Məhkəmə qərarları › İş №2(010)-948/2020

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-948/2020

09.09.2020 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-948/2020 09.09.2020 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Talıbova Leyla Oruc qızının sədrliyi, Mahmudov Ruslan Elxan oğlunun katibliyi, İddiaçılar İddiaçı1 Alquliyevnanın və İddiaçı2 nümayəndəsi (vəkili) X1, Cavabdeh2 və Cavabdeh1 iştirakları ilə, İddiaçılar İddiaçı1 Alquliyevnanın və İddiaçı2 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “pul” tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı1 Alquliyevna və İddiaçı2 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 birgə qaydada 10000 manat pulun, mənəvi zərərin əvəzi olaraq 10000 manat və dövlət rüsumu olaraq 30 manatın tutularaq iddiaçılara verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçılar İddiaçı1 Alquliyevnanın və İddiaçı2 nümayəndəsi (vəkili) X4 iddia tələbini müdafiə edərək bildirmişdir ki, İddiaçı2 digər İddiaçı1 Alquliyevnanın qızıdır. İddiaçı2 ilə Cavabdeh2 arasında uzun müddət münasibət olmuş və sonradan həmin münasibətləri bitmişdir. 2014-cü il tarixdə İddiaçı1 Alquliyevnanın adına Bakı şəhəri Şağan qəsəbəsində 2 sot torpaq sahəsi alınmışdır. Bununla bağlı xx xxxxxxxx 2014-cü il tarixdə Bakı şəhəri 31 saylı notariat kontorunda Cavabdeh1 ilə Bakı şəhəri Şağan qəsəbəsində 0,02 ha torpaq sahəsinin satılması, razılaşdıqları pulun Cavabdeh1 nəğd şəkildə tam ödənilməsi barədə ərizə yazılmış, bununla əlaqədar cavabdehlərə 10000 manat pul verilmişdir. İddiaçılar həmin torpaq sahəsində 2 mərtəbəli ev tikdiriblər. Lakin 04.04. 2019-cu il tarixdə iddiaçılara məlum olmuşdur ki, Cavabdeh2 torpaq sahəsini başqa səxsə satmışdır. Hazırda iddiaçılar həmin torpaq sahəsindən istifadə edə bilmirlər. Cavabdehlər iddiaçıların pulunu geri qaytarmamışdır. Bundan başqa ötən illərdə cavabdehlərin iddiaçılara olan borclarını qaytarmadığından iddiaçılar mənəvi ziyan çəkiblər. İddiaçılara dəymiş mənəvi ziyan məbləği 10000 manat təşkil etdiyi üçün cavabdehlər tərəfindən həmin məbləğdə kompensasiya ödənilməlidir. Qeyd edilənlərə əsasən iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh2 məhkəmədə izahat verərək iddia tələbini qəbul etmədiyini bildirmişdir. Belə ki, o, mübahisəli torpaq sahəsini 3000 manata Cavabdeh1 alaraq İddiaçı2 hədiyyə etmişdir. O, torpaq sahəsini almaq üçün “xxxxxxxxx” ASC ilə müqavilə bağlayaraq 3000 manat pul götürmüşdür. O, həmin pulu Cavabdeh1 vermişdir. Həmin torpaq sahəsi 10 000 manata deyil, 3000 manata alınmışdır. O, İddiaçı2 uzun müddət ərzində maddi cəhətdən təmin etmişdir. Belə ki, onunla qeyri-rəsmi olaraq evlənmişdir. İddiaçı2 isə heç yerdə işləmədiyindən və onun adına borc olduğundan həmin torpaq sahəsini onun anasının adına almışdır. Hal-hazırda mübahisəli torpaq sahəsi heç kəsə satılmamışdır. Odur ki, məhkəmədən iddianın rədd edilməsini xahiş etmişdir. Cavabdeh1 iddia tələbini qəbul etməyərək bildirmişdir ki, Xəzər rayonu Şağan qəsəbəsi ərazisində yerləşən 0.003 ha torpaq sahəsinin 0.02 ha torpaq sahəsini Cavabdeh2 satmışdır. Həmin torpaq sahəsinə dair bələdiyyə sənədləri mövcuddur və ona pul lazım olduğundan o torpaq sahəsinin bir hissəsini Cavabdeh2 satmışdır. Buna görə də İddiaçı1 Alquliyevnaya torpaq sahəsinin satılması barədə notarial qaydada təsdiq olunmuş ərizə və etibarnamə vermişdir. Hazırda həmin torpaq sahəsini iddiaçılardan heç kim tələb etmir və bu iddianın nədən qaldırması barədə onun heç bir məlumatı yoxdur. Məhkəmə iddiaçıların nümayəndəsinin (vəkilinin) və cavabdehlərin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin olunmalıdır. Belə ki, iş materiallarına əlavə edilmiş xx.xx.2014-cü il tarixdə Bakı şəhəri 31 saylı notariat kontorunda təsdiq edilmiş ərizədən görünür ki, Cavabdeh1 xx.xx.2003-cü il tarixli 28 nömrəli Əmrdən çıxarışa əsasən Xəzər rayonu, Şağan qəsəbəsi ərazisində yerləşən 0.03 ha torpaq sahəsindən yalnız 0.02 ha torpaq sahəsini xx.xx.1955-ci il təvəllüdlü İddiaçı1 Alquliyevnaya satmışdır. İddiaçı1 Alquliyevna Cavabdeh1 razılaşdırları pulu mənə nəğd şəkildə tam ödəmişdir. Cavabdeh1 həmin torpaq sahəsinə və gələcəkdə tikiləcək tikiliyə (evə, mənzilə və qeyri yaşayış-sahəsinə) dair heç bir iddiası və tələbi olmayacaq. Adından müxtəlif orqanlarda onu təmsil etmək məqsədi ilə verdiyi baş etibarnaməni ləğv etməyəcəyini öhdəsinə götürmüşdür. xx.xx.2003-cü il tarixli 28 nömrəli Əmrdən çıxarışın düzgünlüyünə cavabdehlik daşıyır. Hər-hansı bir mübahisə yaranarsa şəxsən özü cavabdehlik daşıyır. İş materiallarına əlavə edilmiş xx.xx.2014-cü il tarixli etibarnamədən görünür ki,Cavabdeh1 həmin etibarnamə ilə İddiaçı1 Alquliyevnaya Azərbaycan Respublikası Prezidenti İşlər X2 Müəssisəsinin xx.xx.2003-cü il tarixİi 28 nömrəli Əmrdən Çıxarışa əsasən fərdi ev tikmək üçün ayrılmış 0.03 ha torpaq sahəsindən yalnız 0.02 ha torpaq sahəsini təyinatı üzrə istifadə etməyi, üzərində tikinti işləri aparmağı, sənədləşdirmə işləri ilə bağlı onu dövlət və qeyri dövlət orqanlarında, notariat kontorunda təmsil etməyi, torpaq sahəsi və tikiləcək tikilini özəlləşdirməyi, üzərində sərəncam verməyi, satmağı, bağışlamağı, dəyişməyi, ipoteka (girov) qoymağı, pulunu almağı, buna dair müqaviləni imzalamağı, bu tapşırığın yerinə yetirilməsi ilə əlaqədar ərizə verməyi, DT və XK kadastr planı almağı, ƏMDK yanında DƏDRX-nin Ərazi İdarəsində nümayəndəsi olmağı, ona məxsus daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatı məsələlərini həll etməyi, sənədləri təqdim etməyi, adından ərizə verməyi, ərizəni imza etməyi, ona çatası çıxarış, forma-1 arayışı və digər sənədləri almağı, zərurət yarandıqda məhkəməyə müraciət etməyi, lazımı sənədləşmə işlərini görməyi, imza etməyi, rüsumları ödəməyi və digər hərəkətləri etməyi etibar etmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2019-cu il tarixli cinayət işinin başlanmasının rədd olunması barədə qərardan görünür ki, Cavabdeh1 izahat verərək bildirmişdir ki, o 2014-cü ilin yay aylarında Şağan qəsəbəsində 2 sot torpaq sahəsi alıb. Həmin torpaq sahəsi uzaq olduğu üçün torpaq sahəsini satmaq qərarına gəlmişdir. Həmin ərəfədə bu barədə tanışı Tofiqə məlumat vermişdir. xx.xx.2014-cü il tarixdə o özünə məxsus olan 2 sot torpaq sahəsini 3000 manata Cavabdeh2 satmışdır və öz adından torpağı satması barədə ərizə vermişdir. Torpaq sahəsi Tofiqin tanıdığı İddiaçı1 Alquliyevnanın adına rəsmiləşdirilmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2019-cu il tarixli qərardan görünür ki, Cavabdeh1 barəsində toplanmış material üzrə cinayət işinin başlanılması rədd edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1091.1.-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Həmin Məcəllənin 1091.2.-ci maddəsinə əsasən əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Həmin Məcəllənin 1092.1-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Məhkəmə hesab edir ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almamalıdır. Məhkəmə hesab edir ki, iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlı olduğundan, bu məsələyə dair İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin təcrübəsi də mühüm əhəmiyyət kəsb edir. Belə ki, Mahmudov Rusiyaya qarşı iş üzrə xx xxxx 2007-ci il tarixli qərarında həmin Məhkəmə xatırlatmışdır ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti, incumbit probation (sübutetmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm-mövcudluğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68). Eyni zamanda, Qavazov Bolqarıstana qarşı iş üzrə xx xxxx 2008-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi mövqeyini ifadə etmişdir ki, sübutları qiymətləndirərkən, bir qayda olaraq, «əsaslı şübhədən kənar» sübut standartları tətbiq edilir (§ 93). Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair xx.xx.2016-cı il tarixli qərarına əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur (Mülki Prosessual Məcəllənin 80, 81 və 88-ci maddələri). Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə əsasən, məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun, o cümlədən şahid ifadələrinin məzmununu qətnamədə şərh etməli, sübutlar əlaqələndirilməli, araşdırılan sübutların qəbul edilib-edilməməsinin səbəbləri aydın göstərilməlidir (S.Əliyevanın şikayəti üzrə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxx 2006-cı il tarixli Qərarı). Mülki Prosessual Məcəllənin 216.1-ci maddəsinə əsasən, işi mahiyyəti üzrə həll edən birinci instansiya məhkəməsinin aktı qətnamə formasında çıxarılır. Həmin Məcəllənin 217-ci maddəsinə müvafiq olaraq, məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qətnamənin əsaslılığı ilə bağlı Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumu xx xxxx 1997-ci il tarixli 2 saylı Qərarında qeyd etmişdir ki, qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Konstitusiya Məhkəməsinin Plenumu göstərilənləri nəzərə alaraq qeyd edir ki, məhkəmə qətnaməsinin əsaslılığı ondan aslıdır ki, məhkəmənin iş üzrə gəldiyi nəticə üçün mühüm əhəmiyyət kəsb edən bütün faktiki hallar aydınlaşdırılsın, bu hallar sübut olunsun və qətnamədə göstərilən nəticələr işin faktiki hallarına uyğun gəlsin. Mülki Prosessual Məcəllənin 218.1-ci maddəsinə görə, qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Qeyd olunan maddənin tələblərinə görə, qətnamə çıxarıldıqda hakim mülki iş üzrə toplanmış, həmin iş üzrə əhəmiyyət kəsb edən, məhkəmə iclasında tədqiq olunmuş sübutları qiymətləndirməlidir. Bunun üçün işin konkret halları və həmin halları təsdiq və ya inkar edən, işin düzgün həlli üçün əhəmiyyətə malik olan sübutlar müəyyən olunmalıdır. İş üçün əhəmiyyəti olan hallar dedikdə isə hər bir tərəfin öz tələblərinin və ya etirazlarının əsası kimi istinad etdiyi və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla təsdiq və ya rədd olunan hallar başa düşülür. Məhkəmə tərəfindən müəyyən olunmuşdur ki, Cavabdeh1 xx.xx.2003-cü il tarixli 28 nömrəli Əmrdən çıxarışa əsasən Xəzər rayonu, Şağan qəsəbəsi ərazisində yerləşən 0.03 ha torpaq sahəsindən yalnız 0.02 ha torpaq sahəsini xx.xx.1955-ci il təvəllüdlü İddiaçı1 Alquliyevnaya satmışdır. İddiaçı1 Alquliyevna Cavabdeh1 razılaşdırları pulu mənə nəğd şəkildə tam ödəmişdir. Cavabdeh1 xx.xx.2014-cü il tarixli etibarnamə iləİddiaçı1 Alquliyevnaya Azərbaycan Respublikası Prezidenti İşlər X2 Müəssisəsinin xx.xx.2003-cü il tarixİi 28 nömrəli Əmrdən Çıxarışa əsasən fərdi ev tikmək üçün ayrılmış 0.03 ha torpaq sahəsindən yalnız 0.02 ha torpaq sahəsin təyinatı üzrə istifadə etməyi, üzərində tikinti işləri aparmağı, sənədləşdirmə işləri ilə bağlı onu dövlət və qeyri dövlət orqanlarında, notariat kontorundu təmsil etməyi, torpaq sahəsi və tikiləcək tikilini özəlləşdirməyi, üzərində sərəncam verməyi, satmağı, bağışlamağı, dəyişməyi, ipoteka (girov) qoymağı, pulunu almağı, buna dair müqaviləni imzalamağı, bu tapşırığın yerinə yetirilməsi ilə əlaqədar ərizə verməyi, DT və XK kadastr planı almağı, ƏMDK yanında DƏDRX-nin Ərazi İdarəsində nümayəndəsi olmağı, ona məxsus daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatı məsələlərini həll etməyi, sənədləri təqdim etməyi, adından ərizə verməyi, ərizəni imza etməyi, ona çatası çıxarış, forma-1 arayışı və digər sənədləri almağı, zərurət yarandıqda məhkəməyə müraciət etməyi, lazımı sənədləşmə işlərini görməyi, imza etməyi, rüsumları ödəməyi və digər hərəkətləri etməyi etibar etmişdir. Xəzər RPİ-nin 1-ci Polis Şöbəsində İddiaçı1 Alquliyevnanın şikayət ərizəsi əsasında araşdırma zamanı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 ifadə verərək torpaq sahəsinin 3000 manat məbləğində pula satılmasını etiraf etmişlər. Cavabdeh2 pul vəsaitinin özünə məxsus olduğunu və Cavabdeh1 onun tərəfindən verilməsini bildirsə də, bununla bağlı olaraq məhkəməyə sübut təqdim etməmişdir. İddiaçı tərəf isə həmin torpaq sahəsinin 10000 manata alınmasını iddia etsə də, bununla bağlı olaraq möhtəbər sübutlar təqdim etməmişdir. Beləliklə cavabdeh tərəfindən torpaq sahəsinin qanunla müəyyən olunmuş qaydada əldə edilməsi, daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və ya lazımi icazələrin alınması barədə sübutlar təqdim edilmədiyini, torpaq sahəsi üzərində dövlət tərəfindən tanınan hüquqlara malik olmadığını, həmçinin iş materiallarında Cavabdeh1 tərəfindən Xəzər rayonu Şağan qəsəbəsi ərazisində yerləşən 0.003 ha torpaq sahəsinin 0.02 ha hissəsinin İddiaçı1 Alquliyevnaya satılması barədə notarial qaydada ərizəsinin mövcud olduğunu nəzərə alaraq məhkəmə hesab edir ki, cavabdeh özgəsinin pul vəsaitini qanunsuz saxladığından və qaytarmaqdan imtina etdiyindən iddia tələbi qismən təmin edilərək Cavabdeh1 3000 manat məbləğində pul və 30 manat dövlət rüsumu tutulmalıdır. İddiaçıların mənəvi zərərin əvəzi kimi 10000 manat tələb etməsi barədə məhkəmə aşağıdakıları qeyd edir. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında”Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun x xxxxxx 2008ci il tarixli 7 nömrəli qərarının 2-ci bəndində qeyd edilmişdir: “...Azərbaycan Respublikası qanunvericiliyinin, “İnsan Hüquqlarının və X3 Haqqında Konvensiya”nın müddəaları və X5 Məhkəməsinin presedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibbi sirlərinin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü büruzə verə bilər. Mənəvi sarsıntı və iztirabın ağırlıq dərəcəsi mənəvi zərərin ödənilməsi tələbinin rədd edilməsi üçün əsas deyildir.”. Həmin qərarın 4-cü bəndinə əsasən şəxsə mənəvi zərərin vurulması mənəvi sarsıntı və iztirablara səbəb olan istənilən xarakterli qeyri-hüquqi hərəkət və ya hərəkətsizlikdə (mülki, cinayət, inzibati və s. hüquq pozmalarda) ifadə oluna bilər. Zərərvuran şəxsin eyni əmələ görə mülki, inzibati və yaxud cinayət məsuliyyətinə cəlb edilməsi zərərçəkənin ondan həm də mənəvi zərərin ödənilməsini tələb etmək hüququnu istisna etmir. Qeyd edilən qərarın 8-ci bəndində göstərilir “...Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda mülki məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirməsini aydınlaşdırmağa borcludur.”. İddiaçı cavabdehin qeyri-hüquqi hərəkəti nəticəsində mənəvi əzab çəkməsini göstərsə də, həmin qanunsuz hərəkətin və yaxud hərəkətsizliyin nədən ibarət olması barədə məhkəməyə sübut təqdim etməmişdir. Cavabdeh tərəfindən iddiaçıya zərər vuran hər hansı qeyri-hüquqi hərəkət və yaxud hərəkətsizlik etməsi sübut olunmadığından mənəvi zərər barədə tələb də istisna olunur. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Cavabdeh1 3000 (üç min) manat məbləğində pul vəsaiti və 30 (otuz) manat dövlət rüsumuİddiaçı1 Alquliyevnanın xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia ərizəsi qismən təmin edilsin. Cavabdeh1 3000 (üç min) manat məbləğində pul və 30 (otuz) manat dövlət rüsumuİddiaçı1 Alquliyevnanın xeyrinə tutulsun. İddia ərizəsi qalan hissədə təmin olunmasın. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Leyla Talıbova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar