Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-802/2021 13.04.2021 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Tural Nurulla oğlunun sədrliyi, Məhərrəmov Orxan Kazım oğlunun katibliyi, İddiaçı «xxxx» X1 nümayəndəsi və vəkili Vəkil, Cavabdeh 15 nömrəli Birləşmiş Şəhər Xəstəxanasının nümayəndəsi X6 iştirakı ilə İddiaçı «xxxx» X2 Cavabdeh1 və 15 nömrəli Birləşmiş Şəhər Xəstəxanasına qarşı əmək qabiliyyəti olmaması vərəqələrinin etibarsız hesab edilməsi barədə iddia tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: İddiaçı «xxxx» X4 Cavabdeh1 və 15 nömrəli Birləşmiş Şəhər Xəstəxanasına qarşı əmək qabiliyyəti olmaması vərəqələrinin etibarsız hesab edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 15 nömrəli Birləşmiş Şəhər Xəstəxanası tərəfindən təqdim edilən SN 00006 seriyalı, 797089 saylı, 797022 saylı, 796980 saylı, 673605 saylı əmək qabiliyyətinin olmaması vərəqələrinin etibarsız hesab edilməsinə və ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun cavabdehdən iddiaçının xeyrinə tutulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəməyə iddia tələbinin həcminin artırılmasına dair ərizə verərək 15 nömrəli Birləşmiş Şəhər Xəstəxanası tərəfindən təqdim edilən SN 00006 seriyalı, 797089 saylı, 797022 saylı, 796980 saylı, 673605 saylı, 797189 saylı və 825684 saylı əmək qabiliyyətinin olmaması vərəqələrinin etibarsız hesab edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, İddiaçı MMM-nin işçisi X5 xx.xx.2020ci il tarixindən etibarən 6 ay müddət ərzində işə gəlmir. Həmin bu altı ayın 4 ayı ərzində işçi tərəfindən müvafiq qaydada əmək qabiliyyətinin olmaması vərəqələri təqdim edilmişdir. 15 nömrəli Birləşmiş Şəhər Xəstəxanası tərəfindən təqdim edilən SN 00006 seriyalı, 797089 saylı, 797022 saylı, 796980 saylı, 673605 saylı əmək qabiliyyətinin olmaması vərəqələrində diaqnoz olaraq “Yumurtalıqların cr-si” göstərilmişdir. Tibbi təhsilin olmadığından xəstəxananın təqdim etdiyi vərəqələrə əsasən, Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilmiş “Məcburi dövlət sosial sığortası üzrə ödəmələrin və əmək qabiliyyətini müvəqqəti itirmiş işçilərə sığortaedənin vəsaiti hesabına ödənilən müavinətin hesablanması və ödənilməsi haqqında” qaydalara uyğun olaraq, sənədləşmə işləri aparılmış və 14 gün müddət Şirkət tərəfindən ödənilmək şərtilə, qalan müddət üzrə ödənişlər dövlət hesabına həyata keçirilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1998-ci il 15 sentyabr tarixli, 189 nömrəli qərarı ilə təsdiq edilmiş «Məcburi dövlət sosial sığortası üzrə ödəmələrin və əmək qabiliyyətini müvəqqəti itirmiş işçilərə sığortaedənin vəsaiti hesabına ödənilən müavinətin hesablanması və ödənilməsi haqqında Əsasnamə»nin: - 1.1-ci bəndinə əsasən əmək qabiliyyətini müvəqqəti itirmiş sığortaolunanlara ilk 14 təqvim günü üçün sığortaedənin vəsaiti hesabına, qalan günlər üçün isə məcburi dövlət sosial sığorta haqları hesabına müavinət ödənilir. - 6-cı bəndinə əsasən sığortaolunanlann əmək qabiliyyətinin müvəqqəti itirilməsi halında itirilmiş əmək haqlarının, gəlirlərinin və əlavə xərclərinin tam və ya qismən kompensasiya edilməsi məqsədi ilə əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə müavinət almaq hüquqları vardır. Bu hüquq əmək qabiliyyətinin müvəqqəti itirilməsi halı məcburi dövlət sosial sığorta haqqı hesablanan əmək fəaliyyəti dövründə baş verdikdə yaranır. Əmək qabiliyyətinin müvəqqəti itirilməsi bir neçə xəstəlik vərəqəsinə görə fasilələrlə davam edərsə, əmək qabiliyyətinin müvəqqəti itirilməsinin ilk 14 təqvim günü üçün müavinət xəstəlik vərəqələrinin sayından asılı olaraq, hər dəfə sığortaedənin vəsaiti, qalan günlər üçün isə məcburi dövlət sosial sığorta haqları hesabına ödənilir, - 7-ci bəndinə əsasən əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə müavinət, qanunvericiliklə müəyyən edilmiş qaydada verilmiş xəstəlik vərəqəsinə (əmək qabiliyyətini itirmək vərəqəsi) əsasən təyin edilir. - 8-ci maddəsinə əsasən əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə müavinət, əmək qabiliyyətinin itirildiyi birinci gündən başlayaraq sağalanadək və ya tibbi sosial ekspert komissiyası (TSEK) tərəfindən əlillik və ya sağlamlıq imkanlarının məhdudluğu müəyyən edilənədək, lakin qanunvericiliklə müəyyən olunmuş müddətdən çox olmayan dövr üçün verilir. X5 2017ci ilin dekabr ayında “X10” adlı müalicə müəssində həkim Qurbanov Alik tərəfindən əməliyyat keçirilmişdir. Əldə edilən epikrizə uyğun olaraq, xx.xx.2017-ci ildə xəstəyə spinal anesteziyası altında “Laparoskopiya, Konversio, Laparotomiya, Uşaqlığın artımlarla birlikdə ekstirpasiyası, Böyük piyliyin rezeksiyası, Limfadüyünlərin biopsiyası, Qarın boşluğunun drenajı" əməliyyatı icra olunmuşdur. Əməliyyatdan sonrakı dövr fəsadsız keçmişdir və yara birincili sağalmışdır. Bu cərrahiyə əməliyyatının həyata keçirilməsi ilə bağlı xəbərimiz yox idi. İşçi “xxxx” MMM-də çalışan zaman, hər hansı cərrahiyə əməliyyatı keçirməsi barədə məlumat verməmiş və əgər belə bir əməliyyat keçirtmiş olsaydı, qısa müddət də olsa, işə gəlmə imkanından məhrum olmalı idi və əmək qabiliyyətinin olmaması vərəqələri təqdim etməli idi. Yalnız belə bir sənədlər təqdim edilməmişdir. Həkim ekspertlərdən əldə etdiyimiz məlumata əsasən, 2017-ci ildə keçirilən əməliyyatdan sonra təqdim edilən epikrizdə qeyd edilənlər baş verdiyi halda, həmin “yumurtalıq” adlı orqan tam çıxarılmış olur. Yəni 2017-ci ildə əməliyyat olubsa və sonradan işçi bir ildən artıq müddət çalışıbsa və bir daha hər hansı əməliyyat keçirməyibsə və göstərilən daxili orqan artıq mövcud olmayıbsa, hansı əməliyyatdan söz gedə bilər. Diaqnoz olaraq, cərrahiyyə qeyd etmək o deməkdir ki, 4 ay ərzində əməliyyat keçiriblər??? Cavabdeh2 tərəfindən verilən əmək qabiliyyətinin olmaması vərəqəsində göstərilən diaqnoz qeyri qanunidir və qeyd olunan xəstəlik vərəqələri yalnız işə uzun müddət gəlməməsi üçün əldə edilibdir. Bu səbəbdən də, həmin xəstəlik vərəqələrinin mötəbərliyi hazırda şübhə altındadır. Yuxarıda qeyd edilənlərə əsasən iddianın təmin edilməsini xahiş edir. İddiaçının nümayəndəsi Vəkil məhkəmə iclasında iddianı müdafiə edərək bildirdi ki, X5 2021-ci ilin avqust ayının 24-də işdən çıxarılmışdır. Cavabdeh 6 ay ərzində işə gəlməmiş, işdən çıxarıldığını bilən kimi əmək qabiliyyətli olmaması barədə arayış təqdim etmişdir. Cavabdeh1 2018-ci ildə də əməliyyat olub və eyni diaqnozla cərrahiyə olunması ehtimalı azdır. Özü iş yoldaşlarına deyib ki, heç bir problemi yoxdur. Ona görə də, iddianın təmin edilməsini xahiş etdi. Cavabdeh 15 nömrəli Birləşmiş Şəhər Xəstəxanasının nümayəndəsi X8 izahatında göstərdi ki, Cavabdeh1 xx.xx.2020-ci ildə xəstəxanaya müraciət edib.Səhhətində olan narahatçılıqla və ona əlillik qrupunun verilməsi ilə bağlı Milli Onkologiyada müayinə olunub və xəstə olması müəyyən olunub. Cavabdeh1 əmək qabiliyyətli olmaması barədə arayış yazmış və Milli Onkologiya institutuna göndərişlər. Onkologiyadan gələn rəyə əsasən Laləyə 3-cü dərəcə yumurtalıq xərçəngi diaqnozu qoyulmuşdur. 6 ay müalicə olunduqdan sonra əlillik alması üçün xx.xx.2020-ci il tarixdə Sosial Ekspertiza Komissiyasına göndərmişlər, əlillik verilməsindən imtina olunmuş, yenidən 2 ay müddətində müalicə aldıqdan sonra xx.xx.2020-ci il tarixdə təkrar Milli Onkologiya İnstitutuna göndərilib və bu dəfə İİ qrup əlillik dərəcəsi verilmişdir. Lalə 2020-ci ilə qədər 15 nömrəli Birləşmiş Şəhər Xəstəxanasında müalicə olunmayıb. xx.xx.2020-ci il tarixdən etibarən İİ qrup əlilldir. Əmək qabiliyyətli olmaması barədə arayışlarda heç bir saxtakarlıq yoxdur. Odur ki, iddanın rədd edilməsini xahiş edir. İş üzrə cavabdeh X3 məhkəmə baxış iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq o məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının və cavabdeh 15 nömrəli Birləşmiş Şəhər Xəstəxanasının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia əsassızdır, buna görə də təmin edilməməlidir. İşə əlavə edilmiş xx.xx.2017-ci il tarixli, X11 tərəfindən əməliyyatın həyata keçirilməsinin təsdiq formasından görünür ki, xx.xx.2017-ci il tarixdə Cavabdeh1 sonsuzluq İ-3 il diaqnozu ilə yumurtalıq boyunun kistasının götürülməsi üçün əməliyyat olunmuşdur. İşə əlavə edilmiş 797089 saylı, 797022 saylı, 796980 saylı, 673605 saylı, 797189 saylı və 825684 saylı “xxxx” MMM-yə təqdim olunmuş əmək qabiliyyətinin olmaması vərəqələrinin surətindən görünür ki, X3 C 56 yumurtalıqların törəməsi,yumurtalıqların cr-i, KOM, T2 N1 MO İİİ mərhələ, kürk nahiyyəsinin nevusu diaqnozu qoyulmuşdur. Beləliklə, işin məhkəmə tərəfindən müəyyən edilən halları ondan ibarətdir ki, iddiaçı cavabdeh qurum tərəfindən təqdim edilən əmək qabiliyyətinin olmaması vərəqələrinin etibarsız olması barədə tələbinin əsaslandırması ondan ibarətdir ki, cavabdehin onlara bildirdikləri ilə tibbi sənədlərdə yazılanlar bir birinə uyğun gəlmir, ona görə də hesab edirlər ki, mübahisələndirilən sənədlər etibarsız hesab edilməlidir. Cavabdeh xəstəxananı nümayəndəsi buna etiraz edərək bildirir ki, Cavabdeh1 həkimi kimi deyə bilər ki, o qeyd edilən xəstəlikdən müalicə olunmuşdur və onun əsasında da ona əlillik verilmişdir. Məhkəmə qeyd edir ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Mülki-Prosessual Məcəllə sübutetmə vəzifələrinin bölgüsünün ümumi qaydasını müəyyən edir. Bu qaydaya görə iş iştirakçıları tələb və etirazlarını əsaslandırdıqları faktları isbat etməlidirlər. Məhkəmə öz istəyinə görə iş iştirakçısı olan bu və ya başqa şəxsi onun öz iddia və etirazlarını əsaslandırmaq üçün söykəndiyi halların və qanunla sübut etməli olduğu başqa halların sübut olunması yükündən azad edə, yaxud sübutetmə yükünü bölüşdürə bilməz. MPM sübutların toplanması və verilməsi yükünü sübutetmə yükünü daşıyan iş iştirakçılarının üzərinə qoyur. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almalıdır (MPM-in 14.2 və 77.1-ci maddələri). Həmin Məcəlləsinin 78.1-ci maddəsinin tələblərinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Məhkəmə hesab edir ki, işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. Hazırkı işdə iddiaçı tərəf SN 00006 seriyalı, 797089 saylı, 797022 saylı, 796980 saylı, 673605 saylı, 797189 saylı və 825684 saylı əmək qabiliyyətinin olmaması vərəqələrinin əsassız yazıldığını, cavabdehin xəstə olmadığını bildirsə də, bildirdikləri formal mülahizələrə əsaslanır. Əksinə məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsinin izahatı və təqdim etdiyi sənədlərlə iddianın əsassız olması müəyyən edilir. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia əsassızdır. Buna görə də iddia rədd edilməlidir. Hazırkı iş üzrə çəkilmiş məhkəmə xərcləri Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsi ilə müəyyən edilmiş qaydada ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməli, yəni iddia təmin edilmədiyindən hazırkı iddianın qaldırılması ilə əlaqədar iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş 10 (on) manat dövlət rüsumu iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin qeyd edilən maddələrini rəhbər tutaraq məhkəmə Qət etdi: İddiaçı «xxxx» X2 Cavabdeh1 və 15 nömrəli Birləşmiş Şəhər Xəstəxanasına qarşı əmək qabiliyyəti olmaması vərəqələrinin etibarsız hesab edilməsi tələbinə dair iddiası təmin edilməsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri, Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Tural Məmmədov
Məhkəmə qərarları › İş №2(010)-802/2021
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-802/2021
13.04.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver