Məhkəmə qərarları › İş №2(010)-886/2023

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-886/2023

07.03.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-886/2023 07.03.2023 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Mahmudova Təranə Nəriman qızının sədrliyi, məhkəmə iclas katibi X3 qızının katibliyi, İddiaçı və onun vəkili və nümayəndəsi Vəkil iştirakları ilə, İddiaçı cavabdeh «Azəriqaz» İstehsalat Birliyinə qarşı “qazla təchiz etmək vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası üzrə mülki işə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddia tələbi.

1. İddiaçı cavabdeh “Azəriqaz” İstehsalat Birliyinə (bundan sonra mətndə “Azəriqaz” İB) qarşı “qazla təchiz etmək vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Suraxanı rayonu, 2-ci mədən küçəsindəki 49 A ünvanda yerləşən evinə qaz xəttinin çəkilişi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

Tərəflərin izahatları.

2. Cavabdeh “Azəriqaz” İB məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmiş və bu barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsini rəhbər tutaraq işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün saymışdır.

3. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək və iddia ərizəsində yazılanlara uyğun izahat verərək bildirdi ki, onun evi sağ tərəfindən qaz xəttindən biraz uzaq məsafədədir. Cavabdehin əməkdaşlarına qaz xəttinə qoşulmaq istədiyini bildirdikdə onlar gəlib baxmış və uzaq olduğu üçün çəkməmişlər. O, şəhid ailəsidir, evində əlil xəstəsi var. Həmçinin, qızının yoldaşı vəfat etdiyi üçün körpə uşağı ilə onun evindədir. Özü tək anadır, qış vaxtı qaz olmayan evdə uşaqlarına baxmağı mümkün deyil. O, yalnız qaz xəttinə qoşulmaq, evinə qaz çəkilməsini istəyir. Ətrafında hər bir qonşunun qazı var, teztez də gəlib qaz xətti çəkirlər. Onun evinin ətrafında qaz xəttinin çəkilməsi üçün borular da var. Buna görə də qeyd olunanların nəzərə alınması və iddianın təmin edilməsini məhkəmədən xahiş etdi.

4. Məhkəmə iclasında iddiaçının vəkili və nümayəndəsi Vəkil iddia tələbini müdafiə edərək və iddia ərizəsində yazılanlara uyğun izahat verərək bildirdi ki, iddiaçının evi qeydiyyatlı deyil və bu barədə çıxarışı yoxdur, lakin bələdiyyə balans sənədi var və bələdiyyədən uzun müddət orada yaşaması barədə arayış alıb, həmin ev iddiaçının istifadəsindədir. Evin 6 metr qarşısında qazın ümumi xətti keçir, mübahisələndirilən evin sağ və sol tərəfində olan evlər həmin qaz xəttindən istifadə edirlər. Hazırda iddiaçı qonşu evin qaz xəttindən istifadə edir. “Azəriqaz” İstehsalat Birliyinin onlara verdiyi rədd cavabına görə həmin ərazi mühafizə zolağıdır və qaz verilməsi mümkün deyil, verilərsə qaz xətti zədələnər, qarşısıalınmaz hadisələr baş verər. Bu tamamilə yanlış məlumatdır. Onların bildirdiyi kimi mühafizə zolağı olan ərazi deyil, heç bir quyu yoxdur. Hazırda iddiaçı pərişan haldadır. Buna görə də qeyd olunanların nəzərə alınması və iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. İş materialları.

5. "xxxx" MMC tərəfindən xx.xx.2021-ci il tarixdə verilmiş qiymətləndirmə rəyindən görünür ki, ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evi İddiaçı məxsusdur.

6. İddiaçı tərəfindən “Azəriqaz” İB-nə ünvanlanmış xx.xx.2021-ci il tarixli ərizədən görünür ki, İddiaçı ona məxsus fərdi yaşayış evinin öz şəxsi vəsaiti hesabına qazlaşdırılmasına və abunəçi kodunun açılmasına köməklik göstərilməsini xahiş etmişdir.

7. “Azəriqaz” İB tərəfindən İddiaçı ünvanlanmış “müraciətə baxılmanın nəticəsi haqqında” xx.xx.2022-ci il tarixli məktubdan görünür ki, ərizədə də qeyd etdiyiniz torpaq sahəsi Azərbaycan Respublikasının 20 sentyabr 2005-ci il tarixli, 997-İİQ nömrəli Qanunu ilə təsdiq edilmiş“ Azərbaycan Respublikasında Suraxanı neft yatağının daxil olduğu blokun bərpası, işlənməsi və X2 haqqında” Sazişə əsasən “X1 Kompani S.A” Şirkətinin istifadəsinə verilmiş kontrakt sahəsinin hüdudları, eləcə də neft və texniki su kəmərlərinin (10-15 metr), fəaliyyətdə olan neft quyularının (20-25 metr) mühafizə zonası daxilində yerləşir və bu səbəbdən, həmin torpaqlardan yalnız təyinatı üzrə istifadə oluna bilər. Məlumat üçün bildirilir ki, Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 22.2-ci maddəsinə əsasən, əhalinin təhlükəsizliyinin təmin olunması, sənaye, nəqliyyat, rabitə, mühafizə və digər təyinatlı obyektlərin istismarına lazımi şərait yaradılması üçün onların ətrafında xüsusi (qoruyucu, sanitariya və s.) hüquqi rejimli mühafizə zonaları yaradılır ki, həmin ərazidə tikinti işlərinin aparılması qadağandır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2004-cü il 2 noyabr tarixli, 167 nömrəli qərarı ilə təsdiq edilmiş istismar olunan ixrac neft boru kəmərlərinin “Mühafizə Zonası”nın müəyyənləşdirilməsi Qaydalarının 4-cü bəndinin 1-ci hissəsinə əsasən, ixrac neft boru kəmərlərinin istismarı üçün şərait yaratmaq və onların döşəndiyi şəraitdən asılı olaraq, zədələnmə ehtimalının qarşısının alınmasını təmin etmək məqsədi ilə borunun marşrutu boyunca boru kəməri oxunun hər tərəfindən 50 metrlik məsafədə mühafizə zonası müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Təhlükə potensiallı təbiət və texnogen xarakterli hadisələrin baş vermə ehtimalının yüksək olduğu zonalarda mühafizə tədbirlərinin növləri və onların tətbiqi halları”nın təsdiq edilməsi haqqında 06 fevral 2017-ci il tarixli 31 nömrəli Qərarının 3.3-cü bəndi ilə quyulardan şəxsi tikililərə 300 metrlik mühafizə zonası müəyyən olunmuşdur.“Texniki təhlükəsizlik haqqında” Azərbaycan Respublikasının xx.xx.1999-cu il tarixli Qanununa və Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli 94 nömrəli qərarına əsasən, neft-qaz hasilatı sənayesi əhaliyə və ətraf mühitə təhlükə yarada biləcək potensial təhlükəli obyektlər kateqoriyasına aid edilmişdir. Qanunvericiliyin yuxarıda qeyd olunan normalarının tələblərinin təmin olunması məqsədi ilə, SOCAR-ın daimi istifadəsində olan, o cümlədən X2 Sazişlərinə əsasən neft-qaz əməliyyatları aparılan torpaq sahələrində, həmçinin neft-qaz boru kəmərlərinin mühafizə zonası daxilində inşa edilən tikililərin qazlaşdırılmasına yol verilmir. İşin faktiki halları.

8. İddiaçı ona məxsus fərdi yaşayış evinin öz şəxsi vəsaiti hesabına qazlaşdırılmasına və abunəçi kodunun açılmasına köməklik göstərilməsi barədə cavabdeh “Azəriqaz” İB-nə müraciət etməsi və imtina cavabı alması işin mübahisəsiz hallarıdır.

Tətbiq edilən hüquq.

9. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanunu.

Maddə 13. Qazın pаylаnmаsı, satılması və qazın verilməsinin dayandırılması.

1. Energetika müqaviləsinə müvafiq olaraq qaz paylayıcısı müqavilə ərazisində istənilən şəxsin sifarişilə onu qaz şəbəkəsinə birləşdirib təchiz etməlidir və paylayıcının şəbəkəsinə qoşulan istehlakçıların tələblərinin keyfiyyət və kəmiyyətcə daim təmin ediləcəyi dərəcədə qazın istehsalını, alınmasını, ötürülməsini və sаtılmаsını təşkil etməlidir. Bu Qanunun 12-ci maddəsinin 1-ci, 2-ci, 4-cü, 5-ci və 6-cı hissələri eyni qaydada qazın paylanmasına da tətbiq edilir.

9. Məişət qaz qurğularını istifadə edən məişət abonentləri üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, digər istehlakçılar üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. İstehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu hissənin birinci cümləsinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir.

10. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli Qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”.

4.2. Məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir.

Məhkəmənin mövqeyi.

11. Məhkəmə iş materiallarını hərtərəfli araşdırıb, tərəfin izahatını dinləyib hesab edir ki, aşağıda qeyd olunan əsaslara görə iddia təmin edilməlidir.

12. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən olundu ki, iddiaçı ona məxsus fərdi yaşayış evinin qazlaşdırılması barədə cavabdehə müraciət etmiş, lakin cavabdeh iddiaçının fərdi yaşayış evinin qazlaşdırılmasını həyata keçirməkdən imtina etmişdir. Halbuki, qanunvericiliyin yuxarıda qeyd olunan normalarına əsasən, fiziki şəxs olan istehlakçıların sifarişi ilə qaz paylayıcısı yaşayış sahələrini qaz şəbəkəsində birləşdirib qazla təchiz etməli və qaz sayğacı quraşdırılmalıdır. Həmçinin, məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına quraşdırılır. Odur ki, cavabdehin iddiaçının yaşadığı evi qazla təchiz etmək vəzifəsi qanunla müəyyən edildiyindən cavabdeh müəssisənin bundan imtina etməsi qanunvericiliyin tələblərinə ziddir.

Məhkəmə xərcləri.

13. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir.

14. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

15. Odur ki, iddia təmin edildiyi üçün iddiaçı tərəfindən ödənilmiş 100 manat məbləğində dövlət rüsumu cavabdeh “Azəriqaz” İB-dən tutularaq İddiaçı ödənilməlidir.

Məhkəmənin gəldiyi nəticə.

16. Beləliklə, qeyd olunanlara əsasən məhkməmə hesab edir ki, iddia təmin edilməli, İddiaçı məxsus ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evini qaz şəbəkəsinə birləşdirib qazla təchiz etmək vəzifəsi cavabdeh «Azəriqaz» İB-nin üzərinə qoyulmalıdır.

17. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə

qət etdi:

İddia təmin edilsin. İddiaçı məxsus ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evini qaz şəbəkəsinə birləşdirib qazla təchiz etmək vəzifəsi cavabdeh «Azəriqaz» İstehsalat Birliyinin üzərinə qoyulsun. İddia təmin edildiyi üçün cavabdeh “Azəriqaz” İstehsalat Birliyindən 100 (bir yüz) manat məbləğində dövlət rüsumu tutularaq İddiaçı ödənilsin. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar