Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-1207/2023 28.02.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Zamanlı Pərviz Mirsiyaf oğlunun sədrliyi, Həsənova Elnarə Daşdəmir qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və qeyrilərinə qarşı istifadə hüququnun itirilmiş hesab olunması barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İşin faktiki halları:
1. İddiaçı ilə Cavabdeh1 arasında Bakı şəhəri, Xətai rayonu, Zığ yolu küçəsi, 32 saylı evin 28 saylı mənzilinin (bundan sonra - Mənzil) alqı-satqısına dair xx.xx.2013-cü il tarixdə daşınmaz əmlakın alqı-satqı müqaviləsi bağlanmış və iddiaçının Mənzilə dair mülkiyyət hüququ xx.xx.2013-cü il tarixdə ********** nömrəsi ilə dövlət qeydiyyatına alınmışdır. Digər cavabdehlər keçmiş mülkiyyətçinin ailə üzvləridir, onlar hazırda iddiaçıya məxsus Mənzildə pasport qeydiyyatındadırlar.
2. İddia ərizəsinin və ona etirazın dəlilləri:
a) İddia ərizəsinin dəlilləri
3. İddiaçı cavbadehlərin ona məxsus olan Mənzildən istifadə hüquqlarının itirilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
4. İddiaçı iddia ərizəsində qeyd etmişdir ki, o, Mənzili keçmiş mülkiyyətçisindən alqı-satqı müqaviləsinə əsasən almışdır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin Bakı şəhər Ərazi İdarəsi tərəfindən verilmiş çıxarışa əsasən onun adına mülkiyyət kimi qeydiyyatdan keçmişdir. Cavabdehlər mənzili aldığı vaxt həmin mənzildə qeydiyyatda olan keçmiş sakinlərdir. Alqı-satqı müqaviləsinin 13-cü maddəsinə əsasən cavabdeh mənzili ona satdıqdan sonra həmin mənzildən qeydiyyatdan çıxmağı öhdəsinə götürsə də, yaşayış sahəsini ona satdığı vaxtdan köçüb getməsinə baxmayaraq ailə üzvləri qeydiyyatdan çıxmamışdır. Bu hal onun mənzil üzərində mülkiyyət hüquqlarını pozur.
b. Cavabdehin iddia ərizəsinə etirazının dəlilləri:
5. Cavabdehlər iddia ərizəsinə etirazını yazılı şəkildə təqdim etməmişlər.
6. Məhkəmə iclasında verilən izahatlar:
7. İddiaçı məhkəmə baxışı zamanı iddia ərizəsinə uyğun izahat verərək iddia tələbinin təmin edilməsini xahiş etdi
8. Cavabdehlərin faktiki yaşayış yeri məlum olmadığından, onun məlum olan axırıncı yaşayış yeri olan mübahisəli mənzildən məhkəmə iclasına çağırılmış, lakin bildiriş məhkəməyə qaytarıldığından, məhkəmə Azərbaycan Respublikası MPM–nin 147-ci maddəsinə əsasən, işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
9. Mülki işə tətbiq edilən hüquq:
10. Azərbaycan Respublikasının Mülki Məcəlləsi:
11. Maddə 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın.
12. Maddə 158.3-cü maddəsinə əsasən əmlaka mülkiyyət hüququnun başqa şəxsə keçməsi həmin əmlaka olan digər əmlak hüquqlarının xitamına səbəb olmur, bu şərtlə ki, əldə edən şəxs əmlakın yüklülüyünün olmamasına münasibətdə vicdanlı olsun.
13. Maddə 178.1. Daşınmaz əmlaka mülkiyyət hüququ onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir.
14. Maddə 203.1. Daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat yazısı ləğv edildikdə, habelə daşınmaz əmlak tamamilə məhv olduqda, daşınmaz əmlaka mülkiyyət hüququ itirilir.
15. Maddə 228.5 Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri öz yetkinlik yaşına çatmayan uşaqlarını həmin yaşayış binasına köçürmək ixtiyarına malikdirlər. Digər ailə üzvlərinin (ərin, arvadın) köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış binasının tərkib hissəsindən istifadə hüququ mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Yaşayış binasının tərkib hissəsindən mülkiyyətçinin ailə üzvlərinin istifadə etmək hüququ bu məcəllənin qüvvəyə mindiyi gündən yaranır.
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
16. Maddə 14.2 Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
17. Maddə 77.1 Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
18. Maddə 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır.
19. Maddə 217.4 Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
İşə baxan məhkəmənin mövqeyi:
20. Məhkəmə iddianın dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, iddia əsaslıdır.
21. İddianın əsasını cavabdehlərin Mənzilə dair istifadə hüququ ilə bağlı mübahisə təşkil edir. İstifadə hüququ Mülki Məcəllədə həm ayrıca bir hüquq kimi (istifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. Maddə 152.3), həm də mülkiyyət hüququnun tərkib hissəsi kimi müəyyən edilmişdir (mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Maddə 152.1).
22. Hazırkı mübahisə Cavabdeh1 mülkiyyət hüququna aid olan istifadə hüququ ilə bağlıdır. Belə ki, işin mübahisəsiz hallarından göründüyü kimi, Cavabdeh1 Mənzilin əvvəlki mülkiyyətçisi olmuş və onunla iddiaçı arasında bağlanmış, alqı-satqı müqaviləsi əsasında iddiaçının mülkiyyət hüququ dövlət reyestrində qeydə alınmışdır.
23. Məhkəmə qeyd edir ki, iddiaçının Mənzilə dair mülkiyyət hüququnu əldə etdiyi andan Cavabdeh1 həmin Mənzilə dair bütün hüquqları, o cümlədən istifadə hüququ itirilmişdir. Belə ki, əvvəla, cavabdehin istifadə hüququ, əvvəldə də qeyd edildiyi kimi, onun mülkiyyət hüququna bağlı olmuş, Mənzilin satılması ilə cavabdehin mülkiyyətinə dair qeyd yazısı ləğv edilməklə, onun mülkiyyət hüququ, eyni zamanda mülkiyyət hüququna bağlı olan digər hüququları da itirilmişdir (§ 14).
24. Digər tərəfdən, cavabdeh Mənzili özgəninkiləşdirməklə, mülkiyyət hüququndan birdəfəlik imtina etmiş, Mənzillə bağlı bütün əlaqələrini daimi olaraq kəsmişdir
25. Beləliklə, məhkəmə hesab edir ki, iddiaçının Mənzilə dair mülkiyyət hüququ yarandığı andan Cavabdeh1 mülkiyyət hüququ itirildiyindən, onun Mənzilə dair istifadə hüququ da saxlanıla bilməz.
26. Məhkəmə digər cavabdehlərə münasibətdə qeyd edir ki, cavabdehlər keçmiş mülkiyyətçinin ailə üzvləridi. Evə dair əvvəlki mülkiyyətçinin mülkiyyət hüququ isə xx.xx.2006-cı il tarixdə dövlət qeydiyyatına alınmışdır. Ona görə də, məhkəmənin qənaətinə görə həmin cavabdehlərə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsində qeyd olunmuş müddəlar tətbiq olunmalıdır.
27. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228.5-ci maddəsinin və şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 27 may 2008-ci il tarixli qərarında da Konstitusiya Məhkəməsi qeyd etmişdir ki, mülkiyyətçi ilə birgə yaşayan ailə üzvlərinin yaşayış binasının tərkib hissəsindən onunla bərabər istifadə hüququ mülkiyyətçi ilə bağlanan müqavilədən deyil, yalnız onunla etibarlı ailə əlaqələri əsasında yaranır.
28. Göründüyü kimi, mülkiyyətçi ilə bərabər həmin yaşayış sahəsində yaşayan şəxslərin istifadə hüquqlarının yaranması üçün onların mülkiyyətçinin ailə üzvü, yəni arvadı (əri), uşaqları və valideynləri olması və həmin şəxslərin mülkiyyətçiyə məxsus yaşayış sahəsində onunla birlikdə yaşamaları əsas şərtdir. Cavabdehlər Mənzilin əvvəlki mülkiyyətçisinin ailə üzvü olduğundan onların da Mənzildən istifadə hüquqları yaranmışdır. Lakin onlar da Mənzil satıldıqdan sonra əvvəlki mülkiyyətçi ilə birlikdə daimi olaraq köçüb başqa yaşayış yerinə getməklə, Mənzildən istifadə hüquqları ilə bağlılıqlarını daimi olaraq kəsmişdir. Ona görə də məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməlidir.
29. İşin hallarından göründüyü kimi, iddiaçı mülkiyyətçinin Mənzili ona təhvil vermələrinə və onların qeydiyyatdan çıxmalarına əmin olaraq Mənzili əldə etmişdir. İddiaçı ilə cavabdehlər arasında hər hansı yaxın qohumluq əlaqələri mövcud deyil, habelə onlar iddiaçının ailə üzvü deyil. Ona görə də, məhkəmə işin faktiki hallarını müqayisəli şəkildə təhlil edərək hesab edir ki, iddiaçı Mənzili alarkən digər şəxslərin hüquqları ilə yüklü olan Mənzilin əldə edilməsini arzu etməmişdir və o, Mənzilin cavabdehlərin hüquqları ilə yüklülüyünün olmamasına münasibətdə vicdanlı olmuşdur.
30. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın (AR MM-nin 152.5-ci maddəsi).
31. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə
QƏTETDİ:
İddia təmin edilsin. Bakı şəhəri, Xətai rayonu, Zığ yolu küçəsi, 32 saylı evin, 28 saylı mənzilinə dair Cavabdeh1, Cavabdeh2, Cavabdeh4 və Cavabdeh3 istifadə hüquqları itirilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Sədrlik edən: Pərviz Zamanlı