Məhkəmə qərarları › İş №2(010)-98/2021

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-98/2021

26.04.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-98/2021 26.04.2021 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Miriyeva Səlimə Miri qızının sədrliyi, X2 iclas katibliyi ilə, İddiaçı “xxxx” Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “subroqasiya qaydasında pul” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiаçı “xxxx” Açıq Səhmdar Cəmiyyəti (bundan sonra “xxxx” ASC) Cavabdeh qarşı “subroqasiya qaydasında pul” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə müraciət edərək məhkəmədən Cavabdeh 8189 manat məbləğində dəymiş ziyan və 30.40 manat dövlət rüsumunun tutularaq “xxxx” ASC-yə köçürülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh idarə etdiyi “Mercedes C220CDİ” markalı, ** SL *** dövlət qeydiyyat nişanlı avtomaşınla 21.01.2017-ci il tarixdə, saat 22:30 radələrində D.Bünyadzadə küçəsində yola bitişik ərazidə yanacaq doldurma məntəqəsindən çıxarkən hərəkətdə olan “xxxx” ASC-də Mİ-P-130011-B24 saylı “fiziki şəxslərin sahibliyində olan minik avtomobillərin sığortası şəhadətnaməsi” üzrə sığortalanmış X1 etibarnamə əsasında idarə etdiyi “Seat Leon” markalı, ** VH *** dövlət qeydiyyat nişanlı minik avtomaşınını vuraraq yol-nəqliyyat hadisəsi törətmişdir. (Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatasının 30.06.2016-cı il tarixli, 04/08-6 saylı razılıq məktubuna əsasən “xxxx” ASC-nin aktiv sığorta müqavilələri üzrə portfeli “xxxx” ASC-yə ötürülmüşdür). 17 avqust 2018-ci il tarixli, 032017 saylı ödəniş tapşırığına əsasən “xxxx” ASC tərəfindən X4 dəymiş zərərə görə 5210 manat və 05.11.2019-cu il tarixli, 04036 saylı ödəniş tapşırığına əsasən 2979 manat məbləğində dəbbə pulu ödənilmişdir. Əvvəlki məhkəmə iclasında iddiaçının nümayəndəsi iddianı müdafiə edərək bildirmişdir ki, “xxxx” ASC tərəfindən X4 17.08.2018-ci il tarixdə 5210 manat məbləğində sığorta ödənişi edilmiş, 05.11.2019-cu il tarixdə 2979 manat məbləğində dəbbə pulu ödənilmişdir. İşə müxtəlif instansiya məhkəmələrində baxıldığına görə ödəniş bir müddət gecikmişdir. Lakin hazırda həm sığorta ödənişinin, həm də dəbbə pulunun ödənilməsinə dair məhkəmə qətnamələri icra edilmişdir. Hazırda isə iddiaçı “xxxx” ASC ödənilmiş bu pulları subroqasiya qaydasında cavabdehdən tələb edir. Belə ki, Cavabdeh baş vermiş yol-nəqliyyat hadisəsində təqsirli olmuş və bu məhkəmə qətnamələri ilə də müəyyən edilmişdir. Odur ki, məhkəmədən iddianın təmin edilməsini xahiş etmişdir. Hazırkı məhkəmə iclasının vaxtı və yeri qaydada məlumat verilmiş iddiaçının nümayəndəsi məhkəməyə ərizə ilə müraciət edərək işə iştirakı olmadan baxılmasını və iddianın təmin edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Belə olan halda məhkəmə işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilmişdir. Buna baxmayaraq, cavabdeh məhkəmə iclasına gəlməmiş, bunun üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Belə olan halda məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə iclasında iştirak etməyən Cavabdeh iddia ərizəsinə etirazla məhkəməyə müraciət edərək bildirmişdir ki: “Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 03.08.2017-ci il tarixli qətnaməsinə əsasən iddia qismən təmin edilmiş, Cavabdeh iddiaçı X3 xeyrinə 4535 manat məbləğində vurulmuş zərərə görə pul vəsaiti və 30 manat dövlət rüsumunun tutulması qət edilmiş, iddia qalan hissədə təmin edilməmiş, aparılmış ekspertiza tədqiqatının dəyəri olan 50 manat pulun Cavabdeh alınaraq dövlət büdcəsinə keçirilməsi qət edilmişdir. Qətnamə qanuni qüvvəsini almış, icraya yönəldilmişdir. Göründüyü kimi dəymiş zərər məhkəmə ekspertizası ilə 4535 manat məbləğində müəyyən edilmişdir. Buna baxmayaraq, “xxxx” ASC ona qarşı 8189 manat pulun tutulması barədə təkrar iddia qaldırmışdır ki, bu da qanunsuzdur. Odur ki, hesab edirəm iddia tələbi tam qanunsuz və əsassız olduğundan rədd edilməlidir”. Məhkəmə iddia tələbinin dəlillərini iş üzrə toplanmış sübutlarla əlaqəli şəkildə araşdırıb belə qənaətə gəlir ki, iddia qismən təmin edilməlidir. Belə ki, mülki işə əlаvə edilmiş və məhkəmə iclаsındа tədqiq edilmiş: 17.08.2018-ci il tarixli, 03217 nömrəli ödəniş tapşırığının surətindən görünür ki, “xxxx” ASC tərəfindən X3 hesabına 5210 manat məbləğində pul ödənilmişdir. 05.11.2019-cu il tarixli, 04036 nömrəli ödəniş tapşırığının surətindən görünür ki, “xxxx” ASC tərəfindən X3 hesabına 2979 manat məbləğində pul ödənilmişdir. KYP seriyalı, 648384 saylı inzibati xəta haqqında protokolun surətindən görünür ki, Cavabdeh idarə etdiyi özünə məxsus “Mercedes C220” markalı, ** SL *** dövlət qeydiyyatlı nişanlı avtomobillə 21.01.2017-ci il tarixdə saat 22:30 radələrində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun 42-ci maddəsinin 4-cü bəndinin tələbini pozaraq D.Bünyatzadə küçəsində yola bitişik ərazidən yanacaq doldurma məntəqəsindən yola çıxarkən D.Bünyatzadə küçəsi ilə hərəkət edən “Seat Leon” markalı, ** VH *** dövlət qeydiyyat nişanlı avtomaşına yol verməmiş, onunla toqquşmuş, Cavabdeh Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 329.1-ci maddəsinə əsasən, 40 manat məbləğində cərimə edilmişdir. “xxxx” ASC tərəfindən verilmiş Mİ-P-130011-B24 saylı, 22.02.2013-cü il tarixli “fiziki şəxslərin sahibliyində olan minik avtomobilin sığortası” şəhadətnaməsinin surətindən görünür ki, X3 “Seat Leon” markalı, ** VH *** dövlət qeydiyyat nişanlı avtomobili 22.02.2013-cü il tarixdən 22.02.2018-ci il tarixinədək sığortalanmışdır. 22.02.2016 – 22.02.2017-ci il tarixləri üçün sığorta məbləği 14215.50 manat, azadolma məbləği 250 manat təşkil edir. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 22.09.2017-ci il tarixli, 2(009)-2048/2017 saylı qətnaməsinin surətindən görünür ki, iddiaçı X3 “xxxx” ASC-yə qarşı “vurulmuş zərərin əvəzinin ödənilməsi” tələbinə dair iddiası qismən təmin edilmiş, “xxxx” ASC tərəfindən verilmiş Mİ-P-130011-B24 saylı, 22.02.2013-cü il tarixli “Fiziki şəxslərin sahibliyində olan minik avtomobillərin tam sığortası haqqında” şəhadətnaməsi (müqaviləsi) üzrə 5210 manat sığorta ödənişinin cavabdeh “xxxx” ASC-dən tutularaq iddiaçı X4 ödənilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 31.01.2018-ci il tarixli, 2(103)-1835/2018 saylı qətnaməsinin surətindən görünür ki, qətnamə ilə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-2048 saylı iş üzrə 22.09.2017-ci il tarixli qətnaməsindən cavabdeh “xxxx” ASC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, qətnamə “xxxx” ASC-yə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin 04.07.2018-ci il tarixli, 2(102)-4382/2018 saylı qərarının surətindən görünür ki, Bakı Apellyasiya Məhkəməsinin 31.01.2018-ci il tarixli, 2(103)-1835/18 saylı qətnaməsindən cavabdeh “xxxx” ASC tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməmiş, qətnamə dəyişdirilmədən saxlanılmışdır. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 07.01.2019-cu il tarixli, 2(009)-231/2019 saylı qətnaməsinin surətindən görünür ki, qətnamə ilə iddia qismən edilmiş, “xxxx” ASCdən X3 xeyrinə sığorta ödənişinin verilməsi gecikdirildiyi üçün 2949 manat məbləğində dəbbə pulu və 30 manat ödənilmiş dövlət rüsumunun tutulması qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 11.04.2019-cu il tarixli, 2(103)-4411/2019 saylı qətnaməsinin surətindən görünür ki, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 07.01.2019cu il tarixli, 2(009)-231/2019 saylı qətnaməsindən cavabdeh “xxxx” ASC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, qətnamə dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin 27.09.2019-cu il tarixli, 2(102)- 5700/2019 saylı qərarının surətindən görünür ki, Bakı Apellyasiya Məhkəməsinin 11.04.2019-cu il tarixli, 2(103)-4411/2019 saylı qətnaməsindən cavabdeh “xxxx” ASC tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməmiş, qətnamə kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 03.08.2017-ci il tarixli, 2(010)-2327/2017 saylı qətnaməsinin surətindən görünür ki, iddia qismən təmin edilmiş, Cavabdeh iddiaçı X3 xeyrinə 4535 manat məbləğində vurulmuş zərərə görə pul vəsaiti və 30 manat dövlət rüsumunun əvəzinin tutulması, iddianın qalan hissədə təmin edilməməsi, aparılmış ekspertiza tədqiqatının dəyəri olan 50 manat pulun Cavabdeh alınaraq dövlət büdcəsinə keçirilməsi qət edilmişdir. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 23.04.2019-cu il tarixli qərardadının surətindən görünür ki, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 03.08.2017-ci il tarixli, 2(010)-2327/2017 saylı qətnaməsi ilə Cavabdeh 4535 manat vurulmuş zərərə görə iddiaçının xeyrinə tutulmuş puldan tələbkar X3 imtinası məhkəmə tərəfindən qəbul edilmiş, tələbkarın tələbindən imtinasının icra məmurunun qeyd edilən icra sənədi üzrə icraata həmin hissədə xitam verilməsi üçün əsas olduğu müəyyən edilmişdir. Məhkəmə araşdırması nəticəsində müəyyən edilmişdir ki, Cavabdeh idarə etdiyi özünə məxsus “Mercedes C220” markalı, ** SL *** dövlət qeydiyyatlı nişanlı avtomobillə 21.01.2017-ci il tarixdə yol hərəkəti qaydalarını pozaraq “Seat Leon” markalı, ** VH *** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuş, inzibati xəta törətmiş, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 329.1-ci maddəsi ilə 40 manat məbləğində cərimə edilmişdir. Baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində zərərçəkmiş “Seat Leon” markalı, ** VH *** dövlət qeydiyyat nişanlı avtomobil “xxxx” ASC-də sığortalandığından və həmin vaxt “xxxx” ASC-nin tələb hüquqları və öhdəlikləri “xxxx” ASC-yə ötürülmüş olduğundan avtomobilin mükiyyətçisi X5 hadisə nəticəsində avtomobilə dəymiş zərərin ödənilməsi üçün “xxxx” ASC-yə 23.01.2017-ci il tarixdə müraciət etmiş, lakin sığortaçı “xxxx” ASC vaxtında müraciət edilmədiyini əsas gətirərək sığorta ödənişini verməkdən imtina etmişdir. Bundan sonra, X5 “xxxx” ASC-yə qarşı iddia ərizəsi ilə müraciət edərək avtomobilinə dəymiş zərərin sığortaçı tərəfindən ödənilməsini tələb etmiş, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 22.09.2017-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, 5210 manat məbləğində sığorta ödənişinin “xxxx” ASC-dən tutularaq X4 ödənilməsi qət edilmişdir. Bu qətnamədən cavabdeh “xxxx” ASC tərəfindən verilmiş apellyasiya və kassasiya şikayətləri təmin edilməyərək qətnamə dəyişdirilmədən saxlanılmışdır. İş üzrə kassasiya instansiyası məhkəməsinin 04.07.2018-ci il tarixli qərarından sonra, “xxxx” ASC 17.08.2018-ci il tarixdə 5210 manat məbləğində sığorta ödənişini X4 ödəmiş, icra sənədi tam icra edilərək iş üzrə icraata xitam verilmişdir. Eyni zamanda, X5 avtomobilinə dəymiş zərərin ödənilməsi üçün Cavabdeh qarşı “vurulmuş zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə müraciət etmiş, Məhkəmənin 03.08.2017-ci il tarixli qətnaməsi ilə iddia qismən - 4535 manat məbləğində - təmin edilsə də sığorta ödənişinin sığortaçı “xxxx” ASC-dən tutulması ilə bağlı məhkəmə qətnaməsi artıq tam icra edildiyindən X5 bu qətnamənin icrasını tələb etməmiş, icra tələbindən imtina etmiş, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 23.04.2019-cu il tarixli qərardadı ilə tələbkar X3 imtinası qəbul edilərək tələbkarın tələbdən imtinasının icra məmurunun icra sənədi üzrə icraata həmin hissədə xitam verməsi üçün əsas olduğu müəyyən edilmişdir. Lakin icra sənədi üzrə borclu Cavabdeh həmin icra sənədi üzrə 50 manat məbləğində ekspertiza xərcini ödəmədiyindən icra sənədi üzrə icraata tam xitam verilə bilməmişdir. Daha sonra, X5 “xxxx” ASC-yə qarşı “sığorta ödənişinin gecikdirilməsinə görə dəbbə pulunun ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Səbail Rayon Məhkəməsinə müraciət edərək sığorta hadisəsi nəticəsində avtomobilinə dəymiş maddi zərərin ödənişini gecikdirdiyi üçün “xxxx” ASC-dən 2985 manat məbləğində dəbbə pulunun tutulmasını xahiş etmiş, Məhkəmənin 07.01.2019-cu il tarixli qətnaməsi ilə “xxxx” ASC tərəfindən X4 ödənilməli olan sığorta ödənişinin 566 gün gecikdirildiyi müəyyən edilmiş, bu səbəbdən müvafiq sığorta ödənişinin məbləğinə mütənasib olaraq 2949 manat məbləğində dəbbə pulunun “xxxx” ASC-dən X3 xeyrinə tutulması qət edilmişdir. Bu qətnamədən də cavabdeh “xxxx” ASC tərəfindən apellyasiya və kassasiya şikayətləri verilmiş, şikayətlər təmin edilməmiş, qətnamə dəyişdirilmədən saxlanılmışdır. İş üzrə kassasiya instansiyası məhkəməsinin 27.09.2019-cu il tarixli qərarından sonra, “xxxx” ASC 05.11.2019-cu il tarixdə 2979 manat məbləğində dəbbə pulunu X4 ödəmişdir. Bu qeyd edilənlərin hamısı iş materialları əsasında müəyyən edilir və işin mübahisəsiz hallarıdır. Hazırda isə iddiaçı “xxxx” ASC Cavabdeh qarşı “subroqasiya qaydası pul” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə müraciət edərək məhkəmədən ümumilikdə 8189 manat məbləğində pulun Cavabdeh tutularaq “xxxx” ASCyə ödənilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini subroqasiya hüququ ilə əsaslandırmış və Cavabdeh təqsiri nəticəsində baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində zərərçəkmiş avtomobil sahibinə “xxxx” ASC tərəfindən ödənilmiş sığorta ödənişinin və ödənişin gecikdirilməsinə görə ödənilmiş dəbbə pulunun Cavabdeh tutulmasını tələb etmişdir. Göründüyü kimi iddia tələbi mahiyyət etibarilə iki hissədən ibarətdir: 5210 manat sığorta ödənişi və 2979 manat ödənilmiş dəbbə pulunun subroqasiya qaydasında tələb edilməsi. Məhkəmə hesab edir ki, iddia tələbi qismən – 5210 manat məbləğində sığorta ödənişinin subroqasiya qaydasında tələb edilməsi hissəsində əsaslıdır. Belə ki, subroqasiya hüququ sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. Hazırkı işdən görünür ki, 21.01.2017-ci il tarixdə baş vermiş yol nəqliyyat hadisəsi Cavabdeh törətdiyi inzibati xəta nəticəsində baş vermiş, onun barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş, inzibati qaydada cərimə edilmişdir. Cavabdeh təqsirinə görə baş verməsi mübahisəsiz olan bu yol nəqliyyat hadisəsinə görə X4 məxsus avtomobilə maddi ziyan dəymiş, bu ziyan sığortaçı “xxxx” ASC tərəfindən məhkəmə qətnaməsi əsasında ödənilmişdir. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun 36-cı maddəsinin İ bəndinin 3-cü hissəsinə əsasən, yol hərəkəti iştirakçıları yol hərəkəti üçün təhlükəsiz şərait yaratmamalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamalıdırlar. Həmin Qanunun 81-ci maddəsinə əsasən, bu Qanunla nəzərdə tutulmuş yol hərəkəti qaydalarının pozulmasında təqsirli olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 21.1-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2-ci maddəsinə əsasən, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 386.1-ci maddəsinə əsasən, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 1096.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1097.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Qanunvericiliyin qeyd olunan müddəalarının tələblərindən görünür ki, mülki hüquqi məsuliyyətin yaranması üçün bir sıra məcburi şərtlərin olması tələb olunur. Həmin şərtlərə borclunun (zərərvuranın) hüquqa zidd davranışı, həmin davranış ilə vurulmuş zərər faktı arasında səbəbli əlaqə və borclunun (zərərvuranın) təqsiri aiddir. Həmin şərtlərdən hər hansı birinin mövcud olmaması mülki hüquqi məsuliyyəti istisna edir. Həmçinin, Azərbaycan Respublikasının Mülki Məcəllənin: 883.1-ci maddəsinə əsasən, sığorta müqaviləsi sığortalının müvafiq sığorta haqqı ödəməsi müqabilində sığorta obyektinin məruz qala biləcəyi risklərlə bağlı itkilərin, dəyən zərərin əvəzinin və ya razılaşdırılan pul məbləğinin müəyyən bir hadisənin baş verməsi əsasında ödənilməsinin sığortaçı tərəfindən öhdəlik kimi götürülməsi şərtlərinin təsbit edildiyi razılaşmadır. 925.1-ci maddəsinə əsasən, sığorta hadisəsi nəticəsində dəymiş zərərin miqdarını sığortalının, sığorta olunanın və ya faydalanan şəxsin, yaxud onların nümayəndəsinin təqdim etdiyi sığorta tələbi əsasında sığortaçı müəyyən edir. 925.2-ci maddəsinə görə sığortaçı dəymiş zərəri müxtəlif üsullarla, o cümlədən zərər dəymiş predmetin və ya hadisə yerinin fiziki və texniki xüsusiyyətlərini müxtəlif vasitələrlə təyin etməklə, sxem və cizgilər tərtib etməklə, foto və video çəkilişlər aparmaqla, bilavasitə özü və ya sığorta qanunvericiliyinin tələblərini nəzərə almaqla təyin etdiyi sığorta sahəsində yardımçı fəaliyyət göstərən müvafiq şəxs vasitəsilə qiymətləndirməlidir. 936.1-ci maddəsinə əsasən, subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. Yuxarıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, yol nəqliyyat hadisəsi Cavabdeh inzibati məsuliyyət yaradan inzibati xətası nəticəsində baş verdiyindən və hadisə nəticəsində digər avtomobilə dəymiş zərərə görə müvafiq sığorta ödənişi sığortaçı “xxxx” ASC tərəfindən ödənildiyindən iddiaçı “xxxx” ASC ödənilmiş 5210 manat məbləğində sığorta ödənişini subroqasiya qaydasında Cavabdeh tələb etməkdə haqlı olmuşdur. Odur ki, iddia həmin hissədə əsaslıdır və təmin edilməlidir. Bu hissədə məhkəmə qeyd etməyi zəruri hesab edir ki, məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclaslarında iştirak etməkdən yayınan Cavabdeh hər nə qədər heç bir məhkəmə iclasında iştirak etməmiş, məhkəməyə heç bir dəlil təqdim etməmiş olsa da iddia ərizəsinə yazılı etirazla məhkəməyə müraciət etmiş, etirazında qeyd etmişdir ki, baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində X3 avtomobilinə dəymiş ziyanın ondan tutulması barədə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş və icraya yönəldilmiş qətnaməsi mövcuddur. Cavabdeh hesab etmişdir ki, hazırkı iddia tələbinin təmin edilməsi eyni ziyana görə ondan iki dəfə, özü də ikinci dəfə daha çox pul tutulması deməkdir. Göründüyü kimi, cavabdeh baş vermiş yol nəqliyyat hadisəsində təqsirini, hadisə nəticəsində zərərçəkmiş avtomobilə dəymiş zərəri ödəməli olduğunu mübahisələndirməmiş, əksinə, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 18.06.2020-ci il tarixli qərardadından verdiyi şikayətdə “mənim barəmdə çıxarılmış qətnamə sonadək icra olunmalıdır” demişdir. Məhkəmə cavabdehin diqqətinə çatdırır ki, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 03.08.2017-ci il tarixli qətnaməsi ilə X3 ona qarşı iddiası qismən təmin edilib icraya yönəldilsə də o, icra sənədi üzrə borclu kimi qətnaməni icra etməmiş, X4 heç bir ödəniş etməmiş, sonradan tələbkar X5 sığortaçıdan sığorta ödənişi aldığına görə icra sənədinin icrasından imtina etmiş, bu səbəbdən icra sənədinə həmin hissədə xitam verilməsi qərara alınmışdır. Sadəcə olaraq, Cavabdeh 50 manat məbləğində ekspertiza xərcini ödəmədiyinə görə iş üzrə icraata tam xitam verilməmişdir. Yəni, icra sənədi üzrə borc Cavabdeh tərəfindən tam ödənildiyinə görə yox, tələbkar X5 icradan imtina etdiyinə görə icraata bu hissədə xitam verilməsi qərara alınmışdır. Beləliklə, Cavabdeh nəinki dəymiş zərərə görə 4535 manat məbləğində pul, 50 manat məbləğində ekspertiza xərcini belə ödəmədiyindən “eyni zərərə görə iki dəfə pul ödəməsini” əsas gətirərək iddianı əsassız hesab edə bilməz. Məhkəmə iddianın digər – 2979 manat məbləğində dəbbə pulunun tələb edilməsi hissəsini isə əsassız hesab edir. Belə ki, müvafiq dəbbə pulu “xxxx” ASC-dən məhkəmə qətnaməsi əsasında ona görə tutulmuşdur ki, “xxxx” ASC X4 ödəməli olduğu sığorta ödənişini 566 gün gecikdirmiş, bu gecikdirmədə tam təqsirli bilinmiş, bu səbəbdən sığorta ödənişinin məbləğinə və gecikdirilən gün sayına mütənasib 2949 manat məbləğində cərimə edilmişdir. Yəni, “xxxx” ASC bu ödənişi gecikdirməyərək vaxtında ödəsə idi ondan heç bir cərimə məbləği tutulmayacaqdı. Məhkəmə bu gecikməni işə müxtəlif instansiya məhkəmələrində baxılmasının müəyyən vaxt aparması ilə izah edən iddiaçının nümayəndəsinin izahatına münasibət bildirərək qeyd edir ki, sığorta ödənişi ödəməkdən əsassız yerə (imtinanın əsassız olduğu qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmişdir) imtina edən, sığorta ödənişinin məcburi qaydada tutulması ilə bağlı məhkəmə qətnaməsindən əvvəl apellyasiya, daha sonra kassasiya şikayəti verərək işə müxtəlif instansiya məhkəmələrində baxılmasına səbəb olan, ödənişin “vaxtını uzadan” elə iddiaçı “xxxx” ASC olmuşdur. Bu vəziyyətdə aydındır ki, sığorta ödənişinin gecikdirildiyi hər gün üçün məsuliyyəti məhz “xxxx” ASC daşımış, elə bu səbəbdən Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 07.01.2019-cu il tarixli qətnaməsi ilə müəyyən edilmişdir ki, X5 “xxxx” ASCdən sığorta ödənişi ödəmək öhdəliyi yarandığı gündən sığorta ödənişinin faktiki olaraq ödənildiyi günədək gecikdirilmiş 566 günə görə dəbbə pulu tələb etməkdə haqlı olmuşdur. Yəni işə müxtəlif instansiya məhkəmələrində baxılması ödənişin gecikdirilməsinin üzrlü səbəbi kimi qəbul edilməmiş, “xxxx” ASC-nin hər gecikdirilən günə görə dəbbə pulu ödəməsi müəyyən edilmiş, “xxxx” ASC də bu qətnaməni icra etmişdir. Nəzərə alınmalıdır ki, Mülki Məcəllənin 462.1-ci maddəsinə müvafiq olaraq, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Maddənin məzmunundan göründüyü kimi, dəbbə pulu öhdəliyin icrasının təmini üsulu olmaqla yanaşı, həm də borclunun öz öhdəliyini icra etməməsi və ya lazımınca icra etməməsinə görə tərəflərin müəyyən etdiyi məsuliyyət növüdür. Lakin nəzərə alınmalıdır ki, məsuliyyətin bir növü olaraq dəbbə pulunun ödənilməsini kreditor yalnız borclunun, təqsiri olduğu təqdirdə tələb edə bilər. Mülki Məcəllənin 462.2-ci maddəsinə əsasən, əgər borclu öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi üçün məsuliyyət daşımırsa, kreditor dəbbə pulunun ödənilməsini tələb edə bilməz. Beləliklə, öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsində borclunun təqsiri olduğu halda kreditor dəbbə pulunun ödənilməsi ilə bağlı tələbi bu hərəkətləri törətmiş şəxsə qarşı irəli sürə bilər. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçı “xxxx” ASC-nin ödəməli olduğu sığorta ödənişini gecikdirdiyinə görə ondan tutulan dəbbə pulu yalnız iddiaçıya aiddir və işə müxtəlif instansiya məhkəmələrində baxılması ödənişin gecikdirilməsinin üzrlü səbəbi deyil. Bu səbəbdən iddiaçı “xxxx” ASC öz təqsirinə görə ödədiyi dəbbə pulunu başqa şəxsdən, eləcə də Cavabdeh tələb edə bilməz. Məhkəmə təkrar iddiaçının diqqətinə çatdırır ki, “xxxx” ASC tərəfindən sığorta ödənişi üzrə öhdəlik vaxtında icra edilsəydi, öhdəliyin icrasından əsassız yerə imtina edilməsəydi ondan dəbbə pulu tutulmayacaqdı. Bu gecikməyə görə isə “xxxx” ASC-dən başqa heç kim məsuliyyət daşımır. Odur ki, iddia bu hissədə əsassızdır və təmin edilməməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəllləsinin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlard an istifadə etməlidir. 77.1-ci maddəsində isə göstərilir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. 217.3-cü mаddəsinə əsаsən, qətnаmə iş üzrə müəyyən edilmiş həqiqi hаllаrа və tərəflərin qаrşılıqlı münаsibətinə uyğun əsаslаndırılmаlıdır. 217.4-cü mаddəsinə əsаsən, məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq оlunmuş sübutlаrlа əsаslаndırır. Beləliklə, yuxarıda qeyd edilənlərə əsasən, məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh 5210 (beş min iki yüz on) manat məbləğində subroqasiya qaydasında pul iddiaçı “xxxx” Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulmalıdır. Bundan başqa, Azərbaycan Respublikasının MPM-in 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Bundan başqa, "Dövlət Rüsumu" haqqında Azərbaycan Respublikası Qanunun 8.1.2-ci maddəsinə əsasən məhkəməyə verilən iddialar üzrə iddia qiyməti 500 manatdan çox olduqda 30 manat dövlət rüsumu ödənilməlidir. Azərbaycan Respublikasının MPM-in 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda məhkəmə hesab edir ki, iddia təmin edildiyindən iddiaçı tərəfindən məhkəməyə ərizə verilərkən ödənilən 30.40 manat məbləğində dövlət rüsumu da cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-in 214, 216-220, 233, 357 və 360-cı mаddələrini rəhbər tutаrаq, məhkəmə QƏT E T D İ: İddia qismən təmin edilsin. Cavabdeh 5210 (beş min iki yüz on) manat məbləğində subroqasiya qaydasında pul və 30.40 manat (otuz manat qırx qəpik) məbləğində dövlət rüsumu iddiaçı “xxxx” Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulsun. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Səlimə Miriyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar