Məhkəmə qərarları › İş №2(010)-983/2023

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-983/2023

28.09.2023 · Torpaq mübahisələri - Torpaq sahəsinin bölünməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-983/2023 28.09.2023 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Mirzəyeva Ünsüyyət Hacımehdi qızının sədrliyi, X8 qızının katibliyi, İddiaçı, onun nümayəndəsi (vəkili) Vəkil, Cavabadeh Cavabdeh iştirakı ilə İddiaçı Cavabdeh qarşı mülkiyyətin naturada bölünməsi, bu mümkün olmadıqda açıq hərracda satılaraq pulunun bölünməsi tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. İşin halları:

1. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, cavabdeh və o bacı qardaşdırlar. ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evi anasından miras qalmış və vərəsəlik qaydasında o əmlakı qəbul etmişdir. Buna dair vərəsəlik hüququ haqqında şəhadətnamə verilmiş və çıxarışla rəsmiləşdirilmişdir. Vərəsəlik işi aparılan vaxt cavabdehə məlumat verilmiş və notariat ofisinə dəvət edilmişdir, ancaq o gəlmədiyindən 1/2 hissə açıq saxlanılmışdır. O, digər hissəyə dair çıxarış əldə etmişdir. Həmin əmlakda bərabər paylara sahibdirlər. Cavabdehlə eyni evdə yaşamaq mümkün deyildir. Zamanında fərdi yaşayış evinin sahibi olmuş Mirzəyeva Züleyxa, yəni onların anasını da cavabdeh incitmiş, onu öz əmlakına buraxmamış, mübahisəli evdə yaşamasına müxtəlif maneələr yaratmışdır. Sonradan anası karonavirusa yoluxaraq vəfat etmişdir. Buna görə də, hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət edir. Əmlakın naturada bölünməsini, bu mümkün olmadığı təqdirdə isə əmlakın satılaraq pulunun bölünməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. Qanunvericiliyə görə cavabdehə bildiriş və pretenziya göndərmişdir.

İddia tələbi.

2. ünvan 2 ünvanda yerləşən sahəsi 75.7 kv.metr olan 2 mərtəbəli fərdi yaşayış evinin istifadədə olan torpaq sahəsi ilə birlikdə naturada bölünməsi, bu mümkün olmadıqda açıq hərracda satılaraq pulunun paylar üzrə bərabər bölünərək ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

Tərəflərin izahatları.

3. İddiaçı məhkəmə iclasında iddianı müdafiə edərək cavabdehlə razılıq əldə olunmadığını, cavabdehin etdiyi təkliflə razılaşmadığını bildirərək iddianın təmin edilməsini xahiş etdi.

4. İddiaçının nümayəndəsi (vəkili) Vəkil məhkəmə iclasında iddianı müdafiə edərək, izahatında göstərdi ki, cavabdeh iddiaçının qardaşıdır. İddiaçının tələbi odur ki, ya mübahisəli mənzildən ona düşən pay verilsin, ya da bu mümkün olmadıqda hərracda satılaraq pul tərəflər arasında bərabər bölünsün. Həmçinin iddiaçı cavabdeh tərəfindən edilən təkliflə razılaşmır. Göstərilənlərə əsasən iddianın təmin edilməsini xahiş etdi.

5. Cavabdeh məhkəmə iclasında iddiaya etiraz edərək, bildirdi ki, mübahisəli ev atasının adına olsa da, babası evi ona vermişdir, amma bu barədə heç bir sənədləşdirmə aparılmamışdır. Hal-hazırda həmin evdə o ailəsi ilə birlikdə yaşayır. Babasından qalan evi satmaq fikri yoxdur, həmçinin ev satılsa həmin pula yeni ev ala bilməyəcək. Həmçinin, iddiaçıya həmin evdə gəlib yaşamasını təklif edə bilmir, çünki ev 3 otaqlıdır və orada iki ailənin yaşaması mümkün deyil. Bankdan 20000 götürüb iddiaçıya vermək istəsə də, bu mümkün olmamışdır, çünki o, əlavə olaraq 12000 faiz də ödəməlidir və bu o deməkdir ki, həmin məbləğ nə ona, nə də iddiaçıya çatmır, eləcə boşuna ödənilmiş olur. Onun sotunun qiyməti 10000 manat olan 2 sot torpaq sahəsi var ki, həmin torpaq sahəsinin satılandan sonra pulunun, yəni 20000 manat pulun iddiaçıya verilməsini təklif edir.

İş materialları.

6. xx.xx.2022-ci il tarixli Bakı şəhəri 9 saylı notariat ofisində təsdiq edilmiş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamədən görünür ki, xx.xx.2021-ci il tarixdə ölmüş X1 vərəsəsi İddiaçıdır və ona şəhadətnamə üzrə verilən miras əmlak ƏMDK-nın yanında DƏDRX-nin Bakı Şəhər Ərazi İdarəsi tərəfindən xx.xx.2014-cü il tarixdə X3 verilmiş **********44-10301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən ünvan 3 ünvanında yerləşən ümumi sahəsi 75.7 kv/m, yaşayış sahəsi 40.1 kv/m, yardımçı sahəsi 35.6 kv/m, 3 otaqlı olan fərdi yaşayış evidən ibarətdir və o, miras əmlakdan ½ hissədə irs almalıdır. Miras əmlakın ½ payı açıq saxlanılır.

7. xx.xx.2022-ci il tarixli Bakı şəhəri 9 saylı notariat ofisində təsdiq edilmiş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, xx.xx.2021-ci il tarixdə vəfat etmiş X1 vərəsəsi Cavabdehdur və ona şəhadətnamə üzrə verilən miras əmlak DƏDRX tərəfindən X3 verilmiş **********44-10301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən ünvan 3 ünvanında yerləşən ümumi sahəsi 75.7 kv/m, yaşayış sahəsi 40.1 kv/m, yardımçı sahəsi 35.6 kv/m, 3 otaqlı olan fərdi yaşayış evidən ibarətdir və o, miras əmlakdan ½ hissədə pay almalıdır.

8. Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi tərəfindən verilən hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, Həmid Axundlu küçəsi, 3 saylı ev xüsusi mülkiyyət hüququ ilə İddiaçı münasibətdə ½ hissə (qeydiyyat nömrəsi: **********; qeydiyyat tarixi: xx.xx.2022) kimi qeydiyyata alınmış; ½ hissədə açıq qalmışdır.

9. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Bakı Şəhər Ərazi İdarəsi tərəfindən verilən xx.xx.2014-cü il tarixdə tərtib edilmiş fərdi yaşayış evinə dair texniki pasportun surətindən görünür ki, ünvan 3 ünvanında yerləşən 2 mərtəbəli, 3 otaqlı ümumi sahəsi 75.7 kv/m, yaşayış sahəsi 40.1 kv/m, yardımçı sahəsi 35.6 kv/m olan fərdi yaşayış evinin hüquq sahibi X4r.

10. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən verilən xx.xx.2023-cü il tarixli yaşayış yeri üzrə qeydiyyat haqqında arayışdan görünür ki, Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, Həmid Axundlu küçəsi, 3 saylı evdə xx.xx.2004-cü il tarixdən İddiaçı qeydiyyatdadır. Qeydiyyatda olan digər şəxslər X2 və Cavabdehdur.

11. İddiaçı tərəfindən Cavabdeh göndərilən xx.xx.2022-ci il tarixli bildirişdən görünür ki, Cavabdeh Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, Həmid Axundlu küçəsi, 3 saylı fərdi yaşayış evinin bölünməsi, bu mümkün olmadıqda satılaraq pulunun bölünməsi, əks təqdirdə naturada bölünmə və açıq hərracda satılaraq pulun bərabər hissələrə bölünməsi barədə iddia qaldırılacağına dair xəbərdarlıq olunmuşdur.

12. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(010)-5037/2022 saylı qətnaməsindən görünür ki, İddiaçı Cavabdeh qarşı “əmlakın hərracda satılaraq bölünməsi” barədə iddia tələbinin təmin edilməməsi qət edilmişdir.

13. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(010)-983/2023 saylı qərardadı əsasında Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilən xx.xx.2023-cü il tarixli, 10/1901 nömrəli rəyindən görünür ki, ünvan 3 ünvanda yerləşən, mübahisə predmetini təşkil edən fərdi yaşayış evinin və həmin evin yerləşdiyi həyətyanı torpaq sahəsinin mülkiyyətçilərinin paylarına uyğun şəkildə (1/2 hissə) naturada bölünməsinin İnşaat Norma və Qaydaları 2.08.01.89* un və 1.1, 2.2, 2.4., bəndlərində və Məhkəmə Tikinti-X5 Metodlarında göstərilənlərə əsasən texniki cəhətdən mümkün olmadığı müəyyən olunur. Həmin rəydən həmçinin görünür ki, aparılmış tədqiqatın dəyəri 50 manat məbləğindədir.

Tətbiq edilən hüquq.

14. Azərbaycan Respublikası Mülki Məcəlləsi. Maddə 213.1-213.3. İki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur. Əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər. Əşyaya ümumi mülkiyyət, qanunvericilikdə həmin əşyaya birgə mülkiyyət yaranmasının nəzərdə tutulduğu hallar istisna olmaqla, paylı mülkiyyətdir. Maddə 213.5. Birgə mülkiyyət iştirakçılarının razılaşması ilə, razılaşma əldə edilmədikdə isə məhkəmənin qərarına əsasən ümumi əşyaya bu şəxslərin paylı mülkiyyəti müəyyənləşdirilə bilər. Maddə 220.2 Paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər. Maddə 220.3. Paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir. Maddə 220.6. Bu Məcəllənin 220.3-220.5-ci maddələrində müəyyənləşdirilmiş qaydalara əsasən ümumi əmlakın bölünməsi və ya ondan pay ayrılması açıq-aşkar məqsədəuyğun olmadıqda, məhkəmə əmlakın açıq hərracdan satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi haqqında qərar qəbul edə bilər. Maddə 221. Ümumi paylı mülkiyyət hüquqlarına fiziki bölgü, öz istəyi ilə satış və ya hərracdan satış və satış pulunun bölünməsi və ya bütün əşyanın bir və ya bir neçə iştirakçının adına qeydə alınması və qalan iştirakçılara əvəz verilməsi ilə xitam verilir. Əgər iştirakçılar hüquqa xitam verilməsi növünə dair razılığa gəlməsələr, əşya məhkəmənin qərarı ilə fiziki bölünür, bu, əşyanın dəyəri əhəmiyyətli dərəcədə azalmadan mümkün olmadıqda isə açıq hərracdan və ya iştirakçılar üçün hərracdan satılır.

15. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.6 və 221-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli qərarı. Qüvvədə olan mülki qanunvericilik ümumi mülkiyyətin iştirakçısına əmlakın bölüşdürülməsi və ya ümumi mülkiyyətdən ona aid olan hissənin naturada ayrılmasını həyata keçirmək hüququ verir. Bu hüquq ümumi paylı mülkiyyətə olan pay hüququna sərəncam vermək hüququnun həyata keçirilməsi formalarından biridir. Ümumi paylı mülkiyyətdə olan payın ayrılması iki formada həyata keçirilə bilər: 1) ümumi paylı mülkiyyətdə olan payın natura formasında ayrılması; 2) pul kompensasiyasının (dəyərinin) ödənilməsi. ... Əmlakın bölünməsi və ya ondan payın naturada ayrılması mümkün olmadıqda, əmlakın bölünməsinin və ya payın ayrılmasının yeganə ağlabatan üsulu pul kompensasiyasının ödənilməsidir. ... Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.6 və 221-ci maddələrinin mənasına görə bütün paylı mülkiyyətçilərin razılığı olmadan əmlakın açıq hərracdan satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi haqqında məhkəmə tərəfindən qərarın qəbul edilməsi mülkiyyət hüququnun qanunsuz məhdudlaşdırılması kimi qiymətləndirilə bilməz. Məhkəmənin qərarı əsasında ümumi mülkiyyətdə olan əşyanın açıq hərracdan satılması və satış pulunun paylı mülkiyyətçilər arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.3- 220.4-cü maddələrində nəzərdə tutulmuş qaydaların ardıcıllıqla tətbiq edilməsindən sonra mümkündür.

16. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi.

Maddə 4.1. Bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Maddə 103.1. Ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Maddə 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır.

Məhkəmənin mövqeyi.

17. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını, iddia ərizəsini və işin faktiki hallarını araşdırıb, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir.

18. İddia ərizəsinin məzmunundan, iş materiallarından və tərəflərin izahatından aydın olur ki, qeyd edilən əmlak paylı mülkiyyətdədir. Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi Həmid Axundlu küçəsi, 3 saylı ev ½ hissəsi İddiaçı adına xüsusi mülkiyyət hüququ əsasında qeydiyyata alınmış, ½ hissəsi açıq qalmışdır. Toğrul Mirzəyevə miras əmlakın ½ payına qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir.

19. Müxtəlif hissələrdən ibarət olub, vahid mürəkkəb əmlak sayılan Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi Həmid Axundlu küçəsində yerləşən mübahisəli 3 saylı fərdi yaşayış evinin naturada bölünməsi açıq-aşkar məqsədə uyğun deyildir. Buna görə də mübahisəli mənzil açıq hərracdan satılaraq, satışdan əldə edilmiş pul vəsaiti tərəflər arasında paylarına mütənasib surətdə bölünməlidir.

20. Belə ki, işin materiallarından olan ekspert rəyindən göründüyü kimi ünvan 3 ünvanda yerləşən, mübahisə predmetini təşkil edən fərdi yaşayış evinin və həmin evin yerləşdiyi həyətyanı torpaq sahəsinin mülkiyyətçilərinin paylarına uyğun şəkildə (1/2 hissə) naturada bölünməsinin İnşaat Norma və Qaydaları 2.08.01.89* un və 1.1, 2.2, 2.4., bəndlərində və Məhkəmə Tikinti-X5 Metodlarında göstərilənlərə əsasən texniki cəhətdən mümkün olmadığı müəyyən olunur.

21. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.6 və 221-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2014-cü il tarixli qərarında göstərilmişdir ki, «Mülkiyyətçilər tərəfindən sahiblik, istifadə və sərəncam səlahiyyətlərinin həyata keçirilməsinin ümumi xüsusiyyətləri mövcuddur: 1) paylı mülkiyyətdə olan əmlaka (əşyaya) sahiblik və ondan istifadə onun bütün mülkiyyətçilərinin razılaşması əsasında, razılaşma əldə edilmədikdə isə məhkəmənin müəyyənləşdirdiyi qaydada həyata keçirilir; 2) paylı mülkiyyətin mülkiyyətçisi ümumi əmlakın öz payına uyğun hissəsinə sahiblik və istifadə hüququna malikdir, bu mümkün olmadıqda isə onun payına düşən əşyaya sahiblik və ondan istifadə edən digər mülkiyyətçilərdən müvafiq əvəz ödəməyi tələb edə bilər. Paylı mülkiyyətdə olan əmlaka dair sərəncam verilməsi isə əşyanın bütün mülkiyyətçilərinin razılaşması əsasında həyata keçirilir; 3) razılaşma əldə olunmadıqda və paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əmlakın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə onlar öz paylarının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilərlər.

22. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.4-cü maddəsinə əsasən bu maddəyə əsasən paylı mülkiyyətin mülkiyyətçisinə naturada ayrılan əşyanın onun mülkiyyət hüququndakı payına tənasübsüzlüyü müvafiq pul məbləğinin ödənilməsi və ya başqa kompensasiya ilə aradan qaldırılır. Paylı mülkiyyətin mülkiyyətçisinə naturada pay ayrılması əvəzinə qalan mülkiyyətçilər tərəfindən kompensasiya ödənilməsinə onun öz razılığı ilə yol verilir. Mülkiyyətçinin payı cüzi olduqda, real surətdə ayrıla bilmədikdə və ümumi əmlakdan istifadə edilməsində onun mühüm mənafeyi olmadıqda, məhkəmə həmin mülkiyyətçinin razılığı olmadan da paylı mülkiyyətin qalan iştirakçılarının öhdəsinə ona kompensasiya ödənilməsi vəzifəsini qoya bilər.

23. Qanunun tələbindən göründüyü kimi, paylı mülkiyyətin mülkiyyətçisinə naturada pay ayrılması əvəzinə qalan mülkiyyətçilər tərəfindən kompensasiya ödənilməsinə onun öz razılığı ilə yol verilməsi qeyd edilib, yalnız o halda razılıq tələb olunmaya bilər ki, mülkiyyətçinin payı cüzi olsun, real surətdə ayrıla bilmədikdə və ümumi əmlakdan istifadə edilməsində onun mühüm mənafeyi olmasın.

24. Lakin, dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən çıxarışdan göründüyü kimi, mübahisəli mənzilin ½ hissəsi iddiaçının xüsusi mülkiyyətindədir və o, əmlakından istifadə etmək istəsə də, istifadə hüququ məhdudlaşmışdır.

25. Bununla belə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.6-cı maddəsinə əsasən bu Məcəllənin 220.3-220.5-ci maddələrində müəyyənləşdirilmiş qaydalara əsasən ümumi əmlakın bölünməsi və ya ondan pay ayrılması açıq-aşkar məqsədəuyğun olmadıqda, məhkəmə əmlakın açıq hərracdan satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi haqqında qərar qəbul edə bilər

26. Yuxarıda qeyd edildiyi kimi, əmlakın naturada bölünməsi barədə iddia qaldırılsa da, mübahisəli mənzilin naturada bölünməsi mümkün olmadığından məhkəmə iddianın bu hissəsini təmin edilməməsi qənaətinə gəlir.

27. Bundan başqa, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 221-ci maddəsində qeyd edilmişdir ki, ümumi paylı mülkiyyət hüquqlarına fiziki bölgü, öz istəyi ilə satış və ya hərracdan satış və satış pulunun bölünməsi və ya bütün əşyanın bir və ya bir neçə iştirakçının adına qeydə alınması və qalan iştirakçılara əvəz verilməsi ilə xitam verilir. Əgər iştirakçılar hüquqa xitam verilməsi növünə dair razılığa gəlməsələr, əşya məhkəmənin qərarı ilə fiziki bölünür, bu əşyanın dəyəri əhəmiyyətli dərəcədə azalmadan mümkün olmadıqda isə açıq hərracdan və ya iştirakçılar üçün hərracdan satılır. Fiziki bölgü bərabər olmayan payların əvəzinin pulla ödənilməsi ilə birləşdirilə bilər

28. Məhkəmə hesab edir ki, iddiaçının mülkiyyət hüququnun məhdudlaşdırılmamalıdır.

29. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "M.Şahverdiyevanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının 24 fevral 2012-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair" 23 iyul 2013-cli il tarixli qərarında qeyd edilmişdir ki, mülkiyyət hüququnun məhdudlaşdırılması və ya xitam verilməsi ilə bağlı məsələlərin həllində məhkəmələr formal mülahizələrdən çıxış etməmək, bu cür məsələləri qanunvericiliyin onlara verdiyi bütün mümkün vasitələrdən istifadə edərək tam və hərtərəfli araşdırmaq vəzifəsi daşıyırlar.

30. Yuxarıda qeyd edildiyi kimi, cavabdeh mübahisəli mənzildə yaşasa da, iddiaçının özünə məxsus evdə yaşaması mümkün olmamış və beləliklə də o, həmin əmlakın paylı mülkiyyətçisi kimi mülkiyyətindən istifadə edə bilmir.

31. İşin icraatı zamanı Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.3-cü maddəsinin tələblərinə uyğun olaraq ayrılan mülkiyyətçi olan iddiaçının öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçisi olan cavabdeh tərəfindən ona ödənilməsinə razı olubolmaması məsələsini aydınlaşdırmış, tərəflərin razılıq əldə etməsi üçün məhkəmə baxışı iki dəfə təxirə salınmışdır. İddiaçı, payının ½ hissə təşkil etməyinə və evin dəyərinin 70000 manat civarında olmasına baxmayaraq, dəyəri 20000 manat olan, kimə məxsus olduğu bilinməyən hansısa torpaq sahəsinin satılaraq iddiaçıya ödənilməsinə razı olmadığını bildirmişdir.

32. Məhkəmə qeyd edilənlərə əsasən hesab edir ki, tərəflər arasında kompensasiya məbləği barədə qarşılıqlı razılaşma olmadığından, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.3-cü maddəsinin tələblərinə əməl edilmiş hesab edilməlidir.

33. Bu səbəbdən də məhkəmənin qənaətinə görə, tərəflərin paylı mülkiyyətində olan mənzilin mülkiyyətçilərin paylarına uyğun şəkildə naturada bölgüsü mümkün olmadığından, paylara uyğun kompensasiya verilməsi barədə yekdil razılığı əldə edilmədiyindən, iddiaçı ümumi mülkiyyətdə olan əşyanın açıq hərracdan satılması və satış pulunun paylı mülkiyyətçilər arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsini tələb etməkdə haqlı olmuşdur. Buna görə də iddia həmin hissədə təmin olunmalıdır.

34. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmış və öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırmışdır.

Məhkəmə xərcləri.

35. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir.

36. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

37. İddia qismən təmin edildiyi üçün ödənilmiş 50 manat məbləğində məhkəmə-texniki ekspertizasının keçirilməsinə sərf olunmuş xərc tərəflərə aid edilməli və onlardan tutularaq dövlət nəfinə ödənilməlidir.

Məhkəmənin gəldiyi nəticə.

38. Beləliklə də, məhkəmə iş üzrə tədqiq edilən sübutlara qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir.

39. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə

Q ə t e t d i:

İddia tələbi qismən təmin edilsin. İddiaçı və Cavabdeh paylı mülkiyyətində olan ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evi torpaq sahəsi ilə birlikdə açıq hərracdan satılsın. ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evinin və torpaq sahəsinin satılmasından əldə edilən vəsait İddiaçı (½ hissə) və Cavabdeh (½ hissə) arasında paylarına mütənasib surətdə bölünsün. İddia qalan hissədə təmin edilməsin. İş üzrə məhkəmə tikinti-texniki ekspertizanın keçirilməsinə sərf olunmuş 50 (əlli) manat məbləğində pul vəsaiti İddiaçı və Cavabdeh müştərək qaydada alınaraq dövlət büdcəsinə ödənilsin. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar