Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-698/2024 01.04.2024 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Mirzəyeva Firuzə Fuad qızının sədrliyi Quliyeva Leyla Məmməd qızının katibliyi, İddiaçı İsayev Emil Alim oğlunun iştirakı ilə, İddiaçı İsayev Emil Alim oğlunun cavabdehlər Hümbətov Famil Faiq oğluna və Məmmədov Rəvail Əlizaman oğluna qarşı “pul” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddia tələbi. İddiaçı İsayev Emil Alim oğlu cavabdehlər Hümbətov Famil Faiq oğluna və Məmmədov Rəvail Əlizaman oğluna qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Suraxanı rayon Məhkəməsinə müraciət edərək, məhkəmədən Məmmədov Rəvail Əlizaman oğludan və Hümbətov Famil Faiq oğlundan 4700 manat məbləğində pulun və 67 manat dövlət rüsumunun tutulub ona qaytarılmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı İsayev Emil Alim oğlu iddia ərizəsinə dəqiqləşmə verərək Məmmədov Rəvail Əlizaman oğludan və Hümbətov Famil Faiq oğlundan müştərək qaydada 4690 manat məbləğində pulun və 67 manat dövlət rüsumunun tutulub ona qaytarılmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbinin əsaslandırılması. İddia tələbi onunla əsaslandırılmışdır ki, 22 fevral 2019-cu ildə axşam saatlarında “Tap.az” saytında yerləşdirilmiş elanda “Kia Rio” markalı avtomobilin satışda olduğunu görüb elanda nömrəsini qoymuş Rəvailə zəng edib danışaraq həmin avtomobili almaq istədiyimi bildirmişdir. Həmin gün axşam saat 17 radələrində avtomobili satan Rəvail və yanında olan tanışı Tural adlı şəxslə Bakı şəhəri “Şamaxinka” adlanan ərazidə görüşmüş, görüş zamanı Rəvail “Kia Rio” markalı, 99-FR-292 dövlət qeydiyyat nişanlı avtomobili ona təqdim edərək avtomobilin satış qiymətinin 14500 manat olduğunu bildirmişdir. Birlikdə həmin ərazidə yerləşən çay evində əyləşmişlər. Rəvail öz mobil telefonu ilə zəng edib selektor vasitəsi ilə Famillə danışaraq onun bir alıcı kimi müraciət etdiyi barədə məlumat vermişdir. O, özü də selektor vasitəsi ilə həmin Famillə danışaraq avtomobilin satış qiymətini bir qədər endirməsini xahiş etmişdir. Famil telefon danışığı zamanı həmin avtomobilin dəyərinin çox olduğunu və təcili pul lazım olduğu üçün məcbur olub tələsik həmin avtomobili satdığını bildirmiş, danışıq nəticəsində Famil satış qiymətini endirərək 13500 manat müəyyən edərək pulun yarısını verməsini xahiş etmiş, o isə etiraz edərək yalnız 1000 manat pulu beh verə biləcəyini bildirmişdir. Sonra Rəvail artıq gec olduğu üçün notariusların iş vaxtının tamamlandığını bildirib buna görə avtomobili aparıb onun yaşadığı ünvanda saxlamağı və sabah birlikdə notariusa gedərək sənədləşməni aparmağı təklif etmiş, lakin daha sonra Familin onun adına etibarnaməni Şamaxı rayonunda yerləşən notariusda yazdırıb özü ilə gətirəcəyini bildirmişdir. O, bu barədə razılaşaraq öz şəxsiyyət və sürücülük vəsiqələrini Rəvailə təqdim etmişdir. Sonra birlikdə təxminən saat 18 radələrində yaşadığı Bakı şəhəri, Yasamal rayonu, Zivərbəy Əhmədbəyov küçəsindəki 39 saylı binanın qarşısına gəlmiş, Rəvail bir də Familə zəng edib danışdıqdan sonra o Familin Şamaxı rayon Polis Şöbəsində işlədiyini, sabah saat 11 radələrində notariusa getməkdən ötrü Bakı şəhərinə gələcəyini, təcili pul lazim olduğunu, avtomobili on atəhvil verməyi, 8000 manat miqdarda pul verməyini təklif etmişlər.O, razılaşıb yaşadığı mənzildən 7650 manat hesabı ilə 4500 ABŞ dolları pulu gətirib Turalın yanında Rəvailə verdi və Rəvail da həmin avtomobili və açarlarını ona təhvil vermişdir. Təxminən iki saat sonra Rəvail ona zəng edərək əlavə 2000 manat da verməyini xahiş etmiş, o, razılaşmış, təxminən 15-20 dəqiqədən sonra “Nefçilər” metro stanisyasının yaxınlığında görüşərək, 2040 manat hesabı ilə 1200 ABŞ dolları miqdarında pulu Rəvailə vermişdir. Rəvail həmin pulu götürdükdən sonra avtomobilin alqı-satqısına aid qalan məbləği ertəsi gün saat 11 radələrində Familin özü Baki şəhərinə gəlib etibarnaməni ona təqdim edəndə ödədiyini bildirmişdi. Ertəsi gün Rəvail onun zənglərinə cavab verməmişdir. Onun yaşadığı evin qarşısında özünün quraşdırdığı müşahidə kamerasının qeydə aldığı Rəvailin Tural adlı şəxslə birlikdə 22.02.2019-cü il tarixdə axşam saat 19:15-də avtomobili oraya gətirib qoyması və onun pulunu necə sayıb ona verməsini mobil telefonu vasitəsilə çəkərək “WhatsApp” proqramı vasitəsi ilə Rəvailin mobil telelonuna göndərdikdən sonra Famil özü ona zəng edib polis şöbəsində xidmət etdiyini, 2 saatdan sonra onunla görüşəcəyini bildirdi. Sonra həmin gün saat 16 radələrində danışdığı kimi o, xalası oğlu Kərimov Tamerlan Səbuhi oğlu ilə birlikdə Bakı şəhəri, Nəsimi rayonu, Həsən Əliyev küçəsində yerləşən “Asan” xidmətin qarşısında Famillə görüşmüş, Famil ona həmin avtomobilin əslində xalası oğlu Cavidan adlı şəxsə məxsus olduğunu, guya Cavidanın valideynlərinin icazəsi olmadan həmin avtomobili Rəvailin vasitəsi ilə ona satmaq istədiyini, götürülmüş pulların ümumiyyətlə ona heç bir aidiyyətinin olmadığını, Cavidan və Rəvailə kömək etmək üçün 3-4 gün ərzində pulları geri qaytararaq avtomobili ondan geri təhvil alacağını demişdir. O, Famillə razılaşmış, vaxt itirməmək məqsədi ilə avtomobili Bakı şəhəri, Nizami rayonu, Nəsimi küçəsi 37 ünvanında yerləşən avtomobil qarajında fəaliyyət göstərən ustaların yanına gətirib təhvil vermişdir. 08 mart 2019-cu il tarixdə özünü “El Service” MMC-nin işçisi kimi təqdim edən Murad adlı şəxs ona zəng edərək həmin avtomobilin “El Service” MMC-və məxsus olduğuna görə avtomobili oradan öz qarajlarına aparacağını demişdirlər. Bir neçə dəqiqədən sonra o təmir emalatxanasına getmiş, Familin “El Service” MMC-nin işçiləri ilə birlikdə orada durduğunu, heç bir söz demədən yalnız susaraq başını aşağı saldığını görmüşdür. O, DİNnin “102” xidmətinə zəng edərək baş vermiş hadisə barədə məlumat vermişdir. Famil ona 11800 manat pul ödəyəcəyinə söz vermişdir. Hümbətov Famil Faiq oğlu tərəfindən ona məhkəmədə dəymiş ziyandan cəmi 5000 manat ödənilmişdir. Bakı şəhəri Nizami Rayyon Məhkməsinin 09 iyul 2021-ci il tarixli, 1(007)-54/2021 saylı hökmü ilə Hümbətov Famil Faiq oğlu Azərbaycan Respublikası CM-nin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinib, barəsində 2 il müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilməsi və Məmmədov Rəvail Əlizaman oğlu Azərbaycan Respublikası CM-nin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayəti törətmədə təqsirli bilinib, barəsində 2 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilməsinə hökm edilmişdir.Məmmədov Rəvail Əlizaman oğlu və Hümbətov Famil Faiq oğlu onun pulunun qalan hissəsini, yəni 4700 manat geri qaytarılmasına söz versələr də bu günə kimi onun pulu geri qaytarılmamışdır. Tərəflərin izahatları. Məhkəmə iclasında iddiaçı İsayev Emil Alim oğlu iddia tləbini müdafiə edərək, tələbinin 4700 manat olduğunu, 5100 manatın Hümbətov Familin atasının ödədiyini bildirmişdir. Hər ikisinin cinayəti etdiyini qeyd etmişdir. Cavabdeh Hümbətov Famil Faiq oğluna və Məmmədov Rəvail Əlizaman oğluna məhkəmə iclasının vaxtı və yeri barəsində məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş, gəlməmənin səbəblərini məhkəməyə bildirməmişdir. Cavabdehlərin məhkəmə iclasına gəlməməsinin səbəbləri barəsində məlumat olmadığından, Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materialları. Nizami Rayon Məhkəməsinin 1(007)-54/2021 saylı, 09.07.2021-ci il tarixli Hökmündən görünür ki, Hümbətov Famil Faiq oğlu və Məmmədov Rəvail Əlizaman oğlu Azərbaycan Respublikası CM-nin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinmişdir., İş materiallarına əlavə edilmiş, 09.07.2021-ci il tarixli Hökmündən görünür ki, Rəvail Məmmədov 22 fevral 2019-cu il tarixində saat 19 radələrində Bakı şəhəri, Yasamal rayonu, Z.Əhmədbəyov küçəsi, bina 73 ünvanının qarşısında Emil İsayevdən beh kimi 4500 ABŞ dolları, həmin gün saat 22 radələrində Bakı şəhəri,Nizami rayonu “Neftçilər” metrostansiyasının yaxınlığında 1200 ABŞ dolları, ümumilikdə isə qeyd edilən dövrün rəsmi məzənnəsi ilə 9690 manat təşkil edən 5700 ABŞ dolları məbləğində nağd pul vəsaiti alıb ələ keçirərək öz aralarında bölməklə sonuncuya xeyli miqdarda ziyan vuraraq dələduzluq etmişdir. İş materiallarına əlavə edilmiş, 09.07.2021-ci il tarixli Hökmündən görünür ki, zərərcəkmiş şəxs qismində tanınma haqqında 24.07.2020-ci il tarixli qərardan görünür ki, İsayev Emil Alim oğlu zərərçəkmiş şəxs qismində tanınmışdır. Hümbətov Famil Faiq oğlu tərəfindən dəymiş ziyandan 5000 manat ödənilmişdir. Zərəçəkən şikayətçi olduğu dəymiş ziyanın tam ödənilməsini istəyir. İş materiallarına əlavə edilmiş, 09.07.2021-ci il tarixli Hökmündən görünür ki, təqsirləndirilən şəxs Hümbətov Famil Faiq oğlunun və Məmmədov Rəvail Əlizaman oğlu ilə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək etibardan sui-istifadə etmə və aldatma yolu ilə zərərçəkmiş şəxslərə qarşı dələduzluq cinayətini törətməsi sübuta yetirilmişdir. Cinayət işi üzrə maddi sübut olan “Hyundai İX35” markalı, 90-KA-990 dövlət qeydiyyat nişanlı və “Kia Rio” markalı, 99-FR-292 dövlət qeydiyyat nişanlı avtomobillər sahiblərinə qaytarılmış hesab edilmişdir. 05.03.2021-cü il tarixli, 3-16-17/42/2 -827/2024 saylı Azərbaycan Resublikası Ədliyyə Nazirliyi Penitensiar xidmət 3 saylı İstintaq Təcridxanasının qəbzindən görünür ki, məhkəmə bildirişi Məmmədov Rəvail Əlizaman oğluna çatdırılmışdır. Tətbiq edilən hüquq. Azərbaycan Respublikasının Mülki Məcəlləsi. Maddə 21. Zərərin əvəzinin ödənilməsi 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 21.3. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. Maddə 500. Birgə borclular və birgə öhdəliklər 500.1. Əgər öhdəliyin icrası bir neçə şəxsə onlardan hər birini öhdəliyin tam icrasında iştirak etməyə borclu edən şəkildə həvalə edilirsə, kreditor isə yalnız birdəfəlik icranı tələb etmək hüququna malikdirsə, onlar birgə borclulardır. 500.2. Birgə öhdəlik müqaviləyə, qanuna və ya öhdəlik predmetinin bölünməzliyinə əsasən əmələ gəlir. Maddə 1096. Mülki hüquq pozuntuları (deliktlər) anlayışı 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Maddə 1113. Birlikdə törədilmiş mülki hüquq pozuntusu üçün məsuliyyət 1113.1. Birlikdə mülki hüquq pozuntusu törətmiş şəxslər vurulmuş zərər üçün zərərçəkən qarşısında birgə məsuliyyət daşıyırlar. 1113.2. Zərərçəkənin ərizəsi ilə və onun mənafeləri üçün məhkəmə zərəri birlikdə vurmuş şəxslərin üzərinə məsuliyyəti hissələr şəklində qoya bilər. Həmin hissələr bu Məcəllənin 1114.2-ci maddəsində nəzərdə tutulan qaydalara əsasən müəyyənləşdirilir. Maddə 1115. Zərərin əvəzinin ödənilməsi üsulları Zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 14. İş üzrə məhkəmə baxışının prinsipləri. ...14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.... Maddə 77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 82. Sübut etməkdən azad olmaq üçün əsaslar 82.4. Məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Maddə 119. Məhkəmə xərclərinin tərəflər arasında bölüşdürülməsi. 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Maddə 124. İşə baxılarkən məhkəmənin çəkdiyi xərclərin ödənilməsi 124.1. İşə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır.... Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsi: Maddə 180. Mülki iddia üzrə məhkəmənin qanuni qüvvəyə minmiş hökmünün və ya qərarının əhəmiyyəti 180.1. Eyni tərəflər arasında və eyni predmet üzrə mübahisəyə dair eyni əsaslarla qəbul edilmiş mülki iddia haqqında, mülki iddiaçının iddiadan imtina etməsinin qəbul olunması haqqında və ya barışıq sazişinin təsdiq edilməsi haqqında qanuni qüvvəyə minmiş məhkəmə qərarının olması, habelə iddianın rədd edilməsini, yaxud tamamilə və ya qismən təmin edilməsini nəzərdə tutan qanuni qüvvəyə minmiş məhkəmə hökmünün olması yenidən mülki iddia verilməsini istisna edir. 180.2. Şəxs cinayət mühakimə icraatı zamanı mülki iddia verməmişsə, o, mülki mühakimə icraatı qaydasında mülki iddia verməyə haqlıdır. 180.3. Cinayət mühakimə icraatı zamanı verilmiş, lakin məhkəmə tərəfindən baxılmadan saxlanılmış mülki iddia sonradan mülki mühakimə icraatı qaydasında verilə bilər. Azərbaycan Respublikasının Cinayət Məcəlləsi: Maddə 178. Dələduzluq 178.1. Dələduzluq, yəni etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə... 178.2. Eyni əməllər: 178.2.1. qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə; 178.2.2. təkrar törədildikdə;... 178.2.4. xeyli miqdarda ziyan vurmaqla törədildikdə... “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunu. Maddə 8. Məhkəməyə iddia ərizəsinin, digər ərizənin və ya şikayətin verilməsinə, məhkəmə aktının surətinin təkrar verilməsinə görə dövlət rüsumunun dərəcələri. 8.1.2. iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda - 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi. Məhkəmənin mövqeyi və gəldiyi nəticə. Məhkəmə iddiaçının izahatını dinləyib, işdə olan sənədləri tədqiq edib, toplanmış sübutların məcmusuna hüquqi qiymət verərək, hesab edir ki, iddia təmin edilməlidir. Məhkəmə ilk öncə onu qeyd edir ki, məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Şəxs cinayət mühakimə icraatı zamanı mülki iddia verməmişsə, o, mülki mühakimə icraatı qaydasında mülki iddia verməyə haqlıdır. İş materialarına əlavə edilmiş 09.07.2021-ci il tarixli hökmdə mülki iddianın olmadığı görünür. Bu səbəbdən iddiaçı hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etməkdə haqqlı olmuşdur. İşin faktiki halı ondan ibarətdir ki, Məmmədov Rəvail Əlizaman oğlu və Hümbətov Famil Faiq oğlu birlikdə özgəsinə məxsus avtomobili ələ keçirib öz əmlakları kimi iddiaçıya satmaq barədə razılığa gəliblər. Onlar “El Service” Məhdud Məsuliyyətli Cəmiyyətinin istifadəsində olan 15000 manat dəyərində 2013-cü il istehsalı “Kio Rio” markalı, 99-FR-292 dövlət qeydiyyat nişanlı avtomobili icarəyə götürülməsi baradə müqavilə bağlayaraq, həmin avtomobili ələ keçiriblər. Avtomobilin qeydiyyat nömrəsini gizlədərək “Tap.az” internet saytına yerləşdirdikdən sonra Famil Hümbətov elan əsasında müştəri kimi onlara müraciət etmiş iddiaçıya polis əməkdaşı olduğunu bildirərək inamını qazanmışdır. İddiaçı avtomobili 13500 manata alması barədə razılaşmış, 22 fevral 2019-cu il tarixində saat 19 radələrində Bakı şəhəri, Yasamal rayonu, Z.Əhmədbəyov küçəsi, bina 73 ünvanın qarşısında iddiaçı beh kimi 4500 ABŞ dolları, həmin gün 22 darələrində Bakı şəhəri, Nizami rayonu, “Neftçilər metrostansiyasının yaxınlığında 1200 ABŞ dolları, dövrün məzənnəsi ilə (9690 manat) təşkil edən 5700 manat ABŞ dolları məbləğində nəğd pulu Məmmədov Rəvail Əlizaman oğluna vermişdir. İş materiallarına əlavə edilmiş hökmdən də görünür ki, cavabdehlər əlbir olub cinayət əlaqəsinə girərək etibardan sui-istifadə etmə və aldatma yolu ilə iddiaçıya qarşı dələduzluğa görə cinayət məsuliyyətinə cəlb edilmişdirlər. Hümbətov Famil Faiq oğlu və Məmmədov Rəvail Əlizaman oğlunun əməlləri qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi kimi tövsif edilmişdir. Hökmdən görünür ki, Hümbətov Famil Faiq oğlu tərəfindən zərərçəkmiş şəxsə (iddiaçıya) 5000 manat ödənilmişdir. Lakin, o, şikayətçi olaraq, ona dəymiş ziyanın tam ödənilməsini tələb etmişdir. Hökmə əsasən, iddiaçıya dəymiş ziyan 5700 ABŞ dollar, dövrün rəsmi məzənnəsi ilə 9690 manat kimi müəyyən edilmişdir. İddiaçı həmin məbləğdən 5000 manat qaytarıldığını bildirərək, qalan 4690 manatı cavabdehlərdən müştərək qaydada tələb edir. Nəzərə alaraq ki, məhkəmənin qanuni qüvvəyə minmiş hökmü ilə zərərin kim tərəfindən hansı həcmdə vurduğu müəyyən edilmir, cavabdehlər isə cinayəti qabaqcadan əlbir olan bir qrup şəxs kimi törədiblər, məhkəmə hesab edir ki, mülki-hüquq məsuliyyəti baxımından, cavabdehlər birgə borclular kimi çıxış edir və onların məsuliyyəti birgə məsuliyyət kimi qiymətləndirilməlidir. Buna görə də, cavabdeh Hümbətov Famil Faiq oğlunun vurulmuş ziyandan 5000 manat ödəməsinə baxmayaraq, qalan, yəni 4690 manatın ziyanın aradan qaldırılmasında o, digər cavabdehlə müştərək qaydada iştirak etməlidir. Bunları nəzərə alaraq, məhkəmə hesab edir ki, iddia təmin edilməli, cavabdehlər Məmmədov Rəvail Əlizaman oğlu və Hümbətov Famil Faiq oğlundan müştərək qaydada 4690 manat məbləğində pul tutularaq iddiaçıya ödənilməlidir. Məhkəmə xərcləri. İş materiallarından görünür ki, iddiaçı tərəfindən hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmək üçün iddia qiymətinə mütənasib dövlət rüsumu ödənilmişdir. Məhkəmə hesab edir ki, ödənilmiş dövlət rüsumunun iddianın təmin edilən hissəsinə mütənasib olan 67 manat məbləğində pul cavabdehlərdən müştərək qaydada tutularaq iddiaçıya ödənilməlidir. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 357, 358, 360 və 362-cı mаddələrini rəhbər tutаrаq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdehlər Məmmədov Rəvail Əlizaman oğlu və Hümbətov Famil Faiq oğlundan müştərək qaydada 4690 manat məbləğində pul, 67 manat dövlət rüsumu tutulub iddiaçı İsayev Emil Alim oğluna ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron Məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Bakı şəhər Suraxanı rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Firuzə Mirzəyeva
Məhkəmə qərarları › İş №2(010)-698/2024
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-698/2024
01.04.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver