Məhkəmə qərarları › İş №2(010)-96/2025

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-96/2025

15.04.2025 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-96/2025 15.04.2025 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhər Suraxanı rayon Məhkəməsinin hakimi Mirzəyeva Firuzə Fuad qızının sədrliyi, Quliyeva Leyla Məmməd qızının katibliyi, İddiaçı Osmanova Abidat Rəhmanovnanın, Cavabdeh Nəbiyev Fariz Ramiz oğlunun iştirakı ilə İddiaçı Osmanova Abidat Rəhmanovnanın cavabdeh Nəbiyev Fariz Ramiz oğluna qarşı “paylı mülkiyyətdə olan əmlakın naturada bölgüsü, mümkün olmadıqda açıq hərracdan satılaraq əldə edilmiş məbləğin tərəflər arasında paylara mütənasib şəkildə bölünməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddia tələbi. İddiaçı Osmanova Abidat Rəhmanovnanın cavabdeh Nəbiyev Fariz Ramiz oğluna qarşı “paylı mülkiyyətdə olan əmlakın naturada bölgüsü, mümkün olmadıqda açıq hərracdan satılaraq əldə edilmiş məbləğin tərəflər arasında paylara münasib şəkildə bölünməsi” tələbinə dair iddia ərizəsi ilə Suraxanı Rayon Məhkəməsinə müraciət edərək, Bakı şəhəri Apellyasiya Məhkəməsinin 08.02.2023-cü il tarixli, 2(103)-1019/2023 nömrəli verdiyi qətnaməsinə əsasən, Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Muğan küçəsi, bina 7, giriş 46, mərtəbə 6, 3 saylı mənzilin naturada bölünməsini, bu mümkün olmadıqda qeyd olunan əmlak onun mülkiyəti olan 1/4 hissəsini həmin pay olmaqda üstünlük hüququ olan cavabdeh Nəbiyev Fariz Ramiz oğlu tərəfindən payının dəyəri olan müvafiq olaraq 80000 manat pulun ona ödənilməsi, yuxarıda qeyd edilən əmlakın, ona düşən hissəsinin dəyərinin ona ödənilməsindən imtina edildiyi təqdirdə, Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Muğan küçəsi, bina 7, giriş 46, mərtəbə 6, 3 saylı mənzil açıq hərracda satılaraq əldə olunmuş pul vəsaitinin mülkiyyətçilər arasında paylara mütənasib şəkildə bölünməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbinin əsaslandırıldığı hallar. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Apellyasiya Məhkəməsinin 08.02.2023-cü il tarixli, 2( 103)-1019 nömrəli qətnaməsi ilə iddiaçı cavabdeh Nəbiyev Fariz Ramiz oğlu arasında birgə nikah dövründə əldə edilmiş daşınmaz əmlak ½ olmaqla bölünmüş və tərəflərin mülkiyyətinə verilmişdir. Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikası Silahlı Qüvvələrin hərbi qulluqçuların sosial müdafiəsinin güclədirilməsi tədbirləri barədə” 28.12.2011-ci il tarixli 19 nömrəli qərarı ilə ailə tərkibi nəzərə alınmaqla cavabdeh Nəbiyev Fariz Ramiz oğlu, həyat yoldaşı iddiaçı Osmanova (Nəbiyeva) Abidat Rəhmanovna 2 oğlu və 1 qız Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Muğan küçəsi, bina 7, giriş 46, mərtəbə 6, mənzil 3 (üç otaqlı 71.74 m2) ünvanda dövlət vəsaiti hesabına mənzillə təmin edilmişdir. Bakı şəhəri, Apellyasiya Məhkəməsi 08.02.2023-cü il tarixli, 2(103)-1019 nömrəli qətnaməsi ilə Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Muğan küçəsi, bina 7, giriş 46, mərtəbə 6, 3 saylı mənzil tərəflərin birgə nikah dövründə əldə etdikləri əmlak hesab edilməklə bərabər paylara bölünməsi və həmin əmlak üzərində ½ hissədə Osmanova (Nəbiyeva) Abidat Rəhmanovnanın və ½ hissədə Nəbiyev Fariz Ramiz oğlunun payları müəyyən edilmişdir. Hazırda yuxarıda qeyd edilən onun iki oğlunun və bir qızının mülkiyyəti olan əmlakdan istifadə edə bilmirlər. Cavabdeh Nəbiyev Fariz Ramiz oğlu nə ona, nə də üç övladına o əmlakdan istifadə etməyə qoymur. Əmlak onun tərəfindən zəbt olunub. Böyük oğlu (23 yaşında) dəfələrlə həmin əmlakın bölünməsi haqqda söhbət açanda sadəcə Nəbiyev Fariz Ramiz oğlu onu təhqir eliyib və hədələyib ki, (onu və üç övladını) küçələrdə qoyacaq. Hal-hazırda da cavabdeh Nəbiyev Fariz Ramiz oğlunun tutduğu adamlar onu, qızını və azyaşlı (13 yaşlı) oğlunu izləyirlər, (video görüntülər var) Odur ki, Bakı Şəhər Apellyasiya Məhkəməsinin 08.02.2023-cü il tarixində, 2(103) - 1019 nömrəli qətnaməyə görə “Hövsan yaşayış kompleksində yerləşən Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Muğan küçəsi, bina 7, giriş 46, mərtəbə 6, 3 saylı mənzilin” naturada bölünməsi bu mümkün olmadıqda qeyd edilən əmlak mənim mülkiyyətim olan ½ hissəsinin həmin payı almaqda üstünlük hüququ olan cavabdeh Nəbiyev Fariz Ramiz oğlunun tərəfindən payının dəyəri olan müvafiq olaraq 80000 manat pulun ona ödənilməsi, yuxarıda qeyd edilən əmlakdan ona düşən hissənin dəyərini ona ödənilməsində imtina edildiyi təqdirdə Cavabdeh Nəbiyev Fariz Ramiz oğlunun vəkili təsdiq eləmişdir ki, nə bölmək fikri var, nə satmaq, nədə evin ½ hissəsinin pulunu ödəmək. Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Muğan küçəsi, bina 7, giriş 46, mərtəbə 6, mənzil 3 açıq hərracda satılaraq əldə olunmuş pul vəsaitinin mülkiyyətçilər arasında paylara münasib şəkildə bölünməsini istəyir. Hesab edir ki, Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Muğan küçəsi, bina 7, giriş 46, mərtəbə 6, mənzil 3 üzərində ona aid hissəni başqa yolla əldə etməyi mümkünsüzdür. Tərəflərin izahatları. Məhkəmə iclasında iddiaçı Osmanova Abidat Rəhmanovna iddianı müdafiə edərək bildirmişdir ki, evin hərraca çıxarılmasını xahiş edir, tələbi dəyişilməyib, öz iddiasında qalır. İddianın təmin edilməsini xahiş edir. Məhkəmə iclasında cavabdeh Nəbiyev Fariz Ramiz oğlu iddianın təmin edilməməsini xahiş edərək bildirmişdir ki, evin qiyməti heç 80000 manat deyil. Bugünkü vaxtda orada 100000 manat ev satılmaz. Həmin ev də ilkin alqı-satqı müqaviləsi ilə 68650 manata başqa şəxsə satılıb. Payların müəyyən edilməsi barədə xanım iddia qaldırdıqda bu ev barədə olan hissədə birinci instansiya məhkəməsi iddianı rədd etdi, çünki bu evi o, hərbi xidmətinə görə almışdır, birgə büdcə hesabına alınmayıb. Apellyasiya Məhkəməsi də qətnaməni qüvvədə saxladı. Sonra Ali Məhkəmə qətnaməni ləğv edərək təkrar Apellyasiya Məhkəməsinə göndərdi. Apellyasiya Məhkəməsində iclas vaxtı ona dedikləri o oldu ki, xanım paltarlarını yuyub, əziyyətini çəkibsə ona da yarı pay düşür. Qeyd edir ki, satılsa, məbləğin yarısını ödəyəcəkdir. Ona yarısı məxsus olan evdə xanım uşaqlarla yaşayır. Bu zaman o da yarısı ona məxsus olan xanımın qaldığı evə köçüb yaşaya bilər. Bildirir ki, iddiaçı ona həmin evin yarısının məbləğini versə, o da bu mübahisəli evin yarı pulunu verər. Ümumiyyətlə, bu iddianın qaldırılması mənasızdır. Bu iş üzrə vəkili yoxdur, qarşılıqlı razılığa gəlmək istəmirlər. Mingəçevirdə ana-atasının yanında qalır. 80000 manat ödəməyə razı deyildir. İş materialları. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının Nəbiyev Fariz Ramiz oğlunun Nəbiyeva Abidat Rəhmanovnaya qarşı; Nəbiyeva Abidat Rəhmanovnanm Nəbiyev Fariz Ramiz oğluna qarşı iddia tələblərinə dair iş üzrə 2(103)-1019/2023 saylı 08.02.2023-cü il tarixli Qətnaməsi ilə, ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Nəbiyeva (Osmanova) Abidat Rəhmanovnanın apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-1970/2021 nömrəli 15 sentyabr 2021-ci il tarixli qətnaməsi qarşılıqlı iddia tələbinin “Hövsan yaşayış kompleksində yerləşən, bina 7, giriş 46, mərtəbə 6, 3 saylı mənzilə aid hissədə pay hüququnun təmin edilməməsi” hissəsində ləğv edilməsi, həmin hissədə iddia tələbinin qismən təmin edilməsi, Hövsan yaşayış kompleksində yerləşən, bina 7, giriş 46, mərtəbə 6, 3 saylı mənzil tərəflərin birgə nikah dövründə əldə etdikləri əmlak hesab edilməklə bərabər paylarla bölünməsi və həmin əmlak üzərində 1/2 hissədə Nəbiyeva (Osmanova) Abidat Rəhmanovnanın və ½ hissədə Nəbiyev Fariz Ramiz oğlunun paylarının müəyyən edilməsi qət edilmişdir. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 31.01.2025-ci il tarixli, 9/7389-10\7087 saylı rəydən görünür ki, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, ekspertiza tədqiqatına təqdim edilən Suraxanı rayonu, Hövsan qəsəbəsi, Muğan küçəsi, bina 7, giriş 46, mərtəbə 6, 3 saylı ünvanda yerləşən 3 otaqlı orta təmirli mənzilin 2024-cü ilin avqust ayına mövcud orta bazar dəyəri təqribən 101870,00 (71,74 x 1420,00 man) manat məbləğində müəyyən edilir. Həmin Rəyin tədqiqi hissəsindən görünür ki, tədqiqat obyekti olan mənzilə 11.12.2024-cü il tarixdə baxış keçirilmişdir. Baxış zamanı mənzilin 3 otaqlı və orta təmirli olması müəyyən edilmişdir. Rəydə olan foto-şəkillərdən görünür ki, mənzil 1 dəhliz, 3 otaq, 1 mətbəx və 1 sanitar qovşağından ibarətdir. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin ekspertiza xərclərinə dair 31.01.2025-ci il tarixli bildirişdən görünür ki, iş üzrə aparılmış tikinti-texniki və məhkəmə-əmtəəşünaslıq obyektlərin tədqiqi ilə bağlı ekspertiza tədqiqatının dəyəri 100 manat təşkil edir. Tətbiq edilən hüquq. Azərbaycan Respublikasının Konstitusiyası Maddə 13. Mülkiyyət I. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. II. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. Maddə 29. Mülkiyyət hüququ I. Hər kəsin mülkiyyət hüququ vardır. II. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. III. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 152. Mülkiyyət hüququnun anlayışı və məzmunu 152.1 Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 152.2. Sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. 152.3. İstifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. 152.4. Sərəncam hüququ - əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın.... Maddə 213. Ümumi mülkiyyət anlayışı və onun əmələ gəlməsi əsasları 213.1. İki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur. 213.2. Əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər... 213.4. Ümumi mülkiyyət təyinatı dəyişdirilmədən bölünə bilməyən əşyanın (bölünməz əşya) və ya bu Məcəlləyə görə bölünməli olmayan əşyanın iki və ya bir neçə şəxsin mülkiyyətinə daxil olması zamanı yaranır. Bölünən əşyaya ümumi mülkiyyət bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulmuş hallarda yaranır. Maddə 220. Paylı mülkiyyətdə olan əşyanın bölünməsi və ondan payın ayrılması 220.1. Paylı mülkiyyətdə olan əşya mülkiyyətçiləri arasındakı razılaşmaya əsasən onlar arasında bölünə bilər. 220.2. Paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər. 220.3. Paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir.... 220.4. Bu maddəyə əsasən paylı mülkiyyətin mülkiyyətçisinə naturada ayrılan əşyanın onun mülkiyyət hüququndakı payına tənasübsüzlüyü müvafiq pul məbləğinin ödənilməsi və ya başqa kompensasiya ilə aradan qaldırılır. Paylı mülkiyyətin mülkiyyətçisinə naturada pay ayrılması əvəzinə qalan mülkiyyətçilər tərəfindən kompensasiya ödənilməsinə onun öz razılığı ilə yol verilir. Mülkiyyətçinin payı cüzi olduqda, real surətdə ayrıla bilmədikdə və ümumi əmlakdan istifadə edilməsində onun mühüm mənafeyi olmadıqda, məhkəmə həmin mülkiyyətçinin razılığı olmadan da paylı mülkiyyətin qalan iştirakçılarının öhdəsinə ona kompensasiya ödənilməsi vəzifəsini qoya bilər. 220.5. Mülkiyyətçi bu maddəyə uyğun kompensasiya aldığı andan ümumi əmlakdakı paya hüququnu itirir. 220.6. Bu Məcəllənin 220.3-220.5-ci maddələrində müəyyənləşdirilmiş qaydalara əsasən ümumi əmlakın bölünməsi və ya ondan pay ayrılması açıq-aşkar məqsədəuyğun olmadıqda, məhkəmə əmlakın açıq hərracdan satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi haqqında qərar qəbul edə bilər. Maddə 221. Ümumi paylı mülkiyyət hüquqlarına xitam verilməsi Ümumi paylı mülkiyyət hüquqlarına fiziki bölgü, öz istəyi ilə satış və ya hərracdan satış və satış pulunun bölünməsi və ya bütün əşyanın bir və ya bir neçə iştirakçının adına qeydə alınması və qalan iştirakçılara əvəz verilməsi ilə xitam verilir. Əgər iştirakçılar hüquqa xitam verilməsi növünə dair razılığa gəlməsələr, əşya məhkəmənin qərarı ilə fiziki bölünür, bu, əşyanın dəyəri əhəmiyyətli dərəcədə azalmadan mümkün olmadıqda isə açıq hərracdan və ya iştirakçılar üçün hərracdan satılır. Fiziki bölgü bərabər olmayan payların əvəzinin pulla ödənilməsi ilə birləşdirilə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14. İş üzrə məhkəmə baxışının prinsipləri. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Sübutların qiymətləndirilməsi. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 107. Məhkəmə xərclərinin tərkibi Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Maddə 115. İşə baxılması ilə əlaqədar məsrəflər 115.0. İşə baxılması ilə əlaqədar məsrəflərə aşağıdakılar daxildir: 115.0.1. şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər;... Maddə 119. Məhkəmə xərclərinin tərəflər arasında bölüşdürülməsi 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Maddə 124. İşə baxılarkən məhkəmənin çəkdiyi xərclərin ödənilməsi 124.1. İşə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır.... Maddə 218. Qətnamə çıxarıldıqda həll edilən məsələlər 218.1. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir.... “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.6 və 221-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə” dair 04.04.2014-cü il tarixli Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Qərarı

1. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.6 və 221-ci maddələrinin mənasına görə bütün paylı mülkiyyətçilərin razılığı olmadan əmlakın açıq hərracdan satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi haqqında məhkəmə tərəfindən qərarın qəbul edilməsi mülkiyyət hüququnun qanunsuz məhdudlaşdırılması kimi qiymətləndirilə bilməz.

2. Məhkəmənin qərarı əsasında ümumi mülkiyyətdə olan əşyanın açıq hərracdan satılması və satış pulunun paylı mülkiyyətçilər arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.3-220.4-cü maddələrində nəzərdə tutulmuş qaydaların ardıcıllıqla tətbiq edilməsindən sonra mümkündür. Məhkəmənin mövqeyi və gəldiyi nəticə. Məhkəmə tərəflərin izahatını dinləyib, toplanmış sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. Məhkəmə tərəfindən müəyyən edilən hallardan görünür ki, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-1019/2023 saylı 08.02.2023-cü il tarixli qətnaməsi ilə mübahisə predmeti olan Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Muğan küçəsi, bina 7, giriş 46, mərtəbə 6, 3 saylı mənzilə ½ hissədə Nəbiyeva (Osmanova) Abidat Rəhmanovnanın və ½ hissədə Nəbiyev Fariz Ramiz oğlunun payları müəyyən edilmişdir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.6 və 221-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə” dair 04.04.2014-cü il tarixli Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Qərarında göstərilmiş mövqeyə görə, əmlakın açıq hərracdan satılaraq bölünməsindən əvvəl Mülki Məcəllənin 220.3-220.4-cü maddələrində nəzərdə tutulmuş qaydalara əməl edilməlidir. Həmin qaydalar paylı mülkiyyətdə olan əmlakın bölünməsi və ondan payın ayrılmasının mərhələli formada tənzimlənməsini nəzərdə tutur. İlk növbədə, əmlakın naturada bölünməsinin mümkünlüyü müəyyən edilməlidir. Əmlakın naturada bölünməsi mümkün olmadığı halda, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsini tələb etmək hüququna malikdir....Digər mülkiyyətçilərin kompensasiya vermək imkanı olmadıqda və ya onlar kompensasiya vermək istəmədikdə, əmlakın məhkəmə qərarı əsasında hərracdan satılması məsələsinə baxıla bilər. Eyni zamanda, payının naturada ayrılması mümkün olmadıqda və mülkiyyətçi payın əvəzinə pul kompensasiyasını almaqdan imtina etdikdə, həmin mülkiyyətçi əmlakın açıq hərracdan satılmasını tələb edə bilməz. Həmçinin paylı mülkiyyətin mülkiyyətçisi birbaşa əmlakın açıq hərracdan satılmasını tələb etmək hüququna malik deyil.... Qanunverici sözügedən mübahisələrin həlli zamanı əməl olunması məcburi olan prosedurlar müəyyən etmişdir. Bu prosedurların məhz növbəli şəkildə həyata keçirilməsi nəzərdə tutulmuşdur. Hazırkı iddia tələbində iddiaçı qeyd olunan növbəlilik qaydasına əməl etməklə ilk növbədə qeyd olunan paylı mülkiyyətdə olan həmin əmlakın naturada bölgüsü, bu mümkün olmadıqda, cavabdeh tərəfindən payının dəyəri olan 80000 manat pulun ona ödənilməsi, bundan imtina edildiyi təqdirdə, əmlakın açıq hərracdan satılaraq əldə edilmiş məbləğin tərəflər arasında paylara münasib şəkildə bölünməsi tələbi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə ilk növbədə qeyd edir ki, ekspert rəyininin əsaslandırıcı hissəsinə əsasən, mübahisə obyekti olan mənzilin 3 otaqlı, 1 sanitar qovşağından və 1 mətbəxdən ibarətdir. Bu səbəbdən, əlavə ekspertiza təyin edilmədən, mənzilin naturada bölgüsünün texniki cəhətdən mümkün olmadığı aydın olduğu hesab edilir. Payın həcmindən asılı olmayaraq paylı mülkiyyətin istənilən mülkiyyətçisi pul kompensasiyasının ödənilməsi tələbini irəli sürmək hüququna malikdir. Əgər iddiaçı tərəfindən belə tələb irəli sürülməmişdirsə, məhkəmə öz təşəbbüsü ilə kompensasiyanın ödənilməsini müəyyən edə bilməz. Belə ki, məhkəmə iddia tələbinin hədlərindən kənara çıxa bilməz. Qeyd edildiyi kimi, iddiaçı mənzilin naturada bölgüsü mümkün olmadıqda, cavabdeh tərəfindən payının dəyəri olan 80000 manat pulun ona ödənilməsini tələb etmişdir. Lakin cavabdeh öz izahatlarında tələbin bu hissəsi ilə, yəni 80000 manat ödəməyə razı olmadığını bildirmişdir. Müəyyən edilir ki, iddiaçı iddia tələbində 3 alternativ tələb qoymuşdur və məhkəmə qanunvericilikdə sadalanmış ardıcıllığa nəzər salaraq hesab edir ki, üçüncü tələb – həmin mənzilin açıq hərracda satılmaqla mənzilin satışından əldə edilən vəsaitin tərəflər arasında paylara mütənasib şəkildə bölünməsi məqsədəuyğundur. Eyni zamanda, məhkəmə tərəfindən ekspertiza təyin edilmiş və iş materiallarında olan ekspert rəyinə əsasən, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Muğan küçəsi, bina 7, giriş 46, mərtəbə 6, 3 saylı ünvanda yerləşən 3 otaqlı orta təmirli mənzilin 2024-cü ilin avqust ayına mövcud orta bazar dəyəri təqribən 101870 (71,74 x 1420,00 man) manat məbləğində müəyyən edilmişdir. Paylı mülkiyyətdə olan əşyanın açıq hərracdan satılması barədə qətnamə qəbul edilərkən ilkin satış qiymətinin məhkəmə tərəfindən müəyyən edilməli olması ilə bağlı qanunvericilikdə qadağanedici norma nəzərdə tutulmamışdır. Bununla, mənzilin orta bazar dəyəri təqribən 101870 manat qəbul edilməlidir. Əşyanın ilkin satış qiyməti ilə bağlı qətnamənin icrası mərhələsində yaranacaq yeni mübahisələrin və tərəflərin sui-istifadə hallarının qarşısının alınması məqsədilə, məhkəmə paylı mülkiyyətdə olan əşyanın müəyyən etdiyi bazar qiyməti ilə ilkin satış qiymətini qətnamənin icra qaydası kimi onun nəticə hissəsində göstərməlidir. Eyni zamanda, tərəflərə izah edilir ki, qətnamənin icrası mərhələsində paylı mülkiyyətdə olan əşyanın bazar qiymətinin əhəmiyyətli dərəcədə dəyişməsi səbəbindən tərəflər MPM-in 231-ci maddəsinin tələblərinə uyğun olaraq qətnamənin icra qaydasının dəyişdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, ilkin satış qiymətini yenidən müəyyənləşdirə bilərlər. Beləliklə, məhkəmə hesab edir ki, iddia təmin edilməli, Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Muğan küçəsi, bina 7, giriş 46, mərtəbə 6, 3 saylı mənzil açıq hərracda satılaraq əldə olunmuş pul vəsaiti mülkiyyətçilər Osmanova Abidat Rəhmanovna və Nəbiyev Fariz Ramiz oğlu arasında hər birinin 1/2 hissədə paylarına mütənasib şəkildə bölünməli, mənzilin bazar dəyərinə uyğun hərracdan ilkin satış qiyməti 101870 manat olaraq müəyyən edilməlidir. Məhkəmə xərcləri. Məhkəmə tikinti-texniki, məhkəmə-əmtəəşünaslıq ekspertizasının dəyəri qismində 9/7389-10\7087 saylı ekspertiza üzrə 100 manat məbləğində pul cavabdeh Nəbiyev Fariz Ramiz oğlundan alınaraq dövlət büdcəsinə göstərilən hesaba keçirilsin: AZ34CTRE00000000000002088501 (VÖEN: 1700326621, Məhkəmə Ekspertiza Mərkəzi; Dövlət Xəzinədarlığı Agentliyi, KOD 210005, VÖEN 1401555071, Müxbir hesab: AZ41NABZ01360100000000003944, SWİFT BİK: CTREAZ22, büdcə təsnifatının kodu: 142595, büdcə səviyyəsinin kodu: 3). Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220, 227, 233, 244, 357, 358, 360 və 362-ci mаddələrini rəhbər tutаrаq, məhkəmə

QƏT ETDİ:

İddia təmin edilsin. Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Muğan küçəsi, bina 7, giriş 46, mərtəbə 6, 3 saylı mənzil açıq hərracda satılaraq əldə olunmuş pul vəsaiti mülkiyyətçilər Osmanova Abidat Rəhmanovna və Nəbiyev Fariz Ramiz oğlu arasında hər birinin 1/2 hissədə paylarına mütənasib şəkildə bölünsün. Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Muğan küçəsi, bina 7, giriş 46, mərtəbə 6, 3 saylı mənzilin bazar dəyərinə uyğun hərracdan ilkin satış qiyməti 101870 manat olaraq müəyyən edilsin. Məhkəmə ekspertizasının dəyəri qismində 100 manat cavabdeh Nəbiyev Fariz Ramiz oğlundan alınaraq dövlət büdcəsinə göstərilən hesaba keçirilsin: AZ34CTRE00000000000002088501 (VÖEN: 1700326621, Məhkəmə Ekspertiza Mərkəzi; Dövlət Xəzinədarlığı Agentliyi, KOD 210005, VÖEN 1401555071, Müxbir hesab: AZ41NABZ01360100000000003944, SFİFT BİK: CTREAZ22, büdcə təsnifatının kodu: 142595, büdcə səviyyəsinin kodu: 3). Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron Məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Bakı şəhər Suraxanı rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim: Firuzə Mirzəyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar