Məhkəmə qərarları › İş №2(010)-776/2023

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-776/2023

24.11.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-776/2023 24.11.2023 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Miriyeva Səlimə Miri qızının sədrliyi, X1 iclas katibliyi, İddiaçı və Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı (üçüncü şəxs "xxxx" Açıq Səhmdar Cəmiyyəti) “pul” tələbinə dair mülki işə аçıq məhkəmə iclаsındа bаxаrаq, məhkəmə MÜƏYYƏN ETDİ: İddia tələbi.

1. İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə müraciət edərək məhkəmədən Cavabdeh ona vurulmuş maddi ziyanın əvəzi olaraq 8250 manat, mənəvi ziyana görə 1000 manat, hüquqi yardım üçün ödənilmiş 100 manat, dövlət rüsumunun əvəzi olaraq ödənilmiş 123 manat və müvəqqəti təminat tədbiri üçün ödənilmiş 10 manat olmaqla, cəmi 9483 manat məbləğində pul vəsaitinin tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

İddia tələbinin əsaslandırıldığı hallar.

2. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Sabunçu rayon Polis İdarəsinin Təhqiqat Şöbəsinin təhqiqatçısı X9 cinayət işinin başlanmasının rədd edilməsi haqqında xx.xx.2022-ci il tarixli qərarı ilə müəyyən edilmişdir ki, Cavabdeh xx.xx.2022-ci il tarixdə, saat 21:00 radələrində alkoqoldan istifadə edərək etibarnamə əsasında idarə etdiyi “Hyundai Sonata” markalı, **-UG-*** dövlət qeydiyyat nişanlı avtomobili sərxoş vəziyyətdə idarə edərək, Sabunçu rayonu, Şəhər şossesi ilə üzü şəhər istiqamətində sağ tərəfdən ikinci zolaqla təxminən 70-80 km/saat sürətlə hərəkətdə olarkən, Şəhər şossesi ilə Balaxanı yolunun kəsişməsində işıqforun qadağanedici işarəsi verilərkən hərəkətini davam etdirib ehtiyatsızlıq edərək, həmin vaxt qarşı əks yolda hərəkətdə olan onun etibarnamə əsasında idarə etdiyi “Opel Astra” markalı, **-UL-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə toqquşmuşdur. Toqquşma nəticəsində yolun sağ hissəsinə quraşdırılmış DİN-in Siqnal İdarəsinə məxsus işıqfora çırpılmaqla maddi ziyan vurulmuş, eyni zamanda ona, cavabdehə, cavabdehin idarə etdiyi avtomobildə olan sərnişinlər X6 yüngül bədən xəsarətləri, X3 dərəcəsi təyin edilməyən xəsarətlər vurulmuşdur. Cavabdeh isə tibbi müayinədən imtina etmişdir. Bununla da cavabdeh “Yol hərəkəti haqqında” AR Qanunu 60-cı maddəsinin 2-ci hissəsinin 1-ci bəndinin, həmin Qanunun 76-cı maddəsinin 2-ci hissəsinin tələblərini pozmuşdur. Vurulmuş xəsarətlərin dərəcələrinə əsasən cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar qəbul edilmiş və vurulmuş ziyan tələbi ilə bağlı mülki qaydada məhkəməyə müraciət olunması izah olunduğundan məhkəməyə müraciət etməli olmuşdur.

Tərəflərin izahatları.

3. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək bildirdi ki, cavabdehin təqsirindən baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində avtomobilinə zərər dəymişdir. Bu zərərin 5142.69 manatı "xxxx" ASC tərəfindən ona ödənilmişdir. Hər bir halda məhkəmədən iddianın təmin edilməsini xahiş etdi.

4. Məhkəmə iclasında Cavabdeh iddianı qismən qəbul edərək bildirdi ki, hazırda işləyir, lakin cəmi 450 manat əmək haqqı alır. Ailədə yalnız o işlədiyi üçün həm ailə xərcləri, həm də tələb olunan pulu ödəmək iqtidarında deyil. Maddi vəziyyəti ağır olduğundan tələb olunan məbləği hissə-hissə ödəyə bilər. Odur ki, məhkəmədən iddianın qismən təmin edilməsini xahiş etdi.

5. Üçüncü şəxs qismində işə cəlb edilmiş "xxxx" ASC-yə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilmiş, buna baxmayaraq üçüncü şəxsin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş, bunun üzrlü səbəbləri barədə məhkəməyə məlumat verilməmişdir.

İş materialları.

6. Sabunçu RPİ-nin Təhqiqat Şöbəsinin baş təhqiqatçısı, polis mayoru X11 tərəfindən qəbul edilmiş xx.xx.2022-ci il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərardan görünür ki, qərarın təsviri hissəsində göstərilənlərə əsasən vətəndaş X4, Cavabdeh, X5, X2 və İddiaçı yol-nəqliyyat hadisəsi zamanı xəsarət almaları faktına dair toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmiş, yol-hərəkət qaydalarını pozaraq yol-nəqliyyat hadisəsinin baş verməsinə səbəb olmuş Cavabdeh barəsində Azərbaycan Respublikası İXM-nin 343.2-ci maddəsi ilə inzibati tədbir görülməsi məqsədi ilə toplanmış materialın Sabunçu RPİ-nin DYPŞ-si vasitəsi ilə Sabunçu Rayon Məhkəməsinə göndərilməsi qərara alınmış, baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində DİN-in Siqnal İdarəsinə dəymiş maddi ziyanın ödənilməsi tələbi ilə əlaqədar mülki qaydada məhkəməyə müraciət etmək hüququ izah edilmişdir.

7. “Avtomobilin təmirə qeyri-yararlı olmasına və qalıqlarının qiymətləndirilməsinə dair” ekspert rəyindən görünür ki, BAN nömrəsi W0L0AHL**********, qara metallik rəng, 2006-cı il buraxılış ili olan “Opel Astra” markalı, AZ ** UL *** dövlət nömrə nişanlı avtomobilin işlək vəziyyətdə bu günə olan bazar qiyməti 11000 manat, nəqliyyat vasitəsinin təmir olunması üçün tələb olunan vəsait isə 8250 manatdır.

8. Nəqliyyat vasitələrinə sərəncam verilməsi haqqında ƏN-Vİİİ seriyalı, 370446 nömrəli etibarnamədən görünür ki, “Opel Astra” markalı, ** UL *** dövlət qeydiyyat nişanlı avtomobil mülkiyyətçi X10 tərəfindən İddiaçı etibar edilmiş, etibarnamə üzrə ona bir sıra səlahiyyətlər (sürücülük hüququ olduqda idarə etmək, bağışlamaq, ipoteka qoymaq, sərəncam vermək və digər hərəkətlər, qeydiyyata salmaq, qeydiyyatdan çıxarmaq, ərizə vermək) verilmişdir. Etibarnamə 1 il müddətinə, xx.xx.2023-cü il tarixədək qüvvədə olmaqla verilmişdir.

9. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 3(008)- 6832/2022 nömrəli qərarından görünür ki, Cavabdeh Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 343.2-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətaları törətməsinə dair inzibati xəta haqqında iş üzrə icraata AR İXM-nin 53.2-ci maddəsinə əsasən xitam verilmişdir.

10. "xxxx" ASC tərəfindən Cavabdeh ünvanlanmış xx.xx.2023-cü il tarixli, 05/01-670 nömrəli məktubdan görünür ki, xx.xx.2022-ci il tarixdə, saat 21:00 radələrində baş vermiş yol nəqliyyat hadisəsində zərərçəkənlərə "xxxx" ASC tərəfindən 5142.69 manat məbləğində sığorta ödənişi həyata keçirilmiş, həmin 5142.69 (beş min yüz qırx iki manat altmış doqquz qəpik) manat məbləğində sığorta ödənişini subroqasiya qaydasında "xxxx" ASC-nin qeyd olunan bank hesabına və ya Milli Ön aparatalarından 7 iş günü ərzində könüllü ödəməsi təklif olunmuşdur. Əks təqdirdə, qeyd olunan məbləğin məhkəmə qaydasında geri tələb ediləcəyi və bu zaman yaranacaq əlavə məhkəmə və vəkil xərclərinin də ondan tutulacağı ona izah olunmuşdur.

11. “AutoBox” avtoservis mərkəzi tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli qüsur aktından görünür ki, 2006-cı il buraxılışlı “Opel Astra” markalı, **-UL-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci 8560 manat - dəyişilməli hissələrin dəyəri 4900 manat, təmir işlərinin dəyəri 3660 manat məbləğində qiymətləndirilmişdir.

12. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin eksperti tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 9/3923 nömrəli ekspert rəyinin nəticə hissəsindən görünür ki, nəzəri hesablama yolu ilə, iş materiallarında olan “AutoBox” avtoservis mərkəzi tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli qüsur aktındakı məlumatlara əsasən avtohissələrin qiymətləri nəzərə alınmaqla 2006-cı il buraxılışlı, “Opel Astra” markalı, **-UL-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci hadisə baş verən tarixə təxminən 6500 manat müəyyən edilmişdir.

13. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin eksperti tərəfindən xx.xx.2023-cü il tarixli, 9/6945 nömrəli ekspert rəyinin nəticə hissəsindən görünür ki, nəzəri hesablama yolu ilə, iş materiallarında olan “AutoBox” avtoservis mərkəzi tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli qüsur aktındakı məlumatlara əsasən avtohissələrin qiymətləri nəzərə alınmaqla 2006-cı il buraxılışlı, “Opel Astra” markalı, **-UL-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci hadisə baş verən tarixə təxminən 6500 manat müəyyən edilməklə həmin iş üzrə verilmiş 9/3923 rəyin nəticəsi təsdiq edilmişdir. Qeyd edilmişdir ki, nəqliyyat vasitələrinə dəymiş ziyanın müəyyən olunması ilə bağlı ekspertizalar barədə Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2015-ci il tarixli, 422 nömrəli məktubunda göstərilənlərə əsasən nəqliyyat vasitələrinə dəymiş ziyanın müəyyən olunması ixtisaslaşdırılmış servis müəssisələrinin arayışı əsasında əmtəəşünaslıq ekspertizaların aparılması məqsədə müvafiq hesab olunduğundan 2(010)-760/2023 nömrəli mülki iş üzrə ekspertiza tədqiqatı xx.xx.2022-ci il tarixli qüsur aktı üzrə təqribi və təxmini hesablanır.

İşin faktiki halları.

14. Cavabdeh xx.xx.2022-ci il tarixdə, saat 21:00 radələrində etibarnamə əsasında “Hyundai Sonata” markalı, **-UG-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən işıqforun qadağanedici qırmızı işığında hərəkətini davam etdirmiş, nəticədə İddiaçı etibarnamə əsasında idarə etdiyi “Opel Astra” markalı, ** UL *** dövlət qeydiyyat nişanlı avtomobili vurmuş və sonuncunun avtomobilinə maddi zərər dəymişdir.

15. Hadisə nəticəsində İddiaçı avtomobilinə dəymiş zərərə görə Cavabdeh idarə etdiyi avtomobilin sığortaçısı "xxxx" ASC tərəfindən hadisə nəticəsində zərər dəymiş “Opel Astra” markalı avtomobili idarə edən İddiaçı 5142.69 manat məbləğində sığorta ödənişi edilmişdir.

Tətbiq edilən hüquq.

16. Azərbaycan Respublikasının Mülki Məcəlləsi.

Maddə 21. Zərərin əvəzinin ödənilməsi. 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 21.3. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. Maddə 157. Mülkiyyətin müdafiəsi. 157.8. Mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. Maddə 1096. Mülki hüquq pozuntuları (deliktlər) anlayışı. 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Maddə 1097. Mülki hüquq pozuntuları üçün məsuliyyətin əsasları. 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər.

17. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi.

Maddə 14. İş üzrə məhkəmə baxışının prinsipləri. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77. Sübut etmə vəzifəsi. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Sübutların qiymətləndirilməsi. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 107. Məhkəmə xərclərinin tərkibi. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Maddə 119. Məhkəmə xərclərinin tərəflər arasında bölüşdürülməsi. 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Maddə 217. Qətnamənin qanuniliyi və əsaslılığı. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

Məhkəmənin mövqeyi.

18. İşin faktiki hallarından göründüyü kimi, Cavabdeh etibarnamə əsasında idarə etdiyi avtomobillə təqsirli olaraq törətdiyi yol nəqliyyat hadisəsi nəticəsində İddiaçı idarə etdiyi avtomobilə zərər dəymişdir. Hadisənin cavabdehin təqsirli olaraq törətdiyi hüquqa zidd əməllər nəticəsində baş verməsi, məhz bu hadisə nəticəsində iddiaçının idarə etdiyi avtomobilə zərər dəyməsi iş materiallarında olan cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarla təsdiq olunur.

19. Nəzərə alınmalıdır ki, mülki hüquq pozuntusuna görə məsuliyyətin yaranması üçün aşağıdakı şərtlərin mövcud olması tələb olunur: 19.1. törədilmiş əməlin hüquqa zidd olması – ilk növbədə hüquqa zidd bir əməl (hərəkət və ya hərəkətsizlik) olmalı, hüquq qaydasının pozulması halı baş verməlidir; 19.2. əməlin təqsirli olaraq törədilməsi – təqsir subyektiv anlayış olmaqla hüquq pozuntusu törədən şəxsin həmin əməli törədərkən iradəsində nöqsanın olmasını ehtiva edir; 19.3. törədilmiş əməl (hərəkət və ya hərəkətsizlik) nəticəsində başqa şəxsə zərər vurulması – qanunla qorunan mənafeyə, dəyərə zərər yetirilmiş olmalıdır; 19.4. zərər ilə hüquqa zidd əməl arasında səbəbli əlaqənin olması – zərər məhz törədilmiş hüquqa zidd əməl nəticəsində əmələ gəlmiş olmalıdır.

20. Beləliklə, mülki qanunvericiliyin normalarını pozan əməli təqsirli olaraq törətmiş şəxs həmin hüquq pozuntusu (delikt) nəticəsində vurulmuş zərərə görə mülki hüquq məsuliyyəti daşıyır (“Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1099 və 1108-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun xx.xx.2022-ci il tarixli Qərarı).

21. Yuxarıda qeyd edilənləri hazırkı işin hallarına tətbiq edən məhkəmə belə nəticəyə gəlir ki, Cavabdeh mülki hüquq pozuntusu (delikt) törətmişdir və törətdiyi əmələ görə İddiaçı qarşısında mülki məsuliyyət daşıyır.

22. Məhkəmə, cavabdehin törətdiyi hüquq pozuntusu nəticəsində iddiaçıya dəymiş zərərin məbləği, yəni mülki məsuliyyətin həcmi ilə bağlı qeyd edir ki, iddiaçı cavabdehin təqsirli hərəkətləri nəticəsində avtomobilinə 8250 manat məbləğində zərər dəydiyini iddia etmişdir. İş materiallarında olan “AutoBox” avtoservis mərkəzi tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli qüsur aktından görünür ki, “Opel Astra” markalı, **-UL-*** dövlət qeydiyyat nişanlı dəyişilməli hissələrinin dəyəri 4900 manat, təmir işlərinin dəyəri 3660 manat olmaqla, avtomobilin təmir-bərpa xərci 8560 manat məbləğində qiymətləndirilmişdir.

23. Məhkəmə iclasında Cavabdeh hadisə nəticəsində iddiaçının idarə etdiyi avtomobilə dəymiş zərərin məbləği ilə razılaşmadığından iş üzrə məhkəmə-əmtəəşünaslıq ekspertizası təyin edilmişdir. Verilmiş ekspert rəyində iddiaçının istinad etdiyi “AutoBox” avtoservis mərkəzi tərəfindən tərtib edilmiş qüsur aktındakı dəyişilməli və təmir edilməli hissələrin dəyəri əmtəəşünas ekspert tərəfindən qiymətləndirilmiş, aparılmış tədqiqat nəticəsində avtomobilin təmir-bərpa xərcinin 6500 manat olduğu müəyyən edilmişdir. Daha sonra təyin edilmiş əlavə ekspertiza nəticəsində də ilk ekspert rəyi ilə gəlinən nəticə təsdiqlənmişdir.

24. Müvafiq ekspert rəyinin bu sahədə xüsusi biliyə malik ekspert tərəfindən verildiyini, təyin edilmiş əlavə ekspertiza nəticəsində başqa ekspert tərəfindən də eyni nəticənin təsdiqləndiyini, rəyin əsaslılığını şübhə altına alacaq hər hansı halın məhkəmə araşdırması gedişində müəyyən edilmədiyini nəzərə alan məhkəmə hesab edir ki, Cavabdeh təqsirli hərəkətləri nəticəsində İddiaçı idarə etdiyi avtomobilə dəymiş zərərin məbləği ekspert rəyində qeyd edildiyi kimi 6500 manat məbləğində qiymətləndirilməlidir.

25. Lakin məhkəmə hesab edir ki, bu məbləğ bütövlükdə cavabdehdən iddiaçının xeyrinə tutula bilməz. Ona görə ki, məhkəmə iclasında iştirak edən iddiaçı qəbul etmişdir ki, həmin yol nəqliyyat hadisəsi nəticəsində avtomobilinə dəymiş zərərə görə "xxxx" ASC tərəfindən ona 5149.42 manat məbləğində sığorta ödənişi ödənilmişdir. Müvafiq ödənişi təsdiq edən hesabdan çıxarış da məhz iddiaçı tərəfindən məhkəməyə təqdim edilmişdir. Bu vəziyyətdə məhkəmə hesab edir ki, eyni yol nəqliyyat hadisəsi nəticəsində dəymiş zərərə görə sığortaçı tərəfindən ödənilmiş pul təkrar təqsirli şəxsdən tutulmamalı, dəymiş zərərin (6500 manat) yalnız sığorta ödənişi (5149.42 manat) ilə əhatə edilməmiş hissəsi olan 1357.31 (6500-5149.42) manat məbləğində pul iddiaçının xeyrinə tutulmalıdır.

26. Məhkəmə bu cür nəticəyə gələrkən həm də o halı nəzərə alır ki, iddiaçıya sığorta ödənişi etmiş sığortaçı ödədiyi sığorta ödənişinin hadisənin baş verməsində təqsiri müəyyən edilmiş şəxsdən subroqasiya qaydasında tutulmasına dair iddia tələbi ilə məhkəməyə müraciət edə bilər. Əgər hazırkı qətnamə ilə dəymiş zərər bütövlükdə cavabdehdən tutularsa, bu o mənaya gəlir ki, cavabdeh gələcəkdə iddiaçıya ödədiyi pulu təkrar sığortaçıya ödəməli olacaq. Odur ki, həm də bu səbəbdən məhkəmə avtomobilə dəymiş zərərə görə cavabdehdən yalnız 1357.31 manat məbləğində pulun tutulmalı olduğu nəticəsinə gəlir.

27. İddia tələbinin 1000 manat məbləğində mənəvi ziyanla bağlı hissəsinə münasibətdə məhkəmə qeyd edir ki, iddia bu hissədə təmin edilməməlidir. Belə ki, “Ramazanov və digərlərinin” işi üzrə xx.xx.2007-ci il tarixli qərarında Azərbaycan Respublikasının Ali Məhkəməsi milli məhkəmələrə bu problemi tənzimləyən milli hüquq müddəaları olmadığı üçün mənəvi zərərə görə kompensasiya məsələlərinin həllində Avropa Məhkəməsinin təcrübəsinə riayət etməyi tövsiyə etmişdir.

28. “Kletsova Yusiyaya qarşı” iş üzrə xx.xx.2007-ci il tarixli qərarında, eləcə də bir sıra digər qərarlarında Avropa İnsan Hüquqları Məhkəməsi mübahisənin mahiyyətini, pozuntunun xarakterini nəzərə alaraq, iddiaçının iddiasının təmin edilməsi barədə məhkəmə aktının qəbul edilməsini mənəvi zərərin ödənilməsinin ədalətli kompensasiyası hesab etmişdir.

29. Avropa Məhkəməsinin müvafiq mövqeyini əsas götürməklə məhkəmə hesab edir ki, iddiaçının avtomobilinə dəymiş zərərin sığortaçı tərəfindən qarşılanmamış hissəsinin cavabdehdən tutulmasının qət edilməsi iddiaçıya dəymiş mənəvi zərəri ədalətli kompensasiya edir. Odur ki, iddia bu hissədə təmin edilməməlidir.

Məhkəmə xərcləri.

30. İş materiallarından görünür ki, iddiaçı hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət edərkən 133 manat məbləğində dövlət rüsumu ödəmişdir. Lakin cavabdeh müharibə veteranı olduğundan və “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1.20-ci maddəsinə əsasən müharibə veteranları dövlət rüsumunun ödənilməsindən azad olduğundan cavabdehdən rüsum tutula bilməz. İddiaçı, iddia tələbində hüquqi yardım üçün ödənilmiş 100 manat məbləğində pulu cavabdehdən tələb etsə də bununla bağlı məhkəməyə heç bir sübut təqdim edilməmişdir. Odur ki, tələb edilən xərc cavabdehdən tutula bilməz.

Məhkəmənin gəldiyi nəticə.

31. Beləliklə, yuxarıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh 1357.31 manat məbləğində pul tutularaq İddiaçı ödənilməli, iddia qalan hissədə təmin edilməməlidir.

32. Şərh olunanlara əsasən və MPM-in 214, 216-220, 233, 357 və 360-cı mаddələrini rəhbər tutаrаq, məhkəmə

Q Ə T E T D İ:

İddia qismən təmin edilsin. Cavabdeh 1357.31 manat (min üç yüz əlli yeddi manat otuz bir qəpik) məbləğində pul tutularaq İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Sədrlik edən Səlimə Miriyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar