Məhkəmə qərarları › İş №2(010)-71/2023

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-71/2023

13.04.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-71/2023 13.04.2023 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Mahmudova Təranə Nəriman qızının sədrliyi, məhkəmə iclas katibi X1 qızının katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “zərərin əvəzinin ödənilməsi” tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə aşağıdakı qərarı qəbul etdi. İş materialları

1. Texniki İnvertarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyat İdarəsi tərəfindən xx.xx.2000-ci il tarixdə verilmiş ÖM seriyalı 058585 №-li Qeydiyyat Vəsiqəsindən görünür ki, Bakı şəhəri, Suraxanı rayonu, Bülbülə qəsəbəsi, Caparidze küçəsində yerləşən 9 saylı evin 14 saylı mənzili İddiaçı adına 1125 saylı reyestr kitabında 30/118935 nömrə ilə qeydiyyata alınmışdır.

2. Fotoşəkillərdən mənzilin tavanında və divarlarında su sızmaların olduğu görünür.

3. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 31 avqust 2022-ci il tarixli, 10/3337 №-li ekspert rəyində qeyd olunmuşdur ki, rəyin tədqiqat hissəsində göstərilənləri, o cümlədən tədqiq olunan Bakı şəhəri, Suraxanı rayonu, Bülbülə qəsəbəsi, Caparidze küçəsində yerləşən 9 saylı evin 14 saylı mənzilin yaşayış otağı tikilisinin konstruktiv elementlərində (divar, tavan və s.) qüsurlar əmələ gəldiyini, həmin qüsurların su sızmaya aid olduğunu nəzərə alaraq sözügedən mənzilə su axıdıldığı müəyyən olunmuşdur. Bakı şəhəri, Suraxanı rayonu, Bülbülə qəsəbəsi, Caparidze küçəsində yerləşən 9 saylı evin 16A saylı mənzilin qapısı bağlı olduğundan baxış keçirilməsi mümkün olmamış, bu səbəbdən də su sızmasının texniki səbəbini müəyyən etmək mümkün olmamışdır. Bakı şəhəri, Suraxanı rayonu, Bülbülə qəsəbəsi, Caparidze küçəsində yerləşən 9 saylı evin 14 saylı mənzildə su sızması nəticəsində yaranan qüsurların aradan qaldırılması üçün yerinə yetirələcək təmir tikinti işlərinin orta bazar qiymətlərinə uyğun dəyəri təqribən 1002,0 manat məbləğində müəyyən olunmuşdur.

4. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 02 mart 2023-cü il tarixli, 10/7298 №-li ekspert rəyində qeyd olunmuşdur ki, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, Bakı şəhəri, Suraxanı rayonu, Bülbülə qəsəbəsi, Caparidze küçəsində yerləşən 9 saylı evin 16A saylı mənzilinə baxış keçirilən zaman sözügedən mənzilin su-kanalizasiya xətlərinin üzərində hər hansı bir qüsur olmadığından, eləcə də baxış zamanı su sızması davam etmədiyindən, 14 saylı mənzilə su sızmasının səbəbini dəqiqliklə müəyyən etmək mümkün olmamışdır. Lakin su sızma hallarının baş vermə səbəbinə dair yuxarıda göstərilən amilləri nəzərə alaraq, 14 saylı mənzilə su sızması 16 saylı mənzilin sakinləri tərəfindən sudan nəzarətsiz istifadə edilməsi səbəbindən baş verə bilər.

İşin faktiki halları

5. Bakı şəhəri, Suraxanı rayonu, Bülbülə qəsəbəsi, Caparidze küçəsində yerləşən 9 saylı evin 14 saylı mənzilin yaşayış otağı tikilisinin konstruktiv elementlərində (divar, tavan və s.) qüsurlar əmələ gəldiyi, həmin qüsurların su sızmaya aid olduğu və qeyd olunan mənzilə su axıdıldığı işin mübahisəsiz hallarıdır.

İddia tələbi

6. İddiaçı Cavabdeh qarşı “zərərin əvəzinin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mənzilinin 12,5 kv.m olan köməkçi sahəsinin bərpası üçün təmir işlərinin dəyəri olan cəmi 1071 manat 60 qəpik pulun cavabdehdən onun xeyrinə tutulmasını xahiş etmişdir.

Tərəflərin izahatları

7. İddiaçı iddia tələbini müdafiə edərək və iddia ərizəsinə uyğun izahat verərək bildirdi ki, o, ekspert rəyləri ilə ətraflı tanış olmuşdur. Belə ki, rəylərlə tanış olan zaman ona məlum olmuşdur ki, tələbi həqiqətən də doğrudur və mənzilə su sızması faktı təsdiqini tapmışdır. Ekspert rəyində mənzilin divarlarında və tavanında suyun izlərinin aşkar olunduğu və su sızmanın məhz cavabdehin mənzilindən axıdılması qeyd edilmişdir. Buna görə də qeyd olunanların nəzərə alınaraq iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi.

8. Cavabdeh məhkəmə iclasında verdiyi izahatında iddia tələbini qəbul etməyərək bildirdi ki, ekspert rəyi ilə razı deyil. Belə ki, iddiaçının mənzilinə suyun sızması onun evində yaranmış problem səbəbindən baş ver bilməz. Çünki, o, özü 30 ildir ki, usta olaraq işləyir və “santexnik” işlərini dərindən bilir. Onun mənzilində yalnız özü və qızı yaşayır. Suyun axıdılması iddia olunan istiqamət onun mətbəxinə təsadüf edir və sözügedən mətbəx 10-12 il olar ki, istifadə edilmir. Həmçinin, o, 20 il ərzində iki dəfə mənzilini təmir elətdirmişdir. Buna görə də qeyd olunanların nəzərə alınaraq iddianın rədd edilməsini məhkəmədən xahiş etdi.

Tətbiq edilən hüquq

9. Azərbaycan Respublikası Mülki Məcəlləsi

Maddə 21. Zərərin əvəzinin ödənilməsi 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Maddə 1096. Mülki hüquq pozuntuları (deliktlər) anlayışı 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Maddə 1097. Mülki hüquq pozuntuları üçün məsuliyyətin əsasları 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Maddə 1111. Binanın uçması nəticəsində dəyən zərərin əvəzinin ödənilməsi 1111.2. Əgər zərər binadan nəyinsə atılması və ya düşməsi, yaxud axıdılması nəticəsində vurulmuşdursa, məsuliyyəti müvafiq otağı tutan şəxs daşıyır, amma zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin təqsiri üzündən baş verdiyi hallar istisna təşkil edir. Maddə 1115. Zərərin əvəzinin ödənilməsi üsulları Zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur.

10. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi

Maddə 14. İş üzrə məhkəmə baxışının prinsipləri 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217. Qətnamənin qanuniliyi və əsaslılığı 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 218. Qətnamə çıxarıldıqda həll edilən məsələlər 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

Məhkəmənin mövqeyi

11. Məhkəmə iş materiallarını və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir.

12. Belə ki, tərəflər arasında öhdəliyin əmələ gəlmə əsası mülki hüquq pozuntusunun (deliktin) törədilməsidir. Zərər vurmadan irəli gələn öhdəliklər zərərçəkmişin əmlak və şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində yaranır, mütləq xarakter daşıyır, zərər vuranın hesabına və yaxud qanunla üzərinə zərərin əvəzinin ödənilməsi vəzifəsi qoyulan başqa şəxslərin hesabına qeyd edilən hüquqların tam bərpa olunmasının təmin edilməsinə yönəlir. Delikt öhdəliyinin yaranması üçün zərər mövcud olmalı, bu, cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməli, qanunsuz hərəkət və hərəkətsizliklə zərər arasında səbəbli əlaqə olmalıdır. Bundan başqa zərərvuran şəxsin təqsirindən asılı olmayaraq maddi məsuliyyət daşıması halları istisna olmaqla, zərərvuran şəxsin təqsiri müəyyən edilməlidir.

13. Hazırkı mülki iş üzrə zərərin baş verməsi, yəni iddiaçının evinə suyun axıdılması nəticəsində ona zərər dəyməsi, suyun cavabdehə məxsus mənzildən axıdılması müəyyən edilmişdir. Cavabdeh ekspertiza rəyi ilə razılaşmayaraq iddiaçının mənzilinə suyun onun mənzilindən axıdılmasını inkar etsə də, işdə olan sübutlarla (ekspertiza rəyi, şəkillər və s.) suyun məhz cavabdehə məxsus yaşayış sahəsindən axması müəyyən olunmuş, cavabdeh bunun əksini təsdiq edən hər hansı sübutu da məhkəməyə təqdim edə bilməmişdir. İlkin ekspertiza rəyində cavabdehin mənzilinin qapısı bağlı olduğu üçün cavabdehin mənzilinə baxış keçirilməsinin mümkünsüzlüyü qeyd olunsa da, ekspertizanın keçirilməsinin vaxtı və yeri barədə hər iki tərəfə müvafiq bildiriş göndərilmiş, lakin ekspertiza zamanı cavabdehin mənzilinin qapısı bağlı olmuşdur. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülkü Məcəlləsinin 1111.2-ci maddəsinin tələbinə əsasən cavabdeh onun mənzilinin altında yerləşən iddiaçının mənzilinə su axıdılmasına görə məsuliyyətdən azad olunması üçün zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin təqsiri üzündən baş verdiyi halları sübut etmə vəzifəsi daşıyır. Cavabdeh isə qeyd olunan faktı inkar edəcək heç bir sübutu məhkəməyə təqdim edə bilməmişdir. Əksinə, işdə olan ekspertiza rəyləri, fotoşəkillər və digər sübutlarla iddiaçı tərəfə məxsus mənzilə su axıdılması nəticəsində mənzilin divarına, tavanına və s. zərər dəyməsi faktı müəyyən edilmişdir.

14. Dəymiş zərərin məbləğinə münasibətdə məhkəmə hesab edir ki, iddiaçının evinə cavabdehin evindən su sızması nəticəsində ona dəymiş maddi zərər ekspert rəyinə əsasən 1002 manat məbləğində qiymətləndirilmişdir.

Məhkəmə xərcləri

15. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir.

16. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

17. İddiaçı dövlət rüsumunu ödəməkdən azad edildiyi üçün 30,02 manat məbləğində pul Cavabdeh tutularaq Dövlət Büdcəsinə ödənilməlidir.

18. Aparılmış ekspertiza tədqiqatlarının dəyəri olan 100 manat məbləğində pul Cavabdeh alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir.

Məhkəmənin gəldiyi nəticə

19. Beləliklə, məhkəmə iş materiallarını araşdırıb, sübutlara məcmu halda, tam, hərtərəfli və obyektiv hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh 1002 manat məbləğində pul İddiaçı xeyrinə tutulmalı, iddia qalan hissədə rədd edilməlidir.

20. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə

qət etdi:

İddia qismən təmin edilsin. Cavabdeh 1002 (bir min iki) manat məbləğində pul İddiaçı xeyrinə tutulsun. İddia qalan hissədə rədd edilsin. İddiaçı dövlət rüsumunu ödəməkdən azad edildiyi üçün Cavabdeh 30,02 (otuz manat iki qəpik) manat məbləğində pul tutularaq Dövlət Büdcəsinə ödənilsin. Aparılmış ekspertiza tədqiqatının dəyəri olan 100 (bir yüz) manat məbləğində pul Cavabdeh alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülsün. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar