Məhkəmə qərarları › İş №2(011)-1109/2024

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-1109/2024

16.01.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-1109/2024 16.01.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Həsənova Aygün Namiq qızının sədrliyi, Quliyeva Nərmin İsmayıl qızının katibliyi, İddiaçı və onun etibarnamə üzrə nümayəndəsi X1, Cavabdehin etibarnamə üzrə nümayəndəsi X2 iştirakları ilə, İddiaçı Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə qarşı “texniki şərt əsasında smart kartın bərpa (aktiv) edilməsi” barədə iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddia ərizəsinin dəlilləri: İddiaçı Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçının 14 avqust 2013-cü il tarixli ərizəsi əsasında ünvan 1 ünvanına iddiaçının adına verilmiş texniki şərt əsasında Azərsu smart kartının bərpa (aktiv) edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı öz vəsaiti hesabına xeyriyyə məqsədilə uzun illər yaşadığı ünvan 1 saylı binanın qarşısında xeyir-şər evi tikdirmişdir. Həmin xeyir-şər evinin kommunal haqlarını iddiaçı təşkil etmişdir. 16 dekabr 2013-cü il tarixdə köhnə model su xətlərinin dəyişdirilməsi məqsədilə iddiaçı Cavabdeh ASC-nin sədrinə ərizə yazaraq Bakı şəhəri, Xətai rayonu, M.Hadi küçəsində 58 saylı binanın həyətində fəaliyyət göstərən xeyir-şər evinin su ilə təchiz edilməsi üçün texniki şərtin verilməsini istəmişdir. Bundan sonra iddiaçının adına müqavilə bağlanaraq texniki şərt hazırlanmışdır. Bakı şəhəri, Xətai rayonu, M.Hadi küçəsində 58 saylı binanın qarşısındakı xeyir-şər evinin su smart kartının başqa birisinin adına verildiyi iddiaçıya indi məlum olmuşdur. Bu səbəbdən iddiaçı məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Daha sonra iddiaçının nümayəndəsi Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 53-cü maddəsinə əsasən ərizə ilə məhkəməyə müraciət edərək, 25 dekabr 2013-cü il tarixli texniki şərt əsasında ünvan 1 saylı binanın qarşısındakı xeyir-şər evinə quraşdırılmış su sayğacının iddiaçının adına rəsmiləşdirilməsi və smart kartın iddiaçıya verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Tərəflərin izahatları: Məhkəmə iclasında iddiaçı və onun nümayəndəsi iddia tələbini müdafiə edərək onun təmin edilməsini xahiş etmiş və iddia ərizəsinin məzmununa uyğun izahat vermişlər. Məhkəmə iclasında cavabdehin nümayəndəsi izahat verərək iddia tələbinin təmin edilməsinə etiraz etmədiyini bildirmişdir. Çünki iş materiallarında mövcud olan texniki şərt iddiaçının adına verilmişdir. İşin faktiki halları: İş materiallarında olan 16 dekabr 2013-cü il tarixli ərizədən görünür ki, iddiaçı cavabdehə müraciət edərək Bakı şəhəri, Xətai rayonu, M.Hadi küçəsində 58 saylı binanın həyətində fəaliyyət göstərən xeyir-şər evinin su ilə təchiz edilməsi üçün texniki şərtin verilməsini xahiş etmiş, müraciətə cavab olaraq 25 dekabr 2013-cü il tarixdə Cavabdeh ASC tərəfindən iddiaçının adına həmin ünvanın su ilə təchiz edilməsi ilə bağlı texniki şərt verilmişdir. Daha sonra 17 mart 2014-cü il tarixdə 58 nömrəli bina sakinləri yenidən ərizə ilə cavabdehə müraciət edərək suyun sərfiyyatını ölçən kartın bina sakini X3 adına verilməsini xahiş etmişlər. İş materiallarında olan abonent kartından görünür ki, sözügedən ünvanda quraşdırılmış sayğac 13 may 2014-cü il tarixli müqaviləyə əsasən Vaqif Həsənovun adına rəsmiləşdirilmişdir. Mülki işə tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsi: 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. 560.1-ci maddəsinə əsasən, mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. “Su təchizatı və tullantı suları haqqında” Azərbaycan Respublikasının Qanunu: 23-cü maddəsinə əsasən müraciət edən istehlakçı mövcud və ya tikilməsi planlaşdırılan obyektin və ya onun bir hissəsinin sahibi olduqda su təchizatı müəssisəsi öz su təchizatı zonasında yerləşən hər hansı istehlakçının müraciətinə əsasən onu su təchizatı sisteminə qoşmalıdır. İstehlakçının su təchizatı və tullantı sularının axıdılması sistemlərinə qoşulması üçün texniki şərtlərin verilməsi, habelə su təsərrüfatı pasportunun nümunəsi, tərtibi və razılaşdırılması qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunu: 9.1.5-ci maddəsinə əsasən, istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. 9.4-cü maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsi: 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 124.1-ci maddəsinə əsasən, işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. İşə baxan məhkəmənin mövqeyi: Məhkəmə təhlil edilmiş iş materiallarına və tərəflərin verdiyi izahatlara əsaslanaraq qeyd edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarından görünür ki, texniki şərt ilk olaraq iddiaçının adına verilmiş, sayğac da iddiaçını adına rəsmiləşdirilmişdir. 2014-cü ildə hər hansı bir qanuni əsas olmadan, yalnız bina sakinlərinin ərizəsinə əsasən iddiaçının adından çıxarılmışdır. Odur ki, məhkəmə Cavabdeh ASC-nin bu hərəkətini qanunsuz hesab edərək sayğacın yenidən iddiaçının adına keçirilməsi ilə bağlı iddia tələbini əsaslı hesab edir. Məhkəmə mülki-prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq məhkəmə xərclərinin bölüşdürülməsi məsələsini də qətnaməsində əks etdirməlidir. Odur ki, məhkəmə dövlət rüsumunun alınması məsələsinə qiymət verərək hesab edir ki, iddia tələbi tam təmin edildiyindən, iddiaçı da dövlət rüsumu ödəməkdən azad edildiyindən cavabdehdən 100 manat məbləğində rüsum tutulub dövlət büdcəsinə ödənilməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki-Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki-Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi təmin edilsin. 25 dekabr 2013-cü il tarixli texniki şərt əsasında ünvan 1 saylı binanın qarşısındakı xeyir-şər evinə quraşdırılmış su sayğacı İddiaçı adına rəsmiləşdirilsin və həmin sayğacla bağlı smart kart iddiaçıya verilsin. Cavabdeh Açıq Səhmdar Cəmiyyətindən 100 (bir yüz) manat dövlət rüsumu alınaraq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə ödənilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Aygün Həsənova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar