Məhkəmə qərarları › İş №2(011)-1063/2024

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-1063/2024

09.01.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-1063/2024 09.01.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Həsənova Aygün Namiq qızının sədrliyi, Quliyeva Nərmin İsmayıl qızının katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pul tələbi” barədə iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddia ərizəsinin dəlilləri: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 11 noyabr 2015-ci il tarixli 2(011)-7406/2015 saylı qətnaməsinin qəbul edildiyi 11 noyabr 2015-ci il tarixdən hazırkı iddia ərizəsinin məhkəməyə təqdim edildiyi 11 noyabr 2023-cü il tarixədək olan 2.100 manat pulun illik 5 faiz olmaqla 8 il müddətində hər il üçün 105 manat, cəmi 840 manat (2100 manat/100%=21 х 5%=105 manat, 105 manat x 8 il=840 manat) pulun alınaraq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 11 noyabr 2015-ci il tarixli 2(011)-7406/2015 saylı qətnaməsi ilə iddiaçının Cavabdeh qarşı “pul tələbinə dair” iddia ərizəsi təmin edilərək Cavabdeh 2.100 manat pulun tutularaq iddiaçıya ödənilməsi qət edilib. Qətnamə qanuni qüvvəyə minib və icra edilməsi üçün borclunun qeydiyyatda olduğu yer üzrə Bakı şəhəri Xətai rayon İcra Şöbəsinə göndərilib. Lakin Bakı şəhəri Xətai Rayon İcra Şöbəsinin icra məmuru tərəfindən qətnamənin icra edilməsi Cavabdeh icra tədbirlərindən yayınması səbəbindən mümkün olmayıb. Cavabdeh qanunla müəyyən edilmiş qaydada və müddətdə tələbkara münasibətdə icra ödənişini həyata keçirmədiyi üçün Bakı şəhəri Xətai rayon İcra Şöbəsinin icra məmuru tərəfindən borclu Cavabdeh Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinib inzibati məsuliyyətə cəlb edilməsinə dair inzibati xəta haqqında protokol tərtib edərək baxılması üçün Bakı şəhəri Xətai Rayon Məhkəməsinə göndərilib. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 15 noyabr 2016-cı il tarixli 3(011)-701/2016 saylı inzibati xəta haqqında iş üzrə qərarı ilə borclu Cavabdeh Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinərək 500 manat məbləğində cərimə edilmişdir. Bundan başqa, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 07 sentyabr 2016-cı il tarixli, 8(011)-853/2016 saylı qərardadı ilə Cavabdeh ölkədən getmək hüququ müvəqqəti olaraq məhdudlaşdırılıb. İş üzrə cavabdeh məhkəmə qərarını icra etmədiyindən, mənə məxsus olan pulu uzun müddət qanunsuz olaraq özündə saxlamaqla iddiaçını pulundan fayda əldə etməkdən məhrum edib. Odur ki, cavabdeh Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 445.7-ci maddəsinin tələbinə uyğun olaraq gecikdirilmiş vaxt üçün illik 5 faiz ödəməyə borcludur. Bununla əlaqədar olaraq iddiaçı 23 oktyabr 2023-cü il tarixli 1159/23 saylı pretenziya məktubu ilə Cavabdeh müraciət edərək 5 gün müddətinə 840 manat pulun ödənilməsini, əks halda məhkəməyə müraciət ediləcəyini və məhkəmə xərclərinin də cavabdehdən tələb ediləcəyini Cavabdeh nəzərinə çatdırmışdır. Lakin cavabdeh qətnaməni yenə də icra etməyib. Aşağıda göstərilənlərə əsasən Cavabdeh Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 11 noyabr 2015-ci il tarixli 2(011)-7406/2015 saylı qətnaməsinin qəbul edildiyi 11 noyabr 2015-ci il tarixdən hazırkı iddia ərizəsinin məhkəməyə təqdim edildiyi 23 noyabr 2023-cü il tarixədək olan 8 il müddətində 840 manat pulun alınaraq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılması zəruridir. İşin faktiki halları və iş üzrə toplanmış sübutlarla təsdiq edilir ki, məhkəmənin müvafiq qətnaməsi ilə Cavabdeh 2.100 manat pulun tutularaq iddiaçıya ödənilməsi qət edilib. Lakin Cavabdeh 8 il müddətində göstərilən məbləği ödəməkdən imtina edib. Bununla əlaqədar olaraq Cavabdeh Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 11 noyabr 2015-ci il tarixli 2(011)-7406/2015 saylı qətnaməsinin qəbul edildiyi 11 noyabr 2015-ci il tarixdən hazırkı iddia ərizəsinin məhkəməyə təqdim edildiyi 11 noyabr 2023-cü il tarixədək olan 2.100 manat pulun illik 5 faiz olmaqla 8 il müddətində 840 manat pulun alınaraq iddiaçıya ödənilməsi zəruridir (2.100 manat/100%- 21x5%=105 manat. 105 manat x 8 il=840 manat). Qanunvericiliyin göstərilən tələblərindən göründüyü kimi, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. Hazırkı işdə əsas borc məbləğinə dair qətnamənin qəbul edilmə vaxtı olan 11 noyabr 2015-ci il tarixdən sonrakı müddət üçün cavabdeh məsuliyyət daşıyır və həmin pul məbləğinin hər hansı əsas olmadan özündə saxlanılması qanunsuz olmaqla, həmin pul vəsaitindən cavabdehin istifadə etməsini və gəlir götürməsini də istisna etmir. Cavabdehin barəsində qəbul edilmiş qətnamənin qəbul edildiyi 11 noyabr 2015-ci il tarixdən hazırkı iddia ərizəsinin birinci instansiya məhkəməsinə verildiyi 11 noyabr 2023-cü il tarixədək olan müddət üçün cavabdehdan 840 manat tutulmalıdır. Digər işlər üzrə məhkəmələr tərəfindən qəbul edilmiş qətnamələrə əsasən də Cavabdeh Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 11 noyabr 2015-ci il tarixli 2(011)-7406/2015 saylı qətnaməsini 8 il müddətinə icra etmədiyi üçün Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə əsasən faizlər ödəməsinə dair iddia tələbinin qanuni olması təsdiq edilir. Bununla əlaqədar olaraq iddiaçı cavabdehə pretenziya məktubları ilə müraciət etsə də, cavabdeh göstərilən məbləği ödəməkdən imtina etmişdir. Tərəflərin izahatları: İddiaçı ərizə ilə məhkəməyə müraciət edərək məhkəmə iclasında iştirak edə bilməyəcəyini, iddia tələbini müdafiə etdiyini bildirmiş və onun təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında cavabdeh iddia tələbinə etiraz edərək onun təmin edilməməsini xahiş etmişdir. O, verdiyi izahatda bildirmişdir ki, məhkəmə qətnaməsi əsasında ondan tutulmuş pulu hissə-hissə iddiaçıya ödəmiş, sonuncu ödənişi 2022-ci ilin fevral ayında etmişdir. İşin faktiki halları: İşin mübahisə edilməyən halları ondan ibarətdir ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-7406/2015 saylı, 11 noyabr 2015-ci il tarixli qətnaməsinə əsasən iddia tələbi təmin edilmiş, Cavabdeh 2.100 manat pulun alınaraq İddiaçı ödənilməsi qət edilmişdir. İş materiallarında olan borcun ödənilməsinə dair qəbzlərdən görünür ki, 2017- 2022-ci il aralığında ümumilikdə 850 manat ödəniş etmiş, sonuncu ödənişi 14 fevral 2022ci il tarixdə etmişdir. İddiaçı hazırda qətnamənin qəbul edildiyi 11 noyabr 2015-ci il tarixdən iddia ərizəsinin məhkəməyə təqdim edildiyi 21 noyabr 2023-cü il tarixədək olan müddət ərzində icranın gecikdirilməsinə görə illik 5 faiz ödəniş tələb edir. Mülki işə tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsi: 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 445.1-ci maddəsinə əsasən, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. 445.7-ci maddəsinə əsasən, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsi: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 124.1-ci maddəsinə əsasən, işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunu: 9.1.20-ci maddəsinə əsasən, məhkəmədə verilən iddialar üzrə - şəhid ailələri, müharibə veteranları, müharibə ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər, qaçqınlar və məcburi köçkünlər, habelə Çernobıl AES-də qəza nəticəsində şüa xəstəliyinə və şüa yükü ilə əlaqədar xəstəliyə tutulmuş və ya bu xəstəlikləri keçirmiş şəxslər dövlət rüsumu ödəməkdən azaddırlar. İşə baxan məhkəmənin mövqeyi: Məhkəmə iş materiallarını nəzərdən keçirərək və tərəflərin izahatlarını dinləyərək hesab edir ki, iddia tələbi qismən əsaslıdır. Belə ki, qanunvericiliyin tələblərinə əsasən, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Hazırkı iş üzrə məhkəmə qətnaməsi ilə cavabdehdən iddiaçının xeyrinə vəsait tutulmasına baxmayaraq, cavabdeh öhdəliyini tam şəkildə icra etməmişdir. Bu səbəbdən, kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz tələb etməkdə haqlıdır. Məhkəmə iddia tələbinin həcminə münasibətdə qeyd edir ki, cavabdeh öhdəliyin bir qismini hissə-hissə ödənişlər etməklə icra etmişdir. İddiaçı Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 11 noyabr 2015-ci il tarixli 2(011)-7406/2015 saylı qətnaməsinin qəbul edildiyi 11 noyabr 2015-ci il tarixdən etibarən illik 5%-in hesablanmasını tələb etsə də, iş materiallarında olan qəbzlər və cavabdehin izahatları ilə müəyyən edilir ki, cavabdeh öhdəliyini hissə-hissə də olsa icra etmiş, 2022-ci ilin fevral ayında sonuncu ödənişi etmişdir. Odur ki, hesablanacaq faiz məbləği 2022-ci ilin mart ayından bugünə qədər icra edilməyən öhdəliyə münasibətdə hesablanmalıdır. İş materiallarından görünür ki, cavabdehin iddiaçıya 1.250 manat borcu qalmışdır. Belə olan halda məhz bu məbləğin illik 5%-i hesablanmalıdır. 2022-ci ilin mart ayından iddia ərizəsinin verildiyi 21 noyabr 2023-cü il tarixə qədər 21 ay ötmüşdür. Ödənilməmiş məbləğ üzrə 1 ilin 5%-i 62.50 manat, 9 ayın 5%-i isə 46.87 manat təşkil edir (ümumilikdə 109.37 manat). Beləliklə, məhkəmə yuxarıda sadalananlara əsasən belə hesab edir ki, iddia tələbi qismən təmin edilməli, cavabdehdən iddiaçının xeyrinə 109.37 manat pul vəsaiti tutulmalı, iddia tələbi qalan hissədə rədd edilməlidir. Məhkəmə mülki-prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq məhkəmə xərclərinin bölüşdürülməsi məsələsini də qətnaməsində əks etdirməlidir. İş materiallarında olan vəsiqənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, iddiaçı Zəngilan rayonundan məcburi köçkündür və dövlət rüsumu ödəməkdən azaddır. Odur ki, məhkəmə dövlət rüsumunun ödənilməsinə münasibətdə qeyd edir ki, iddiaçı dövlət rüsumu ödəməkdən azad olunduğundan, iddia tələbi də qismən təmin edildiyindən, iddianın təmin edilmiş hissəsinə müvafiq olaraq Cavabdeh 30 manat dövlət rüsumu tutularaq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə ödənilməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki-Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki-Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia tələbi qismən təmin edilsin. Cavabdeh 109.37 (bir yüz doqquz manat otuz yeddi qəpik) manat məbləğində pul vəsaiti alınaraq İddiaçı ödənilsin. Cavabdeh 30 (otuz) manat dövlət rüsumu tutularaq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə ödənilsin. İddia tələbi qalan hissədə rədd edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Aygün Həsənova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar