Məhkəmə qərarları › İş №2(010)-719/2024

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-719/2024

07.03.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-719/2024 07.03.2024 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Rzayeva Fəridə İslam qızının sədrliyi, Musayeva Aysel Xaliddin qızının katibliyi ilə, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh1 qarşı “pul” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında аçıq məhkəmə iclаsındа bаxаrаq məhkəmə müəyyən etdi. İddia tələbi İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə müraciət edərək, məhkəmədən Cavabdeh1 özünün ona qalan əsas borcu 1100 manatdan, birinci il üçün 300 manat, ikinci il üçün 165 manat, yəni 1565 manat və Cavabdeh2 zamin duraraq ona satılmış avtomobilin dəyəri olan 11000 manat və iki il hesablanmış 3300 manat, cəmi 15865 manat tutularaq ona ödənilməsinə dair qətnamə qəbul edilməsini və cavabdeh X3 və Cavabdeh2 onun etibarından sui-istifadə edərək aldatma yolu ilə əmlakını ələ keçirdikləri üçün əməllərində Azərbaycan Respublikasının CM-nin 178-ci maddəsinin dələduzluq cinayətinin tərkibi mövcud olduğuna görə barələrində xüsusi qərardad qəbul edilib, aidiyyəti üzrə prokurorluq orqanlarına göndərilməsini xahiş etmişdir. İddiaçı xx.xx.2024-cü il tarixində iddia tələbini azaldaraq, məhkəmədən cavabdehlərdən ona qalan əsas borc kimi 1100 manat və satmış olduğu avtomobilin dəyəri olan 11000 manat pulun tutularaq ona qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı xx.xx.2024-cü il tarixində iddia tələbini azaldaraq, məhkəmədən iddia tələbinin Cavabdeh2 onun xeyrinə 11000 manat məbləğində avtomobilin dəyərinin tutulması hissəsində nəzərə alınmaması və iddia tələbinin qalan hissədə təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbinin əsaslandırıldığı hallar İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh1 2021-ci il tarixdən tanıyır və aralarında normal münasibətlər olmuşdur. Cavabdeh1 Türkiyə və İrandan mərmər idxalı ilə məşğul olan bir iş adamı kimi tanımışdır. Cavabdehlə görüşlərinin birində Cavabdeh1 öz biznesinə şərik olmağı ona təklif etmiş və iddiaçı onunla razılaşmışdır. Bir müddət sonra Cavabdeh1 ilə görüşdükdə oğluna məxsus olan “Mercedes 240C” markalı minik avtomobilini sataraq biznesə qoymaq istədiyini bildirmişdir. Cavabdeh onun avtomobilini Cavabdeh2 satmağını təklif etmişdir. Bu təklifdən növbəti gün Cavabdeh1 və Cavabdeh2 ilə onun yaşadığı evin yanında görüşmüş və avtomobili 11000 manat məbləğində pula Cavabdeh2 satmağı razılaşdırmışlar. Cavabdeh1 bildirmişdir ki, Cavabdeh2 İranda taxtası var və taxtanın qiyməti 11000 manat pul təşkil edir. Cavabdeh1 ona dedi ki, taxtanın pulunu İrandan mərmər almaq üçün Cavabdeh2 11000 manat pulu gətirilən mərmərin pulunu ödəmək üçün ona verəcək. O, Əsədin şifahi olaraq zaminliyini nəzərə alaraq avtomobilini Elşənə satmışdır. Avtomobilin Elşənə satılması etibarnamə əsasında xx.xx.2021-ci il tarixdə həyata keçirilmişdir. Bundan sonra Cavabdeh1 ilə 2022-ci ilin yanvar ayında yaşadıqları evin yanına gələrək onunla görüşən zaman bildirdi ki, mərmər artıq İran İslam Respublikasından göndərilib. Mərmər daşları yaxşı olar ki, kəsmək üçün dəzgah alsınlar. Bu məqsədlə ondan 2000 manat pul almışdır, ancaq cavabdehlər aldıqları maşının dəyəri olan 11000 manat və 2000 manatdan 12000 manatı indiyədək ödəməmişlər. Sonradan bilmişdir ki, Cavabdeh1 heç bir bizenslə məşğul olmamışdır. Cavabdehlərdən dəfələrlə ondan aldıqları pulları geri tələb etməsinə baxmayaraq, cavabdehlər müxtəlif bəhanələrlə bundan yayınmışlar. Cavabdehlər onun etibarından suiistifadə edərək, aldatma yolu ilə əmlakını ələ keçirmişlər. Bu məqsədlə onların barəsində cinayət işi başlanması üçün Nərimanov RPİ-ə ərizə ilə müraciət etmişdir. Nərimanov RPİnin 17-ci PB-nin təhqiqatçısı polis kapitanı cənab Elnur Məcidov araşdırma apararaq, Cavabdeh1 və Cavabdeh2 hərəkətlərində Azərbaycan Respublikasının CM-nin 178-ci maddəsinin tərkib əlamətləri olduğunu müəyyən etmişdir. Buna görə də 02 yanvar 2023-cü il tarixdə toplanmış materialları cinayət işini başlamaq üçün aidiyyəti üzrə istinaq şöbəsinə göndərmək haqqında qərar qəbul etmişdir. Nərimanov RPİ-nin istintaq şöbəsinin müstəntiqi X5 toplanmış materialı nəzərdən keçirərək müəyyən etmişdir ki, Cavabdeh1 və Cavabdeh2 əməllərində əvvəlcədən özgənin əmlakını ələ keçirmək niyyətləri olmadığı üçün barələrində cinayət işinin başlanması rədd edilmişdir. 21 yanvar 2023-cü il tarixdə qərar qəbul edərək, onlardan pulun alınması üçün ona mülki qaydada məhkəməyə müraciət edilməsi tövsiyyə olunmuşdur. Nərimanov RPİ-nin 17-ci PB-nin təhqiqatçısının və Nərimanov RPİ-nin istintaq şöbəsinin müstəntiqinin qəbul etdikləri qərarlardan göründüyü kimi cavabdehlərin nağd aldıqları 2000 manatın və satın aldıqları avtomobilin 11000 manat dəyərinin ona ödənilməməsi onların izahatlarındakı etiraflarla sübut olunmuşdur. Əgər Nərimanov RPİ-nin istintaq şöbəsinin müstəntiqi cavabdehlərlə onun arasında yaranan pul mübahisəsinin öhdəliklərin icra edilməməsi ilə bağlı məsuliyyətdən irəli gəldiyini hesab etmişsə, o zaman cavabdehlər Azərbaycan Respublikasının 449-cu maddəsinə müvafiq olaraq pul öhdəliyini icra etmədikləri üçün məsuliyyət daşımalıdırlar. Bu baxımdan hesab edir ki, məhkəmə qətnamə qəbul edərkən tələb olunan məbləği zamin və borcludan müştərək qaydada, tək zamindən və ya borclunun özündən iddiaçının xeyrinə tutulması barədə qərar qəbul edə bilər. Tərəflərin izahatları Məhkəmə iclasında İddiaçı iddia ərizəsini müdafiə edərək, ərizənin məzmununa uyğun izahat verdi və əlavə olaraq bildirdi ki, Cavabdeh1 onan olan 2000 manat məbləğindəki borcundan 900 manatı keçən il ona qaytarmışdır. Hal-hazırda 1100 manat borcu vardır və həmin məbləğin cavabdehdən tutularaq ona qaytarılmasını məhkəmədən xahiş etmişdir. Cavabdeh1 məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş, gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Belə olan halda, məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X4 ifadəsində bildirmişdir ki, iddiaçı ilə uzun müddətdir ki, dostdur. Təxminən 2-3 il əvvəl Heydər müəllimlə bir yerdə olduqları zaman zəng gəldi, ona “Montin”-ə gedəcəyini və bir nəfərlə görüşəcəyini dedi. Həmin şəxsin kim olmasını iddiaçıdan soruşmamışdır. Bundan sonra iddiaçının evinin yanına gəlmişlər və iddiaçı maşından düşüb pul vermək üçün həmin şəxslə görüşmüşdür. O, maşından düşməmiş, lakin iddiaçının cavabdehə pul verdiyini görmüşdür. Həmin pulun məbləği ona məlum olmamışdır. Sonra iddiaçı maşına əyləşəndə Əsədə pul verdiyini soruşmuş, o da “hə, maşın da verdim və o da mal gətirəcək” deyə cavab vermişdir. İddiaçıya həmin şəxsin problemli şəxs olduğunu, vaxtı ilə ondan da pul alıb qaytarmadığını bildirmişdir. İddiaçı isə cavabında artıq gec olduğunu bildirmişdir və Əsədin qohumlarını da tanıdığını ona demişdir. İş materiallarına əlavə olunan sənədlər və onlar əsasında təsdiq edilən faktlar Bakı şəhəri Nərimanov RPİ-nin 17-ci Polis Şöbəsinin xx.xx.2023-cü il tarixdə qəbul edilmiş materialın aidiyyəti üzrə göndərilməsi barədə qərardan müəyyən olunur ki, İddiaçı müraciəti əsasında toplanmış material araşdırmanın davam etdirilməsi üçün istintaq aidiyyəti üzrə Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsinin İstintaq Şöbəsinə göndərilməsi qərara alınmışdır. Bakı şəhəri Nərimanov RPİ-nin İstintaq Şöbəsinin 21 yanvar 2023-cü il tarixdə qəbul edilmiş cinayət işinin başlanmasının rədd edilməsi barədə qərardan müəyyən olunur ki, Cavabdeh1 və Cavabdeh2 əməllərində Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsinin tərkibi olmadığından barələrində cinayət işinin başlanmasının rədd edilməsi qərara alınmışdır. İddiaçı Nərimanov RPİ-də vermiş olduğu 23 dekabr 2022-ci il tarixli izahatından müəyyən olunur ki, 2021-ci ilin təxminən oktyabr ayında əvvəllər tanışlığı olmuş X1 onunla Cavabdeh1 barədə söhbət etmiş və bildirmişdir ki, həmin şəxs iş adamıdır və ev almaq istəyir. O, həmin vaxt Qusar rayonunda özünə məxsus olan evi satmışdır. Allahverən Əsədin həmin evi almaq istədiyini və pulunu hissə-hissə verəcəyini bildirmişdir. O, bu barədə Əsədlə danışmaq qərarına gəlmiş, sonra isə Allahverən Əsədi və yanında olan Elşən adlı digər tanışını dəvət edərək onunla danışmağa başlamışlar. Yaşadığı evin yaxınlığında görüş zamanı ona məlum olmuşdur ki, Əsəd onun tələbə yoldaşı və dostu İmamqulunun xalası oğludur. Davam edən danışıq nəticəsində Qusar rayonunda yerləşən yeni tikili 162 kv.m sahəli mənzili Əsədə satmaq qərarına gəlmişdir. Bundan sonra notarial qaydada ilkin alqı-satqı müqaviləsi bağlanmış və müqaviləyə əsasən Əsədin bundan sonra onun pulunu 4 ay müddətində ödəməli olması müəyyən edilmişdir. Bu məsələdən sonrakı müddətdə Əsədlə tanışlığı ciddiləşmiş və iş birliyi münasibətləri yaranmışdır. Əsəd həmçinin bildirmişdir ki, o, İran və Türkiyədən Azərbaycana mərmər daşlarının gətirilməsi ilə məşğul olur, lakin hazırda onda lazımı qədər pul vəsaiti yoxdur. Əgər ona maddi dəstək göstərsə, onunla şərik işləyəcəyini və xarici ölkələrdən gətirdiyi mərmər daşların satışı ilə məşğul olub gəlir əldə edəcəyini bildirmişdir. O, Əsədin danışıqlarına xeyli qulaq asaraq, onunla birlikdə bu işlə bağlı getdiyi müxtəlif yerlərdə tanımadığı insanlarla onun arasında olan ünsiyyətdən başa düşmüşdür ki, həqiqətən də Əsəd Azərbaycana ilkin vaxtlarda daş gətirib satan adamlardan biridir. Buna görə də onda müəyyən qədər etibar yaranmış və Əsədlə işləməyə razı olmuşdur. Əsəd İrandan daş məmulatlarının gətirilməsi ilə məşğul olaraq onları sifariş edir və Azərbaycana gətirib satmaq yolu ilə pul qazanırdı. Lakin Əsəd təklif etmişdir ki, əlavə olaraq onunla şərik işləməyə başlasın. İlk dəfə bu məsələyə görə Əsəd ona 25000 manat pul olsa bir yük maşını qədər daş alıb gətirə biləcəklərini söyləmiş, lakin həmin vaxt onda qeyd olunan məbləğdə pul olmamışdır. Oğlu Yusif “Mercedes” markalı avtomobilini satdığından xəbərdar olan Əsəd təklif etmişdir ki, onun tanışı Elşənə avtomobil lazımdır. Həmçinin Elşənin də İranda pul alacağı yer vardır. Ona oğlunun avtomobilini Elşənə verməsi və bunun qarşılığında Elşənin İrandan bir gün içərisində hesabına köçməli olan pulu ona ödəməsi təklif edilmişdir. O, buna inanaraq onlarla razılaşmış və xx.xx.2021-ci il tarixdə avtomobili Elşənə vermişdir. Bundan sonrakı danışıqlar zamanı Əsəd bildirmişdir ki, gələcəkdə alınacaq daşların doğranılması üçün onlara dəzgah da lazım olacaq və həmin dəzgahın alınması vacibdir. Nəhayət, Əsəd ilə birlikdə dəzgahlara baxış keçirmişlər. Əsəd tapdığı dəzgahın şəklini ona göstərmiş və 4000 manata satılıdığını deyərək yaşadığı evin həyətindən ondan 2000 manat pul almışdır. Guya 2000 manatı da Əsəd qoymalı idi, lakin Əsəd bu vədinə də əməl etməmiş və 2022-ci ilin may ayınadək onu aldadaraq pullarını ələ keçirmişdir. Əsəd həmçinin ondan 500 dollar borc alaraq bildirmişdir ki, Elsevər adlı şəxsə borcu olduğu məbləği qaytarması üçün ona pul lazımdır. Əsəd həmin pulu qaytaracağına söz versə də, qeyd olunan məbləği də qaytarmamışdır. X8 rayonunda müqavilə ilə ona satmaq istədiyi mənzilin pulunu hesab etməsə də, 13850 manat pul verməlidir. Əsədin törətdiyi dələduzluq əməli nəticəsində ona 13850 manat ziyan dəymişdir. Cavabdeh1 Nərimanov RPİ-də vermiş olduğu 30 dekabr 2022-ci il tarixli izahatından müəyyən olunur ki, İddiaçı 2021-ci ildən etibarən Allahverən adlı tanışının vasitəsi ilə tanımışdır. Elşəna adlı başqa bir tanışı özünə ev almaq istədiyi üçün Allahverən Heydərin ev satdığını bildirərək onları Heydərlə tanış etmişdir. Heydərin Qusar rayonunda satdığı evi müqavilə yolu ilə o almışdır. Həmin evə görə hazırda borcu vardır. Həmin məsələnin Heydərin yazdığı digər məsələyə aidiyyəti yoxdur. O, xarici ölkələrdən mərmər daşı gətirib satmaqla məşğul olduğu üçün eyni zamanda Heydərlə də iş görmək istəmişlər. Söhbət zamanı 2021-ci ilin noyabr ayında Heydər tikinti işləri ilə məşğul olduğu üçün onunla söhbətinin tutacağını düşünmüşdür. Heydərlə danışıqlar zamanı onların yanında Elşən adlı tanışı da olmuşdur. Elşən də Rusiyadan taxta gətirib satmaqla məşğul olur. Türkiyədən mərmər daşı gətirib satmaq üçün onun kifayət qədər pulu olmamışdır. Birlikdə aparılan danışıqlar zamanı o, Heydərin oğlunun özünə məxsus olan avtomobilini satdığını bilmişdir. Tanışı Elşənin avtomobili olmadığı üçün Elşən danışıqlar zamanı Heydərə avtomobili almaq istədiyini bildirmiş və pulu hissə-hissə ödəyəcəyini qeyd etmişdir. Bu zaman bu təkliflə Heydər də razılaşmışdır. Elşən bununla bağlı qeyd etmişdir ki, hər dəfə işləyərək taxta yaxud digər material gəldikcə o, avtomobilin pulunu ödəyəcəkdir. O, avtomobilin satışı ilə bağlı söhbət də iştirak edərək öz növbəsində Elşənə avtomobili verməsini Heydərə məsləhət görməmişdir. Heydərlə danışaraq Türkiyədən mərmər daşı gətirmək üçün cəhd edib bir dəfə mal gətirmişdir. Həmin malın 3000 ABŞ dolları məbləğində dəyərini Heydərin qohumundan almışdır. Daş gələndən sonra daşın gömrükdə pulunu verə bilmədiyi üçün malı göndərən həmin malı İlham adlı başqa bir şəxsə vermişdir. Bundan sonra malın 3000 ABŞ dolları dəyərində vəsaitini Heydərin qohumuna qaytarmışdır. Avtomobil məsələsində isə Elşən avtomobili adına keçirtdikdən sonra verməli olduğu 10000 manatdan çox məbləği ödəməmiş və həmçinin heç bir material da alıb göndərməmişdir. O da Elşənə arxayın olaraq Heydərlə bəzi danışıqlar aparmışdır. Heydərə daş alıb satmaq üçün dəzgah lazım olduğunu bildirmiş və sonradan özü tapdığı dəzgaha Heydərlə birgə baxış keçirərək 4000 manata almağa qərar vermişdir. Heydərdən 2000 manat pulu Heydərin yaşadığı evin yaxınlığında almış, lakin həmin pulu şəxsi ehtiyaclarına xərcləmişdir. Heydərə 2000 manat pulunu qaytarmalıdır. Heydərə Türkiyədən mərmər daşı gətirəcəyini demiş və bu məsələdə də Elşənin onlara pul verəcəyinə ümid etmişdir. Hazırda Heydərə 500 ABŞ dolları və 2000 manat borcu vardır. İddiaçı tərəfindən Cavabdeh1 göndərilmiş xx.xx.2023-cü il tarixli bildirişdən müəyyən olunur ki, Cavabdeh1 borclu olduğu məbləğ barədə xəbərdar edilmiş (2000 (iki min) manatdan 1100 (min yüz) manatı qaytarmamışdır) və həmin borcun 10 gün müddətində qaytarılması xahiş olunmuşdur. xx.xx.2023-cü il tarixli 11914 nömrəli qəbzdən müəyyən olunur ki, iddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət etmək üçün 140 manat məbləğində dövlət rüsumu ödəmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 14.2.6. Mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri başqa şəxsə zərər vurulmasıdır Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Maddə 21.3. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. Maddə 1091. Əsassız varlanma anlayışı. 1091.1. Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. 1091.2. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Maddə 1092. Əsassız varlanma nəticəsində əldə edilənləri qaytarmaq vəzifəsi. 1092.1. Varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Qaytarma vəzifəsi aşağıdakılara da şamil edilir: 1092.1.1. bu Məcəllənin 157.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla, əldə edilənlərdən götürülən faydaya; 1092.1.2. əldə edən şəxsin əldə etdiklərinə əsasən və ya onlar üçün kompensasiya kimi əldə etdiyinə və ya qəsdən əldə etmədiyinə. Maddə 1093. Qaytarma tələbi. 1093.1. Öhdəliyin icrası üçün deyil, varlanmış şəxsin hər hansı hərəkəti yerinə yetirməsi və ya yerinə yetirməməsi üçün varlanmış şəxsə nə isə verən məhrum olan, varlanmış şəxsin əməli gözlənilən məqsədə uyğun olmadıqda verdiyini geri tələb edə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 107. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunu. Maddə 8. Məhkəməyə iddia ərizəsinin, digər ərizənin və ya şikayətin verilməsinə, məhkəmə aktının surətinin təkrar verilməsinə görə dövlət rüsumunun dərəcələri. 8.1.3. iddia qiyməti 1000 manatdan 10.000 manatadək olduqda - 30 manat + 1000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi. Məhkəmənin mövqeyi Məhkəmə iddiaçının izahatını, şahid ifadəsini dinləyib, iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, iddia tələbi əsaslıdır və təmin edilməlidir. Məhkəmə qeyd edir ki, işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. Mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. MPM sübutetmə vəzifələrinin bölgüsünün ümumi qaydasını müəyyən edir. Bu qaydaya görə iş iştirakçıları tələb və etirazlarını əsaslandırdıqları faktları isbat etməlidirlər. Məhkəmə öz istəyinə görə iş iştirakçısı olan bu və ya başqa şəxsi onun öz iddia və etirazlarını əsaslandırmaq üçün söykəndiyi halların və qanunla sübut etməli olduğu başqa halların sübut olunması yükündən azad edə, yaxud sübutetmə yükünü bölüşdürə bilməz. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almalıdır (MPM-in 14.2 və 77.1-ci maddələri). Məhkəmə (hakim) bütün proses boyu obyektiv və qərəzsiz arbitr olaraq qalmalıdır. Həmin Məcəlləsinin 78.1-ci maddəsinin tələblərinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Hazırki mübahisə üzrə sübutetmə yükü iddiaçının üzərinə düşür. Nəzərə alınmalıdır ki, sübutetmə dedikdə, iddianın əsaslandığı hüququn və ya buna qarşı etirazın söykəndiyi halların (hadisələrin) olub-olmadığı haqqında məhkəmənin qənaətə gəlməsi üçün həyata keçirilən prosessual fəaliyyət başa düşülür. Bu baxımdan sübutetmənin predmetini tərəflərin mübahisələndirdikləri hal(lar) təşkil edir. O mübahisəli hallar ki, qanunverici onların mövcud olub-olmamasına hüquqi bir nəticə bağlayır. Başqa sözlə, hansısa halın baş verib-verməməsi şəxsin hüququnun yaranması, itirilməsi və s. kimi hüquqi nəticə yaradır. Məhz bu cür halların sübuta yetirilməsi üçün tərəflərin məhkəməyə dəlil təqdim etmələri zəruridir. Bu baxımdan tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğu və ya olmadığı barədə məhkəmənin əldə etdiyi məlumatlar sübutlar hesab olunur. “Mahmudov Rusiyaya qarşı” 26 iyul 2007-ci il tarixli qərarında X6 Məhkəməsinin də hüquqi mövqeyi belə olmuşdur ki, konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq affirmanti, non neganti, incumbti probatio (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur və bu zaman sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar ehtimallardan irəli gələ bilər. (§68) Həmçinin “Qavazov Bolqarıstana qarşı” iş üzrə 06 mart 2008-ci il tarixli qərarında da X6 Məhkəməsi öxşar hüquqi mövqe göstərərək, məhkəmənin sübutları qiymətləndirərkən bir qayda olaraq “əsaslı şübhədən kənar” sübut standartlarının təbiq edilməsini müəyən etmişdir. Hazırki işdən görünür ki, iddiaçı ərizəsində qeyd etdiyi halları sübuta yetirmişdir. Məhkəməsi hesab edib ki, cavabdeh heç bir hüquqi əsas olmadan, yəni həyata keçirilməmiş əsasa görə iddiaçının hesabına əsassız varlandığı üçün iddiaçının cavabdehdən verdiklərini tələb etmək hüquq vardır. Cavabdehin polis bölməsində verdiyi izahatında da müəyyən olunur ki, cavabdeh iddiaçıdan iş qurmaq məqsədi ilə 2000 manat pulu Heydərin yaşadığı evin yaxınlığında almış, lakin həmin pulu şəxsi ehtiyaclarına xərcləmişdir. Məhkəmə iclasında dindirilmiş şahid də öz ifadəsində məhz iddiaçı tərəfindən pulun iddiaçının yaşadığı evin yaxınlığında cavabdehə verməsini təsdiq etmişdir. Məhkəmə xərcləri Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İş materiallarından görünür ki, iddiaçı tərəfindən hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmək üçün 140 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Belə olan halda məhkəmə hesab edir ki, iddia təmin edildiyindən iddianın qıymətinə uyğun olaraq 31 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilməli, artıq ödənilmiş 108 manat məbləğində dövlət rüsumu dövlət büdcəsindən iddiaçıya qaytarılmalıdır. Məhkəmənin gəldiyi nəticə Beləliklə, yuxarıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli, Cavabdeh1 1100 manat məbləğində pul və 31 manat məbləğində dövlət rüsumu tutularaq İddiaçı ödənilməlidir. Şərh olunanlara əsasən və MPM-in 214, 216-220, 233, 357 və 360-cı mаddələrini rəhbər tutаrаq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh1 1100 (min yüz) manat məbləğində pul və ödənilmiş 31 (otuz bir) manat məbləğində dövlət rüsumu tutularaq İddiaçı ödənilsin. Artıq ödənilmiş 108 (yüz səkkiz) manat məbləğində dövlət rüsumu (xx.xx.2023-cü il tarixli 11914 nömrəli qəbz) dövlət büdcəsindən İddiaçı qaytarılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Fəridə Rzayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar