Məhkəmə qərarları › İş №2(010)-84/2025

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-84/2025

13.03.2025 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-84/2025 13.03.2025 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin hakimi Qafarova Rübabə Nurulla qızının sədrliyi, Allahyarlı Eltac Rauf oğlunun katibliyi ilə, İddiaçı nümayəndəsi və vəkili Vəkil, Cavabdeh iştirakı ilə İddiaçı X1 Cavabdeh qarşı əmlakın naturada bölünməsi, bu mümkün olmadıqda açıq hərracda satılaraq pulun tutulması tələbinə dair iddia ərizəsinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddia tələbi İddiaçı Cavabdeh qarşı əmlakın naturada bölünməsi, bu mümkün olmadıqda açıq hərracda satılaraq pulun tutulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanda yerləşən sahəsi 50.14 kv.metr olan 2 otaqlı mənzilin naturada bölünməsi, bu mümkün olmadıqda açıq hərracda satılaraq əldə olunan pul vəsaitinin paylar üzrə yəni, 2/3 hissəsinin İddiaçı, 1/3 hissəsinin isə Cavabdeh ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbinin dəlilləri ünvan 2 ünvanda yerləşən mənzil iddiaçının atasından miras qalmış və vərəsəlik qaydasında əmlakı qəbul etmişlər, buna dair paylı şəkildə İddiaçı 2/3 hissə, Cavabdeh 1/3 hissə olmaqla çıxarışla rəsmiləşdirilmişdir. Cavabdehlə eyni mənzildə yaşamaq mümkün deyildir. Həmin mübahisəli mənzildən cavabdeh istifadə edir. Cavabdeh iddiaçını mənzilə buraxmır və o, istifadə edə bilmir. Cavabdehlə iddiaçı bacı qardaşdır. İddiaçı əmlakın naturada bölünməsini istəyir, bu mümkün olmadığı təqdirdə isə əmlakın satılaraq pulunun paylara uyğun bölünməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş edir. Tərəflərin izahatları Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək tələbinin təmin edilməsini xahiş etdi və əlavə olaraq bildirdi ki, hazırki iş üzrə təqdim edilmiş ekspert rəyi ilə razıdır. Məhkəmə iclasında Cavabdeh izahat verərək bildirdi ki, iddia ərizəsində qeyd olunur ki, guya o, iddiaçıya paylı mülkiyyətçisi olduğu Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, "V" yaşayış sahəsi, ev 3, mənzil 18-dən istifadəsinə imkan vermir. İddiaçının bu iradı tam əsassız və qərəzlidir. Belə ki, onun bu mənzildən başqa Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, "Q" yaşayış sahəsi, ev 21-də 5 otaqlı, 7 saylı mənzili vardır. O, həmin mənzilin mülkiyyətçisi olmaqla, ailəsi ilə birlikdə orada yaşayır. Yəni iddiaçı faktiki olaraq başqa ünvandakı mənzilində yaşamaqla, mübahisəli mənzildə özü yaşamaq istəmir və ona heç kim bu mənzildən istifadə etməsinə maneçilik yaratmamışdır. İddiaçı bu iddianı cavabdehə olan qərəzli münasibətinə görə irəli sürmüşdür. Belə ki, atasının vəfatından sonra iddiaçı atasına məxsus Xəzər rayonu, Xaşaxuna mövsümü Bağlar sahəsində yerləşən 191 saylı bağ evinə onu buraxmadığına görə, eləcə də bununla bağlı hədə-qorxu gəldiyinə görə, 2023-cü ildə Xəzər rayon Polis idarəsinə iddiaçını bu qanunsuz hərəkətləri barədə şikayət etmişdir. Xəzər rayon Polis İdarəsinin 1-ci Polis Şöbəsi tərəfindən şikayəti üzrə cinayət işinin başlanması rədd edilsə də, hazırda həmin qərardan prokurorluğa şikayət etmişdir. Mübahisəli mənzil və həmin mənzilin qonşuluğunda yerləşən 17 saylı mənzil atasına məxsus olmuşdur. Hələ atası sağlığında ikən bu mənzilləri cavabdeh və iddiaçı arasında bölüşdürmək qərarına gəlmişdi. Həmin vaxt cavabdeh 17 saylı mənzildə pasport qeydiyyatında idim. Atası bildirmişdi ki, cavabdehi mübahisəli mənzilə qeydiyyata saldırmaqla, 17 saylı mənzili iddiaçıya bağışlayıb, 18 saylı mənzili də ona verəcəkdir. Cavabdeh də atasının sözünü yerə salmayaraq Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, "V" yaşayış sahəsi, ev 3, mənzil 17-dən qeydiyyatdan çıxaraq mübahisəli mənzil olan 18 saylı mənzilə qeydiyyata düşməyə razılıq vermişdir. Artıq ailədə, eləcə də qohumlarda hamı bilirdi ki, mübahisəli mənzili atası cavabdehə verib. Lakin atasının xəstəliyi ilə əlaqədar olaraq müalicəsinə başı qarışdığından, eləcə də iddiaçının atasını yüksək kreatinlə tibbi əməliyyata saldırması nəticəsində o, vəfat etdiyinə görə mübahisəli mənzili cavabdehin adına bağışlamağa imkan tapa bilmədi. Atasının vəfatından sonra isə iddiaçı anası ilə birləşərək vərəsə kimi mübahisəli mənzildən də özünə 2/3 hissədə pay aldı. Halbuki, atası faktiki olaraq həmin mənzili ona verdiyini hamıya, eləcə də iddiaçının özünə də bildirmişdi. İddiaçının payını almaq niyyəti yoxdur, belə ki, buna maddi imkanı yol vermir. Odur ki, İddiaçı ona qarşı əmlakın naturada bölünməsi, bu mümkün olmadıqda açıq hərracdan satılması barədə iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş edir. İş materialları AR ƏMDX Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, qeydiyyat nömrəsi ********** olan çıxarışdan görünür ki, ünvan 3 ünvanında yerləşən, ümumi sahəsi 50.14 kv.m olan mənzilinin 2/3 hissəsi İddiaçı mülkiyyətindədir. AR ƏMDX Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, qeydiyyat nömrəsi ********** olan çıxarışdan görünür ki, ünvan 3 ünvanında yerləşən, ümumi sahəsi 50.14 kv.m olan mənzilinin 1/3 hissəsinə Cavabdeh mülkiyyətindədir. xx.xx.2024-cü il tarixli ******* saylı arayışdan görünür ki, İddiaçı ünvan 3 ünvanında qeydiyyatdadır. AR ƏN Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli, 3-16-16/2-10/2423 saylı ekspert rəyindən görünür ki, ünvan 3 ünvanında yerləşən mənzilin İddiaçı məxsus 2/3 hissə payın İnşaat norma və qaydalarının 2.08.01.89*-nun 2.2-ci, 2.4-cü və 2.9-cu bəndlərində göstərilənlərə və Məhkəmə Tikinti-X2 Metodlarının tələblərinə uyğun qaydada təcrid mənzillər şəklində naturada ayrılmasının texniki cəhətdən mümkün olmadığı müəyyən olunmuşdur. AR ƏN Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli, 9/73xx-xx/7088 saylı ekspert rəyindən görünür ki, qərarda tədqiq olunan mənzilin ümumi sahəsinin 50.14 kv.mert göstərildiyini nəzərə alaraq, Bakı şəhəri, Suraxanı rayon, V yaşayış sahəsi ev 3, 18 nömrəli mənzilin orta bazar qiymətlərinə uyğun ümumi dəyəri təqribən 90750 manat, likvid dəyəri 81670 manat məbləğində müəyyən edilmişdir. İşin faktiki halları İşin faktiki halları ondan ibarətdir ki, Bakı şəhəri, Suraxanı rayon, V yaşayış sahəsi ev 3 ünvanında yerləşən 18 nömrəli mənzil 2/3 hissədə İddiaçı, 1/3 hissədə isə Cavabdeh xüsusi mülkiyyətindədir. Hazırda iddiaçı sözügedən mənzilin tərəflərin paylarına uyğun naturada bölünməsini, bu mümkün olmadıqda həmin mənzilin açıq hərracda satılmasını və əldə edilən pul vəsaitinin paylara uyğun bölünməsini tələb edir. Cavabdeh iddia tələbinə etiraz edir. Həmçinin onu da bildirir ki, iddiaçının payını almağa niyyəti yoxdur, çünki buna maddi imkanı çatmır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası Maddə 13. Mülkiyyət İ. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. İİ. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. Maddə 29. Mülkiyyət hüququ İ. Hər kəsin mülkiyyət hüququ vardır. İİ. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. İİİ. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 152. Mülkiyyət hüququnun anlayışı və məzmunu 152.1 Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Maddə 213. Ümumi mülkiyyət anlayışı və onun əmələ gəlməsi əsasları 213.1. İki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur. 213.2. Əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər. Maddə 215. Paylı mülkiyyətdə olan əmlaka sahiblik, ondan istifadə və ona dair sərəncam verilməsi 215.1. Paylı mülkiyyətdə olan əşyaya sahiblik və ondan istifadə onun bütün mülkiyyətçilərinin razılaşması əsasında, razılaşma əldə edilmədikdə isə məhkəmənin müəyyənləşdirdiyi qaydada həyata keçirilir. 215.2. Paylı mülkiyyətin mülkiyyətçisi ümumi əşyanın öz payına uyğun hissəsinin onun sahibliyinə və istifadəsinə verilməsi hüququna malikdir, bu mümkün olmadıqda isə onun payına düşən əşyaya sahiblik və ondan istifadə edən digər mülkiyyətçilərdən müvafiq əvəz ödəməyi tələb edə bilər. 215.4. Hər bir mülkiyyətçi qalan mülkiyyətçilərin hüquqları ilə bir araya sığan dərəcədə əşyaya sahiblik, ondan istifadə və ona dair sərəncam vermək ixtiyarına malikdir. Maddə 220. Paylı mülkiyyətdə olan əşyanın bölünməsi və ondan payın ayrılması 220.1. Paylı mülkiyyətdə olan əşya mülkiyyətçiləri arasındakı razılaşmaya əsasən onlar arasında bölünə bilər. 220.3. Paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir. 220.6 Bu Məcəllənin 220.3-220.5-ci maddələrində müəyyənləşdirilmiş qaydalara əsasən ümumi əmlakın bölünməsi və ya ondan pay ayrılması açıq-aşkar məqsədəuyğun olmadıqda, məhkəmə əmlakın açıq hərracdan satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi haqqında qərar qəbul edə bilər. Maddə 221. Ümumi paylı mülkiyyət hüquqlarına xitam verilməsi Ümumi paylı mülkiyyət hüquqlarına fiziki bölgü, öz istəyi ilə satış və ya hərracdan satış və satış pulunun bölünməsi və ya bütün əşyanın bir və ya bir neçə iştirakçının adına qeydə alınması və qalan iştirakçılara əvəz verilməsi ilə xitam verilir. Əgər iştirakçılar hüquqa xitam verilməsi növünə dair razılığa gəlməsələr, əşya məhkəmənin qərarı ilə fiziki bölünür, bu, əşyanın dəyəri əhəmiyyətli dərəcədə azalmadan mümkün olmadıqda isə açıq hərracdan və ya iştirakçılar üçün hərracdan satılır. Fiziki bölgü bərabər olmayan payların əvəzinin pulla ödənilməsi ilə birləşdirilə bilər. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının Azərbaycan Respublikası Mülki Məcəlləsinin paylı mülkiyyətlə bağlı bəzi müddəalarının tətbiqi məsələləri üzrə 6 dekabr 2024-cü il tarixli, 02/2024 saylı Qərardadı: “...42. Birinci mərhələ üzrə məhkəmə tərəfindən ilk növbədə iddiaçının əşya üzərində mülkiyyət hüququndakı payının naturada bölgüsünün mümkün olub-olmadığı, ayrılan payın vahid daşınmaz əşya konsepsiyasına uyğun gəlib-gəlmədiyi istiqamətində araşdırma aparılmalıdır. Əşyanın xüsusiyyətləri nəzərə alınmaqla onun naturada bölgüsünün aşkar surətdə mümkünsüzlüyü halında məhkəmə hər hansı əlavə araşdırma aparmadan bu mərhələnin yoxlanılmasını yekunlaşdırmaqla, iddiaçının istəyinə uyğun olaraq ikinci mərhələyə keçid etməlidir.

43. Digər hallarda isə məhkəmə payın naturada ayrılmasının formaları barədə hər bir tərəfin təklifini dinləməli, mübahisəli məqamların alternativ həlli yolları ilə bağlı qarşılıqlı müzakirələr aparmalıdır. Bundan sonra yekun təkliflər əsasında, bunun mümkün olmadığı halda isə tərəflərin mənafelərinə bərabər şəkildə xidmət edəcək ən əlverişli formada naturada ayrılmanın mümkünlüyünü prosessual qanunvericiliyin yol verdiyi imkanlardan istifadə etməklə araşdırmalıdır.

44. Araşdırmanın nəticəsində payın naturada ayrılmasının mümkünlüyü müəyyən edilərsə, məhkəmə payın müəyyən etdiyi qaydada naturada bölgüsü barədə qətnamə qəbul etməlidir. İddiaçı məhkəmə tərəfindən müəyyən edilmiş naturada bölgünün qaydası ilə razı olmadıqda, qətnamədən apellyasiya və kassasiya şikayətləri vermək, eyni zamanda iddiadan imtina hüquqlarından istifadə edə bilər.

59. Bununla bağlı ilk növbədə qeyd olunmalıdır ki, mülki qanunvericilikdə əşyanın açıq hərracdan satılması halında ilkin satış qiymətinin qətnamə ilə müəyyən edilməli olması barədə imperativ tələb yalnız ipoteka predmeti olan əşyaya münasibətdə nəzərdə tutulmuşdur (“İpoteka haqqında” Azərbaycan Respublikası Qanunu, 39.3.3-cü maddə). Mülki Məcəllənin 220-ci maddəsində isə paylı mülkiyyətdə olan əşyanın açıq hərracdan satılması barədə qətnamə qəbul edilərkən ilkin satış qiymətinin məhkəmə tərəfindən müəyyən edilməli olması birbaşa göstərilməsə də, Məcəllədə bununla bağlı qadağanedici norma da nəzərdə tutulmamışdır.

60. Odur ki, əşyanın ilkin satış qiyməti ilə bağlı qətnamənin icrası mərhələsində yaranacaq yeni mübahisələrin və tərəflərin sui-istifadə hallarının qarşısının alınması məqsədilə məhkəmə paylı mülkiyyətdə olan əşyanın müəyyən etdiyi bazar qiyməti ilə ilkin satış qiymətini qətnamənin icra qaydası kimi onun nəticə hissəsində göstərməli və izah etməlidir ki, qətnamənin icrası mərhələsində paylı mülkiyyətdə olan əşyanın bazar qiymətinin əhəmiyyətli dərəcədə dəyişməsi səbəbindən tərəflər MPM-in 231-ci maddəsinin tələblərinə uyğun olaraq qətnamənin icra qaydasının dəyişdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, ilkin satış qiymətini yenidən müəyyənləşdirə bilərlər.

62. Mülki Məcəllənin 221-ci maddəsinin məzmunundan müəyyən olunur ki, əgər iştirakçılar (paylı mülkiyyətçilər) arasında ümumi paylı mülkiyyət hüququna xitam verilməsi növünə (fiziki bölgü, öz istəyi ilə satış və ya hərracdan satış və satış pulunun bölünməsi və ya bütün əşyanın bir və ya bir neçə iştirakçının adına qeydə alınması və qalan iştirakçılara əvəz verilməsi) dair razılıq olmazsa və ya payının ayrılmasını tələb etməyən mülkiyyətçi tək qalarsa, yəni ümumiliyin davam etdirilməsi mümkün olmazsa, ümumi paylı mülkiyyətdə olan əşyanın bölünməsi yuxarıda qeyd olunduğu kimi payın ayrılmasından fərqli olaraq aşağdakı iki mərhələdən ibarətdir: 1) ümumi paylı mülkiyyətdə olan əşyanın naturada (fiziki) bölgüsü; 2) əşyanın məhkəmə qərarı ilə hərracdan satılması.

63. Birinci mərhələ (əşyanın fiziki bölgüsü) üzrə məhkəmə araşdırmasının predmeti ümumi mülkiyyətdə olan əşyadan payın ayrılmasının ilkin mərhələsi (əşyadan payın naturada ayrılması) ilə eynilik təşkil etdiyindən bu qərardadın 42-44, 46-cı bəndlərində nəzərdə tutulan qaydalar nəzərə alınmalıdır.

64. Bu araşdırmanın nəticəsində əşyanın naturada bölgüsünün mümkün olmadığı müəyyən edilərsə, məhkəmə iddiaçıların tələbi əsasında ikinci mərhələyə keçid etməklə əşyanın hərracdan satılmasını qət etməlidir. İddiaçıların əşyanın hərracdan satılmasını tələb etmədikləri halda isə digər tərəfin bununla bağlı qarşılıqlı tələbi yoxdursa, məhkəmə araşdırması yekunlaşdırılmaqla iddia rədd olunmalı və onlara gələcəkdə yalnız ikinci mərhələ üzrə iddia qaldırmaq hüquqları izah edilməlidir.

65. Ümumi mülkiyyətdə olan əşyadan payın ayrılması prosedurundan fərqli olaraq, əşyanın bölünməsi halında kompensasiya ödənilməsi mərhələsi olmadığından, əşya üzərində mülkiyyəti davam etdirmək niyyətində olan digər payçıların mülkiyyət hüquqlarının qorunması məqsədilə Mülki Məcəllənin 221-ci maddəsində qapalı hərracı ehtiva edən yalnız paylı mülkiyyətin iştirakçıları üçün hərracın keçirilməsi imkanı nəzərdə tutulmuşdur.

66. Hərracın forması tərəflərin mövqeləri nəzərə alınmaqla məhkəmə tərəfindən müəyyən olunmalıdır. Məhkəmə araşdırması zamanı bütün mülkiyyətçilərin və ya onlardan ən azı birinin əşya üzərində tam mülkiyyət hüququnu əldə etmək niyyətinin olduğu müəyyən edilərsə, qətnamənin nəticə hissəsində əvvəlcə yalnız paylı mülkiyyətin iştirakçıları üçün hərracın keçirilməsi, əşya həmin hərracda mülkiyyətçilərdən biri və ya bir neçəsi tərəfindən əldə edilmədiyi halda isə açıq hərracdan satılmalı olması göstərilməlidir.

Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi Maddə 14. İş üzrə məhkəmə baxışının prinsipləri. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77. Sübut etmə vəzifəsi. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Sübutların qiymətləndirilməsi. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217. Qətnamənin qanuniliyi və əsaslılığı. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

Məhkəmənin mövqeyi İşin faktiki halları ondan ibarətdir ki, Bakı şəhəri, Suraxanı rayon, V yaşayış sahəsi ev 3 ünvanında yerləşən 18 nömrəli mənzil 2/3 hissədə İddiaçı, 1/3 hissədə isə Cavabdeh xüsusi mülkiyyətindədir. Hazırda iddiaçı sözügedən mənzilin tərəflərin paylarına uyğun naturada bölünməsini, bu mümkün olmadıqda həmin mənzilin açıq hərracda satılmasını və əldə edilən pul vəsaitinin paylara uyğun bölünməsi yolu ilə ümumi paylı mülkiyyət hüquqlarına xitam verilməsini tələb edir. Cavabdeh iddia tələbinə etiraz edir. Həmçinin onu da bildirir ki, iddiaçının payını almağa niyyəti yoxdur, çünki buna maddi imkanı çatmır. Məhkəmə qeyd edir ki, qanunverici paylı mülkiyyətdə olan əmlakın bölünmasinə dair mübahisələrin həlli zamanı əməl olunması məcburi olan prosedurlar müəyyən etmişdir. Bu prosedurların məhz növbəli şəkildə həyata keçirilməsi nəzərdə tutulmuşdur. Hazırkı iddia tələbində iddiaçı qeyd olunan növbəlilik qaydasına əməl etməklə ilk növbədə qeyd olunan əmlakın - Bakı şəhəri, Suraxanı rayon, V yaşayış sahəsi ev 3 ünvanında yerləşən 18 nömrəli mənzilin tərəflərin paylarına uyğun naturada ayrılmasını tələb etmişdir. Məhkəmə iş materiallarında olan ekspert rəyinə əsasən müəyyən etmişdir ki, mübahisə obyekti olan mənzilin naturada bölgüsü texniki cəhətdən mümkün deyil. İddiaçı həmçinin haqlı olaraq, naturada bölgünün mümkün olmadığı təqdirdə həmin mənzilin açıq hərracda satılmasını və əldə edilən pul vəsaitinin paylara uyğun bölünməsini tələb etmişdir. Keçirilmiş qiymətləndirmə nəticəsində mənzilinin orta bazar qiymətlərinə uyğun ümumi dəyərinin təqribən 90750 manat, likvid dəyərinin 81670 manat olduğu müəyyən edilmişdir. Məhkəmə həmçinin qeyd edir ki, Cavabdeh İddiaçı payını almaq niyyəti yoxdur. Belə olan halda məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməklə İddiaçı və Cavabdeh paylı mülkiyyət hüququ ilə məxsus olan ünvan 4 ünvanında yerləşən mənzil ilkin satış qiyməti 81670 manat olmaqla açıq hərracda satılmalı, mənzilin satışından əldə edilən vəsaitin paylar üzrə yəni, 2/3 hissəsi İddiaçı, 1/3 hissəsi isə Cavabdeh ödənilməlidir.

Məhkəmə xərcləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia təmin edildiyindən iş üzrə ödənilmiş 100 manat dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilməli və iş üzrə keçirilmiş ekspertiza tədqiqatlarının dəyəri olan 150 manat pul vəsaiti cavabdehdən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir.

Məhkəmənin gəldiyi nəticə Beləliklə, məhkəmə iş materiallarını araşdırıb, sübutlara məcmu halda, tam, hərtərəfli və obyektiv hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, ünvan 4 ünvanında yerləşən mənzil ilkin satış qiyməti 81670 manat olmaqla açıq hərracda satılmalı, mənzilin satışından əldə edilən vəsait İddiaçı və Cavabdeh arasında paylara mütənasib (2/3 hissəsi İddiaçı, 1/3 hissəsi isə Cavabdeh) şəkildə bölünməli, iş üzrə ödənilmiş 100 manat dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilməli və iş üzrə keçirilmiş ekspertiza tədqiqatlarının dəyəri olan 150 manat pul vəsaiti cavabdehdən tutularaq AR ƏN Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Məhkəmə izah edir ki, qətnamənin icrası mərhələsində paylı mülkiyyətdə olan əşyanın bazar qiymətinin əhəmiyyətli dərəcədə dəyişməsi səbəbindən tərəflər AR MPM-in 231-ci maddəsinin tələblərinə uyğun olaraq qətnamənin icra qaydasının dəyişdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, ilkin satış qiymətini yenidən müəyyənləşdirə bilərlər. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ : İddia təmin edilsin. İddiaçı və Cavabdeh paylı mülkiyyət hüququ ilə məxsus olan ünvan 4 ünvanında yerləşən mənzil ilkin satış qiyməti 81670 manat olmaqla açıq hərracda satılsın. ünvan 4 ünvanında mənzilin satışından əldə edilən vəsait İddiaçı və Cavabdeh arasında paylara mütənasib (2/3 hissəsi İddiaçı, 1/3 hissəsi isə Cavabdeh) şəkildə bölünsün. İş üzrə ödənilmiş 100 (yüz) manat dövlət rüsumu Cavabdeh tutularaq İddiaçı ödənilsin. İş üzrə keçirilmiş ekspertiza tədqiqatlarının dəyəri olan 150 (yüz əlli) manat pul vəsaiti Cavabdeh tutularaq AR ƏN Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülsün. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Sədrlik edən Rübabə Qafarova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar