Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-899/2022 07.02.2022 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Tural Nurulla oğlunun sədrliyi, Həsənzadə Leyla Fərhad qızının katibliyi İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" Telecom MMC-yə qarşı pul tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxıb, məhkəmə Müəyyən etdi: İddiaçı ərizə ilə məhkəməyə müraciət edərək, cavabdeh "xxxx" Telecom MMC-dən ödənilmiş 481 (dörd yüz səksən bir) manat “kredit” ödənişinin, 30 (otuz) manat dövlət rüsumunun və dəymiş maddi və mənəvi zərərə görə 10 000 (on min) manat təzminatın İddiaçı xeyrinə tutulmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, onunla "xxxx" MMC arasında 17 iyul 2018-ci il tarixdə bağlanmış kredit müqaviləsinə əsasən 12 ay müddətinə, ilkin ödəniş 166 (yüz altmış altı) manat olmaqla hər ay 155 (yüz əlli beş) manat ödəniş edilməklə, cəmi dəyəri 2026 (iki min iyirmi altı) manat olan “LG LED” markalı televizoru kreditlə əldə etmişdir. Onun tərəfindən müqavilənin şərtlərinə uyğun olaraq 481 (dört yüz səksən bir manat) manat "xxxx" MMC-yə ödənilmişdir, ancaq qısa müddət ərzində bir neçə dəfə televizorda problemlər yaranması səbəbindən ödəmələri dayandıraraq “qızıl zəmanət” verilmiş televizorun dəyişdirilməsini tələb etmişdir. Müqavilə predmeti olan televizor texniki servisin əməkdaşları tərəfindən aparıldıqdan sonra şirkət onun haqlı tələbini yerinə yetirməyərək geri qaytarmışdır. Məhkəmə iclasında İddiaçı məhkəməyə iddia ərizəsində qeyd olunmuş maddi və mənəvi zərərin dəqiqləşdirilməsi ilə bağlı yazılı ərizə təqdim edərək, cavabdeh "xxxx" Telecom MMC-dən 6000 ( altı min) manat məbləğində pulun tutularaq ona verilməsini, həmçinin iddia tələbinin qalan hissəsinin təmin edilməsini xahiş etdi. Cavabdeh "xxxx" TELECOM MMC-yə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbini məhkəməyə bildirməmişdir. Məhkəmə iddiaçını dinləyib, hazırkı iş üzrə toplanmış materiallara qiymət verərək hesab edir ki, aşağıda qeyd olunanlara əsasən iddia qismən təmin olunmalıdır. İş materiallarında olan iddiaçı ilə cavabdeh arasında bağlanmış 17.07.2018-ci il tarixli, müqavilədən görünür ki, satıcı tərəfindən 2026 manat dəyərində olan “LG LED” markalı televizor 12 ay müddətinə, ilkin ödəniş 166 manat olmaqla , aylıq 155 manat ödəmək şərtilə alıcıya təhvil verilmişdir. İş materiallarında olan ******* saylı, 23.09.2018-ci il tarixli qəbzdən görünür ki, İddiaçı tərəfindən ABC ASC-yə 17.07.2018-ci il tarixli, 217698 saylı müqavilə üzrə 481 manat pul ödənilmişdir. İş materiallarında olan "xxxx" TELECOM MMC-yə ünvanlanmış pretenziyadan görünür ki, İddiaçı 17.07.2018-ci il tarixli müqavilənin ləğv edilməsini, onun tərəfindən ödənilmiş 481 manat məbləğində pulun geri qaytarılmasını, maddi və mənəvi zərərin qarşılıqlı razılıq əsasında müəyyənləşdirilməsini tələb etmişdir. İş materiallarında olan Bakı Apelyasiya Məhkəməsinin 2(103)-4560/2020 saylı, 08.06.2020-ci il tarixli qətnaməsindən görünür ki, iddiaçı "xxxx" MMC-nin cavabdeh İddiaçı qarşı pul tələbinin təmin olunmaması barədə Bakı şəhər Suraxanı rayon Məhkəməsinin 06.12.2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Beləliklə işin məhkəmə tərəfindən müəyyən edilən halları ondan ibarətdir ki, tərəflər arsında alqı-satqı müqaviləsi imzalanmış, iddiaçı əldə etdiyi əşyaya görə 481 manat ilkin ödəniş etmiş, lakin sonradan həmin əşyada qüsurlar aşkar edildiyinə görə geri qaytarılmışdır. Bununla bağlı tərəflər arasında məhkəmə mübahisəsi olmuş, məhkəmə qətnaməsi ilə ABC ASC-nin İddiaçı qarşı pul tələbi təmin edilməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci maddəsinə görə alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir; 601.1-ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421.3-ci maddəsinə əsasən müqavilənin tamamilə və ya hissə-hissə icrasından birtərəfli imtina edildikdə və belə imtinaya bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə yol verildikdə müqavilə müvafiq surətdə ləğv edilmiş və ya dəyişdirilmiş sayılır. Həmin Məcəllənin 424.2-ci maddəsinə görə müqavilə ləğv edilərkən tərəflərin öhdəliklərinə xitam verilir. Yuxarıda qeyd edilmiş maddi hüquq normalarının tələblərinə görə, əşya cavabdehə qaytarılmaqla faktiki olaraq alqı-satqı müqaviləsindən imtina edilmişdir. Çünki, Alqı-satqı müqaviləsinin baş tutmasının əsas şərti satıcının alqı-satqı predmetini alıcıya təhfil verməsi, alıcının isə bunun üçün nəzərdə tutulmuş pul məbləğini satıcıya verməsidir. Belə olan halda, məhkəmə hesab edir ki, nə qədər ki, alqı-satqı predmeti müqavilə bağlanandan əşya cavabdehə qaytarıldğına görə müqavilə baş tutmamış, həmin müqaviləyə görə ödənilmiş ilkin ödəniş məbləğinin də cavabdehdə qalması üçün heç bir əsas yoxdur. Məhkəmə iddia tələbini vəkilə və əlavə xərclədiyi 6000 manat pulun tutulması hissəsində əsaslı saymır. Çünki tələbin bu hissəsi ilə bağlı heç bir sübut təqdim edilməmişdir. Məhkəmə qeyd edir ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Mülki-Prosessual Məcəllə sübutetmə vəzifələrinin bölgüsünün ümumi qaydasını müəyyən edir. Bu qaydaya görə iş iştirakçıları tələb və etirazlarını əsaslandırdıqları faktları isbat etməlidirlər. Məhkəmə öz istəyinə görə iş iştirakçısı olan bu və ya başqa şəxsi onun öz iddia və etirazlarını əsaslandırmaq üçün söykəndiyi halların və qanunla sübut etməli olduğu başqa halların sübut olunması yükündən azad edə, yaxud sübutetmə yükünü bölüşdürə bilməz. MPM sübutların toplanması və verilməsi yükünü sübutetmə yükünü daşıyan iş iştirakçılarının üzərinə qoyur. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almalıdır (MPM-in 14.2 və 77.1-ci maddələri). Həmin Məcəlləsinin 78.1-ci maddəsinin tələblərinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Məhkəmə hesab edir ki, işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. AR Mülki Məcəlləsinin 21.1-ci maddəsinə görə zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə görə zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Azərbaycan Respublikası MPM-nin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddianın kredit ödənişinin geri qaytarılması hissəsinin təmin olunduğunu nəzərə alaraq məhkəmə hesab edir ki, ödənilmiş dövlət rüsumu məbləği cavabdehə aid edilməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Eyni Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin sadalanan maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddia qismən təmin edilsin. İddiaçı Qulı̇ yeva Elnarə Mehman qızı tərəfindən 17.07.2018-ci il tarixli kredit müqaviləsi üzrə ödənilmiş 481 (dörd yüz səksən bir) manat məbləğində pul cavabdeh "ABC-Telecom" Məhdud Məsulı̇ yyətli Cəmı̇ yyətı̇ ndən tutularaq iddiaçıya ödənilsin. İddia qalan hissədə təmin edilməsin. İş üzrə ödənilmiş 30 manat məbləğində ödənilmiş dövlət rüsumu cavabdeh "ABC- Telecom" Məhdud Məsulı̇ yyətli Cəmı̇ yyətı̇ ndən tutularaq iddiaçı Qulı̇ yeva Elnarə Mehman qızına verilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Tural Məmmədov
Məhkəmə qərarları › İş №2(010)-899/2022
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-899/2022
07.02.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver