Məhkəmə qərarları › İş №2(010)-92/2023

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-92/2023

05.06.2023 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-92/2023 05.06.2023 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Talıbova Leyla Oruc qızının sədrliyi, Mahmudov Ruslan Elxan oğlunun katibliyi, İddiaçılar İddiaçı1 və İddiaçı3, İddiaçı2 etibarnamə üzrə nümayəndəsi (vəkili) Vəkil2, Cavabdeh və vəkili Vəkil1 iştirakı ilə, İddiaçılar İddiaçı1, İddiaçı3 və İddiaçı2 Cavabdeh qarşı “əmlakın naturada bölünməsi və açıq hərracda satılması” tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı1, İddiaçı3, İddiaçı2 Cavabdeh qarşı iddia ərizəsi ilə müraciət edərək, xüsusi paylı mülkiyyət hüququ ilə onlara və cavabdehə, eyni zamanda cavabdehin himayəsində olan övladları X3 və X4 məxsus olan Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, İ.Quliyev küçəsi ev 14 (yeni qaydalarla: AZ1049, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin paylara uyğun olaraq naturada bölünməsi, fərdi yaşayış evinin naturada bölünməsi texniki cəhətdən mümkün olmadıqda fərdi yaşayış evinin açıq hərracda satılaraq fərdi yaşayış evinin satışından əldə edilən pul məbləğinin İddiaçı1, İddiaçı2, İddiaçı3, X6, X7 və Cavabdeh arasında mülkiyyət paylarına müvafiq olaraq bölünməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, İ.Quliyev küçəsi ev 14 (yeni qaydalarla: AZ1049, ünvan 1 fərdi yaşayış evi xüsusi və paylı mülkiyyət hüququ ilə 34/192 hissədə İddiaçı1, 66/192 hissədə İddiaçı2, 34/192 hissədə İddiaçı3, 25/192 hissədə X3, 25/192 hissədə X4 və 8/192 hissədə Cavabdeh məxsusdur. Eyni zamanda qeyd edilir ki, fərdi yaşayış evi üzərində mülkiyyət hüquqlarına dair ƏMDK yanında DƏDRX tərəfindən elektron çıxarış verilmişdir. Əmlakın paylı mülkiyyətdə olması əmlakdan istifadəni və ona sərəncam verilməsini çətinləşdirir. Belə ki, uzun sürən məhkəmə prosesləri səbəbindən münasibətlər pisləşmiş və hal-hazırda cavabdehlə ünsiyyət hər dəfə mübahisə ilə nəticələnir. Bununla yanaşı daşınmaz əmlakla bağlı istənilən addım atılan zaman digər mülkiyyətçilərin razılığı lazım olur ki, onlar bu razılığı ala bilmirlər. Bu hal isə yenidən aralarında müəyyən narazılığa səbəb olur. Qeyd olunanlara əsasən Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, İ.Quliyev küçəsi ev 14 (yeni qaydalarla: AZ1049, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin paylara uyğun olaraq naturada bölünməsi, fərdi yaşayış evinin naturada bölünməsi texniki cəhətdən mümkün olmadıqda fərdi yaşayış evinin açıq hərracda satılaraq fərdi yaşayış evinin satışından əldə edilən pul məbləğinin İddiaçı1, İddiaçı2, İddiaçı3, X6, X7 və Cavabdeh arasında mülkiyyət paylarına müvafiq olaraq bölünməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişlər. İddiaçı1 iddia ərizəsinə uyğun izahat verərək bildirmişdir ki, Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, İ.Quliyev küçəsi ev 14 (yeni qaydalarla: AZ1049, ünvan 1 fərdi yaşayış evi xüsusi və paylı mülkiyyət hüququ ilə 34/192 hissədə ona məxsusdur. Lakin cavabdeh onlarla razılığa gəlmir və payından artıq olaraq 15000 manat kompensasiya təklif edilməsinə baxmayaraq cavabdeh həmin kompensasiya məbləğini qəbul etmir. Belə ki, o mülkiyyətində olan evdən uzun illərdir istifadə edə bilmir. Cavabdehin ona təklif etdiyi 11000 manat kompensasiya onun payına uyğun deyildir, belə ki, həmin əmlakdakı payı cavabdehdən daha çoxdur. Qeyd olunanlara əsasən iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı3 iddia ərizəsinə uyğun izahat verərək bildirmişdir ki, Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, İ.Quliyev küçəsi ev 14 (yeni qaydalarla: AZ1049, ünvan 1 fərdi yaşayış evi xüsusi və paylı mülkiyyət hüququ ilə 34/192 hissədə ona məxsusdur. Lakin cavabdehə onlar tərəfindən 15000 manat kompensasiya təklif edilməsinə baxmayaraq cavabdeh həmin kompensasiya məbləğini qəbul etmir. Onlar arasında hal-hazırda münaqişəli vəziyyət mövcuddur və onlar mülkiyyətində olan evdən uzun illərdir istifadə edə bilmirlər. Hazırda fotoşəkillərdən də müəyyən olunur ki, həmin ev yaşanacaq vəziyyətdə deyil. Cavabdeh tərəfindən ona təklif olunan 11000 manat kompensasiya onun payına uyğun deyildir, cavabdehin payı isə cüzidir. Qeyd olunanlara əsasən iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı2 etibarnamə üzrə nümayəndəsi (vəkili) Vəkil2 eyni məzmunlu izahat verərək bildirmişdir ki, tərəflər arasında münasibətlər pozulmuşdur. Hal-hazırda aparılmış ekspertiza rəyinə əsasən evin naturada bölünməsi mümkün deyildir. Bununla bağlı olaraq cavabdehə özünün və azyaşlı övladlarının paylarına uyğun olaraq 15000 manat kompensasiya təklif olunmasına baxmayaraq, cavabdeh kompensasiya təklifindən imtina etmişdir. Cavabdeh tərəfindən isə İddiaçı2 mülkiyyətdəki əmlakdan 66/192 hissə payı olmasına rəğmən 11000 manat kompensasiya təklif etmişdir ki, bu da real deyildir. Buna görə də daşınmaz əmlakın başqa qaydada bölünməsi mümkün olmadığından iddia ərizəsinin təmin olunmasını və əmlakın açıq hərracdan satılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh etiraz təqdim edərək və iddianı qəbul etməyərək bildirmişdir ki, Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, İsrafil Quliyevküçəsi ev 14 (eyni qaydalara əsasən İsrafil Quliyev küçəsi ev 18) ünvanında yerləşən fərdi yaşayış evi 34/192 hissədə İddiaçı1, 66/192 hissədə İddiaçı2, 34/192 hissədə İddiaçı3 qızmın, 25/192 hissədə xx.xx.2005-ci il təvəllüdlü qızı - X3, 25/192 hissədə xx.xx.2006-cı il təvəllüdlü oğlu - X4 məxsusdur. 2-ci qrup Qarabağ qazisi olan mərhum həyat yoldaşı Həbib Mehdiyev vəfat etdikdən sonra da o, qaynanasına hörmətini saxlamış və ona öz anası kimi münasibət göstərmişdir. Onun icazəsi olmadan evdən çıxmamış və heç bir işə onun xeyir-duası olmadan başlamamışdır. Buna baxmayaraq baldızları onu uşaqlarına və ona qarşı münasibətini dəyişdirmiş, qaynanası ona maddi tərəfdən heç bir köməklik etməmişdir. O, «Oriflame» şirkəti ilə əməkdaşlıq etmiş və mal götürüb satmağa başlamışdır. Sonradan o, aylıq gəlir əldə edərək övladlarını saxlamışdır. Daha sonra baldızı İddiaçı1 evı çıxarış alan kimi onu polisə vermiş və evdən çıxmağını tələb etmişdir. Onun həyat yoldaşı Həbib Mehdiyev 1-ci Qarabağ müharibəsində Ağdam uğrunda və digər istiqamətlərdə gedən döyüşlərdə iştirak etmiş, ayağından yaralanmış və ömürlük əlil olmuşldur. Bununla bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən həyat yoldaşına müddətsiz əlillik dərəcəsi təyin edilmişdir. 548324 saylı arayışda göstərilmişdir ki, əlilliyin səbəbi Azərbaycan Respublikasının müdafiəsi zamanı yaralanmasıdır. Hazırda mübahisələndirilən evin həyət yani torpaq sahəsi vardır və həmin evdə qaynı tək və o, uşaqları ilə birlikdə yaşayır. Baldızlarının hərəsinin öz evi, ailəsi və təsərrüfatları vardır, onlar mübahisələndirilən evdə 30 ildir ki, yaşamırlar. Onların həmin evdə yaşamasına isə etiraz etmir. O iddiaçılara həmin evdən olan paylarına münasib olaraq 33000 manat pul təklif edir, lakin iddiaçılar da buna razı deyildir. Göstərilənlərə əsasən iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdir. Üçüncü şəxs Bakı şəhər Suraxanı rayon İcra Hakimiyyətinə məhkəmə iclasının yeri və vaxtı haqqında lazımi qaydada məlumat verilməsinə baxmayaraq, nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmişdir. Məhkəmə işə Üçüncü şəxs Bakı şəhər Suraxanı rayon İcra Hakimiyyətinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəflərin izhataını dinləyib, iddia tələbinin dəlillərini iş üzrə toplanmış sübutlarla əlaqəli şəkildə araşdırıb belə qənaətə gəlir ki, iddia qismən təmin edilməlidir. Belə ki, mülki işə əlаvə edilmiş və məhkəmə iclаsındа tədqiq edilmiş: Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən verilmiş 548324 nömrəli arayışdan görünür ki, X5 2-ci əlilik qrupu verilmişdir. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli 10/7329 nömrəli rəydən görünür ki, rəyin tədqiqat hissəsində göstərilənləri nəzərə alaraq, Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, İ.Quliyev küçəsi ev 14 (Yeni qaydalarla: AZ 1049, ünvan 2 ünvanda yerləşən fərdi yaşayış evinin yerləşmə mövqeyinə, ərazinin situasiya planına görə, mülkiyyətçilərin payına düşən hissələrin hər birinə ayrıca giriş-çıxış yolunun açılmasının mümkün olmamasına görə, o cümlədən fərdi yaşayış evinin tərkiblərində olan kommunal xidmətli sahələri (mətbəx, dəhliz və s.) yeganə olduğuna görə, tərəflərin hər birinin payına uyğun olaraq naturada ayrılması İnşaat Norma və Qaydalarının 2.08.01.89-nun 1.1., 2.2., 2.4., 2.9 bəndlərinin və metodik əsasların tələblərinə uyğun texniki cəhətdən mümkün olmadığı müəyyən edilmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən verilmiş çıxarışdan (elektron) görünür ki, Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, İ.Quliyev küçəsi ev 14 (yeni qaydalarla: AZ1049, ünvan 1 34/192 hissədə İddiaçı1, 66/192 hissədə İddiaçı2, 34/192 hissədə İddiaçı3, 25/192 hissədə X1, 25/192 hissədə X2 adlarına 28 mart 2022-ci il tarixdə qeydiyyata alınmış, 8/192 hissədə Cavabdeh adına xx.xx.2022-ci il tarixdə qeydiyyata alınmışdır. Məhkəmə araşdırması nəticəsində müəyyən edilmişdir ki, Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, İ.Quliyev küçəsi ev 14 (yeni qaydalarla: AZ1049, ünvan 1 34/192 hissədə İddiaçı1, 66/192 hissədə İddiaçı2, 34/192 hissədə İddiaçı3, 25/192 hissədə X1, 25/192 hissədə X2 adlarına 28 mart 2022-ci il tarixdə qeydiyyata alınmış, 8/192 hissədə Cavabdeh ümumi paylı mülkiyyətindədir. Paylı mülkiyyətin mülkiyyətçiləri olan iş üzrə tərəflər ümumi əmlakın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədiklərindən paylı mülkiyyətçilərdən iddiaçılar İddiaçı1, İddiaçı3 və İddiaçı2 digər paylı mülkiyyətçi Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, öz paylarının naturada ayrılması haqqında qərar qəbul edilməsini xahiş etmişdir. Göründüyü kimi mübahisə paylı mülkiyyətdə olan fərdi yaşayış evinin bölünməsi və ondan iddiaçıların payının ayrılması ilə bağlıdır. Belə olan halda məhkəmə hesab edir ki, ilk növbədə, mübahisəyə tətbiq edilən qanunvericilik normaları nəzərdən keçirilməlidir: Azərbaycan Respublikasının Konstitusiyasının: 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç birnövünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ – subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 220.1-ci maddəsinə əsasən paylı mülkiyyətdə olan əşya mülkiyyətçiləri arasındakı razılaşmaya əsasən onlar arasında bölünə bilər. 220.3-cü maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir. 220.4-cü maddəsinə əsasən bu maddəyə əsasən paylı mülkiyyətin mülkiyyətçisinə naturada ayrılan əşyanın onun mülkiyyət hüququndakı payına tənasübsüzlüyü müvafiq pul məbləğinin ödənilməsi və ya başqa kompensasiya ilə aradan qaldırılır. Paylı mülkiyyətin mülkiyyətçisinə naturada pay ayrılması əvəzinə qalan mülkiyyətçilər tərəfindən kompensasiya ödənilməsinə onun öz razılığı ilə yol verilir. Mülkiyyətçinin payı cüzi olduqda, real surətdə ayrıla bilmədikdə və ümumi əmlakdan istifadə edilməsində onun mühüm mənafeyi olmadıqda, məhkəmə həmin mülkiyyətçinin razılığı olmadan da paylı mülkiyyətin qalan iştirakçılarının öhdəsinə ona kompensasiya ödənilməsi vəzifəsini qoya bilər. 220.6-cı maddəsinə əsasən bu Məcəllənin 220.3-220.5-ci maddələrində müəyyənləşdirilmiş qaydalara əsasən ümumi əmlakın bölünməsi və ya ondan pay ayrılması açıq-aşkar məqsədəuyğun olmadıqda, məhkəmə əmlakın açıq hərracdan satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi haqqında qərar qəbul edə bilər. 221-ci maddəsinə əsasən ümumi paylı mülkiyyət hüquqlarına fiziki bölgü, öz istəyi ilə satış və ya hərracdan satış və satış pulunun bölünməsi və ya bütün əşyanın bir və ya bir neçə iştirakçının adına qeydə alınması və qalan iştirakçılara əvəz verilməsi ilə xitam verilir. Əgər iştirakçılar hüquqa xitam verilməsi növünə dair razılığa gəlməsələr, əşya məhkəmənin qərarı ilə fiziki bölünür, bu, əşyanın dəyəri əhəmiyyətli dərəcədə azalmadan mümkün olmadıqda isə açıq hərracdan və ya iştirakçılar üçün hərracdan satılır. Fiziki bölgü bərabər olmayan payların əvəzinin pulla ödənilməsi ilə birləşdirilə bilər. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.6 və 221-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 04 aprel 2014-cü il tarixli Qərarında qeyd edilir ki: Mülki Məcəllənin 220.6-cı maddəsində ümumi əmlakın bölünməsi ilə bağlı məhkəmənin həmin əmlakın açıq hərracdan satılması və satış pulunun paylı mülkiyyətçilər arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi haqqında qərar qəbul edilməsi səlahiyyəti nəzərdə tutulmuşdur. Məhkəmə tərəfindən belə qərarın qəbul edilməsi bütün paylı mülkiyyətçilərin razılığının alınması ilə şərtləndirilməmişdır. Həmin maddənin mənasına görə belə qərar paylı mülkiyyətçilərin birinin iddiası əsasında da qəbul edilə bilər. Mülkiyyətçilərin razılığı olmadan əmlakın hərracdan satılması barədə məhkəmənin qərar qəbul etməsi mülkiyyət hüququnun məhdudlaşdırılması (mülkiyyət hüququna müdaxilə) baxımından təhlil olunmalıdır. ...Qeyd olunan prinsiplərə riayət edildikdə, mülkiyyət hüququnun məhdudlaşdırılmasına yol verilir. Mülkiyyətçilərdən hər hansı birinin əmlaka sahiblik, istifadə və sərəncamla əlaqədar hüquqları digərlərinin hüquqlarından üstün sayıla bilməz. Mülkiyyət hüququnun həyata keçirilməsi imkanı bütün tərəflər üçün bərabər olmalıdır. Bununla bağlı qeyd etmək vacibdir ki, məhkəmənin əmlakın açıq hərracdan satılması barədə qərarı digər mülkiyyətçilərin hüquqlarını təmin etmək məqsədilə qəbul edilir. ...Nəzərə alınmalıdır ki, əmlakın açıq hərracdan satılaraq bölünməsindən əvvəl Mülki Məcəllənin 220.3-220.4-cü maddələrində nəzərdə tutulmuş qaydalara əməl edilməlidir. Həmin qaydalar paylı mülkiyyətdə olan əmlakın bölünməsi və ondan payın ayrılmasının mərhələli formada tənzimlənməsini nəzərdə tutur. İlk növbədə, əmlakın naturada bölünməsinin mümkünlüyü müəyyən edilməlidir. Əmlakın naturada bölünməsi mümkün olmadığı halda, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsini tələb etmək hüququna malikdir. Digər mülkiyyətçilərin kompensasiya vermək imkanı olmadıqda və ya onlar kompensasiya vermək istəmədikdə, əmlakın məhkəmə qərarı əsasında hərracdan satılması məsələsinə baxıla bilər. Eyni zamanda, payının naturada ayrılması mümkün olmadıqda və mülkiyyətçi payın əvəzinə pul kompensasiyasını almaqdan imtina etdikdə, həmin mülkiyyətçi əmlakın açıq hərracdan satılmasını tələb edə bilməz. Həmçinin paylı mülkiyyətin mülkiyyətçisi birbaşa əmlakın açıq hərracdan satılmasını tələb etmək hüququna malik deyil. Qanunvericiliyin yuxarıda qeyd edilən tələblərindən göründüyü kimi ümumi paylı mülkiyyətdə olan payın ayrılması iki formada həyata keçirilə bilər: 1) ümumi paylı mülkiyyətdə olan payın natura formasında ayrılması; 2) pul kompensasiyasının (dəyərinin) ödənilməsi. Payın ayrılmasının bu iki formada həyata keçirilməsi mümkün olmadığı halda paylı mülkiyyətdə olan əmlakın açıq hərracdan satılması həyata keçirilir. Hazırkı işdən görünür ki, ilk növbədə, tərəflərin paylı mülkiyyətində olan fərdi yaşayış evinin naturada bölünməsinin mümkün olub-olmamasının müəyyən edilməsi məqsədilə məhkəmə tərəfindən ekspertiza təyin edilmişdir. Lakin ekspert rəyinə əsasən həmin ünvanda yerləşən fərdi yaşayış evinin yerləşmə mövqeyinə, ərazinin situasiya planına görə, mülkiyyətçilərin payına düşən hissələrin hər birinə ayrıca giriş-çıxış yolunun açılmasının mümkün olmamasına görə, o cümlədən fərdi yaşayış evinin tərkiblərində olan kommunal xidmətli sahələri (mətbəx, dəhliz və s.) yeganə olduğuna görə, tərəflərin hər birinin payına uyğun olaraq naturada ayrılması İnşaat Norma və Qaydalarının 2.08.01.89nun 1.1., 2.2., 2.4., 2.9 bəndlərinin və metodik əsasların tələblərinə uyğun texniki cəhətdən mümkün olmadığı müəyyən edilmişdir. Belə olan halda məhkəmə mübahisəli fərdi yaşayış evinin naturada bölünməsinin mümkün olmaması nəticəsinə gəlir. Ümumi paylı mülkiyyətdə olan fərdi yaşayış evindən iddiaçıların payının naturada ayrılmasının mümkün olmadığını müəyyən etdikdən sonra məhkəmə payın ayrılmasının ikinci formasının - pul kompensasiyasının ödənilməsi – hazırkı mübahisəyə tətbiqinin də mümkün olmadığını hesab edir. Belə ki, hazırkı iş üzrə cavabdeh iddiaçılara payına mütənasib 33000 manat pul kompensasiyası təklif etmiş, lakin iddiaçılar paylarının daha çox olmasına istinad edərək həmin kompensasiyanı qəbul etməmişlər. İddiaçılar isə cavabdehə 15000 manat təklif etmiş, lakin cavabdeh həmin kompensasiyanı qəbul etməmişdir. Bu səbəbdən məhkəmə iddiaçıların paylı mülkiyyətçisi olduğu mənzildə olan paylarının pul kompensasiyası yolu ilə ödənilməsini mümkün hesab etmir. Belə olan halda, yəni iddiaçının payının ayrılmasının nə naturada, nə də pul kompensasiyası verilməsi yolu ilə təmin edilməsi mümkün olmadığı halda paylı mülkiyyətdə olan fərdi yaşayış evinin hərracdan satılmasından başqa yol qalmamışdır. Bu hissədə məhkəmə qeyd edir ki, tərəflərin paylı mülkiyyətində olan fərdi yaşayış evinin açıq hərracdan satılması və satışdan əldə edilmiş vəsaitin fərdi yaşayış evinin paylı mülkiyyətçiləri arasında bölünməsinin qət edilməsi həyata keçirilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsində isə göstərilir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. 217.3-cü mаddəsinə əsаsən, qətnаmə iş üzrə müəyyən edilmiş hаllаrа və tərəflərin qаrşılıqlı münаsibətinə uyğun əsаslаndırılmаlıdır. 217.4-cü mаddəsinə əsаsən, məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq оlunmuş sübutlаrlа əsаslаndırır. Beləliklə, yuxarıda qeyd edilənlərə əsasən hesab edir ki, iddia qismən təmin edilməli, Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, İ.Quliyev küçəsi ev 14 (Yeni qaydalarla: AZ 1049, ünvan 2 ünvanda yerləşən fərdi yaşayış evinin İddiaçı1 məxsus 34/192 hissədə, İddiaçı2 məxsus 66/192 hissədə, İddiaçı3 məxsus 34/192 hissədə, X3 məxsus 25/192 hissədə, X4 məxsus 25/192 hissədə, Cavabdeh məxsus 8/192 hissədə payları mövcud olan fərdi yaşayış evi açıq hərracdan satışa çıxarılmalı, fərdi yaşayış evinin satışından əldə edilən pul vəsaiti paylı mülkiyyətçilər arasında onların paylarına mütənasib surətdə bölünməlidir. Son olaraq, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda məhkəmə hesab edir ki, iddia qismən təmin olunduğundan ödənilmiş dövlət rüsumu iddiaçılara aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 214, 216-220, 233, 357 və 360-cı mаddələrini rəhbər tutаrаq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. İddiaçı1 məxsus 34/192 hissədə, İddiaçı2 məxsus 66/192 hissədə, İddiaçı3 məxsus 34/192 hissədə, X3 məxsus 25/192 hissədə, X4 məxsus 25/192 hissədə, Cavabdeh məxsus 8/192 hissədə Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, İ.Quliyev küçəsi ev 14 (Yeni qaydalarla: AZ 1049, ünvan 2 ünvanda yerləşən fərdi yaşayış evi açıq hərracdan satışa çıxarılsın və evin satışından əldə edilən pul vəsaiti paylı mülkiyyətçilər arasında onların paylarına mütənasib surətdə bölünsün. Ekspertiza tədqiqatının dəyəri – 100 (yüz) manat iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 və Cavabdeh müştərək qaydada tutularaq dövlət büdcəsinə ödənilsin. İddia qalan hissədə təmin olunmasın. Qətnamədən onun tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Leyla Talıbova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar