Məhkəmə qərarları › İş №2(011)-1044/2022

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-1044/2022

14.04.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-1044/2022 14.04.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova İlahə Namiq Kamal qızının sədrliyi, Osmanova Əfsanə Fəxrəddin qızının katibliyi, İddiaçı nümayəndəsi və eyni zamanda vəkili İddiaçı iştirakı ilə, İddiaçı cavabdehlər Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Cavabdehnə və Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Cavabdeh Lənkəran rayon Qaz İstismar İdarəsinə qarşı “maddi və mənəvi ziyanın ödənilməsi” tələbinə dair mülki işə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı cavabdehlər Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Cavabdehnə və Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Cavabdeh Lənkəran rayon Qaz İstismar İdarəsinə qarşı “maddi və mənəvi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdeh Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Cavabdehndən onun xeyrinə 14.545 (on dörd min beş yüz qırx beş) manat maddi ziyana görə və 900.000 (doqquz yüz min) manat məbləğində mənəvi ziyana görə kompensasiyanın, həmçinin ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, X9 Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Cavabdeh əməkdaşlarının səhlənkarlığı nəticəsində qardaşını itirmişdir. Qardaş itkisinin nə qədər ağır olmasını onu yaşamayandan başqa kimlərsə hiss edə bilməz. Həm də bu ölüm hansısa adi qaydada deyil, evdə yanması ilə baş vermişdirsə bunun sarsıntısını bir bacının çəkməsinin asan olmaması zənnincə başa düşüləndir. İşin halları ondan ibarətdir ki, Lənkəran rayon X12 nəzarətçi - çilingər vəzifəsində işləyən X11 üzərinə yanğın təhlükəsizliyi qaydalarına riayət edilməsi vəzifəsi qoyulmuş şəxs kimi Azərbaycan Respublikasında Yanğın Təhlükəsizliyi Qaydaları"nın 7.2, 7.8 "Qaz təsərrüfatında təhlükəsizlik qaydaları"nın 3.95-ci bəndələrinin tələblərini kobud surətdə pozaraq, ünvan 1 ünvanında yerləşən X3 məxsus 4 saylı evdə qaz cihazlarının quraşdırılması və istismarının müvafiq qaydalarının tələblərinə cavab verməsini təmin etməmiş, qaz cihazlarında təhlükəsizlik istifadə qaydaları üzrə ev sakinlərini müvafiq qaydada təlimatlandırmamış, qüsurların aşkar edilməsi və ləğvi məqsədi ilə daxili qaz avadanlıqlarına və birləşmələrə baxış keçirmədiyi üçün istismarı qadağan olunmuş, kustar üsulla hazırlanmış sobanın izolə edilmədən taxta döşəmənin üzərində istifadəsini aşkar etməmiş, bu səbəbdən də 17 dekabr 2010-cu il tarixdə saat 03:10 radələrində həmin evin şüşəbəndində, kustar üsulla hazırlanmış qaz sobasının uzun müddət nəzarətsiz istifadəsi nəticəsində həddən artıq qızmasından döşəmənin izolə edilməmiş taxta materialı alovun termiki təsirindən alışmış və yanğın baş vermişdir. Bu hadisə nəticəsində onun qardaşı X8 aldığı yanıq xəsarətlərindən hadisə yerində ölmüşdür və həmin evin içərisindən əşyalarla birlikdə yanmışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 18513 saylı rəyindən görünür ki, ünvan 1-də yerləşən 4 saylı fərdi yaşayış evində baş vermiş yanğın hadisəsi nəticəsində yaranmış qüsurların aradan qaldırılması üçün aparılmalı təmir-tikinti işlərinin hazırda mövcud olan bazar qiymətlərinə uyğun ümumi dəyəri təqribən 7.420 manat müəyyən olunmuşdur. Bundan başqa cinayət işinin materallarına əlavə edilmiş ona məxsus 44 adda əşyalarının yanması nəticəsində ona 7125 manat məbləğində maddi zərər də vurulmuşdur. Lənkəran rayon məhkəməsinin 17 oktyabr 2011-ci il tarixli, 1 (049)-221/2011 saylı hökmünə əsasən X11 Azərbaycan Respublikası CM-in 225.2-ci maddəsi ilə təqsirli bilinərək 3 (üç) il müddətə dövlət və yerli özünüidarə orqanlarında, o cümlədən qaz istehsalı və istismarı sahəsində rəhbər vəzifə tutmaq hüququndan məhrum edilməklə 4 il 6 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Lənkəran rayon məhkəməsinin 17 oktyabr 2011-ci il tarixli, 1 (049)-221/2011 saylı hökmü qanuni qüvvəyə minərək icraya yönəldilmişdir. Hökmdən görünür ki, iş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə -Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyinin 65 saylı rəyindən görünür ki, 1959-cu il təvəllüdlü X2 meyitinin məhkəmə-tibbi müayinəsi zamanı onun baş, boyun, gövdə, yuxarı və aşağı ətrafların ümumi sahəsi 100 % olan İV dərəcəli termiki yanığı aşkar edilmişdir, o cümlədən qərarın təsviri hissəsində göstərilən müddətə və şəraitdə, yəni xx.xx.2010-cu il tarixdə yanğın nəticəsində əmələ gələ bilərdi və dərəcəsinə görə canlı şəxslərdə həyat üçün təhlükəli olan, sağlamlığa AĞİR zərər vurmanın əlamətlərinə aiddir. Məhrum M.R.Məmmədovun ölümünə səbəb bədən səthinin 100 % olan İV dərəcəli termiki yanığı olmuşdur. Bu baş vermiş hadisə ilə əlaqədar Azərbaycan Respublikası CM-nin 225.2-ci maddəsi ilə cinayət işinin ibtidai istintaqı aparılmış və cinayət işi məhkəməyə göndərilmiş, iş üzrə Lənkəran Rayon Məhkəməsinin 17 oktyabr 2011-ci il tarixli hökmü çıxarılmış və qanuni qüvvəsini almışdır. Cinayət işi üzrə təyin edilmiş ekspertizaların rəylərindən görünür ki, hadisə "Azəriqaz” X1 X12 nəzarətçi-çilingər işləyən əməkdaşı X5 təqsiri ucbatından baş vermişdir. Yuxarıda qeyd olunan faktlar qanuni qüvvəyə minmiş Lənkəran Rayon Məhkəməsinin 17 oktyabr 2011-ci il tarixli hökmü ilə preyudisial qaydada öz təsdiqini tapmaqdadır. Hökmdən də görünür ki, iş üzrə 14.545 manat məbləğində maddi ziyan vardır. Cinayət işinin istintaq sənədlərindən də görünür ki, o, zərərçəkmiş olmaqla həm də şəxsin hüquqi varisi qismində tanınmışdır. Cavabdeh orqanın məsul vəzifədə çalışan əməkdaşının qanunsuz və hüquqazidd cinayət xarakterli hərəkətləri və baş verən hadisə nəticəsində ona və ailəsinə maddi və mənəvi ziyan dəymişdir. Baş vermiş cinayət hadisəsi nəticəsində qardaşının ölməsi ilə bağlı onun və digər ailə üzvlərinin mənəvi sarsıntı keçirməsi mübahisəsizdir və bu hadisə nəticəsində və ondan sonrakı proseseslər zamanı yaşanan streslər, əzab və əziyyətlər ilə bağlı vurulmuş mənəvi ziyanın ödənilməsini tələb etməkdə hüquqları vardır. Qanunverici isə bu halda mənəvi ziyanın pul məbləğində ifadə olunmasını mümkün sayır. Cavabdehin maddi durumu kifayət qədər yüksəkdir və iddianın tam təmin edilməsinə imkan verir. Onun keçirdiyi mənəvi iztirablar müəyyən müddətlə məhdudlaşmır, müəyyən vaxtdan sonra aradan qalxan, ya da unudulan hadisə deyildir. Bu hadisənin mənəvi ağrısını ömür boyu çəkməkləri istisna deyil. Bu baxımdan əmlaka vurulan zivana görə hökmlə təsdiqini tapmış 14.545 manat cavabdeh Azərbaycan Respublikası Dövlət Neft Şirkəti «Azəriaaz» İstehsalat Birliyindən alınaraq ona ödənilməlidir. Bundan başqa da mərhum qardaşının ölümü nəticəsində keçirdikləri stres, narahatlıq, məyusluq, mənəvi sarsıntı, iztirab və s. kimi halları nəzərə alaraq ona, dəymiş 900.000 (doqquz yüz min) manat məbləğində mənəvi zərər tam həcmdə cavabdeh Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Cavabdehndən alınaraq ona ödənilməlidir. Daha sonra iddiaçının nümayəndəsi və vəkili məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək iddiaçının soyadının Bağırova deyil Əzimova olaraq, hökm üzrə maddi ziyanı 14545 (on dörd min beş yüz qırx beş) manat eyil, 15545 (on beş min beş yüz qırx beş) manat kimi qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi və eyni zamanda vəkili İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələni müdafiə etdiyini bildirmiş, cavabdeh Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Cavabdehndən onun xeyrinə 15.545 (on beş min beş yüz qırx beş) manat maddi ziyana görə və 900.000 (doqquz yüz min) manat məbləğində mənəvi ziyana görə kompensasiyanın, həmçinin ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə cavabdehlər Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Cavabdehnə və Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Cavabdeh Lənkəran rayon Qaz İstismar İdarəsinə məhkəmə iclasının yeri və vaxtı barədə məhkəmə bildirişi göndərilməsinə baxmayaraq, cavabdehlərin nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. MPM-nin 185.5-ci maddəsinə əsasən məhkəmə cavabdehlərin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsi və eyni zamanda vəkilinin izahatını dinləyib, iş materiallarını tədqiq edib, sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan Lənkəran rayon məhkəməsinin 1(049)-221/2011 saylı, 17 oktyabr 2011-ci il tarixli hökmdən görünür ki, X11 Azərbaycan Respublikası CM-in 225.2-ci maddəsi ilə təqsirli bilinib 3 (üç) il müddətə dövlət və yerli özünüidarə orqanlarında, o cümlədən qaz istehsalı və istismarı sahəsində rəhbər vəzifə tutmaq hüququndan məhrum edilməklə 4 il 6 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməsi hökm edilmişdir.Həmin hökmdə qeyd edilmişdir ki, İddiaçı məhkəmə istintaqı başlananadək ona dəymiş 15545 manat maddi ziyanla bağlı mülki iddia vermədiyindən ona həmin ziyanla bağlı mülki mühakimə icraatı qaydasında məhkəməyə müraciət etmək hüququ izah edildi. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-1585/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsindən görünür ki, Cavabdeh İB-dən mənəvi zərərə görə 6.000 (altı min) manat məbləğində pul vəsaiti alınaraq X6 ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. Lənkəran Rayon Məhkəmsinin 06 may 2021-ci il tarixli, 2(049)-722/2021 saylı qətnaməsindən görünür ki, iddia qismən təmin edilmiş, maddi ziyana görə 15.545 (on beş min beş yüz qırx beş) manat və mənəvi ziyana görə 6000 (altı min) manat, həmçinin məhkəməyə iddia verilməsi üçün dövlət rüsumu kimi ödənilmiş 30 manat cavabdeh Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Cavabdehndən tutularaq X7 ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. Şirvan Apellyasiya Məhkəməsinin 11 noyabr 2021-ci il tarixli, 2(106)-2673/2021 saylı qərardadından görünür ki, İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş, Cavabdeh İB tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş, Lənkəran rayon məhkəməsinin 06 may 2021-ci il tarixli, 2(049)-722/2021 saylı qətnaməsi ləğv edilmiş, iş ərazi aidiyyatı üzrə baxılması üçün Bakı şəhəri Xətai Rayon Məhkəməsinə göndərilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-6979/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsindən görünür ki, Cavabdeh İB tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, iddiaçı X10 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-1585/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsi Cavabdehndən mənəvi zərərə görə 6000 (altı min) manat məbləğində pulun tutulması hissəsində dəyişdirilərək 10000 (on min) manat müəyyən edilişdir. İş materiallarında olan Cavabdeh İB-yi tərəfindən verilmiş etiraz ərizəsindən görünür ki, iddia tələbini əsassız hesab edirlər və təmin edilməməsini məhkəmədən xahiş edirlər. Belə ki, İ.R.Bağırova iddia ərizəsini onunla əsaslandırmışdır ki, X11 Azərbaycan Republikası Dövlət Neft Şirkəti Cavabdeh Lənkəran X13 İdarəsinin Lənkəran Xidmət Sahəsində nəzarətçi çilingər vəzifəsində işləyərkən üzərinə yanğın təhlükəsizliyi qaydalarına riayət edilməsi vəzifəsi qoyulmuş şəxs kimi Azərbaycan Respublikasında Yanğın Təhlükəsizliyi Qaydaları”nın 7.2, 7.8, “Qaz təsərrüfatında təhlükəsizlik qaydalan”nın 3.95-ci bəndinin tələblərini kobud surətdə pozaraq ünvan 1 ünvanında yerləşən X3 məxsus 4 saylı evdə qaz cihazlarının quraşdırılması və istismarının müvafiq qaydalarının tələblərinə cavab verməsini təmin etməmiş, qaz avadanlıqlarına və birləşmələrə baxış keçirmədiyi üçün istismarı qadağan olunmuş kustar üsulla hazırlanmış sobanın izolə edilmədən taxta döşəmənin üzərində istifadəsini aşkar etməmiş, bu səbəbdən də 17 dekabr 2010-cu il tarixdə saat 03:10 radələrində həmin evin şüşəbəndində kustar üsulla hazırlanmış qaz sobasının uzun müddət nəzarətsiz istifadəsi nəticəsində həddən artıq qızmasından döşəmənin izolə edilməmiş taxta materialı alovun termiki təsirindən alışmış və yanğın baş vermişdir. Bu hadisə nəticəsində iddiaçının qardaşı X8 aldığı yanıq xəsarətlərindən hadisə yerində ölmüşdür və həmin ev içərisində olan əşyalarla birlikdə yanmışdır. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə- Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyinin 65 saylı rəyindən görünür ki, 1959-cu il təvəllüdlü X2 meyidinin məhkəmə tibbi müayinəsi zamanı onun baş, boyun, gövdə, yuxarı və aşağı ətraflarında umumi sahəsi 100% olan İV dərəcəli termiki yanıq aşkar edilmişdir, o cümlədən qərarın təsviri hissəsində göstərilən müddətə və şəraitdə, yəni 17 dekabr 2010cu il tarixdə yanğın nəticəsində əmələ gələ bilərdi və dərəcəsinə görə canlı şəxslərdə həyat üçün təhlükəli olan sağlamlığa AĞİR zərər vurmanın əlamətlərinə aiddir. Məhrumun ölümünə səbəb bədən səthinin 100% olan İV dərəcəli termiki yanığı olmuşdur. Baş vermiş hadisə ilə əlaqədar Azərbaycan Respublikası CM- nin 225.2-ci maddəsi ilə cinayət işinin ibtidai istintaqı aparılmış və cinayət işi mahiyyəti üzrə baxılması üçün Məhkəməyə göndərilmişdir. Lənkəran rayon Məhkəməsinin 1(049)- 221/2011 saylı, 17 oktyabr 2011-ci il tarixli hökmü ilə X11 Azərbaycan Respublikası CM-nin 225.2-ci maddəsi ilə təqsirli bilinərək 3(üç) il müddətinə dövlət və yerli özünüidarə orqanlarında, o cümlədən qaz istehsalı və istismarı sahəsində rəhbər vəzifə tutmaq hüququndan məhrum edilməklə 4 il 6 ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Ekspertiza rəyinə əsasən hökmlə müəyyən edilmişdir ki, X2 ölümünə səbəb yanıq yaralarından baş vermiş yanıq şoku olmuşdur. Lənkəran Rayon Məhkəməsinin 1 (049)-221 /2011 saylı, 17 oktyabr 2011-ci il tarixli hökmündən 10 ilə yaxın vaxt keçdikdən sonra iddiaçı tərəfindən mənəvi ziyanla bağlı məhkəməyə müraciət edilməsi həqiqətən də ona mənəvi ziyan dəyməsinin nədə ifadə olunmasını aydınlaşdırmaqda çətinlik yaradır. Hesab edirlər ki, analoji işlərdə iddianın əsasını mülki hüquq pozuntusu və qeyd olunan pozuntu nəticəsində dəymiş maddi ziyan təşkil edir. Mənəvi ziyanla bağlı tələb isə törəmə tələbdir. Bu işlərdə ilkin olaraq mülki hüquq pozuntusunun təsdiq olunması faktının müəyyən olunması, başqa sözlə iddiaçının hüquqlarının pozulmasının tanınması mühüm əhəmiyyət kəsb edir. Belə ki, iddiaçının qardaşının bədbəxt və arzuolanmaz hadisə nəticəsində həyatını itirməsinə səbəb olan hallar cinayət orqanı tərəfindən tam araşdırılmış və cinayət işi üzrə təqsirləndirilən şəxs cinayət qanunvericiliyinin tələblərinə uyğun olaraq Lənkəran Rayon Məhkəsinin 1(049)-221/2011 saylı, xx.xx.2020-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 225.2-ci maddəsi ilə təqsirli bilinərək 3(üç) il müddətinə dövlət və yerli özünüidarə orqanlarında, o cümlədən qaz istehsalı və istismarı sahəsində rəhbər vəzifə tutmaq hüququndan məhrum edilməklə 4 il 6 ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Hazırki işdə də iddiaçının hüquqlarının pozulması faktı tanınmışdır. Hətta “Alexina və digərləri Rusiyaya qarşı” işdə X17 Məhkəməsinin mövqeyinə görə pozuntu faktının tanınması belə mənəvi ziyanın ədalətli əvəzi hesab edilə bilər. Həmçinin məhkəmənin hökmü ilə təqsirləndirilən şəxsin azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi artıq onu deməyə əsas verir ki, iddiaçının pozulmuş hüquqları artıq bərpa olunub. Bu baxımdan, cavabdehdən mənəvi zərərə görə 900.000 manat yüksək məbləğdə pulun tutulması ağlabatan və ədalətli kompensasiya hesab edilə bilməz. Mənəvi ziyanın ödənilməsi ilə bağlı bildirirlər ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair 31 may 2002-ci il tarixli qərarında məhkəmələr tərəfindən mənəvi ziyanın tətbiqi ilə əlaqədar çətinliklərin olmasını nəzərə alaraq Mülki Məcəllədə təsbit edilmiş “zərər” anlayışını şərh etmişdi. Konstitusiya Məhkəməsi qərara almışdır ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini, həmin Məcəllənin 23-cü maddəsində nəzərdə tutulmuş zərər dedikdə şərəfin, ləyaqətin və işgüzar nüfuzun ləkələnməsi ilə bağlı şəxsə dəymiş mənəvi zərər (fiziki və mənəvi iztirablar) və maddi zərər başa düşülür. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23-cü maddəsinin şərh edilməsinə dair 24 aprel 2020- ci il tarixli qərarında qeyd olunmuşdur ki;-Nəzərə alınmalıdır ki, mənəvi təzminat tələbi vərəsəliklə əlaqəli deyil. Belə ki, mənəvi təzminat tələbi ilə çıxış edən iddiaçı ölən şəxsin vərəsəsi olsa da, onların ölümdən əvvəl emosional yaxınlığı olmadığı, iddiaçı şəxsin ölməsi ilə əlaqədar ağrı və kədər hissi və ya mənəvi sarsıntı keçirmədiyi təqdirdə onun mənəvi təzminat almaq tələbi də istisna edilir. Mənəvi təzminatı tələb etmək hüququ olan şəxslərin dairəsinə gəlincə isə qeyd edilməlidir ki, bu hüquqa ölən və ya sağlamlığına zərər vurulan şəxsin yaxınları malik ola bilər. Şəxsin “yaxını” dedikdə onun məhz ailə hüququ çərçivəsində qohumu deyil, ölmüş və ya sağlamlığına zərər vurulmuş şəxslə xüsusi bağlılığı ilə səciyyələnən, səmimi münasibətinin və mənəvi yaxınlığının olduğu, həyatında mühüm yer tutan, uzun müddət birgə yaşadığı və birgə təsərüfat apardığı, ölümündən və ya sağlamlığına vurulan zərər nəticəsində həyat şəraiti dəyişmiş, həqiqətən mənəvi sarsıntı, əzab və iztirab keçirmiş insan nəzərdə tutulur. Hüquqa zidd hərəkətdən zərərçəkmiş qardaş və ya bacıların mənəvi təzminat tələbinə baxılarkən onlar arasında doğmalıq və sevgi hislərinin, mütəmadi və sıx ünsiyyətlərinin olub-olmaması kimi məqamlar nəzərdən keçirilməlidir. Lənkəran Rayon Məhkəməsinin 1(049)-221/2011 saylı, 17 oktyabr 2011-ci il tarixli hökmündən görünür ki, zərəçəkmiş şəxsin hüquqi varisi, eyni zamanda zərəçəkmiş şəxs, həmçinin mərhum X2 doğma bacısı İddiaçı ailəsi ilə birlikdə Lənkəran şəhəri H.Əliyev prospekti 78/6 mənzil 5-də yaşamışdır. Qeyd olunan hökmdən görünür ki, mərhum X8 isə Lənkəran şəhəri Şəhidlər Xiyabanı küçəsi dalan 4 ev 4-də tənha yaşamış, yəni onların arasında səmimi münasibət və mənəvi yaxınlıq olmamışdır. Onlar birgə yaşamamış və birgə təsərüfat aparmamışlar, odur ki, mərhum X2 ölümündən sonra bacısı İddiaçı həyat şəraitinin dəyişməsi, onun həqiqətən mənəvi sarsıntı, əzab və iztirab keçirməsi inandırıcı hesab edilmir. Beləliklə, göstərilənlər İddiaçı mənəvi təzminat almaq hüququnu istisna edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 24 aprel 2020-cı il tarixli Qərarına əsasən, mənəvi zərərin vurulmasının sübut edilməsinin kifayət qədər mürəkkəb olması mübahisəsizdir. Bu növ iddialarda şəxs maddi deyil, mənəvi aləmində, şüurunda baş vermiş mənfi halları, sarsıntını, yaşamaq eşqinin azalmasını və s. məhkəmə qarşısında sübut etməlidir. Lənkəran Rayon Məhkəməsinin 1(049)-221/2011 saylı, 17 oktyabr 2011-ci il tarixli hökmünün 5-ci səhifəsinin 3-cü abzasında göstərilmişdir ki, cinayət işinin səhifə 92-95- də olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 18513 saylı rəyindən görünür ki, Lənkəran şəhəri Şəhidlər Xiyabanı küçəsi dalan 4-də yerləşən 4 saylı fərdi yaşayış evində baş vermiş yanğın hadisəsi nəticəsində yaranmış qüsurların aradan qaldırılması üçün aparılmalı təmir-tikinti işlərinin hazırda mövcüd olan bazar qiymətlərinə uyğun ümumi dəyəri təqribən 7420,0 (yeddi min dörd yüz iyirmi) manat müəyyən olunmuşdur. Lənkəran Rayon Məhkəməsinin 1(049)-221/2011 saylı, 17 oktyabr 2011-ci il tarixli hökmünün 5-ci səhifəsinin 4-cü abzasında göstərilmişdir ki, cinayət işinin səhifə 96-97- də olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 18504 saylı rəyindən və siyahıdan görünür ki, 17 dekabr 2010-cu il tarixdə Lənkəran şəhəri Şəhidlər Xiyabanı küçəsi dalan 4 ev 4-də baş vermiş yanğın hadisəsindən sonra, yanaraq yararsız hala düşmüş şəxsi əmlakın qiymətləndirilməsində zəruri olan kifayət qədər məlumatların olmamasına görə, əmtəə üzrə dəymiş ziyanın məbləğini müəyyən etmək mümkün olmamışdır. Göstərilənləri nəzərə alaraq, Azərbaycan Respublikası Mülki-Prossesual Məcəlləsinin müddəalarını rəhbər tutaraq X4 Cavabdehnə qarşı ona dəymiş maddi ziyana görə 14,545 (on dörd min beş yüz qırx beş) manat və mənəvi ziyana görə 900,000(doqquz yüz min) manat məbləğində kompensasiyanın, həmçinin ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun tutulması tələbi haqqında iddia ərizəsinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2-ci maddəyə görə zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 21.3-cü maddə isə müəyyən edir ki, zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır." Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2002-ci il tarixli qərarında Plenum qeyd etmişdir ki, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqları və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı iztirab verir. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri və əmlak vəziyyəti və sair vacib halların nəzərə alınması zəruridir. Hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən edilməlidir. «Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun 03 noyabr 2008-ci il tarixli 7 №li qərarının 1-ci bəndində göstərilmişdir ki, «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında Konvensiya»nın 41-ci maddəsinə və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərinə əsasən mənəvi zərər şəxsə qeyri-əmlak, habelə, əmlak zərəri vurulduqda ödənilə bilər. Həmin Qərarın 2-ci bəndinə əsasən Azərbaycan Respublikası qanunvericiliyinin, «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında Konvensiya»nın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından «mənəvi zərər» anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyriəmlak xarakterli hüquq və azadlıqlarının, habelə, əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibb sirlərin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığa xəsarət yetirilməsi və s. hallarda özünü büruzə verə bilər. Qeyd edilən Qərarın 8-ci bəndinə əsasən məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirməsini aydınlaşdırmağa borcludur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. İşdə olan sübutlarla təsdiq edilir ki, cavabdeh ARDNŞ Cavabdeh İB-nin işçisi olan X11 vəzifəli şəxs kimi işə vicdansız və laqeyd münasibəti nəticəsində öz xidməti vəzifələrini lazımi qaydada yerinə yetirməməklə ehtiyatsızlıqdan iddiaçının qardaşı X2 ölümünə səbəb olan səhlənkarlıq etmiş, bunun nəticəsində onun ölməsinə səbəb olmuşdur. Hal-hazırda iddiaçı baş vermiş cinayət hadisəsi nəticəsində qardaşının ölməsi və onun mənəvi sarsıntı keçirməsinə əsaslanaraq, bu hadisə nəticəsində və ondan sonrakı prosesslər zamanı yaşadığı streslər, əzab və əziyyətlər ilə bağlı vurulmuş mənəvi ziyanın ödənilməsini tələb edir. Məhkəmə hesab edir ki, iddiaçının qardaşının faciəvi şəkildə həlak olması, bunun nəticəsində ailənin natamam qalması, iddiaçının yaşadığı ruhi sarsıntılar iddiaçıya mənəvi zərərin yetirilməsinə dəlalət edir. Bununla yanaşı məhkəmə hesab edir ki, iddiaçı ona dəyən mənəvi zərərin məbləğini 900000 manat məbləğində qiymətləndirsə də, məhkəmə həmin məbləği müəyyən edərkən, işin faktiki hallarını, iddiaçıya dəyən maddi zərərin ödənilməsini, habelə cavabdehin mənəvi zərərin yetirilməsində rolunu və qəsdinin olmamasını, cavabdehin işçiləri tərəfindən qeyd edilmiş cinayətin ehtiyatsızlıqdan, səhlənkarlıq nəticəsində törədilməsini nəzərə almalıdır. Mülki Məcəllənin 1097.1-ci maddəsi müəyyən edir ki, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Həmin Məcəllənin 1099.1-ci maddəsinə görə hüquqi və ya fiziki şəxs öz işçisinin törətdiyi mülki hüquq pozuntusu (delikt) üçün məsuliyyət daşıyır və əmək (qulluq, mənsəb) vəzifələrinin icrası zamanı işçisinin vurduğu zərərin əvəzini ödəməlidir. Məhkəmə belə qənaətə gəlir ki, cavabdehin işçisinin səhlənkarlığı nəticəsində baş vermiş cinayət hadisəsi nəticəsində iddiaçıya 15.545 (on beş min beş yüz qırx beş) manat maddi zərərin dəyməsi, həmçinin iddiaçının qardaşının həlak olması ilə bağlı iddiaçının mənəvi sarsıntı keçirməsi mübahisəsizdir və o, bu hadisə nəticəsində ona dəymiş maddi zərəri, habelə qardaşının həlak olması nəticəsində stresləri, əzab və əziyyətləri ilə bağlı vurulmuş mənəvi ziyanın ödənilməsini tələb etməkdə haqlıdır. Qanunverici bu halda mənəvi ziyanın pul məbləğində ifadə olunmasını mümkün sayır. Məhkəmə işin faktiki hallarını, mülki işdə olan sübutları, yuxarıda qeyd edilmiş maddi və prosessual qanunvericiliyin tələblərini nəzərə alaraq belə qənaətə gəlir ki, Cavabdehndən 15545 (on beş min beş yüz qırx beş) manat maddi, 10000 (on min) manat məbləğində dəymiş mənəvi ziyanın İddiaçı xeyrinə tutulması ədalətli olmaqla yanaşı tərəflərin mənafeyinə uyğundur. İş üzrə məhkəmə xərcləri iddia ərizəsinin verilməsi üçün ödənilmiş 30 manat dövlət rüsumundan ibarətdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə uyğun olaraq məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə görə isə, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Həmin məcəllənin 217.4 maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Cavabdehndən 15545 (on beş min beş yüz qırx beş) manat maddi, 10000 (on min) manat məbləğində dəymiş mənəvi ziyan İddiaçı xeyrinə tutulsun. İddia qismən təmin edildiyindən dövlət rüsumu kimi ödənilmiş 30 manatın 50%, yəni 15 manat cavabdehdən tutularaq iddiaçıya ödənilsin, qalan 50%, yəni 15 manat iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: İlahə Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar