ona məxsus 50 ədəd tatamini və yaranmış 1700 manat məbləğində borcun ödənilməsini tələb etməyisinə baxmayaraq, borcu və ona məxsus əmlakları qaytarmaqdan imtina edir. Cavabdehin mənimsədiyi ona məxsus 50 ədəd tatamini 2009-cu ildə hər birini 250 manat olmaqla, "Uritan" İdman Klubunda istifadə etmək üçün o almışdır. Həmin tatamilər yarış tatamisi olmadığı üçün istifadəsi üçün sertifikat və sənəd verilməmişdir. Cavabdehin hal-hazırkı vaxtadək ona 2900 manat icarə haqqı borcu yaranmışdır. Cavabdeh etirazla məhkəməyə müraciət edərək, iddia tələbi əsassız olduğundan onun təmin edilməməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək bildirdi ki, ona məxsus tatamiləri məhz cavabdehə əvvəlcə 50 manata, daha sonra isə aylıq 100 manata icarəyə vermişdir. Karantin olduqdan sonra idman zalı işləməmişdir və cavabdeh həmin tatamiləri işlədiyi məktəbin idman zalına aparmışdır. Qeyd edir ki, onlar arasında icarə müqaviləsi olmamışdır. Cavabdehi icarə müqaviləsi bağlamaq üçün notariusa çağırsa da, lakin cavabdeh gəlməmişdir. Aralarında müqavilə olmasa da, səsyazmada Elşad özü hər şeyi bildirir. Əlavə olaraq bildirdi ki, ona məxsus olan tatamilərin 25-i sarı, 25-i qırmızı rəng olmaqla yerli istehsal idi. Məhkəmə iclasında Cavabdeh iddia tələbini qəbul etməyərək bildirdi ki, iddiaçı ilə aralarında razılaşma olmuşdur. Həmin razılaşmaya əsasən o, tatamiləri götürüb və vaxı-vaxtında icarə haqqını ona ödəmişdir. Karantin olduqdan sonra isə idman zalı işləməmişdir və iddiaçıya gəlib tatamiləri götürməsini bildirmişdir. Qeyd edir ki, hazırda onda cəmi 34 tatami qalmışdır. Məhkəmə iclasında cavabdehin vəkili Vəkil bildirdi ki, tərəflər arasında icarə ilə bağlı rəsmi müqavilə olmamış, şifahi razılaşma olmuşdur. Cavabdeh götürdüyü tatamilərə görə icarə haqqını vaxtı-vaxtında ödəmişdir. Məhkəmə tərəflərin izahatını dinləyib və hazırkı iş üzrə toplanmış sübutlara qiymət verərək hesab edir ki, aşağıda qeyd olunanlara əsasən iddia qismən təmin olunmalıdır. İş materiallarında olan AR Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2022-ci il tarixli, 9/4653 nömrəli ekspert rəyindən görünür ki, tədqiqata təqdim olunmuş 2x1 ölçüdə, tünd yaşıl və qırmızı rəngli, yerli istehsal olan 33 tataminin hər birinin dəyəri 30 manat olmaqla ümumilikdə 990 manat dəyərində qiymətləndirilmişdir. İş materiallarında olan ödəniş qəbzlərindən görünür ki, cavabdeh tərəfindən vaxtaşırı olaraq müvafiq ödənişlər həyata keçirilmişdir. İşin məhkəmə tərəfindən müəyyən edilmiş halları ondan ibarətdir ki, tərəflər arasında qeyd olunan 50 ədəd tataminin icarəyə verilməsi ilə bağlı şifahi razılaşma olmuşdur. Həmin razılaşmaya əsasən, iddiaçı tatamiləri cavabdehə icarəyə verməyi və cavabdeh həmin tatamilərdən istifadə müqabilində aylıq icarə haqqını ödəməyi öhdəsinə götürmüşdür. Qeyd olunan razılaşma üzrə cavabdeh tərəfindən vaxtaşırı ödənişlər həyata keçirilmişdir. Lakin karantin rejiminin tətbiqindən sonra idman zalı işləmədiyi üçün cavabdeh icarə haqqı ödəməmişdir. Hazırda iddiaçı məhz həmin dövr üçün ödənilməmiş icarə haqqınını ödənilməsini, eyni zamanda istifadə olunması üçün təqdim etdiyini bildirdiyi 500 manat dəyərində idman geyimlərinin və tatamilərin geri qaytarılmasını, o cümlədən mənəvi ziyan olaraq 1000 manat pul vəsaitinin ödənilməsini tələb edir. Cavabdeh isə bildirir ki, yalnız 34 ədəd tatami onda qalmışdır. Hər hansı bir idman geyimi ona təqdim edilməmişdir. Məhkəmə ilk öncə qeyd edir ki, tərəflər arasında şifahi şəkildə razılaşdırılmasına baxmayaraq müqavilə münasibətləri mövcud olduğuna görə, hazırkı mübahisəyə müqavilə münasibətlərini tənzimləyən maddi hüquq normalarının tələbləri baxımından qiymət verilməlidir. Məhkəmə hesab edir ki, iddia tələbi 50 ədəd tatamidən istifadə etməsi nəticəsində ödənilməmiş 2400 (iki min dörd yüz) icarə haqqının cavabdehdən tutularaq iddiaçıya ödənilməsi hissəsində əsaslı deyildir. AR Mülki Məcəlləsinin 700.1-ci maddəsinə əsasən, icarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur. Həmin Məcəllənin 700.2-ci maddəsinə əsasən, icarə predmeti torpaq sahələri, binalar, daşınar əşyalar, hüquqlar və müəssisələr ola bilər. Məhkəmə ilk öncə qeyd edir ki, iddiaçı 2400 manat dedikdə məhz – aylıq 100 manat olmaqla iki il üçün ödənilməli olan pul məbləğini nəzərdə tutur. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, tərəflər arasındakı şifahi razılaşmaya müvafiq olaraq cavabdeh iddiaçıdan icarəyə götürdüyü tatamilərdən istifadə nəticəsində vaxtaşırı olaraq razılaşdırılmış icarə haqqı ödənişlərini həyata keçirmişdir. Lakin ölkə ərazisində koronavirus epidemiyasının yayılmasından sonra karantin rejiminin tətbiqi ilə əlaqədar olaraq bir sıra müəssisələr, o cümlədən idman zalları öz fəaliyyətinə dayandırmışdır. Qeyd olunan halla əlaqədar cavabdeh öz işgüzar faəliyyətini həyata keçirə bilməməsi nəticəsində icarə haqqı ödənişlərini edə bilməmişdir. Məhkəmə qeyd edir ki, koronavirus (COVİD-19) infeksiyasının yayılması forsmajor hal hesab edilməsə də, onun törətdiyi nəticələr (xüsusi karantin rejiminin tətbiq edilməsi, bunun nəticəsində idarə və müəssisələrin, iri ticarət mərkəzlərinin, o cümlədən, idman zallarının fəaliyyətini dayandırması və s.) fors-major hal hesab edilir. Qeyd olunan hallar məhz öhdəliyin icrasının qarşısını alan hallar hesab edilə bilər. Bu baxımdan məhkəmə hesab edir ki, cavabdehin ondan asılı olmayan hallarla əlaqədar öhdəliyi icra edə bilməməsinə görə iddiaçının ondan icra edilməmiş öhdəlik üçün qeyd olunan icarə haqqını tələb etməsi qanuni və əsaslı hesab edilə bilməz. Məhkəmə hesab edir ki, iddia tələbi iddiaçının cavabdehə təqdim etdiyini bildirdiyi 500 (beş yüz) manat dəyərində idman mallarının dəyərinin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi hissəsində də əsaslı deyildir. Məhkəmə qeyd edir ki, iddiaçı cavabdehə 500 manat dəyərində olan idman geyimləri verdiyini bildirsə də, iddia tələbini bu hissədə formal şəkildə əsaslandırmaqla kifayətlənmiş və qeyd olunan halı təsdiq edən mötəbər sübutları məhkəməyə təqdim etməmişdir. Məhkəmə qeyd edir ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Mülki-Prosessual Məcəllə sübutetmə vəzifələrinin bölgüsünün ümumi qaydasını müəyyən edir. Bu qaydaya görə iş iştirakçıları tələb və etirazlarını əsaslandırdıqları faktları isbat etməlidirlər. Məhkəmə öz istəyinə görə iş iştirakçısı olan bu və ya başqa şəxsi onun öz iddia və etirazlarını əsaslandırmaq üçün söykəndiyi halların və qanunla sübut etməli olduğu başqa halların sübut olunması yükündən azad edə, yaxud sübutetmə yükünü bölüşdürə bilməz. MPM sübutların toplanması və verilməsi yükünü sübutetmə yükünü daşıyan iş iştirakçılarının üzərinə qoyur. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almalıdır (MPM-in 14.2 və 77.1-ci maddələri). Həmin Məcəlləsinin 78.1-ci maddəsinin tələblərinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Məhkəmə hesab edir ki, işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. Məhkəmə hesab edir ki, iddia tələbi dəymiş mənəvi ziyanın əvəzi olaraq 1000 (min) manat pul vəsaitinin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi hissəsində də əsaslı deyildir. Məhkəmə sübutetmə ilə bağlı yuxarıda qeyd olunan normalara istinad edərək qeyd edir ki, hazırkı iddianın qeyd olunan hissədə əsaslı olması üçün mənəvi zərər vura biləcək hərəkətlərin cavabdeh tərəfindən edilməsinin sübut edilməsi zərurəti vardır. Lakin hazırki işdə isə iddiaçı tərəfindən ona mənəvi zərərin vurulmasına səbəb olan hərəkətlərin cavabdeh tərəfindən edilməsini təsdiq edən sübutlar məhkəməyə təqdim olunmamışdır. Belə olan halda, məhkəmə hazırkı iddianın qeyd olunan hissədə əsassız olmaqla təmin edilməməsi qənaətinə gəlir. Məhkəmə hesab edir ki, iddia tələbi 50 ədəd tataminin cavabdehdən alınaraq iddiaçıya qaytarılması hissəsində qismən əsaslıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 701.2.4-cü maddəsinə əsasən, icarəyə xitam verildikdən sonra icarəçi mövcud ləvazimatı icarəyə verənə qaytarmalıdır. Həmin Məcəllənin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Məhkəmə qeyd edir ki, iddiaçı məhz cavabdehə 50 ədəd tatami icarəyə verdiyini qeyd etsə də, lakin bununla bağlı məhkəməyə hər hansı bir sübut təqdim etməmişdir. Lakin bununla belə, cavabdeh öz izahatında bildirmişdir ki, hazırda onda iddiaçıya məxsus 34 ədəd tatami vardır. İddiaçıya həmin tatamiləri gəlib götürməsini bildirsə də, iddiaçı tatamiləri götürməmişdir. Məhkəmə həmçinin onu da qeyd edir ki, iş üzrə Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2022-ci il tarixli, 9/4653 nömrəli ekspert rəyindən göründüyü kimi, tədqiqata təqdim olunmuş 2x1 ölçüdə, tünd yaşıl və qırmızı rəngli, yerli istehsal olan 33 tataminin hər birinin dəyəri 30 manat olmaqla ümumilikdə 990 manat dəyərində qiymətləndirilmişdir. Məhkəmə təqdim olunmuş ekspert rəyini mötəbər sübut kimi qəbul edir və ona tənqidi yanaşılmasına hər hansı bir əsas görmür. Məhkəmə təqdim olunmuş ekspert rəyini və cavabdeh tərəfin izahatını nəzərə alaraq hesab edir ki, hər birinin qiyməti 30 manat olmaqla ümumi dəyəri 1020 manat məbləğində olan 34 ədəd tatami cavabdehdən alınaraq iddiaçıya qaytarılmalıdır. AR MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Eyni Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. AR MPM-nin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iş üzrə iddiaçı tərəfindən ödənilmiş 60 manat dövlət rüsumunun 30 manat hissəsi cavabdehdən tutularaq iddiaçıya ödənilməli və iş üzrə keçirilmiş məhkəmə-əmtəəşünaslıq ekspertizasının dəyəri olan 100 manat rüsumun 50 manat hissəsi iddiaçıdan və digər 50 manat hissəsi cavabdehdən tutularaq AR Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin istinad edilən maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh hər birinin qiyməti 30 manat olmaqla ümumi dəyəri 1020 manat məbləğində olan 34 ədəd tatami alınaraq iddiaçı Əlı̇ yev Azər Adı̇ l oğluna qaytarılsın. İddia tələbi 2400 manat icarə haqqı, 500 manat idman geyimlərinin dəyəri və 1000 manat mənəvi ziyan hissəsində təmin edilməsin. İş üzrə iddiaçı tərəfindən ödənilmiş 60 manat dövlət rüsumunun 30 manat hissəsi cavabdehdən tutularaq iddiaçıya ödənilsin. İş üzrə keçirilmiş məhkəmə-əmtəəşünaslıq ekspertizasının dəyəri olan 100 manat rüsumun 50 manat hissəsi iddiaçıdan və digər 50 manat hissəsi cavabdehdən tutularaq AR Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Tural Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar