Məhkəmə qərarları › İş №2(010)-762/2021

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-762/2021

21.12.2021 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-762/2021 21.12.2021 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Talıbova Leyla Oruc qızının sədrliyi, Mahmudov Ruslan Elxan oğlunun katibliyi, İddiaçı iştirakı ilə İddiaçı cavabdeh X1 qarşı “evin naturada paylara ayrılması” tələbinə dair mülki işə, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh X1 qarşı iddia ərizəsi ilə müraciət edərək paylı mülkiyyət hüququ ilə ½ hissədə ididaçıya, ¼ hissədə cavabdeh X1 və ¼ hissədə mərhum Ağabaçı Pirverdi qızının adına açıq qalmış olan ünvan 1 ünvanında yerləşən evin naturada paylara ayrılmasına dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı məhkəmə iclasında izahat verərək bildirmişdir ki, nənəsi Ağabacı Pirverdi qızının vəfatından sonra vərəsəlik hüququ ilə ünvan 2 ünvanda yerləşən ev xüsusi və paylı mülkiyyət hüquqi ilə ½ hissədə İddiaçı, ¼ hissədə X1, ¼ hissədə mərhum Ağabaçı Pirverdi qızının adına DƏDRX tərəfindən çıxarış verilmişdir. Lakin bu gün cavabdehlə mülkiyyətində olan evə dair hüquqlarının həyata keçirilməsində bir sıra pozuntular olmuşdur. Belə ki, mübahisəli ev mərhum nənəsinə məxsus olmuş və qanuni əsaslarla evə payı tanınmışdır. Həmin paylı mülkiyyət naturada ayrılmadığı üçün aralarında xoşagəlməz söz-söbət yaranır. Həmin daşınmaz əmlakın paylı mülkiyyətdə olması onun əmlakdan istifadə etməsini və ona dair sərəncam verməsini çətinləşdirir. Belə ki, əmlakla bağlı istənilən addım atılan zaman digər mülkiyyətçinin razılığı da tələb olunur. Odur ki, qeyd olunanlara əsasən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh X3 ərizə ilə məhkəməyə müraciət edərək bildirmişdir ki, ünvan 5, 33 saylı fərdi yaşayış evi atası X4, bibisi X2 və əmisi X5 məxsus olmuşur. Onun atası, əmisi və bibisi vəfat etdikdən sonra o və mərhum qardaşı Dadaşov Fəxrəddin bibisinin oğlu Mehtiyev Ehtibara bibisinə məxsus pay hissəsinin pulunu ödəmişdir. Bibisinin yaşadığı 2 mərtəbəli evin birinci mərtəbəsi onun qardaşı Fəxrəddinə və ona məxsusdur. Hazırda həmin evin 2ci mərtəbəsinin yarı hissəsində o və ailə üzvləri, birinci mərtəbəsində isə mərhum qardaşının ailə üzvləri yaşayır. İddiaçı həmin evin 2-ci mərtəbəsinin yarı hissəsində yaşayır. Hazırda həmin ev ½ hissədə qardaşı Fəxrəddinə, ¼ hissədə X1, ¼ hissədə İddiaçı məxsusdur. İş üzrə maraqlı şəxs məhkəmə iclasının vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib və iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Qeyd edilən Məcəllənin 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş çıxarışın təsdiq olunmuş surətindən görünür ki, ünvan 5, 33 saylı fərdi yaşayış evinin ½ hissəsi İddiaçı, ¼ hissəsi Cavabdeh, ¼ hissəsi (açıq qalmış) Ağabacı Pirverdi qızının adına dövlət qeydiyyatından keçmişdir. İş materiallarına əlavə edilmiş 01.09.2020-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin təsdiq olunmuş surətindən görünür ki, 03.05.1975-ci ildə vəfat etmiş Ağabacı Pirverdi qızının əmlakının 1. 1/2 hissəsinə vərəsəsi oğlu- Nəriman Qədir oğlu idi, lakin onun 10.08.1993-cü il tarixdə vəfat etməsi ilə əlaqədar mirasın ona çatan hissəsi ünvan 3-də qeydiyyatda olan qızı- İddiaçı adına keçir. 2. 1/2 hissəsinə isə vərəsəsi oğlu- X6 idi, lakin onun 02.01.1995-ci il tarixdə vəfat etməsi ilə əlaqədar mirasın ona çatan hissəsindən 1/4 hissə - ünvan 3-də qeydiyyatda olan oğlu- Cavabdeh oğlunun adına keçir. Qeyd: 1/2 hissənin 1/4 hissəsi açıq qalmışdır. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş Texniki Pasportun təsdiq edilmiş surətindən görünür ki, ünvan 3 ünvanında yerləşən evin hüquq subyekti Ağabacı Pirverdi qızıdır. Suraxanı rayon məhkəməsinin 26.04.2021-ci il tarixli qərardadı ilə iş üzrə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmiş və ekspertizanın keçirilməsi Azərbaycan Respublikası Məhkəmə Ekspertiza Mərkəzinə tapşırılmışdır. Məhkəmə Ekspertiza Mərkəzinin 03.11.2021-ci il tarixli 10/3692 saylı rəyindən müəyyən olunur ki, ünvan 5 ünvanında yerləşən 33 saylı fərdi yaşayış evinin İddiaçı məxsus 1/2 hissədə mövcud olan payının real olaraq naturada bölünməsi texniki cəhətdən mümkündür. Bunun üçün fərdi yaşayış evinin 1-ci mərtəbəsində yerləşən, texniki pasport sənədində 3 nömrəsi ilə qeydə alınmış, sahəsi 16.6 kv.m olan yaşayış otağı bütövlükdə, texniki pasport sənədində 1 nömrəsi ilə qeydə alınmış, sahəsi 26.5 kv.m olan yaşayış otağının isə 11.2 kv.m hissəsini arakəsmə ilə ayrılaraq iş üzrə iddiaçıların istifadəsinə verilməlidir. 2-ci mərtəbədən isə texniki pasport sənədində 2, 3 və 4 nömrəsi ilə qeydə alınmış sahələr iş üzrə iddiaçının istifadəsində saxlanılmalıdır. Bölgü variantı rəyə əlavə olunmuş sxemdə ətraflı göstərilmişdir. Həyətyanı torpaq sahəsi faktiki olaraq mişar daşından inşa edilmiş hasar ilə bölünmüşdür və həmin bölgü variantı paylara uyğun şəkildədir. Məhkəmə iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin; Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Qanunun mənasına görə mülkiyyətçi mülkiyyətində olan əmlaka öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək hüququna malikdir və bu hüququn dövlət tərəfindən tanınmaqla yanaşı qorunmasına da təminat verilir. Mülki Məcəllənin 220.1-ci, 220.2-ci və 220.3-cü maddələrinə əsasən paylı mülkiyyətdə olan əşya mülkiyyətçiləri arasındakı razılaşmaya əsasən onlar arasında bölünə bilər. Paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər. Paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir. 223.2-ci maddəsinə əsasən birgə mülkiyyətin mülkiyyətçiləri tərəfindən ümumi əşyanın bölünməsi və ya onlardan birinin payının ayrılması mülkiyyətçilərdən hər birinin payı qabaqcadan müəyyənləşdirildikdən sonra həyata keçirilə bilər. Beləliklə məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, ünvan 5, 33 saylı fərdi yaşayış evinin ½ hissəsi İddiaçı, ¼ hissəsi Cavabdeh, ¼ hissəsi (açıq qalmış) Ağabacı Pirverdi qızının adına dövlət qeydiyyatından keçmişdir. Hazırda İddiaçı paylı mülkiyyət hüququ ilə ona və cavabdehlərə məxsus olan ünvan 5, 33 saylı fərdi yaşayış evinin naturada bölünməsini xahiş edir. Məhkəmə tərəfindən iş üzrə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmiş və əldə edilmiş 03.11.2021-ci il tarixli 10/3692 saylı ekspert rəyi ilə bölgünün texniki cəhətdən mümkün olduğu müəyyən edilmişdir. Belə ki, Məhkəmə Ekspertiza Mərkəzinin 03.11.2021-ci il tarixli 10/3692 saylı rəyi məhkəmədə tədqiq edilərkən müəyyən olunmuşdur ki, ünvan 5 ünvanında yerləşən 33 saylı fərdi yaşayış evinin İddiaçı məxsus 1/2 hissədə mövcud olan payının real olaraq naturada bölünməsi texniki cəhətdən mümkündür. Bunun üçün fərdi yaşayış evinin 1-ci mərtəbəsində yerləşən, texniki pasport sənədində 3 nömrəsi ilə qeydə alınmış, sahəsi 16.6 kv.m olan yaşayış otağı bütövlükdə, texniki pasport sənədində 1 nömrəsi ilə qeydə alınmış, sahəsi 26.5 kv.m olan yaşayış otağının isə 11.2 kv.m hissəsini arakəsmə ilə ayrılaraq iş üzrə iddiaçıların istifadəsinə verilməlidir. 2-ci mərtəbədən isə texniki pasport sənədində 2, 3 və 4 nömrəsi ilə qeydə alınmış sahələr iş üzrə iddiaçının istifadəsində saxlanılmalıdır. Bölgü variantı rəyə əlavə olunmuş sxemdə ətraflı göstərilmişdir. Belə olan halda məhkəmə ekspert rəyinə uyğun olaraq qeyd edir ki, hazırda iddiaçının iddiası təmin edilməlidir. Belə ki, ünvan 5, 33 saylı fərdi yaşayış evinin 1-ci mərtəbəsində yerləşən, texniki pasport sənədində 3 nömrəsi ilə qeydə alınmış, sahəsi 16.6 kv.m olan yaşayış otağı bütövlükdə, texniki pasport sənədində 1 nömrəsi ilə qeydə alınmış, sahəsi 26.5 kv.m olan yaşayış otağının isə 11.2 kv.m hissəsi arakəsmə ilə ayrılmaqla və 2-ci mərtəbədən isə texniki pasport sənədində 2, 3 və 4 nömrəsi ilə qeydə alınmış sahələr İddiaçı istifadəsinə verilməklə faktiki mövcud vəziyyətə uyğun olaraq naturada bölünməsi texniki cəhətdən mümkündür. Odur ki, məhkəmə hesab edir ki, iddia ekspert rəyinə uyğun olaraq təmin edilməlidir. Bundan başqa, iddia tələbi tam təmin edildiyinə görə, aparılmış ekspertiza xərci 50 manat İddiaçı tutularaq dövlət nəfinə tutulmalıdır. Beləliklə məhkəmə təqdim edilmiş və məhkəmə zamanı əldə edilmiş bütün sübutların mötəbərliyini əsas götürərək iddianın tam təmin edilməsi qənaətinə gəlir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinin tələbinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin, 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. ünvan 5, 33 saylı fərdi yaşayış evinin 1-ci mərtəbəsində yerləşən, texniki pasport sənədində 3 nömrəsi ilə qeydə alınmış, sahəsi 16.6 kv.m olan yaşayış otağı bütövlükdə, texniki pasport sənədində 1 nömrəsi ilə qeydə alınmış, sahəsi 26.5 kv.m olan yaşayış otağının isə 11.2 kv.m hissəsi arakəsmə ilə ayrılmaqla və 2-ci mərtəbədə texniki pasport sənədində 2, 3 və 4 nömrə ilə qeydə alınmış sahələr İddiaçı istifadəsinə verilməklə faktiki mövcud vəziyyətə uyğun olaraq naturada bölünsün. Aparılmış ekspertiza tədqiqatının dəyəri-50 (əlli) manat İddiaçı tutularaq dövlət xeyrinə ödənilsin. Qətnamədən təqdim olunan (alınan) gündən bir ay müddətində Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Leyla Talıbova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar