Məhkəmə qərarları › İş №2(010)-779/2023

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-779/2023

14.04.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-779/2023 14.04.2023 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Miriyeva Səlimə Miri qızının sədrliyi, X2 iclas katibliyi İddiaçı iştirakı ilə İddiаçı İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dаir mülki işə аçıq məhkəmə iclаsındа bаxаrаq, məhkəmə MÜƏYYƏN ETDİ: İddia tələbi.

1. İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dаir iddia ərizəsi ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə müraciət edərək məhkəmədən Cavabdeh 2000 manat (bunun içində malın əvvəlki ildəki dəyəri 250 manat və indiki dəyəri 700 manat, əvvəl məhkəməyə ödədiyi 20 manat dövlət rüsumu və onu dələduzluq yolu ilə aldadıb get-gələ saldığına və bu yolda xərclədiyi pulları nəzərə alaraq) məbləğində pulun alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

İddia tələbinin əsaslandırıldığı hallar.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.2017-ci il tarixdə sahibkarlıq fəaliyyəti ilə məşğul olan zaman Cavabdeh 250 manat dəyərində içki vermişdir. Bu günə qədər həmin pulu ala bilmir. Onun işlədiyi “Məhəllə” kafesi Xətai rayonunda yerləşdiyi üçün Xətai Rayon Məhkəməsinə müraciət etmiş, Bakı şəhəri Xətai Rayon Məhkəməsi cavabdehdən 270 manat məbləğində pul tutulması barədə qətnamə qəbul etmişdir. Lakin bu günə qədər həmin pulu ala bilməmişdir. Belə ki, qətnamənin icrası zamanı məlum olmuşdur ki, cavabdeh öz adını və soyadını düzgün deməmişdir. O, bu adamın tapılması üçün çoxlu pullar xərcləməli olmuşdur. Bir neçə ildən sonra cavabdehin əsl adının, soyadının və ata adının Cavabdeh olduğunu icra məmuru Elşən Bəşirli aşkar etmiş və bildirmişdir ki, yenidən məhkəməyə müraciət etməlidir. Belə ki, qətnamədə cavabdeh X1 göstərilmişdir. Xətai Rayon Məhkəməsinə müraciət etmiş, orada ona yenidən məhkəməyə müraciət etməli olduğunu bildirmişlər. Odur ki, ona vurulmuş ziyanı nəzərə alaraq 2000 manat məbləğində pulun cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. Çünki 2017-ci ildən indiyə kimi xeyli vaxt keçmiş, pul iki dəfə dəyərdən düşmüşdür. Cavabdehin ona qarşı dələduzluq etməsi ona baha başa gəlmişdir. Buna görə də Cavabdeh malın əvvəlki illərdə dəyəri 250 manat və indiki dəyərinin 700 manat olmasını nəzərə almaqla 2000 manat məbləğində pulun və məhkəməyə əvvəl ödədiyi 20 manat məbləğində pulun tutularaq ona ödənilməsini xahiş etmişdir.

Tərəflərin izahatları.

3. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək bildirdi ki, o, 2017-ci ildə sahibkarlıq fəaliyyəti ilə məşğul olmuşdur. Həmin vaxt cavabdeh də yaxınlıqda kafe işlətmişdir. O, cavabdehə içki satışı ilə məşğul olduğunu bildirmiş, ona içki satmağı təklif etmişdir. Bundan sonra cavabdehə qaimə ilə 250 manatlıq nisyə içki satmışdır. Bir həftə sonra satdığı malın pulunu istəyəndə, cavabdeh borcunu bir həftədən sonra qaytaracağını bildirmişdir. Lakin bir həftə sonra kafenin bağlandığını görmüş, bundan sonra da cavabdehi tapa bilməmişdir. Xətai Rayon Məhkəməsinin qətnaməsinin icrası zamanı cavabdehin əsl adının Cavabdeh olduğunu bilmişdir. Hazırda cavabdehə içki satdığı vaxtdan uzun müddət keçmiş, onun o vaxt 20 manata satdığı “Sivaş” və “Çaktareks” markalı konyakların qiyməti indi 150 manat olmuşdur. Odur ki, məhkəmədən iddianın təmin edilməsini xahiş etdi.

4. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq cavabdeh məhkəmə iclasında iştirak etməmiş, bunun üzürlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Belə olan halda məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

İş materialları.

5. xx.xx.2017-ci il tarixli qaimə-fakturadan görünür ki, İddiaçı tərəfindən 13 ədəd 250 manat dəyərində içki X4 təhvil verilmişdir.

6. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(011)-965/2018 saylı qətnaməsindən görünür ki, cavabdeh X3 250 manat məbləğində pulun və ödənilmiş 20 manat dövlət rüsumunun tutularaq İddiaçı ödənilməsi qət edilmişdir.

7. Bakı şəhəri Xətai rayon İcra Şöbəsinin icra məmurları tərəfindən tərtib edilmiş xx.xx.2021-ci il tarixli aktdan görünür ki, Bakı şəhəri Xətai rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(011)-965/2018 saylı qətnaməsinin icrası zamanı icra vərəqəsində göstərilən borclunun X5 deyil, Cavabdeh müəyyən edilmişdir.

8. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(011)-965/2018 saylı qərardadından görünür ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2(011)-965/2018 saylı qətnaməsinə izah verilməsi barədə icra məmurunun ərizəsi təmin edilməmişdir.

9. Bakı şəhəri Xətai RPİ-nin 35-ci Polis Bölməsi tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2017-ci il tarixli, 103-13616y saylı məktubdan görünür ki, ərizəçinin borcun ödənilməsi ilə bağlı müraciətinin mülki xarakterli olduğu və bu səbəbdən də məhkəməyə müraciət edilməsinin məqsədəmüvafiq olduğu qeyd edilmişdir.

İşin faktiki halları.

10. Cavabdeh X5 (əslində Cavabdeh) xx.xx.2017-ci il tarixli qaimə-fakturaya əsasən İddiaçı şifahi nisyə alqı-satqı müqaviləsinə əsasən 250 manat məbləğində mal almışdır. İddiaçı bu müqavilə üzrə ödənilməmiş borcun tələb edilməsi ilə bağlı iddia ərizəsi ilə Bakı şəhəri Xətai Rayon Məhkəməsinə müraciət etmiş, iddiaçının iddiası qismən təmin olunmuşdur. Məhkəmə qətnaməsinin icrası zamanı icra sənədi üzrə borclunun X5 deyil, Cavabdeh olduğu müəyyən edilmişdir. Hazırda İddiaçı Cavabdeh qarşı Bakı şəhəri Suraxanı Rayon Məhkəməsində iddia qaldıraraq cavabdehdən 2000 manat məbləğində pulu və Bakı şəhəri Xətai Rayon Məhkəməsinə ödənilmiş 20 manat məbləğində dövlət rüsumunu tələb edir.

Tətbiq edilən hüquq.

11. Azərbaycan Respublikasının Mülki Məcəlləsi.

Maddə 385. Öhdəlik anlayışı. 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 386. Öhdəliklərin əmələ gəlməsi əsasları. 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Maddə 567. Alğı-satqı müqaviləsi. Alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Maddə 600. Nisyə satılmış əşyanın ödənilməsi. 600.1. Alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. 600.2. Əşyaların nisyə satışı satış günü qüvvədə olmuş qiymətlər üzrə həyata keçirilir. Nisyə satılmış əşyaların qiymətinin sonradan dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, yenidən hesablaşmaya səbəb olmur.

12. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi.

Maddə 14. İş üzrə məhkəmə baxışının prinsipləri. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77. Sübut etmə vəzifəsi. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Sübutların qiymətləndirilməsi. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 107. Məhkəmə xərclərinin tərkibi. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Maddə 119. Məhkəmə xərclərinin tərəflər arasında bölüşdürülməsi. 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Maddə 185. İşdə iştirak edən şəxslərin, nümayəndələrinin və vəkillərinin məhkəmə iclasına gəlməməsinin nəticələri. 185.5. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Maddə 217. Qətnamənin qanuniliyi və əsaslılığı. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 222. Əmlakın alınması və ya pul vəsaitlərinin tutulması haqqında qətnamə. 222.2. Pul vəsaitlərinin tutulması haqqında iddianı təmin edərkən hakim əsas borcu, faiz borcunu, zərər və dəbbə pulunu (cərimə, penya) ayrı-ayrılıqda müəyyən etməklə, alınmalı olan ümumi məbləği qətnamədə göstərir.

13. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunu.

Maddə 9. Məhkəməyə iddia ərizəsinin, digər ərizənin və ya şikayətin verilməsinə, məhkəmə aktının surətinin təkrar verilməsinə görə dövlət rüsumunun ödənilməsindən azadolmalar və dövlət rüsumunun ödənilməsinin xüsusiyyətləri. Maddə 9.1.20. məhkəmədə verilən iddialar üzrə - şəhid ailələri, müharibə veteranları, müharibə ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər, qaçqınlar və məcburi köçkünlər, habele Çernobıl AES-də qəza nəticəsində şüa xəstəliyinə və şüa yükü ilə əlaqədar xəstəliyə tutulmuş və ya bu xəstəlikləri keçirmiş şəxslər. 9.4. İddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövtət rüsümu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür.

Məhkəmənin mövqeyi.

14. Məhkəmə işin faktiki hallarını araşdıraraq və yuxarıda göstərilən qanunvericilik normalarını nəzərə alaraq hesab edir ki, cavabdehin hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməlidir. Belə ki, cavabdehlə iddiaçı arasında şifahi alqı-satqı müqaviləsi bağlanmış, qaimə - fakturaya əsasən iddiaçı 250 manat məbləğində malı cavabdehə vermişdir. Belə olan halda nisyə alqı-satqı müqaviləsi üzrə üzərinə düşən öhdəliyi yerinə yetirmədiyi üçün cavabdeh iddiaçı qarşısında məsuliyyət daşıyır və iddiaçının cavabdehə qarşı irəli sürdüyü şifahi müqavilə üzrə borcun tutulması tələbi əsaslıdır.

15. İddiaçı, həmçinin 2017-ci ildə cavabdehə satdığı içkilərin qiymətlərinin artdığını, cavabdehdən pulu ala bilmək üçün müxtəlif dövlət orqanlarına müraciət etməli olduğunu, gediş-gəliş üçün yol xərci çəkdiyini, cavabdehin müqavilə öhdəliyini yerinə yetirməməsinə görə ona dəymiş ziyanın 2000 manat məbləğində olduğunu iddia edərək cavabdehdən ümumilikdə 2000 manat məbləğində pul tələb etmişdir.

16. Məhkəmə iddiaçının nəzərinə çatdırır ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin tələbinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları özü sübut etməlidir. Məhkəmənin sübutları toplamaq kimi bir vəzifəsi yoxdur.

17. Hazırkı işdə isə iddiaçı cavabdehin öhdəliklərini yerinə yetirməməsi nəticəsində ona 2000 manat məbləğində ziyan dəyməsi (satılmış malların qiymətinin artması, cavabdehdən pulun tələb edilməsi ilə bağlı digər xərclərinin çıxması və s.) ilə bağlı məhkəməyə heç bir sübut təqdim etməməmiş, bu barədə yalnız izahat verməklə kifayətlənmişdir.

18. Sonda, iddiaçının Bakı şəhəri Xətai Rayon Məhkəməsində iddia qaldırmaq üçün dövlət rüsumu kimi ödədiyi 20 manat məbləğində pulun da dəymiş zərər kimi cavabdehdən tutulması ilə bağlı tələbinə münasibətdə məhkəmə qeyd edir ki, bu tələb təmin edə bilməz. Belə ki, iş materiallarından görünür ki, iddiaçı müharibə veteranıdır və bu statusuna görə məhkəməyə iddia ərizəsi ilə müraciət edərkən dövlət rüsumunun ödənilməsindən azaddır. Buna baxmayaraq, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin qətnaməsindən görünür ki, o, həmin məhkəməyə iddia ərizəsi ilə müraciət edərkən 20 manat məbləğində dövlət rüsumu ödəmişdir. Məhkəmə qeyd edir ki, ödənilmiş dövlət rüsumu məhkəmə xərclərinə aiddir və həmin xərclərlə bağlı məsələlər məhz həmin mübahisə üzrə qəbul edilmiş məhkəmə qətnaməsi ilə həll edilir. Bu vəziyyətdə iddiaçının Bakı şəhəri Xətai Rayon Məhkəməsinə artıq ödədiyi (azad olduğu halda ödədiyi) dövlət rüsumunun geri qaytarılması ilə bağlı tələbi varsa, bununla bağlı ərizə ilə həmin məhkəməyə müraciət etmək hüququ vardır. Başqa bir məhkəmənin icraatında olmuş iş üzrə məhkəmə xərcləri ilə bağlı məsələ hazırkı qətnamə ilə həll edilə bilməz.

19. Yuxarıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh 250 manat məbləğində pul tutularaq İddiaçı ödənilməlidir.

Məhkəmə xərcləri.

20. İş materiallarından görünür ki, iddiaçı müharibə veteranı olduğundan məhkəməyə müraciət edən zaman dövlət rüsmunu ödəməkdən azad olunmuşdur. Belə olan halda iddianın təmin edilmiş hissəsinə (250 manat) uyğun olaraq 30 manat məbləğində ödənilməmiş dövlət rüsumu Cavabdeh tutularaq dövlət büdcəsinə ödənilməlidir.

Məhkəmənin gəldiyi nəticə.

21. Beləliklə, yuxarıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh 250 manat məbləğində pul tutularaq İddiaçı ödənilməli, iddia qalan hissədə təmin edilməməli, ödənilməmiş 30 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir.

22. Şərh olunanlara əsasən və MPM-in 214, 216-220, 233, 357 və 360-cı mаddələrini rəhbər tutаrаq, məhkəmə

QƏT E T D İ:

İddia qismən təmin edilsin. Cavabdeh 250 (iki yüz əlli) manat məbləğində pul tutularaq İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Ödənilməmiş 30 (otuz) manat məbləğində dövlət rüsumu Cavabdeh tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qаydаdа verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Sədrlik edən Səlimə Miriyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar