Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-70/2025 06.03.2025 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin hakimi Qafarova Rübabə Nurulla qızının sədrliyi, Allahyarlı Eltac Rauf oğlunun katibliyi ilə, İddiaçı, Cavabdeh nümayəndəsi X1 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı "dəymiş zərərin ödənilməsi" tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddia tələbi 10777 manat pulun və iddia ərizəsinin verilməsi üçün ödənilmiş 123 manat dövlət rüsumunun Cavabdeh tutularaq iddiaçıya ödənilməsi. İddia tələbinin dəlilləri Cavabdehin təqsiri ucbatından xx.xx.2023-cü ildə Abşeron rayon, Novxanı kəndi, Novxanı-Masazır yolu, Rahat marketin qarşısında yol-nəqliyyat hadisəsi baş vermişdir. İddiaçı BC kateqoriyalı sürücülük hüququna malikdir. Həmin tarixdə saat 21:00-da özünə məxsus idarə etdiyi, texniki cəhətdən saz vəziyyətdə olan Hyundai Sonata markalı, 90 ОН 902 dövlət qeydiyyat nişanlı avtomobillə yuxarıda göstərilən ünvanda iki gedişli və iki gəlişli yolun sağzolağı ilə saatda 40-50 km sürətlə hərəkətdə olan zaman əks istiqamətdə gələn Nissan Tida markalı 77CJ 650 dövlət qeydiyyat nişanlı avtomobil qəza şəraiti yaratmış və idarəetməni itirərək əks yolaçıxaraq iddiaçının idarə etdiyi maşına çırpılmış və nəticədə avtomobil yolun kənarında olan dərəyə düşmüşdür. Xəsarət almağı ilə bağlı KTM-ə müraciət etmişdir. Həmin maşın ani anda iddiaçının yoluna çıxmış və o, qəza yaranmaması üçün maşını sağa çəkmişdir. Həmin maşın iddiaçının maşınına çırpılmışdır. İddiaçı həmin maşını təxminən 2-5 metr məsafədə görüb. Hadisə zamanı heç kim olmayıb. O, sərxoş olmayıb. Faktla bağlı cinayət işi başlanmasa da, cavabdeh İXM-nin 327.2-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilmişdir. Hadisə zamanı iddiaçıya 15777 manat ziyan dəymişdir. Onun 5000 manatını sığorta qarşılamış, qalan 10777 manatı isə cavabdeh ödəməkdən imtina etmişdir. Odur ki, həmin vəsaitin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi haqqında qətnamə qəbul edilməsinə zərurət meydana gəlmişdir. Tərəflərin izahatları Məhkəmə iclasında dindirilən İddiaçı iddia tələbini müdafiə edərək, iddianın təmin edilməsini xahiş etmişdir. Hadisə xx.xx.2023-cü ildə baş verib. Təhqiqatçı demişdi ki, sığorta dəymiş ziyanı tam ödəməyəcək. Əlavə olaraq 350 manat ekspertizaya xərc çəkib. Evakuatr çağırıb, vəkil xidmətindən istifadə etmiş, 1000 manata yaxın xərci çıxıb. Espertiza rəyi ilə razılaşır. İl yarımdı maşınsızdır. Cavabdeh onunla əlaqə saxlamamış, təzminatı da ödəməmişdir. 1 ay ağrıkəsicilərin təsiri altında xəstə yatıb. Özünə dəyən ziyanı yox maşına dəyən ziyanı istəyir. Həmin sığorta şirkəti bağlanıb. Hyundai Sonata markalı, **-OH-*** dövlət qeydiyyat nişanlı avtomobili 2009-cu ildə 21000 manata alıb. Avtomobilin əsas hissələri onun ön hissəsində yerləşir. Onun maşınının ön hissəsi demək olar ki yoxdur. Maşın hazırda yararsız bir vəziyyətdə həyətində qalıb, təmiri əlverişli deyil. Maşınına dəymiş ziyanı tam şəkildə ödənilməsini tələb edir. Məhkəmə iclasında dindirilən Cavabdeh nümayəndəsi X4 iddianı qəbul etməyərək izahatında göstərdi ki, qəza qəsdən törədilməyib. İddiaçının maşını köhnə maşındır. Təhqitatçıdan iddiaçının telefon nömrəsini istəmiş lakin verməmişdir. Əlaqə nömrəsini tapdıqdan sonra tərəflər görüşmüşlər, iddiaçıya bu məsələni aralarında həll etməyi, məhkəməyə verməməyi xahiş etmiş, hətta 2000 manat təklif etmiş, lakin iddiaçı qəbul etməmişdir. İddiaçı həmçinin ona 700 manat da ziyan dəydiyini bildirmiş, bu məbləği də ödəməyə hazır olduğunu demiş, lakin o şərtlə ki, bu məbləği iyun-iyul aylarında ödəsin. Hazırda iddiaçı 10777 manat pul tələb edir. Bu məbləği verə bilmir, lakin maşını versə təmir etdirməyə razıdır. İş materialları Cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarın surətindən görünür ki, toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmiş, Cavabdeh AR İXM-nin 327.2-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunması məqsədilə qəbul edilmiş qərar icra olunması üçün Abşeron RPİ-nin DYPŞ-yə göndərilmişdir. “X6” MMC-nin tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli qüsur aktından görünür ki, X2 məxsus 2009-cu il buraxlışlı Hyundai Sonata ** OH *** nömrə nişanlı avtomobilin zədələndiyi və təmir-bərpa xərcinin cəmi 15777 manat məbləğində olduğu müəyyən edilmişdir. AD N 957435 saylı nəqliyyat vəasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, ** OH *** nömrə nişanlı Hyundai Sonata markalı buraxılış ilə 2009-cu il ban nömrəsi 5NPEU4AC0AH626857 olan avtomobil X3 məxsusdur. ƏN-Vİİİ seriyalı 802714 saylı etibarnamədən görünür ki, X5 ** OH *** dövlət nömrə nişanlı Hyundai Sonata markalı avtomobili idarə etmək səlahiyyətlərini İddiaçı xx.xx.2024cü ilədək vermişdir. ƏN-Vİ seriyalı 253060 saylı etibarnamədən görünür ki, X4 ** CJ *** dövlət nömrə nişanlı NİSSAN TİİDA LATİO minik markalı avtomobili idarə etmək səlahiyyətlərini Cavabdeh xx.xx.2033-cü ilədək vermişdir. xx.xx.2020-ci il tarixli KİA Motors qüsur aktından görünür ki, Hyundai markalı **-OH- *** dövlət nömrə nişanlı avtomaşına ümumilikdə 5120 manat məbləğində zərər dəymişdir. N 73057 saylı xx.xx.2023-cü il tarixli ödəniş tapşırığından görünür ki, Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinin Yasamal filialı tərəfindən İddiaçı 5000 manat məbləğində ziyan ödənilmişdir. 0311723/01 saylı xx.xx.2024-cü il tarixli ödəniş aktından görünür ki, Zərərvuranın (Cavabdeh) sığortaçısı Azərsığorta ASC tərəfindən zərərçəkən (İddiaçı) Hyundai Sonata, **-OH-*** dövlət qeydiyyat nişanlı, 2009-cu il buraxlışlı avtomobil üçün 5000 manat məbləğində sığorta ödənişi ödənilmişdir. Məhkəmə-əmtəə ekspertizasının 9/2417 saylı xx.xx.2024-cü il tarixli rəyindən görünür ki, təmiri məqsədə müvafiq və rentabelli hesab edilməyən, zədələnməmişdən əvvəlki orta bazar qiyməti təxminən 16500 manat olmuş 2009-cu il buraxılışlı, Hyundai Sonata markalı **-OH-*** dövlət qeydiyyat nişanlı avtomobilin zədələnməsindən dəymiş ziyanın məbləği salamat qalmış hissələr nəzərə alınmaqla təxminən 11550,00 (16500,0- 30%) manat müəyyən edilir. Sözügedən avtomobil avtoservis şəraitində söküldükdən, hissələri dianostika olunduqdan, salamat qalmış hissələrin adı və dəyəri dəqiqləşdirildikdən sonra müəyyən edilmiş salamat hissələrin dəyərində dəyişiklik olması istisna edilmir. Qeyd: avtobazarlarda mövcud olmuş qiymətlərdən, tələb və təklifdən eləcə də motosikletin əmtəə keyfiyyət göstəricilərindən asılı olaraq , yuxarıda müəyyən edilmiş bazar qiymətində qismən dəyişiklik olması istisna edilmir. Tətbiq olunan hüquq Azərbaycan Respu blikası Mülki Məcəlləsi 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 1091.1. Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. 1091.2. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. 1092.1. Varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1097.1 Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. 1108.1 Ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur 1115. Zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 82.4 Məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və iqtisadi mübahisəyə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir.
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
107. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır
“Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanunu: 8.1.3. İddia qiyməti 10.000 manatdan 100.000 manatadək olduqda 120 manat + 10.000 manatdan yuxarı olan iddia qiymətinin 0,3 faizi məbləğində dövlət rüsumu ödənilməlidir.
Məhkəmənin mövqeyi İşin faktiki halları ondan ibarətdir ki, İddiaçı Hyundai Sonata markalı, ** OH *** dövlət qeydiyyat nişanlı minik avtomobili etibarnamə əsasında idarə etmişdir. xx.xx.2023cü il tarixində Cavabdeh və idarə etdiyi atası Ramiz Tağıyevin mülkiyyətində olan **-CJ-*** dövlət nömrə nişanlı, “Nissan Tida” markalı avtomobillə İddiaçıun idarə etdiyi Hyundai Sonata markalı, ** OH *** dövlət qeydiyyat nişanlı avtomobilə toqquşaraq yol-nəqliyyat hadisəsi törətmişdir. Həmin yol-nəqliyyat hadisəsinə görə Cavabdeh Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsində göstərilən inzibati xətanın (“Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 69-cu maddəsinin 6-cı hissəsinin 1-ci bəndinin 1.1-əks istiqamətli nəqliyyat axınlarını ayırır və yolların təhlükəli yerlərində hərəkət zolaqlarının sərhəddini, yolun hərəkət hissəsinin giriş qadağan edilən sərhədlərini, nəqliyyat vasitələrinin duracaq yerlərinin sərhədlərini və avtomagistirallara aid edilməyən yolların hərəkət hissəsinin kənarlarını göstərir tələblərini pozmuşdur) törədilməsində təqsirli bilinmişdir. İddiaçı, hazırda sözügedən yol-nəqliyyat hadisəsi zamanı idarə etdiyi avtomobilin zədələnməsi nəticəsində dəymiş zərərə görə cavabdehdən 10777 manat məbləğində pul vəsaitinin tutularaq ona ödənilməsini tələb edir. Cavabdeh isə bildirir ki, iddiaçı ilə məsələni məhkəmədən kənar həll etməyə calışmış, vurulmuş zərərə görə sığorta şirkətinin ödədiyi 5000 manat pul vəsaitindən əlavə 2700 manat məbləğində pul vəsaiti təklif etmiş, lakin iddiaçı bununla razılaşmamışdır. Məhkəmə müəyyən edir ki, İddiaçı idarə etdiyi Hyundai Sonata markalı, ** OH *** dövlət qeydiyyat nişanlı avtomobilə Cavabdeh tərəfindən maddi ziyan vurulmuşdur. Bununla da, Cavabdeh tərəfindən İddiaçı qanunla qorunan hüquqlarının pozulması halı delikt baş vermişdir. Ona görə də, məhkəmə hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. Bununla belə, məhkəmə tələb edilən zərərin məbləği ilə razılaşmır. Belə ki, iş materiallarında olan 30 aprel 2024-cü il tarixli saylı ekspert rəyinə əsasən məhkəmə müəyyən edir ki, sözügedən Hyundai Sonata markalı **-OH-*** dövlət qeydiyyat nişanlı avtomobilin zədələnməmişdən əvvəlki təyinatı üzrə istifadəyə yararlı vəziyyətdə orta bazar qiyməti təxminən 16500 manatdır. Ekspert cavabdehin təqsiri üzündən baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində iddiaçının idarə etdiyi avtomobilin təmirini məqsədəmüvafiq və rentabelli hesab etməmişdir. Eləcə də, ekspert avtomobilin qəzaya düşdükdən sonra salamat qalmış hissələrinin qiymətini 4950 manat müəyyən etmişdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli ekspert rəyinə əsasən isə məhkəmə müəyyən edir ki, 2009-cu il buraxılışlı “Hyundai Sonata” markalı **-OH-*** dövlət qeydiyyat nişanlı sözügedən Hyundai Sonata markalı **-OH-*** dövlət qeydiyyat nişanlı avtomobilin zədələnməmişdən əvvəlki təyinatı üzrə istifadəyə yararlı vəziyyətdə orta bazar qiyməti təxminən 16800 manatdır. Ekspert cavabdehin təqsiri üzündən baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində iddiaçının idarə etdiyi avtomobilin təmirini məqsədəmüvafiq və rentabelli hesab etməmişdir. Eləcə də, ekspert avtomobilin qəzaya düşdükdən sonra salamat qalmış hissələrinin qiymətini 3360 manat müəyyən etmişdir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, avtomobilə dəymiş zərərlə bağlı verilmiş ekspert rəyi ilə cavabdeh razı olmadığından əlavə ekspertiza keçirilmişdir. xx.xx.2024-cü il tarixli ekspert rəyi ilə 30 aprel 2024-cü il tarixli ekspert rəyi müqayisə edilsə ikinci ekspertiza zamanı 2009-cu il buraxılışlı “Hyundai Sonata” markalı avtomobilin qiyməti və vurulmuş zərər artıq qiymətləndirilmişdir. İddiaçı isə ilkin ekspert rəyinə etiraz etməmişdir. Ekspertlərin müəyyən etdiyi qiymətlər arasında fərqin böyük olmamasını və iddiaçının ilk ekspertizanın nəticələri ilə razı olmasını nəzərə alaraq, məhkəmə təkrar araşdırma apararaq məhkəmə prosesinin lüzumsuz yerə uzanmaması üçün ilkin ekspertiza rəyini əsas götürməyi məqsədəmüvafiq hesab etmişdir. Məhkəmə qeyd edir ki, işin faktiki hallarından biri də ondan ibarətdir ki, baş vermiş hadisəyə görə sığorta şirkəti tərəfindən iddiaçıya 5000 manat məbləğində ödəniş edilmişdir. Məhkəmə nəzərə alır ki, avtomobilin zədələnməmişdən əvvəlki təyinatı üzrə istifadəyə yararlı vəziyyətdə orta bazar qiyməti təxminən 16800 manatdır. Lakin, məhkəmə həmçinin onu da nəzərə alır ki, avtomobilin qəzaya düşdükdən sonra salamat qalmış hissələrinin qiyməti 4950 manatdır və bu hazırda iddiaçının özündədir, iddiaçı da bundan yararlana bilər. Ona görə də məhkəmə hesab edir ki, vurulmuş zərərə görə hesablanmış 11500 manat məbləğində pul vəsaitindən 5000 manat məbləğində pul vəsaiti sığorta şirkəti tərəfindən iddiaçıya ödənildiyi üçün, 6500 manat məbləğində pul vəsaitinin Cavabdeh tutularaq İddiaçı ödənilməsi əsaslı və ədalətlidir.
Məhkəmənin gəldiyi nəticə Beləliklə, məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh delikt nəticəsində dəymiş zərərə görə 6500 manat məbləğində pul vəsaiti tutularaq İddiaçı xeyrinə ödənilməlidir.
Məhkəmə xərcləri Qanunvericiliyin yuxarıda sözügedən normalarını rəhbər tutaraq məhkəmə hesab edir ki, dövlət rüsumuna görə ödənilmiş 123 (bir yüz iyirmi üç) manat məbləğində pul vəsaitindən iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq 85 manat məbləğində pul vəsaiti Cavabdeh tutularaq İddiaçı xeyrinə ödənilməlidir. Məhkəmə həmçinin hesab edir ki, iddia qismən təmin edildiyindən iş üzrə keçirilmiş ekspertizaların dəyəri olan 100 (yüz) manat məbləğində pul vəsaitinin 50 (əlli) manat məbləğində pul vəsaiti Cavabdeh, 50 (əlli) manat məbləğində pul vəsaiti isə İddiaçı tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (Dövlət xəzinədarlığı Ağentliyi; kodu 210005; VÖEN **********; Müxbir hesab AZ41NABZ********************; SFİFTBİK CTREAZ22) ödənilməlidir. Göstərilənlərə əsasən və AR MPM-in 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə
QƏT ETDİ:
İddia qismən təmin edilsin. Cavabdeh dəymiş zərərə görə 6500 (altı min beş yüz) manat məbləğində pul vəsaiti tutularaq İddiaçı xeyrinə ödənilsin. Dövlət rüsumuna görə 85 (səksən beş) manat məbləğində pul vəsaiti Cavabdeh tutularaq İddiaçı xeyrinə ödənilsin. İş üzrə keçirilmiş ekspertizaların dəyəri olan 100 (yüz) manat məbləğində pul vəsaitinin 50 (əlli) manat məbləğində pul vəsaiti Cavabdeh, 50 (əlli) manat məbləğində pul vəsaiti isə İddiaçı tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (Dövlət xəzinədarlığı Ağentliyi; kodu 210005; VÖEN **********; Müxbir hesab AZ41NABZ********************; SFİFTBİK CTREAZ22) ödənilsin. Qətnamədən məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Sədrlik edən Rübabə Qafarova