Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-1067/2021 11.02.2021 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Mehrəliyev Sərdar Bəşərəddin oglunun sədrliyi, məhkəmə iclas katibi X1, iddiaçının nümayəndəsi X2 iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı “pul tələbinə dair” iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı MMC Cavabdeh qarşı “pul tələbinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən iddiaçının xeyrinə kabel şəbəkəsinə qanunsuz qoşulma nəticəsində abunə haqqı qismində vurulmuş zərərə görə 65,10 manat, hüquqi xidmətlərin göstərilməsi, qrafık üzrə keçirilən nəzarət baxışı zamanı binaların yoxlanılması üçün 150 manat, 20 manat dövlət rüsumu və 0,40 manat bank xidməti haqqı olmaqla cəmi 235,50 manat məbləğində pulun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, “K@TV1” əmtəə nişanı ilə fəaliyyət göstələn İddiaçı MMC Bakı şəhərində kabel şəbəkəsinin qurulması və əhaliyə kabel televiziyası xidmətləri göstərilməsi məqsədi ilə Milli Televiziya və Radio Şurasından xx.xx.2005-ci il tarixli, TR 057 saylı və xx.xx.2011-ci il tarixli, TR 066 saylı Lisenziyalar almışdır. Bu məqsədlə Bakı şəhərinin müxtəlif rayonlarında kabel şəbəkəsi quraşdırmaqla, vətəndaşların fərdi mənzillərinə kabel televiziyasının yayımını təşkil edir. Lakin bir çox vətəndaşlar İddiaçı MMC ilə müqavilə bağlamadan qanunsuz olaraq şirkətin kabel şəbəkəsinə qoşulurlar. Bu qanunsuzluqların qarşısının alınması məqsədi ilə İddiaçı MMC ilə “Ədalət- A” hüquq firması arasında xx.xx.2008-ci il, xx.xx.2011-ci il, xx.xx.2014-cü il, xx.xx.2015-ci il və xx.xx.2018-ci il tarixlərdə hüquqi xidmətlərin göstərilməsinə dair müqavilələr imzalanmışdır. DİN BPQMİ-nin MAPS şöbəsinin arayışına əsasən cavabdeh Bakı şəhəri, Xətai rayonu, S.Orucov küçəsi, 1188, ev 17 C, mən. 471 ünvanında qeydiyyatdadır. 6 saylı MKİS tərəfindən verilmiş arayışa əsasən Bakı şəhəri, Xətai rayonu, N.Tusi küçəsi ev 18, mənzil 113 ünvanında yerləşən yaşayış sahəsi cavabdehə məxsus olmuşdur. Belə ki, xx.xx.2007-ci il tarixdə həmin ünvanda yaşayan cavabdeh ilə İddiaçı MMC arasında bağlanmış müqaviləyə əsasən mənzil “K@TV1” xidmətlərinin göstərilməsi üçün Kabel Televiziyasının şəbəkəsinə qoşulmuş, son ödəməsini xx.xx.2012-ci il tarixinədək etmiş və həmin ünvan xx.xx.2012-ci il tarixdə şəbəkədən ayrılmışdır. xx.xx.2013-cü il tarixdə “xxxx” hüquq firmasının və “K@TV1” kabel televiziyasının əməkdaşları Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin nümayəndəsinin iştirakı ilə sözügedən ünvanda kabel şəbəkəsinə baxış keçirən zaman, həmin mənzilin kabel şəbəkəsinə qanunsuz qoşulması faktı aşkar edilmiş, mənzil sakini aktı imzalamaqdan və qəbul etməkdən imtina etmiş, bu barədə 1339 KA saylı akt tərtib olunmuş və qanunsuz qoşulmuş kabel şəbəkədən ayrılmışdır. 1339 KA saylı akt tərtib edilənədək həmin ünvanda yerləşən binaya sonuncu dəfə xx.xx.2012-ci il tarixdə baxış keçirilmişdir. Kabel televiziyasının xidmətlərindən istifadə üçün aylıq abunə haqqı xx.xx.2015-ci il tarixədək 9 manat, 0109.2015-ci il tarixdən isə 10 manat təşkil edir. Sözügedən ünvana son baxışın keçirildiyi xx.xx.2012-ci il tarixdən qanunsuz qoşulma barədə aktın tərtib olunduğu xx.xx.2013-cü il tarixə qədər olan müddət 217 gün təşkil edir. Bu isə həmin dövrdə hər gün üçün 30 qəpik maddi ziyan hesablamaq şərtilə müvafiq müqavilə bağlamadan kabel şəbəkəsinə qanunsuz olaraq qoşulma nəticəsində iddiaçıya vurulmuş zərər 65,10 manat 1 təşkil edir. Bundan əlavə İddiaçı MMC “xxxx” hüquq firması ilə bağlanmış hüquqi xidmətlərin göstərilməsinə dair müqavilənin 4.1-ci bəndinə əsasən hüquqi xidmətlərin göstərilməsi və qrafik üzrə keçirilən nəzarət baxışı zamanı binaların yoxlanılması üçün 150 manat pul ödəyir. Dəymiş zərərin əvəzinin könüllü ödənilməsi üçün cavabdehə pretenziya məktubu göndərilmiş, lakin bu günədək cavabdeh tərəfindən dəymiş zərərin əvəzi ödənilməmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi X3 iddia ərizəsinin məzmununa uyğun izahat verib, iddianın təmin edilməsi haqqında qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə Cavabdeh qanunla müəyyən edilmiş qaydada məlumat verilməsinə baxmayaraq o, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş və işə onun iştirakı olmadan baxılmasını xahiş etməmişdir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün sayır. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib iş materiallarını araşdıraraq hesab edir ki, iddia ərizəsi aşağıdakılara əsasən qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan xx.xx.2011-ci il tarixli TR N:066 saylı Teleradio yayımı üçün Lisenziyanın surətindən görünür ki, bu lisenziya kabel və efir-kabel üsulu ilə televiziya yayımı üçün İddiaçı MMC-yə 6 il müddətinə verilmişdir. İş materiallarında olan Bakı şəhəri Xətai rayonu 85 aylı MKİS tərəfindən verilmiş arayışdan görünür ki, qanunsuz qoşulma faktı baş verən zaman Bakı şəhəri, Xətai rayonu, N.Tusi küçəsi ev 18, 113 saylı mənzil Cavabdeh məxsusdur. İş materiallarında olan “xxxx” MMC-nin və İddiaçı MMC-nin əməkdaşları tərəfindən xx.xx.2013-cü il tarixdə tərtib edilmiş aktın surətindən görünür ki, Bakı şəhəri, Xətai rayonu, N.Tusi küçəsi ev 18, 113 saylı mənzildə “KATV1” kabel şəbəkəsinə lazımi müqavilə bağlamadan qanunsuz olaraq qoşulma aşkar edilmişdir. İş materiallarında olan xx.xx.2019-cu il tarixlimədaxil orderindən görünür ki, İddiaçı MMC tərəfindən “xxxx” MMC-yə Cavabdeh qarşı qanunsuz qoşulma ilə bağlı pul tələbi üzrə hüquqi xidmət üçün 150 manat məbləğində pul ödənilmişdir. Qeyd etmək lazımdır ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.2.6-cı maddəsinə əsasən başqa şəxsə zərər vurulması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri kimi təsbit edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096-cı maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqazidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam ödənilməlidir. “Telekommunikasiya haqqında” Azərbaycan Respublikası Qanununun 35-ci maddəsinə əsasən, telekommunikasiya şəbəkələrində, vasitələrinə və qurğularına razılaşdırılmamış qoşulma, müdaxilə və zədələnmə nəticəsində yaranan zərərin əvəzi təqsirkar şəxslər tərəfindən aidiyyəti operatora, provayderə tam həcmdə ödənilir. Məhkəmə işin faktiki hallarını və qanunvericiliyin göstərilən müddəalarını nəzərə alaraq qeyd edir ki, Bakı şəhəri, Xətai rayonu, N.Tusi küçəsi ev 18 ünvanda yerləşən cavabdehə məxsus 113 saylı mənzilin kabel şəbəkəsinə baxış keçirən zaman kabel şəbəkəsinə qanunsuz qoşulması, nəticədə iddiaçıya 65,10 manat ziyan dəyməsi təsdiq olunur. Ona görə də iddia tələbi dəymiş həmin zərərin tutulması hissəsində təmin olunmalıdır. Bununla yanaşı, iddia tələbinin “hüquqi xidmətlərin göstərilməsi, qrafık üzrə keçirilən nəzarət baxışı zamanı binaların yoxlanılması və hər bir təkrar qanunsuz qoşulma faktının rəsmiləşdirilməsi və aradan qaldırılması üçün ödənilmiş 150 manat məbləğində pulun tutulması” hissəsinə münasibətdə məhkəmə hesab edir ki, iddia tələbi həmin hissədə qismən təmin olunmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 121.1-ci maddəsinə görə, məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Məhkəmə hazırki üş üzrə hüquqi xidmətə görə tələb olunan 150 manat məbləği ağlabatan hesab etmədiyinə görə, iddia tələbini həmin hissədə qismən, yəni 50 manat hissəsində təmin olunması qənaətinə gəlir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edildiyinə görə dövlət rüsumunun 10,60 manat hissəsi cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4.-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220-ci, 360-cı maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh kabel şəbəkəsinə qanunsuz olaraq qoşulma nəticəsində 65,10 manat abunə haqqı qismində vurulmuş zərər, 50 manat hüquqi xidmət xərci və ödənilmiş dövlət rüsumunun 10,60 manat hissəsi olmaqla, cəmi 125,70 (bir yüz on beş manat 70 qəpik) manat İddiaçı xeyrinə tutulsun. İddia ərizəsi qalan hissədə təmin edilməsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı Şəhəri Xətai Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Sərdar Mehrəliyev
Məhkəmə qərarları › İş №2(011)-1067/2021
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-1067/2021
11.02.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver