Məhkəmə qərarları › İş №2(010)-6651/2025

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərardad — İş №2(010)-6651/2025

17.03.2026 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(010)-6651/2025 17.03.2026 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Miriyeva Səlimə Miri qızının sədrliyi, X1 iclas katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X2 iştirakları ilə İddiаçı İddiaçı Cavabdeh qarşı (Azərbaycan Respublikası Bakı şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamenti Suraxanı rayon Mənzil- Kommunal Təsərrüfatı Birliyi mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) su çəninin götürülməsi tələbinə dаir ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclаsındа bаxаrаq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Azərbaycan Respublikası Bakı şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamenti Suraxanı rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyi (bundan sonra - əsl olmayan iddiaçı) Cavabdeh (bundan sonra – cavabdeh) qarşı su çəninin götürülməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin üzərinə Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, məhəllə 4042/60 ünvanında yerləşən 1 nömrəli evin damının lift şaxtasının üzərinə qanunsuz olaraq qoyulmuş su çəninin götürülməsi öhdəliyinin qoyulması və ödənilmiş 100 manat məbləğində dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 54.1-ci maddəsinin tələblərinə uyğun olaraq, iş üzrə əsl olmayan iddiaçının yazılı razılığı nəzərə alınmaqla əsl olmayan iddiaçı əsl iddiaçı – İddiaçı (bundan sonra - əsl iddiaçı) ilə əvəz edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 54.1-ci maddəsinə əsasən, iddia tələb hüququ olmayan şəxs tərəfindən verildikdə və ya iddiaya cavab verməli olmayan şəxsə verildikdə məhkəmə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər iddiaçının yazılı razılığı ilə iddiaçını və ya cavabdehi əsl iddiaçı və ya cavabdeh ilə əvəz edə bilər. Məhkəmə baxışı zamanı iddiaçının və ya cavabdehin əsl iddiaçı və ya cavabdeh ilə əvəz edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun. İstinad edilən prosessual hüquq normasının məcburi göstərişlərindən aydın olur ki, əsl olmayan tərəfin (iddiaçı və ya cavabdehin) əsl tərəflə əvəz edilməsindən ibarət prosessual tədbirin tətbiq edilməsi imkanı bir neçə imperativ şərtin eyni anda, yəni kompakt şəkildə mövcudluğundan asılı edilmişdir. Belə ki, iddianın tələb hüququ olmayan şəxs tərəfindən verilməsi və ya iddianın buna cavab verməli olmayan şəxsə qarşı verilməsi hələ əsl tərəfin əvəz edilməsi üçün mütləq (həlledici) əsas hesab edilmir. Mülki mühakimə icraatı haqqında qanunvericilik müvafiq əvəzetmənin həyata keçirilməsi üçün tərəfin buna dair razılığının alınmasına dair məcburi qaydanı nəzərdə tutmaqla yanaşı, bu razılığın həm də yazılı formasını imperativ olaraq müəyyən edir. Həmçinin, əsl olmayan tərəfin əvəz edilməsi mülki işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşanadək həyata keçirilməli, əvəzetmənin həyata keçirilməsi üçün müvafiq əsasların məhkəmə baxış gedişində əmələ gəlməsi halında prosessual hüquq normasının tətbiqi istisna edilməməlidir. Baxılan işin halları baxımından müəyyən olunur ki, su çəninin götürülməsi vəzifəsinin cavabdehin üzərinə qoyulmasından ibarət, yəni cavabdehi müəyyən hərəkətləri həyata keçirməyə məcbur edən iddia tələbi əvvəlcə buna müvafiq subyektiv hüquqa malik olmayan iddiaçı tərəfindən qaldırılmış, iddianın tələb hüququ olmayan şəxs tərəfindən qaldırılması məsələsi məhkəmə iclasında tərəflərin iştirakı ilə müzakirə edilmiş, məhkəmə tərəfindən əsl olmayan iddiaçıya əvəzetmənin həyata keçirilməsi təklif edilmiş və əsl olmayan iddiaçı buna etiraz etməmişdir. Əsl olmayan iddiaçının məhkəmənin təklifinə etiraz etməməsi həmin tərəfin nümayəndəsinin “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə məhkəməyə ünvanladığı ərizədən də tam aşkar olunur (ərizənin məzmunu – “iş üzrə iddiaçının əsas İddiaçı ilə əvəz edilməsinə etiraz etmirəm”). Əsl olmayan tərəfin əvəz edilməsi həyata keçirildikdən sonra keçirilmiş məhkəmə iclasları zamanı əsl iddiaçı – İddiaçı iddia ərizəsinin onun tərəfindən tərtib edilmədiyini, iddia ərizəsinin onun tərəfindən məhkəməyə təqdim edilmədiyini (xx.xx.2026-cı il tarixli məhkəmə hazırlıq iclasının video-audio yazısının 04:05 – 04:10-cu, 10:46-10:50-ci dəqiqələri), onun iddia tələbinin hazırkı iddia tələbindən tamamilə başqa tələb olmasını (xx.xx.2026-cı il tarixli məhkəmə baxış iclasının video-audio yazısının 01:57 – 02:00-ci dəqiqələri), iddia tələbinin əsl olmayan iddiaçı tərəfindən müdafiə edilməsinin zəruri olduğunu (xx.xx.2026-cı il tarixli məhkəmə hazırlıq iclasının 05:09 – 05:15-ci dəqiqələri) məhkəmənin diqqətinə çatdırmış və iddia tələbini müdafiə etmədiyini bildirmişdir. Həmçinin, əsl iddiaçı əsl olmayan tərəfin əvəz edilməsi zamanı onun razılığının alınmadığını bildirmiş və məhkəmənin müvafiq prosessual hərəkətinə etiraz etmişdir. Məhkəmə bu hissədə əsl iddiaçının diqqətinə çatdırmağı zəruri hesab edir ki, işin və mübahisənin tərəflərlə müzakirəsi, iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin araşdırılması nəticəsində tərəflərin hansı hüquq münasibətlərində olmasının, eləcə də mübahisənin sonrakı inkişafının qiymətləndirilməsi ilə əlaqədar olaraq iddia tələbinin buna subyektiv hüququ olmayan şəxs tərəfindən qaldırılması müəyyən edildikdən sonra yalnız iddia ərizəsi ilə məhkəməyə müraciət edən iddiaçının yazılı razılığı əvəzetmənin həyata keçirilməsi üçün əsasdır. Məhkəmənin müvafiq prosessual hərəkəti ilə razılaşmayan, özünü iddia tələbinin müdafiəçisi qismində görməyən iddiaçı işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşanadək iddia ərizəsinin geri qaytarılması barədə vəsatətlə məhkəməyə müraciət etmək, məhkəmə baxışı gedişində isə iddia ərizəsinin baxılmamış saxlanılması barədə ərizə ilə məhkəməyə müraciət etmək hüququna malikdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə əsasən, bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Lakin, bu hüquqdan istifadə etmək istəməyən bu və ya digər şəxsin iddiaçı qismində məhkəmə icraatı gedişində saxlanılması qanunla müəyyən edilmiş hüquqi zərurətdən irəli gəlmir. Bundan əlavə, iş üzrə əsl iddiaçı kimi cəlb edilmiş İddiaçı xx.xx.2026-cı il tarixdə yazılı vəsatətlə məhkəməyə müraciət etmiş və əsl olmayan tərəfin yenidən əvəz edilməsini məhkəmədən xahiş etmişdir. Bir daha məhkəmə nəzərə çatdırmağı zəruri hesab edir ki, əsl olmayan tərəfin əvəz edilməsi hüququ işə baxan məhkəmənin (hakimin) səlahiyyətinə aid olan məsələdir və zəruri prosessual şərtlər təmin olunduqda, həmin normanın tətbiqi mümkündür. İddianın tələb hüququ olmayan şəxs tərəfindən qaldırılması müəyyən edilmədiyindən həmin vəsatətin təmin edilməsi qeyri-mümkündür. Məhkəmə tərəflərin izahatını dinləyib, iddia ərizəsi və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, əsl iddiaçının su çəninin götürülməsi vəzifəsinin cavabdehin üzərinə qoyulmasından ibarət iddia tələbini müdafiə etməməsi səbəbindən iddia ərizəsi baxılmamış saxlanılmalıdır. İddiaçının iddia tələbini müdafiə etməməsi səbəbindən iddia ərizəsinin baxılmamış saxlanılması əsası birbaşa mülki mühakimə icraatı haqqında qanunvericiliklə nəzərdə tutulmasa da, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 13.4-cü maddəsinə əsasən, barəsində mübahisə edilən hüquq münasibətlərini tənzimləyən hüquq norması olmadıqda, məhkəmə analoji münasibətləri tənzimləyən hüquq normalarına müraciət edir. Belə ki, iddiaçının iddia tələbini müdafiə etməməsi, mülki prosesdə mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs kimi iştirakının vacibliyini məhkəmənin diqqətinə çatdırması, iddia tələbinin əsl olmayan iddiaçı tərəfindən qaldırıldığını və iddia ərizəsinin onun tərəfindən tərtib edilmədiyini təkidlə bildirməsi iddiaçının mübahisəyə mahiyyəti üzrə baxılması istəyinin olmaması kimi qiymətləndirilməli və iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 259-260, 263-264, 267-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiаçı İddiaçı Cavabdeh qarşı (Azərbaycan Respublikası Bakı şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamenti Suraxanı rayon Mənzil- Kommunal Təsərrüfatı Birliyi mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) su çəninin götürülməsi tələbinə dаir iddia ərizəsi baxılmamış saxlanılsın. Ödənilmiş 100 (yüz) manat məbləğində dövlət rüsumu (xx.xx.2025-ci il tarixli, ********** nömrəli mədaxil qəbzi) dövlət büdcəsindən Azərbaycan Respublikası Bakı şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamenti Suraxanı rayon Mənzil- Kommunal Təsərrüfatı Birliyinə qaytarılsın. İddiaçı iddia ərizəsinin baxılmamış saxlanılmasına səbəb olan şərait aradan qaldırıldıqdan sonra ümumi qaydada iddia ərizəsi ilə məhkəməyə yenidən müraciət etmək hüququnun olması izah edilsin. Qərardaddan, qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə şikayət verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar