Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-867/2025 17.02.2025 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Miriyeva Səlimə Miri qızının sədrliyi, X1 iclas katibliyi, İddiaçı və nümayəndəsi (vəkili) Nümayəndə iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair mülki işə аçıq məhkəmə iclаsındа bаxаrаq, məhkəmə MÜƏYYƏN ETDİ: İddia tələbi.
1. İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə müraciət edərək, məhkəmədən Cavabdeh 10000 manat əsas borc, 5000 manat faiz borcu, vurulmuş mənəvi zərərin əvəzi olaraq 5000 manat məbləğində pul vəsaiti, hüquqi yardıma görə ödənilmiş 320 manat məbləğində pul vəsaiti və ödənilmiş 151 manat məbləğində dövlət rüsumunun tutularaq onun xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
İddia tələbinin əsaslandırıldığı hallar.
2. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh ilə bir neçə ilə bundan əvvəl tanış olmuşdur. İlk vaxtlar dostluq münasibətlərində olmuş, sonradan isə bir-birlərinə daha yaxın olmuşlar. Heydərin ona qarşı olan münasibətlərindən belə başa düşmüşdür ki, onunla ailə qurmaq istəyir. Bu səbəbdən də cavabdehə inanmış və cavabdeh nə söyləmişdirsə, onunla razılaşmışdır. Cavabdeh ona olan inamından sui-istifadə etmiş, dəfələrlə ondan qaytarmaq şərtilə pul almışdır. Son bir ildə dəfələrlə cavabdehin kart hesabına xeyli miqdarda (500, 1000, 2000 və s.) pul göndərmiş, lakin həmin pullar geri qaytarılmamışdır. Sonuncu dəfə isə cavabdeh xx.xx.2024-cü ildə isə guya onu “həbs” edəcəklərini söyləyərək onu aldatmış, bir ay müddətində qaytarılmaq şərtilə onu məcbur etmişdir ki, bankdan kredit götürərək ona versin. Cavabdeh onu inandırmışdır ki, yaxın günlərdə qaydasız döyüşlə bağlı yarışda iştirak edəcək və bir ay müddətində, yəni xx.xx.2024-cü il tarixinədək 10 min manat pulu tam geri qaytaracaqdır. O da cavabdehlə yaxın münasibətdə olduğundan inanmış və xx.xx.2024-cü il tarixdə bankdan 5600 manat pul götürərək cavabdehə vermişdir. Ümumilikdə cavabdeh onu aldadaraq 10 min manatdan çox pulunu mənimsəmişdir. Həmin vaxtdan bir ay müddət keçsə də, cavabdeh pullarını qaytarmaqdan müxtəlif bəhanələrlə imtina etmiş, o da məcbur olaraq polisə şikayət etmişdir. Şikayəti Nərimanov RPİ-nin 18-ci PŞ-də araşdırılmış və iş mülki xarakterli olduğundan məhkəməyə müraciət etməsi tövsiyə olunmuşdur. Ona görə də məcbur olaraq hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət edir. Cavabdehin ondan hissə-hissə 10 min manat məbləğində pul almasını göndərilmiş pul qəbzləri, habelə cavabdehin özünün etirafı təsdiq edir. Eləcə də 2024-cü ilin fevral ayından başlayaraq hal-hazıradək (2024-cü ilin noyabr ayının sonunadək) olan müddət, yəni 10 ay üçün cavabdehdən 10000 manat əsas borca görə hər ay üçün 5%-dən olmaqla, hər ay üçün 500 manat hesabı ilə (10 ay x 500 manat) cəmi 5000 manat pul tutulmalıdır. Bundan başqa, Cavabdeh tərəfindən aldadıldığına, hüquq-mühafizə orqanlarına get-gələ düşdüyünə, əsəblərinin pozulmasına və çəkdiyi mənəvi sarsıntılara, iztirablara görə də ona kompensasiya ödənilməlidir. Mənəvi ziyana görə cavabdehdən onun xeyrinə əlavə olaraq 5000 manat pul tələb edir. Əlavə olaraq, cavabdehdən hüquqi yardıma görə ödənilmiş 320 manat və dövlət rüsumu olaraq ödənilmiş 151 manat pul da xeyrinə tutulmalıdır.
Tərəflərin izahatları.
3. Məhkəmə iclasında İddiaçı və nümayəndəsi (vəkili) Nümayəndə iddia ərizəsinin məzmununa uyğun izahat verərək, məhkəmədən iddianın təmin edilməsini xahiş etdi.
4. Məhkəmənin hazırlıq iclasında iştirak etmiş Cavabdeh məhkəməyə ərizə təqdim edərək, iddianı qismən – 9500 manat borc hissəsində qəbul etdiyini bildirmişdir.
5. Məhkəmənin baxış iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş cavabdeh məhkəmə iclasına gəlməmiş, bunun üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verilməmişdir. Belə olan halda məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etdi.
İş materialları.
6. 2023-cü ilin dekabr və 2024-cü ilin yanvar aylarında verilmiş qəbzlərin surətlərindən görünür ki, “MilliÖn” ödəniş terminalı vasitəsilə Cavabdeh kart hesabına (“Leobank” xidmətinin nağd ödənişi təyinatı üzrə - son 8 rəqəmi 62241884 olan kart hesabı) ayrı-ayrılıqda 2000 manat, 1000 manat və 500 manat olmaqla, ümumilikdə 3500 manat məbləğində pul göndərilmişdir.
7. xx.xx.2024-cü il tarixli, 1825 nömrəli qəbzin surətindən görünür ki, İddiaçı tərəfindən “Müqavilə 1540 Nümayəndə İsa oğlu” təyinatı üzrə 320 manat məbləğində pul vəsaiti “6***** V***** B*****” hesabına göndərilmişdir.
8. Bakı şəhəri Nərimanov rayon Polis İdarəsi 18-ci Polis Şöbəsi tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2024-cü il tarixli cavab məktubunun surətindən görünür ki, xx.xx.2024cü il tarixli, 3/1-H-2986 saylı ərizə araşdırılmış, ərizədə göstərilən vətəndaş Cavabdeh ilə məqsədyönlü profilaktik söhbətlər aparılmış, hüquq və vəzifələri izah olunaraq şifahi xəbərdarlıq edilmiş, ərizədə qeyd olunan xüsusatlar mülki xarakterli olduğu üçün araşdırma əsasında toplanmış sənədlər dəftərxanada işə alınmış və X2 mülki qaydada məhkəməyə müraciət etmək hüququnun olması izah edilmişdir.
9. Bakı şəhəri Nərimanov rayon Polis İdarəsi 18-ci Polis Şöbəsinin baş təhqiqatçısı, polis mayoru X3 tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, vətəndaş İddiaçı DİN-in 102 xidmətinə verdiyi məlumata əsasən toplanmış material üzrə cinayət hadisəsi olmadığından cinayət işinin başlanmasının rədd edilməsi qərara alınmışdır.
İşin faktiki halları.
10. İddiaçı 2023-cü ilin dekabr-2024-cü ilin yanvar aylarında Cavabdeh borc pul vermişdir. Tərəflər arasında şifahi borc müqaviləsi bağlanmamışdır.
Tətbiq edilən hüquq.
11. Azərbaycan Respublikasının Mülki Məcəlləsi. Maddə 329. Əqdlərin formaları. 329.1. Əgər qanunla başqa hal müəyyən edilməmişdirsə, qanunla və ya tərəflərin qarşılıqlı razılığı ilə müəyyən edilmiş forma tələblərinə riayət etməməklə bağlanılmış əqd etibarsızdır. 329.2. Əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır. Maddə 331. Yazılı əqd. 331.1. Yazılı əqd onun məzmununu ifadə edən və əqdi bağlayan şəxs və ya şəxslər və ya onların lazımınca vəkil etdikləri şəxslər tərəfindən imzalanmış sənədin tərtibi yolu ilə bağlanmalıdır. Maddə 337. Əqdlərin etibarsızlığı anlayışı və onun nəticələri. Mübahisə edilən və əhəmiyyətsiz əqdlər. 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. 337.3. Əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. 337.4. etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. 337.5. Əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. Maddə 351. Əqdlərin etibarsızlığı zamanı təsdiqetmənin əhəmiyyəti. 351.1. Əhəmiyyətsiz əqd onun bağlandığı andan etibarsızdır. Maddə 386. Öhdəliklərin əmələ gəlməsi əsasları. 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Maddə 425. Öhdəliklərin icrası zamanı vicdanlılıq. 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 425.2. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. Maddə 442. Öhdəliyin icra edilməməsi anlayışı. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə 445. Borclunun icranı gecikdirməsi. 445.7. Bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə kreditor gecikdirilmiş vaxt üçün gecikdirilmiş məbləğə illik beş faizin ödənilməsini tələb edə bilər. Maddə 448. Öhdəliklərin icra edilməməsi üçün borclunun məsuliyyəti. 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. Maddə 739. Borc müqaviləsi. 739.1. Borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. 739.2. Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq, müqavilənin iştirakçılarından biri hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanılmalıdır. Maddə 1091. Əsassız varlanma anlayışı. 1091.1. Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. 1091.2. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Maddə 1092. Əsassız varlanma nəticəsində əldə edilənləri qaytarmaq vəzifəsi. 1092.1. Varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır.
12. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun xx.xx.2021-ci il tarixli Qərarı.
Göründüyü kimi, qanunda əqdin əhəmiyyətsizliyi hallarında etibarsızlıqla bağlı nəticələrin tətbiqi üçün məhkəmə qərarına ehtiyac olmadığı ifadə edilmişdir. Qanunvericiliyin imperativ göstərişlərinə zidd olan və etibarsız hesab edilməsi üçün hər hansı əlavə qayda və şərt nəzərdə tutulmayan əqdlər əhəmiyyətsizdir. Beləliklə, əhəmiyyətsiz əqd mübahisələndirilmədən, məhkəmə qərarından, müddətlərdən və s. şərtlərdən asılı olmadan bağlandığı andan etibarən özlüyündə etibarsız olan, yəni arzu olunan hüquqi nəticəni yaratmaq qabiliyyətinə malik olmayan əqddir... Mülki Məcəllənin əqdlərin etibarsızlığının nəticələrini təsbit edən 337.5-ci maddəsinə əsasən, əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. Qeyd edilən norma etibarsız əqdlər üzrə həyata keçirilmiş icra hərəkətlərinin nəticələrinin aradan qaldırılması məqsədini daşıyır. Qeyd olunmalıdır ki, əhəmiyyətsiz əqd üzrə yalnız əvəzedilən əşyalar üzərində əldə edənin hüququ yarana və nəticədə əsassız varlanma baş verə bilər. Qeyd edildiyi kimi, əvəzedilən əşyalar mülki dövriyyədə yalnız say, ölçü, çəki ilə müəyyənləşdirilən əşyalardır ki, bu əşyalar əhəmiyyətsiz əqd üzrə verilmiş olsa belə, əldə edənin əmlakına qarışdığından, sonuncunun həmin əşya üzərində hüququ yaranır. Lakin əldə edənin əşya üzərində hüququ heç bir hüquqi əsas olmadan yarandığından, əsassız varlanmaya səbəb olur. Məhz bu halda əhəmiyyətsiz əqd üzrə şəxs digər tərəfə qarşı tələb hüququnu reallaşdıraraq, Mülki Məcəllənin 354.1-ci maddəsi ilə müəyyən edilmiş bir il müddət ərzində əhəmiyyətsiz əqd üzrə icra edilmişlərin geri qaytarılması ilə bağlı iddia verə bilər. Yəni həmin maddədə müəyyən edilmiş bir illik müddət əhəmiyyətsiz əqdin icrası nəticəsində yaranmış əsassız varlanma halları ilə bağlı tələblər üçün keçərlidir.
13. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” xx.xx.2002-ci il tarixlə Qərarı. Mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri əmlak zərəri olmaqla iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərər çəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir.
14. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi.
Maddə 14. İş üzrə məhkəmə baxışının prinsipləri. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 52. İddiadan imtina edilməsi, iddianın etiraf edilməsi, barışıq sazişi. 52.2. Cavabdeh bu barədə yazılı ərizə verilməklə və ya protokolda qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir. 52.5. İddiaçının iddiadan imtina etməsi, iddianın cavabdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır. Maddə 77. Sübut etmə vəzifəsi. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Sübutların qiymətləndirilməsi. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 107. Məhkəmə xərclərinin tərkibi. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Maddə 119. Məhkəmə xərclərinin tərəflər arasında bölüşdürülməsi. 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Maddə 185. İşdə iştirak edən şəxslərin, nümayəndələrinin və vəkillərinin məhkəmə iclasına gəlməməsinin nəticələri. 185.5. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Maddə 191. İddiaçının iddiadan imtina etməsi, cavabdehin iddianı etiraf etməsi və tərəflərin barışıq sazişi. 191.1. İddiaçının iddiadan imtina etməsi, iddia tələbinin dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi, mübahisənin mediasiya vasitəsilə həllinə dair tərəflərin razılığı və ya tərəflərin barışıq sazişi şərtləri məhkəmə iclasının protokoluna yazılır və protokolu müvafiq surətdə iddiaçı, cavabdeh və ya hər iki tərəf imzalayır. İddiadan imtina etmə, iddianın dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi, mübahisənin mediasiya vasitəsilə həllinə dair tərəflərin razılığı və ya tərəflərin barışıq sazişi, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə də ifadə oluna bilər. 191.2. Hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Tərəflərin məhkəmə tərəfindən təsdiq edilən barışıq sazişinin şərtləri qərardadda göstərilməlidir. 191.3. Cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Maddə 217. Qətnamənin qanuniliyi və əsaslılığı. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 220. Qətnamənin məzmunu. 220.4. Qətnamənin əsaslandırıcı hissəsində işin məhkəmə tərəfindən müəyyən edilən halları, işin halları barədə məhkəmənin əsaslandırıldığı sübutlar və məhkəmənin bu və ya digər sübutları və iclasda iştirak edən şəxslərin istinad etdiyi qanun və digər hüquqi aktları rədd etmək üçün gətirdiyi dəlillər, habelə məhkəmənin qətnamə çıxararkən rəhbər tutduğu qanunlar və digər hüquqi aktlar göstərilməlidir. Cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər.
15. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunu.
Maddə 8. Məhkəməyə iddia ərizəsinin, digər ərizənin və ya şikayətin verilməsinə, məhkəmə aktının surətinin təkrar verilməsinə görə dövlət rüsumunun dərəcələri. 8.1.3. iddia qiyməti 10.000 manatdan 100.000 manatadək olduqda - 120 manat + 10.000 manatdan yuxarı olan iddia qiymətinin 0,3 faizi.
Məhkəmənin mövqeyi.
16. İşin faktiki hallarından görünür ki, tərəflər arasında şifahi qaydada borc müqaviləsi bağlanmışdır. Belə ki, İddiaçı iddiası odur ki, o, dekabr 2023-yanvar 2024-cü il tarixləri aralığında Cavabdeh cəmi 10000 manat məbləğində borc pul vermiş, lakin cavabdeh götürdüyü borcu vaxtında qaytarmamışdır. İddiaçı tərəfindən məhkəməyə həmin dövrlərdə ödəniş terminalı vasitəsilə Cavabdeh adına olan bank hesabına hissə-hissə olmaqla, ümumilikdə 3500 manat məbləğində pul köçürüldüyünü təsdiq edən qəbzlər təqdim edilmişdir.
17. Məhkəmənin hazırlıq iclasında iştirak edən Cavabdeh isə öz növbəsində iddiaçıdan 9500 manat məbləğində borc pul aldığını qəbul etmiş, iddianı həmin hissədə etiraf etmişdir.
18. Məhkəmə qeyd edir ki, iddianı hansısa hissədə etiraf etmək cavabdehin hüququdur. Cavabdeh iddianı etiraf etdikdə isə məhkəmə iki məsələni araşdırmalıdır: 1) onun qanuna uyğun olub-olmamasını, 2) hər hansı şəxsin hüquqlarını və qanunla qorunan mənafelərini pozub-pozmamasını. Yalnız bu hallar və ya onlardan hər hansı biri mövcud olduqda məhkəmə cavabdehin etirafını qəbul etmir və mübahisəyə mahiyyəti üzrə baxır. Digər hallarda isə cavabdeh tərəfindən iddianın etiraf edilməsi məhkəmə tərəfindən təsdiq edilir, məhkəmə iddaçının irəli sürdüyü tələbin təmin olunması barədə qətnamə çıxarır və qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər.
19. Eyni zamanda iddianın etiraf edilməsinin qanuna zidd olub-olmaması yalnız iddia tələblərinin özü-özlüyündə əsaslı olub-olmamasından asılıdır. Yəni iddia buna müvafiq subyektiv hüquqa malik olan şəxs tərəfindən və iddiaya cavab verməli olan şəxsə qarşı qaldırılmışdırsa, həmçinin iddiaçının özünün bildirdiyi hallar və mübahisə üzrə tətbiq edilməli olan maddi hüquq normaları iddianın əsaslı olması nəticəsinə gəlməyə əsas verirsə, cavabdeh tərəfindən iddianın etiraf edilməsi qanunazidd hesab edilə bilməz.
20. İşin faktiki hallarını və qanunvericiliyin tələblərini nəzərə alaraq, məhkəmə belə qənaətə gəlir ki, iddianın cavabdeh tərəfindən qismən etirafının məhkəmə tərəfindən qəbul edilməməsi üçün hallar aşkar edilməmiş, iddianın müvafiq hissədə etiraf edilməsi hər iki tərəfin mənafeyinə uyğundur və digər şəxslərin hüquq və qanunla qorunan mənafelərini pozmur. Belə olan halda məhkəmə hesab edir ki, iddia cavabdeh tərəfindən etiraf edilən hissədə - 9500 manat – təmin edilməlidir.
21. Lakin iddia tələbindən görünür ki, İddiaçı Cavabdeh 9500 manat yox, 10000 manat məbləğində borc verdiyini iddia etmiş, həmin pulu cavabdehdən tələb etmişdir. Bununla belə, iddiaçı tərəfindən cavabdehə məhz iddia edilən məbləğdə borc verildiyini təsdiq edən heç bir sübut məhkəməyə təqdim edilməmişdir. Onun tərəfindən məhkəməyə təqdim edilmiş qəbzlər yalnız 3500 manat məbləğində borcun verildiyini təsdiq edə bilər ki, artıq cavabdehin etirafı əsasında iddia tələbi 9500 manat məbləğində borca münasibətdə təmin edilmişdir. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçı tərəfindən cavabdehə onun etiraf etdiyindən daha çox məbləğdə borc verildiyini təsdiq edən heç bir mötəbər sübut məhkəməyə təqdim edilmədiyindən iddia bu hissədə qismən təmin edilməlidir.
22. Bundan əlavə, iddia tələbindən görünür ki, iddiaçı cavabdehdən gecikdirilmiş vaxta görə illik 5% hesabı ilə 5000 manat məbləğində faiz borcu da tələb etmişdir. İddiaçı bu hissədə tələbini belə əsaslandırmışdır ki, aralarında olan razılığa əsasən, cavabdeh ondan aldığı borcu bir ay müddətində, yəni xx.xx.2024-cü il tarixədək qaytarmağı öhdəsinə götürmüş, lakin qaytarmamışdır. İddiaçı da bu səbəbdən həmin vaxtdan hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etdiyi tarixədək olan dövr üçün cavabdehdən gecikdirilmiş vaxta görə faiz ödənilməsini tələb etmişdir.
23. Məhkəmə isə bu tələbi qismən əsaslı sayır. Ona görə ki, işin cavabdeh tərəfindən də mübahisələndirilməyən halıdır ki, o, iddiaçıdan 9500 manat məbləğində borc almış, aldığı borcu razılaşdıqları müddətdə qaytarmamışdır. Yuxarıda da istinad edilmiş Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 445.7-ci maddəsinə əsasən, bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə kreditor gecikdirilmiş vaxt üçün gecikdirilmiş məbləğə illik beş faizin ödənilməsini tələb edə bilər. Lakin nəzərə alınmalıdır ki, cavabdehin öhdəliyin icrasını gecikdirdiyi tarixdən (xx.xx.2024) hazırkı iddia ərizəsinin məhkəmənin icraatına daxil olduğu tarixədək (xx.xx.2024) iddia ərizəsində qeyd edildiyi kimi 10 ay yox, 9 ay 8 günlük müddət keçmişdir. Cavabdeh tərəfindən gecikdirilən (gecikdirildiyi cavabdehin etirafı əsasında sübut edilən) borcun 9500 manat məbləğində olduğu nəzərə alındıqda, bu borcu gecikdirməyə görə illik beş faizlə hesablanmış faiz miqdarı 475 manatdır. Həmin illik faiz əsasında aylıq və günlük faiz hesablandıqda isə bir aylıq gecikməyə görə faizin ~39.6 (475/12) manat, bir günlük gecikməyə görə faizin isə ~1.3 (~39.6/30) manat olduğu müəyyən edilir. Belə olan halda məhkəmə hesab edir ki, 9 ay 8 günlük gecikməyə görə cavabdehdən 366.8 (9x39.6+8x1.3) manat məbləğində faiz tutulmalıdır.
24. Mənəvi zərərə görə tələb edilən 5000 manat məbləğində kompensasiyaya münasibətdə məhkəmə qeyd edir ki, iddia bu hissədə təmin edilməməlidir. Belə ki, “Ramazanov və digərlərinin” işi üzrə xx.xx.2007-ci il tarixli qərarında Azərbaycan Respublikasının Ali Məhkəməsi milli məhkəmələrə bu problemi tənzimləyən milli hüquq müddəaları olmadığı üçün mənəvi zərərə görə kompensasiya məsələlərinin həllində Avropa Məhkəməsinin təcrübəsinə riayət etməyi tövsiyə etmişdir.
25. “Kletsova Yusiyaya qarşı” iş üzrə xx.xx.2007-ci il tarixli qərarında, eləcə də bir sıra digər qərarlarında Avropa İnsan Hüquqları Məhkəməsi mübahisənin mahiyyətini, pozuntunun xarakterini nəzərə alaraq, iddiaçının iddiasının təmin edilməsi barədə məhkəmə aktının qəbul edilməsini mənəvi zərərin ödənilməsinin ədalətli kompensasiyası hesab etmişdir.
26. Avropa Məhkəməsinin müvafiq mövqeyini əsas götürməklə məhkəmə hesab edir ki, iddiaçının cavabdehə verdiyi pulun cavabdehdən tutularaq iddiaçıya ödənilməsinin qət edilməsi iddiaçıya dəymiş mənəvi zərərin ədalətli kompensasiyasını təmin edir. Odur ki, iddia mənəvi zərərlə bağlı hissədə təmin edilməməlidir.
Məhkəmə xərcləri.
27. İş materiallarından görünür ki, hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət edilərkən iddiaçı tərəfindən 151 manat məbləğində dövlət rüsumu ödənilmişdir ki, bu məbləğ “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş iddia qiymətinə uyğun olmuşdur.
28. Bundan əlavə, iş materiallarında olan qəbzdən görünür ki, İddiaçı xx.xx.2024-cü il tarixdə “müqavilə 1540 Nümayəndə” təyinatı ilə “6***** V***** B*****” hesabına 320 manat məbləğində pul köçürmüşdür. Yenə iş materiallarında olan xx.xx.2024-cü il tarixli vəkil orderindən görünür ki, Bakı şəhəri 6 saylı Vəkil Bürosunun vəkili Nümayəndəla hazırkı iş üzrə İddiaçı arasında bağlanmış xx.xx.2024-cü il tarixli, 1540 nömrəli müqaviləyə əsasən, vəkilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsində baxılacaq mülki iş üzrə hüquqi yardım edilməsi tapşırılmışdır. Beləliklə, iş materialları əsasında müəyyən edilir ki, iddiaçı hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmək üçün Bakı şəhəri 6 saylı Vəkil Bürosunun vəkili ilə hüquqi yardım haqqında müqavilə bağlamış və bunun üçün Büronun hesabına 320 manat məbləğində pul ödəmişdir. İddia tələbindən görünür ki, o, həm də çəkdiyi vəkil xərcinin cavabdehdən tutulmasını tələb etmişdir.
29. Nəzərə alınmalıdır ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 115.0.6-cı maddəsinə əsasən, vəkillərə etdikləri kömək üçün ödənilən xərclər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. Həmin Məcəllənin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Yenə həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
30. Belə olan halda məhkəmə hesab edir ki, iddianın təmin edilmiş hissəsinə (9500+366.8=9866.8) mütənasib olaraq 118.67 manat məbləğində ödənilmiş dövlət rüsumu və 320 manat məbləğində vəkil xərci cavabdehdən tutularaq iddiaçıya ödənilməli, ödənilmiş dövlət rüsumunun qalan hissəsi iddiaçıya aid edilməlidir.
Məhkəmənin gəldiyi nəticə.
31. Beləliklə, yuxarıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh 9500 manat məbləğində borc və 366.8 manat məbləğində gecikdirilmiş vaxt üçün faiz olmaqla, cəmi 9866.8 manat məbləğində pul, 118.67 manat məbləğində dövlət rüsumu və 320 manat məbləğində vəkil xərci tutularaq İddiaçı ödənilməli, iddia qalan hissədə təmin edilməməlidir.
32. Şərh olunanlara əsasən və MPM-in 214, 216-220, 233, 357 və 360-cı mаddələrini rəhbər tutаrаq, məhkəmə
Q Ə T E T D İ:
İddia qismən təmin edilsin. Cavabdeh 9500 (doqquz min beş yüz) manat məbləğində borc və 366.8 manat (üç yüz altmış altı manat səksən qəpik) məbləğində gecikdirilmiş vaxt üçün faiz olmaqla, cəmi 9866.8 manat (doqquz min səkkiz yüz altmış altı manat səksən qəpik) məbləğində pul, 118.67 manat (yüz on səkkiz manat altmış yeddi qəpik) məbləğində dövlət rüsumu və 320 (üç yüz iyirmi) manat məbləğində vəkil xərci tutularaq İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Sədrlik edən Səlimə Miriyeva