Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-84/2022 11.03.2022 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Tural Nurulla oğlunun sədrliyi Həsənzadə Leyla Fərhad qızının katibliyi İddiaçı X3 iştirakı ilə, İddiaçı X3 Cavabdeh oğluna qarşı maddi ziyanın ödənilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı məhkəmədə iddia qaldıraraq, Cavabdeh 18286,15 manat əmlaka dəymiş zərər və 30 manat məbləğində dövlət rüsumunun tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı X4 iddia ərizəsini onunla əsaslandırmışdır ki, ünvan 1 ünvanında yaşayan Cavabdeh 24 iyul 2020-ci il tarixdə saat 17.30 radələrində idarə etdiyi Vaz 21074 minik markalı ** LD *** dövlət qeydiyyat nişanlı avtomobili ilə Şirvan şəhəri M.Ə.Rəsulzadə prospektində hərəkətdə olarkən idarə etdiyi “Mitsubishi Pajero” markalı ** MG *** dövlət qeydiyyat nişanlı avtomobil ilə toqquşması nəticəsində sağlamlığına yüngül bədən xəsarəti, digər zərərçəkmiş şəxs X1 isə sağlamlığına zərər vurmadığına görə dərəcələri təyin edilməyən xəsarətlər yetirmişdir. İnzibati xəta hadisəsinin olması 17 oktyabr 2020-ci il tarixli inzibati xəta haqqında protokolla, yol hadisəsinin sxemi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin və zərərçəkmiş şəxsin izahatları ilə, cinayət işinin başlanmasının rədd edilməsi haqqında 15 sentyabr 2020-ci il tarixli qərarla, habelə inzibati xəta haqqında protokola əlavə edilmiş sənədlərlə təsdiq olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsinin tələblərinin pozulması ilə əlaqədar Azərbaycan Respublikası DİN-nin Şirvan şəhər Polis Şöbəsindən daxil olmuş Cavabdeh barəsində inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə baxılarkən, inzibati xəta haqqında iş üzrə icraat zamanı Cavabdeh 28 oktyabr 2020-ci il tarixdə Şirvan Şəhər Məhkəməsində izahat verərək bildirmişdir ki, 24.07.2020-cı il tarixdə saat 17:30 radələrində idarə etdiyi avtomobillə X7 Mərkəzindən Şirvan şəhər İcra Hakimiyyəti istiqamətində hərəkətdə olmuşdur. “Elit bazarı” adlanan bazarın yanına çatanda qarşısında hərəkətdə olan, markasını və dövlət qeydiyyat nişanını dəqiq xatırlamadığı bir avtomobili ötmə əməliyatı ilə keçmək istəyərkən öndən avtomobilin gəldiyini görüb, öz yoluna qayıtmaq istəmiş, yol yaş olduğu və gölməçə olduğu üçün geri qayıda bilməmiş, idarəetməni itirib yolun əks hərəkət hissəsinə çıxmışdır. Yolun əks hərəkət hissəsində olan “Mitsubishi Pajero "minik markalı, ** MG *** dövlət qeydiyyat nişanlı avtomobil ilə toqquşmuşdur. Həmin avtomobilin ön hissəsi ilə onun idarə etdiyi avtomobilin ön hissəsi toqquşmuşdur. Toqquşmanın təsirindən idarə etdiyi avtomobilin arxası yolun kənarında dayanmış Chevrolet Cruze minik markalı avtomobilə çırpılmışdır. Baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində hər iki bud sümüyü sınmışdır. Avtomobili təqribən 100 km/saat sürətlə idarə etmiş, avtomobildə sərnişin və yük olmamışdır. Zərərçəkmiş şəxs İddiaçı dəymiş ziyan aradan qaldırılmamışdır. O, Şirvan şəhəri ərazisində su filtirlərinin satışı ilə məşğuldur. 24.07.2020-ci il tarixdə saat 17:30 radələrində idarə etdiyi avtomobillə Şirvan şəhər İcra Hakimiyyətindən Şirvan Diaqnostika Mərkəzi istiqamətdə hərəkətdə olarkən “Elit bazarı” adlanan bazarın yanına çatanda qarşı hərəkət istiqamətində markasını və dövlət qeydiyyat nişanını dəqiq xatırlamadığı bir avtomobilin arxasında olan “VAZ 2107” markalı avtomobilin idarəetməni itirdiyini və gah sağa, gah da sola doğru istiqamətləndiyini görmüşdür. Ani vaxt ərzində hadisənin qarşısını almaq üçün heç bir çıxış yolu olmamışdır. Belə ki, sağda bir cərgə ilə avtomobillər dayandığı üçün doğru hərəkət etmək qeyrimümkün idi. Sola doğru da hərəkət edə bilməzdi, çünki əks hərəkət zolağı ilə hərəkətdə olan avtomobilin yoluna çıxmaq istəməmişdir. Buna görə də avtomobili dayandırmaq qərarına gəlməklə, avtomobili tam dayandırma həddinə çatdırmışdır. Lakin "VAZ 2107" markalı avtomobil onun yoluna çıxaraq avtomobili ilə toqquşmuşdur. Önü avtomobilinin önü ilə toqquşandan sonra "VAZ 2107” markalı avtomobilin arxası onun sağında dayanmış "Chevrolet Cruze” markalı ** VX *** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə çıxmışdır. Hadisə zamanı o, yüngül bədən xəsarətləri almışdır. İnzibati xəta haqqında protokola əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 15.09.2020-ci il tarixli 8/1222 saylı ekspert rəyindən görünür ki, istintaq tərəfindən təqdim olunan məlumatlara görə VAZ 21074 minik markalı **-LD-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü X5 hərəkətlərində «Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 36-ci maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin, 69-cu maddəsinin 7-ci hissəsinin 1-ci bəndinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddələrin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Sürücü Cavabdeh “VAZ 21074” minik markalı avtomobili 3.24 “Maksimum sürətin məhdudlaşdırılması” yol nişanı ilə 50 km/saata qədər məhdudlaşdırılmış yolda 100 km/saat sürətlə hərəkət etdirdiyindən onun hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 64-cu macdəsının 1-ci hissəsinin (3.24 “Maksimum surətin məhdudlaşdırılması” yol nişanının) tələblərinə uyğunsuzluq olmuşdur. Yol-hərəkəti hadisəsinə səbəb olan inzibati xətanı törədən X5 təqsiri 28 oktyabr 2020-ci il tarixli Azərbaycan Respublikası Şirvan şəhər Məhkəməsi hakiminin inzibati xəta haqqında iş üzrə 3(032)-657/2020 nömrəli qərarı ilə tanınmışdır. Yol-nəqliyyat hadisəsi nəticəsində onun avtomaşınına 16186.15 manat şəkildə ziyan dəymişdir. Azərbaycan Respublikası “Şirvan AMS və Ticarət müəssisəsi” tərəfindən tərtib edilmiş kalkulyasiyaya uyğun olaraq avtomaşının təmir işləri 2100 manata başa gələcəkdir. VAZ 21074 minik markalı **-LD-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Cavabdeh Rasıf oğlunun təqsiri üzündən baş vermiş inzibati xəta nəticəsində onun əmlakına-avtomaşında təmir işlərinin aparılmasının dəyəri 2100 manat, dəyişməyə aid olan təmir üçün ehtiyat hissələrinin və detalların dəyəri 16186.15 manat zərər vurulmuşdur. Vurulmuş ziyanın ümumi miqdarı 18286.15 (on səkkiz min iki yüz səksən altı) manat təşkil edir. Məhkəmə iclasında iddiaçı X4 iddia tələbini müdafiə edib, qəza nəticəsində avtomobilinə dəymiş ziyana görə sığorta şirkətindən 4200 manat sığorta haqqı aldığını, yerdə qalan məbləğin isə cavabdeh tərəfindən ona ödənilmədiyini bildirdi və iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinı baxmayaraq məhkəmə iclasına gəlməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə AR MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Məhkəmə iddiaçını dinləyib, iş materiallarını araşdıraraq və iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək belə hesab edir ki, iddia qismən təmin edilməlidir. İş materiallarında olan: - 28.10.2020-ci il tarixli Şirvan şəhər Məhkəməsinin qərarından görünür ki, inzibati xəta törətmiş Cavabdeh AR İXM-nin 327.8-ci maddəsi ilə təqsirli bilinərək nəqliyyat vasitəsini idarə etmək hüququ 1 (bir) il müddətinə məhdudlaşdırılmışdır. Həmin qərarla müəyyən edilir ki, X8 24 iyul 2020-ci il tarixdə saat 17.30 radələrində Vaz 21074 minik markalı, ** LD *** dövlət qeydiyyat nişanlı avtomobili Şirvan şəhəri M.Ə.Rəsulzadə prosspektində idarə edərkən Mitsubisi Pajero markalı ** MG *** dövlət qeydiyyat nişanlı avtomobil ilə toqquşması nəticəsində zərərçəkmiş şəxs İddiaçı sağlamlığına yüngül bədən xəsarəti, digər zərəçəkmiş şəxs X1 isə sağlamlığına zərər vurmadıqlarına görə dərəcələri təyin eidlməyən xəsarətlər yetirmişdir. - 24.09.2020-ci il tarixli qüsur aktından görünür ki, “Mitsubishi Pajero” markalı ** MG *** dövlət qeydiyyat nişanlı avtomobilin təmiri və ehtiyat hissələrinin quraşdırılması 18286.15 manat qiymətləndirilmişdir. -27.10.2021-ci il tarixli, PL/G-083 nömrəli "xxxx" MMC-nin qiymətləndirmə rəyindən görünür ki, Mitsubishi Pajero” markalı ** MG *** dövlət qeydiyyat nişanlı avtomobilin təmiri və ehtiyat hissələrinin quraşdırılması 7456 manat qiymətləndirilmişdir. Cavabdeh qimətləndirmənin nəticəsinə etiraz etdiyi üçün iş üzrə məhkəmə əmtəəşünaslıq ekspertizası təyin edilmişdir. - 28.01.2022-ci il tarixli, 9/9013 nömrəli “Məhkəmə Ekspertiza Mərkəzi”nin məhkəmə-əmtəəşünaslıq ekspertizası rəyindən görünür ki, “Mitsubishi Pajero” markalı ** MG *** dövlət qeydiyyat nişanlı avtomobilin təmir bərpa xərcləri 12952 manat məbləğində müəyyən edilmişdir. Beləliklə, işin məhkəmə tərəfindən müəyyən edilən hallarından aydın olur ki, 24.07.2020-ci il tarixdə saat 17:30 radələrində X3 idarə etdiyi “Mitsubishi Pajero” markalı ** MG *** dövlət qeydiyyat nişanlı avtomobil ilə Cavabdeh idarə etdiyi VAZ 21074 minik markalı **-LD-*** dövlət qeydiyyat nişanlı avtomobil sonuncunun təqsirli olması nəticəsində toqquşmuş və nəticədə hər iki avtomobil sürücüsü müxtəlif dərəcəli bədən xəsarətləri almışdır. Həmin yol-nəqliyyat hadisəsinin baş verməsində təqsirli bilinən Cavabdeh bir il müddətinə sürücülük hüququndan məhrum edilmişdir. İddiaçı tərəfindən cavabdehə “Mitsubishi Pajero” markalı ** MG *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərin ödənilməsi ilə bağlı xəbərdarlıq edilsə də, cavabdeh tərəfindən hər hansı bir tədbir görülməmişdir. Məhkəmə hesab edir ki, iddia tələbi qismən əsaslıdır. Belə ki, iddiaçı X4 iddia tələbində baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində “Mitsubishi Pajero” markalı ** MG *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərin 18286.15 manat olduğunu qeyd etsə də, lakin 28.01.2022-ci il tarixli, 9/9013 nömrəli “Məhkəmə Ekspertiza Mərkəzi”nin məhkəmə-əmtəəşünaslıq ekspertizası rəyində avtomobilin təmir-bərpa xərcləri 12952 manat olaraq müəyyən edilmişdir. Məhkəmə təqdim olunmuş ekspertiza rəyini sübut kimi qəbul edərək ona qərəzli yanaşılmasına hər hansı bir səbəb görmür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Qeyd edilən maddi hüquq normalarına əsaslanaraq məhkəmə hesab edir ki, iddiaçının avtomobilə dəymiş ziyanın əvəzi kimi 12952 manat məbləğində pulun 4200 manatını sığorta ödənişi olaraq qəbul etdiyi üçün həmin məbləğdən geri qalan 8752 manatı cavabdehdən tələb etmək hüququ vardır. Belə ki, iddiaçı avtomobilin mülkiyyətçisidir və ona real zərər şəklində ziyan dəymişdir. Hazırkı iş üzrə çəkilmiş məhkəmə xərcləri Azərbaycan Respublikası MPM-in 119.1ci maddəsi ilə müəyyən edilmiş qaydada ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməli, yəni hazırkı iddianın qaldırılması ilə əlaqədar iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş 30 manat dövlət rüsumu və iş üzrə qiymətləndirmə eskpertizasının dəyəri olan 300 manat məbləğində pul Cavabdeh, iddiaçının tələbi əsasında iş üzrə keçirilmiş məhkəmə-əmtəəşünaslıq ekpertizasının dəyəri olan 100 manat məbləğində pul isə iddiaçı X2 tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin müvafiq maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ İddia qismən təmin edilsin. Cavabdeh iddiaçı Panı̇ yev Elməddı̇ n Bayram oğlunun xeyrinə vurulmuş ziyana görə 8752 (səkkiz min yeddi yüz əlli iki) manat məbləğində pul ödənilsin. Ödənilmiş 30 manat məbləğində dövlət rüsumu Cavabdeh tutularaq iddiaçıya ödənilsin. İş üzrə aparılmış məhkəmə-əmtəəşünaslıq ekspertizasının dəyəri olan 100 manat məbləğində pul iddiaçı Panı̇ yev Elməddı̇ n Bayram oğlundan tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülsün. İş üzrə aparılmış qiymətləndirmə ekspertizasının dəyəri olan 300 manat məbləğində pul Cavabdeh tutularaq "xxxx" MMC-yə ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Tural Məmmədov
Məhkəmə qərarları › İş №2(010)-84/2022
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-84/2022
11.03.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver