Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-788/2022 03.03.2022 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Qasımov Anar Adil oğlunun sədrliyi, Maqsudov İsa Sabir oğlunun katibliyi, İddiaçı Cavabdehlər Cavabdeh2 və Cavabdeh1 iştirakı ilə İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı «pul tələbi» barədə iddia ərizəsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı «pul tələbi» dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdehlərdən Cavabdeh1 və onun kürəkəni Cavabdeh2 24000(iyirmi dörd min) manat pulun - bundan 7000 (yeddi min)manatı verdiyi beh, 7000 (yeddi min) manatı beh müqaviləsini pozduğuna görə iki misli olaraq və 10000 (on min) manat pulu ona vurduğu mənəvi, fiziki və maddi zərərə görə alınıb ona verilməsinə dair qətnamə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, cavabdehlər Cavabdeh1 (şəxsiyyət vəsiqəsinin seriya nömrəsi: AZE ********) və onun kürəkəni Cavabdeh2 (şəxsiyyət vəsiqəsinin seriya nömrəsi: AA 1985949) ilə 2021-ci ildə Cavabdeh1 məxsus ünvan 1 ünvandakı həyət evinin üzərində “SATİLİR” yazıldığı üçün evi almaq məqsədi ilə tanış olmuşdur. Ev sahibi Cavabdeh1 evini 75000 (yetmiş beş min) manata satacağını bildirmişdir. Özü, oğlu X4 və arvadı X1 ilə evə baxdıqdan və bəyəndikdən sonra evi almaq məqsədi ilə ilkin olaraq Cavabdeh1 evinin yaxınlığında işlədiyi tikiş sexinin qarşısında oğlu və arvadının şahidliyi ilə ilkin olaraq 1500(min beş yüz) manat pulu, daha sonra isə Cavabdeh1 və onun kürəkəni Cavabdeh2 1 həftə sonra təkidi ilə əlavə pul verərək, cəmi 7000(yeddi min) manat pul verilməsini istəmişlər. Buna görə o oğlu ilə birlikdə Xətai rayonundakı ASAN xidmətdə Cavabdeh1 və kürəkəni Cavabdeh2 ilə birlikdə əvvəlcədən razılaşdığı kimi beh müqaviləsi bağlamaq üçün notariusa yaxınlaşanda oranın notariusu Cavabdeh1 evdə qeydiyyatda olanların razılıq ərizələri və Forma 1, 2 sənədləri tələb etdi. Lakin o, bu sənədləri qəsdən və bilərəkdən gətirmədiyinə görə notarius beh müqaviləsinin bağlanılmayacağını bildirmişdir. Bundan sonra Cavabdeh1 və kürəkəni Cavabdeh2 özünü yazıqlığa qoyaraq, yalvar-yaxar edərək onların etibarından sui istifadə edərək bu pula ehtiyyacı olduğunu bildirmiş və öz aralarında yazılı beh müqaviləsi bağlamışlar və o əlavə olaraq 5500(beş min beş yüz) manat pulu Cavabdeh1 vermişdir. Onlar pulu alanda söz verdilər ki, günü sabahdan tələb olunan sənədləri toplayacaqlar. Bundan bır neçə həftə sonra Cavabdeh1 və kürəkəni Cavabdeh2 oğluma zəng edərək əlavə 25000 (iyirmi beş min) manat pulu təcili onlara vermələrini istədilər və hədə qorxu gəldilər ki, əgər verməsələr evi başqasına satacaqlar və beh batacaq. Buna görə o, Cavabdeh1, bu qədər məbləği qısa vaxt ərzində ancaq ipoteka yolu ilə bankdan pul götürüb birdəfəlik alqısatqıya gedərək verəcəyini və banka tələb olunan sənədlərin - evdə qeydiyyatda olanların razılıq ərizələri və Forma 1, 2 surətlərini alıb banka verməli olduğunu bildirmiş və onlar da razılaşmışlar. Buna görə o, Kapital banka oğlunun adına daxili ipoteka yolu ilə pulun ayrılması üçün onlara aid tələb olunan sənədləri toplayaraq müraciət etmiş və bankdan 68000 (altmış səkkiz min) manat pulun ayrıldığını və ev sahibinə aid sənədlərin surətini təqdim edib alqı satqıya gedə biləcəklərini bildirmişlər. Razılaşmaya əsasən Cavabdeh1 bu sənədləri toplayacağına söz vermiş və onlar birdəfəlik alqı-satqıya getməli idilər. Lakin alqı-satqıya getməli olduğu gün gəlib çatdığında Cavabdeh1 alqı-satqı üçün tələb olunan sənədləri almadığını bildirdi, alqı satqıya gəlmədi və israrla ondan 25000 (iyirmi beş min) manat pulu təcili onlara verilməsini istəmişdir. O, dəfələrlə onun evinə və işlədiyi sexə gedərək ona, alqı satqıya getmək istədiyini desə də Cavabdeh1 müxtəlif bəhanələrlə alqı satqıya gəlməkdən imtina etmişdir, çünki onun əvvəlcədən niyyəti evini satmaq adı ilə pul əldə etmək idi. Artıq onların bu hərəkətlərindən sonra o, onların əsl niyyətini, yəni dələduzluq yolu ilə ondan hissə-hissə küllü miqdarda pul alıb mənimsək istədiklərini bilmişdir. Bundan sonra o, verdiyi 7000 (yeddi min) manat pulu geri qaytarmağını tələb etmiş, lakin cavabdehlər pulu qaytarmaqdan imtina edərək “beh batdı” bildirmişlər. Bundan sonra o, 102-yə zəng edərək əvvəlcədən əlbir olaraq ona qarşı dələduzluq edən Cavabdeh1 və kürəkəni Cavabdeh2 barəsində şikayət etmiş, Cavabdeh1 və kürəkəni Cavabdeh2 məndən 25000 (iyirmi beş min) manat pulu təcili onlara verməyini istədiklərinə və hədə qorxu ilə, əgər verməsə evi başqasına satacaqlar və beh batacaq dediklərinə görə o, ipotekanın ilkin ödənişi üçün arvadının adına Beynəlxalq bankdan yüksək faizlə 9000 (doqquz min) manat pul krediti götürmüş və əlavə olaraq qalan məbləği tamamlamaq üçün girov ev qoymaqla bankdan pul götürmək üçün tələb olunan sənədləri ASAN xidmətdən dövlət rüsumlarını ödəyərək toplamışdır. Göstərilən bu səbəbdən ağır maddi, fiziki və mənəvi zərərə düşmüşəm. Əlavə olaraq o 1-ci Qarabağ müharibəsi veteranı 1-ci qrup əlildir. Cavabdeh1 və kürəkəni Cavabdeh2 ona qarşı etdikləri dələduzluqdan sonra əsəbləri pozulub, səhhəti ilə bağlı problemlərim yaranıb. Onlar ona küllü miqdarda maddi, fiziki və mənəvi zərər vurublar Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək iddia ərizəsinə uyğun olaraq izahat verib iddianın təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh1 iddia tələbini qismən qəbul etdiyini bildirərək, izahatında göstərdi ki, o xüsusi mülkiyyət hüququ ilə ona məxsus ünvan 1 ünvandakı həyət evi satmaq istəmiş, bir müddət sonra evi almaq istəyən İddiaçı onunla əlaqə saxlamış və beh kimi ona 7000 manat vermişdir. O, evini satmaq niyyətindən çəkinməmiş və hazırda da cavabdehə evini satmaq istəyir. Hətta son vaxtlar elanla bağlı evinə digər müştərilər də gəlmiş, lakin onlara evini iddiaçıya görə satmamış və beh aldığına görə həmin mənzili almaq istəyən şəxslərə imtina cavab verməli olmuşdur. Əslində alqı-satqının həyata keçirilməməsi ondan asılı olmayan səbəblərdən olmuşdur. Belə ki, o, evdə qeydiyyatda olan bütün şəxslərdən razılıq ərizələrini qısa müddətdə əldə edə bilməmiş, iddiaçı isə özü bir qədər gözləməkdən imtina edərək əvvəl polisə, sonra isə məhkəməyə müraciət etmişdir. Yaranmış vəziyyətdə beh kimi aldığı 7000 manat məbləğində pulu iddiaçıya qaytarmağa etiraz etmir, lakin həmin məbləğin ikiqat qaydada qaytarılmasına etiraz edir, çünki alqı-satqını bağlamaqdan imtina etməmişdir. İddiaçının onun hərəkətləri nəticəsində xəstəlik keçirtməsi və bu əsaslara görə mənəvi zərərə görə pul tələbini əsassız hesab edir, çünki iddiaçı tərəfindən təqdim olunmuş xəstəlik kağızlarındas qeyd olunmuş tarixlər iddiaçının xəstəliyinin beh müqaviləsindən əvvəl olduğuna dəalət edir. Məhkəmə iclasında Cavabdeh2 iddia tələbini qəbul etmədiyini bildirərək, izahatında göstərdi ki, Cavabdeh1 onun qaynanasıdır. Qaynatası vəfat etdiyinə görə evin alqısatqısında sonucuya köməklik göstərmiş və behin sonuncuya verilməsində iştirak etmişdir. O, iddiaçıdan pul almamış, nə də həmin beh qaynanasından ona verilməmişdir. Odur ki, ona münasibətdə iddianın rədd edilməsini xahiş edir. Məhkəmə proses iştirakçılarını dinləyib, iddia ərizəsini və işin faktiki hallarını araşdırıb, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş yazılı qaydada tərtib olunmuş 30 iyul 2021-ci il tarixli beh müqaviləsindən görünür ki, İddiaçı Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin ******* Qeydiyyat nömrəli, **********92-10301 reyestr ünvan 1 ünvanda olan 152,3 kv. m. ibarət fərdi yaşayış evini almaq istədiyinə görə Cavabdeh1 7000 manat beh verirmişdir. Beləliklə də, iddia tələbinin qanuni əsasını Azərbaycan Respublikası Mülki Məcəlləsinin 491 və 492-ci maddəsinin tələbləri çıxış edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 491.1 və 491.2-ci maddələrində təsbit edilmişdir ki, beh müqavilənin bağlanmasını təsdiq etmək və icrasını təmin etmək məqsədilə razılğa gələn tərəflərdən birinin müqavilə üzrə digər tərəfə verəcəyi ödənişlər hesabına verdiyi pul məbləğidir. Behin məbləğindən asılı olmayaraq beh haqqında razılaşma yazılı formada bağlanmalıdır. Həmin Məcəllənin 492.2-ci maddəsinə əsasən əgər müqavilənin icra edilməməsi üçün beh vermiş tərəf məsuliyyət daşıyırsa, beh digər tərəfdə qalır. Əgər müqavilənin icra edilməməsi üçün beh almış tərəf məsuliyyət daşıyırsa, o, digər tərəfə behin iki mislini ödəməlidir. Bundan əlavə, müqavilənin icra edilməməsi üçün məsuliyyət daşıyan tərəf, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, beh məbləği hesaba alınmaqla, zərərin əvəzini digər tərəfə ödəməyə borcludur. Məhkəmə qeyd edir ki, ödənilmiş behin ikiqat qaytarılması ilə bağlı hissədə iddia tələbinin həlli üçün müqavilənin icra edilməməsi üçün məsuliyyətin kimin üzərində olması müəyyən edilməlidir. Tərəflər arasında bağlanmış 30 iyul 2021-ci il tarixli müqavilənin şərtlərinə əsasən tərəflər mübahisəli evin alğı-satqı barədə razılığa gəlmişlər. Bununla belə qeyd edilməlidir ki, beh müqaviləsi bağlanan zaman mübahisəli evin alğı-satqısının nə zaman bağlanmalı olduğunu ümumiyyətlə nəzərdə tutmamışlar. Belə olan halda işə alğı-satqının icra edilməməsinin cavabdeh X2 məsuliyyət daşımasına dair iddiaçının dəlili əsassızdır, çünki sonuncu mülkiyyət hüququ ilə ona məxsus olan evin hazırda da satmaq niyyətində olduğunu bildirmiş və onun beh aldıqdan sonra əqdin dərhal bağlanmamasının səbəbi kimi əqdin rəsmləşdirilməsi üçün zəruri olan bir sıra sənədlərin, o cümlədən qeydiyyatda olan şəxslərin bir neçəsinin Bakı şəhərində olmadığına görə razılıq ərizələrinin tez bir vaxtda toplaya bilməməsinə dair dəlilləri iddiaçı tərəfindən təkzib olunmamışdır. Beləliklə də, alqı-satqı müqaviləsinin məhz Cavabdeh1 təqsiri üzündən, habelə ondan asılı olan səbəblərə görə bağlanmamış olması, bununla bağlı həmin cavabdehin qərəzli hərəkətlərə yol verməsi, xüsusilə müqavilənin bağlanmasına maneçilik törətməyə yönəlmiş hərəkətlər edilməsi sübuta yetirilməməmişdir. Bütün bunlar isə iddiaçının mübahisəli evə dair alqı-satqı müqaviləsinin bağlanması üçün beh olaraq ödənildiyini iddia etdiyi pul vəsaitinin iki misli miqdarının qaytarılmasını mümkünsüz edir. Həmçinin məhkəmə hesab edir ki, beh qismində verilmiş pulun qaytarılması barədə iddia yalnız cabavdeh Cavabdeh1 münasibətdə təmin edilməli, Cavabdeh2 münasibətdə isə təmin edilməməlidir. Belə ki, həmin cavabdehə qarşı iddia tələbi sonuncunun bilavasitə behin verilməsi və beh müqaviləsində adının qeyd olunması ilə əsaslandırılmış olsa da, işin mübahisəsiz halı ondan ibarətdir ki, müqavilə iddiaçı ilə Cavabdeh1 Bəhrəm qızı arasında bağlanmış və pul məhz mübahisəli evin mülkiyyətçisi kimi sonuncuya verilmişdir. Bu isə ona dəlalət edir ki, Cavabdeh2 qarşı behin qaytarılması barədə iddia əsassızdır. Beləliklə də, məhkəmə iddiaçının Cavabdeh1 münasibətdə bu nəticəyə gəlir ki, iddia qismən əsaslıdır və Cavabdeh1 7000 manat tutularaq İddiaçı verilməlidir. Məhkəmə iddia tələbinin maddi və mənəvi ziyanla bağlı hissəsi ilə əlaqədar qeyd edir ki, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri əmlak zərəri olmaqla iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərər çəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O, həm vurulmuş əmlak zərəri ilə birlikdə yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Lakin iddiaçı bu mənəvi ziyanın cavabdehlərin hərəkətləri nəticəsində əsəblərinin pozulması və səhhəti ilə bağlı probleminin yaranması əsaslandırsa da, bunun təsdiqi ilə bağlı yalnız ambulator xəstəlik kitabçadan müvafiq olaraq 25.06.2021-ci il tarixli, 30.06.2021-ci il, 16.07.2021-ci il tarixli çıxarışları təqdim etmişdir. Qeyd olunan sübutlar iddiaçının səhhəti ilə bağlı müalicə olunduğunu təsdiq etsə də, məhkəmə qeyd etməyi zəruri hesab edir ki, bu müalicə tərəflər arasında 30 iyul 2021-ci il tarixdə bağlanmış beh müqaviləsindən əvvəlki dövrlərə təsadüf etməsi ona dəlalət edir ki, idiaçının səhhətində olan problemlər cavabdehin hər hansısa hərəkətləri nəticəsində baş verə bilməzdi və buna görə də mənəvi zərərin vurulması ilə bağlı iddia əsassız hesab edilməlidir. İddiaçıya maddi zərər vurulması ilə bağlı iddia tələbini araşdıraraq məhkəmə qeyd edir ki, iddiaçı həmin tələbi onunla əsaslandırmışdır ki, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 25000 (iyirmi beş min) manat pulu təcili onlara verməyini istədiklərinə və əks halda evi başqasına satacaqlarına və behin də qaytarılmasının mümkün olmayacağını dediklərinə görə ipotekanın ilkin ödənişi üçün arvadının adına “Azərbaycan Beynəlxalq Bankdan” yüksək faizlə 9000 manat pul krediti götürduyunü və əlavə olaraq qalan məbləği tamamlamaq üçün girov ev qoymaqla bankdan pul götürmək üçün tələb olunan sənədləri ASAN xidmətdən dövlət rüsumlarını ödəməsi ilə əsaslandırmışdır. Bununla bağlı məhkəmə qeyd edir ki, iddiaçının tələbi bilavasitə sübutetmə yükü ilə bağlıdır və işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu halda, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçının arvadının adına “Azərbaycan Beynəlxalq Bankdan” kredit götürməsi özü-özlüyündə cavabdehlərin hərəkətləri nəticəsində iddiaçıya maddi zərər vurulmasına dəlalət edən hal deyildir. Beləliklə də, hazırkı mübahisədə sübutetmə vəzifəsi iddiaçının üzərinə düşdüyündən iddiaçının öz tələbinin əsası kimi istinad etdiyi hallar sübuta yetirilmədiyindən maddi zərərin ödənilməsi ilə bağlı iddia tələbi əsassız olduğuna görə rədd edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh1 7000 (yeddi min) manat tutularaq İddiaçı verilsin. Qalan hissədə iddia rədd edilsin. Qətnamədən bir ay müddətində Bakı şəhəri Suraxanı rayon məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən : Anar Qasımov
Məhkəmə qərarları › İş №2(010)-788/2022
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-788/2022
03.03.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver