Məhkəmə qərarları › İş №2(011)-1317/2025

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-1317/2025

05.05.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-1317/2025 05.05.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova İlahə Namiq Kamal qızının sədrliyi, Fərhadzadə Mehri Polad qızının katibliyi, İddiaçı Şamil oğlunun iştirakı ilə, İddiaçı Şamil oğlunun Cavabdeh MMC-yə qarşı “maddi və mənəvi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Şamil oğlu Cavabdeh MMC-yə qarşı “maddi və mənəvi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddia ərizəsində göstərmişdir ki, Cavabdehn xeyrinə iddiaçıdan 55 manat 08 qəpik məbləğində pulun tutulması barədə Bakı şəhər 51 saylı Notariat ofisi icra qeydi aparılmışdır. Həmin icra qeydi İddiaçı Şamil oğlu ilə Cavabdeh MMC arasında bağlandığı göstərilən əsası kimi xx.xx.2019-cu il tarixli abunə müqaviləsi olmuşdur. Lakin İddiaçı Şamil oğlu ilə Cavabdeh MMC arasında belə bir müqavilə imzalanmamışdır. Həmin müqavilədəki imza İddiaçı Şamil oğluna məxsus deyildir. Bununla bağlı İddiaçı Şamil oğlu Cavabdeh MMC-yə müraciət etsə də, heç bir nəticəsi olmamışdır. Cavabdeh MMC İddiaçı Şamil oğlunun çoxsaylı müraciətinə məhəl qoymamış, iddiaçının qeyd etdiyi bu halları araşdırmadan ancaq iddiaçıdan pul tələb etmişdir. İddiaçı Şamil oğlunun iddiası üzrə işə məhkəmə tərəfindən baxılmış və həqiqətən Cavabdeh MMC ilə bağlanmış müqavilədə imzanın iddiaçıya məxsus olmadığı ekspert rəyində öz əksini tapmışdır. Digər iş materialında olan sənədə görə xx.xx.2024-cü il tarixli İddiaçı Şamil oğluna ünvanlanmış məktubda ***-***-**-** nömrə üzrə iddiaçı ilə müqavilə bağlanmış və iddiaçının əvəzindən Cavabdeh MMC-yə 2012-ci ildən guya üzvü olduğu Yeni Azərbaycan partiyasının üzvlük vəsiqəsi də təqdim olunmuşdur. Halbuki, İddiaçı Şamil oğlu 1990-cı ildən 2014-cü ilə kimi Ədliyyə Nazirliyinin penitensiar xidmətində xidmət keçmişdir, həmin xidmətdə partiya üzvü olmağa qanun yol vermir. Göründüyü kimi, Cavabdeh MMC-nin və Bakı şəhər 51 saylı Notariat Ofisinin İddiaçı Şamil oğlunun adından bağladıqları və +99***-***-**-** nömrəli telefon nömrəsi ayırmışlar. Həmin mobil nömrəsini kim hansı məqsədlə hansı qara işə işlətdiyi İddiaçı Şamil oğluna hələ də məlum deyildir. İddiaçı göstərilənləri nəzərə alaraq, Cavabdeh MMC tərəfindən İddiaçı Şamil oğlunun iradə ifadəsinə təcavüz etdiyinə görə saxtakarlıq edildiyinə görə iddiaçıya vurduğu maddi ziyan 10000 (on min) mənəvi ziyan 200000 (iki yüz min) ümumilikdə 210000 (iki yüz on min) manat, Bakı şəhər 51 saylı Notariat ofisi tərəfindən xx.xx.2024-cü il tarixli qanunsuz və saxta icra qeydi ilə vurduğu mənəvi ziyan 100000 manat, ümumilikdə cavabdehlərdən müştərək qaydada 310000 (üç yüz on min) manat puıun birdəfəlik tutularaq İddiaçı Şamil oğluna ödənilməsinə dair qətnamə çıxarmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı Şamil oğlu iddia tələbini müdafiə etməklə yanaşı, məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə Cavabdeh MMC-yə məhkəmə iclasının yeri və vaxtı barədə məhkəmə bildirişləri göndərilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclasında nümayəndəsinin iştirakını etməmişdir. MPM-nin 185.5-ci maddəsinə əsasən məhkəmə cavabdehin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir Məhkəmə iddiaçının çıxışını dinləyib, iş materillarını araşdırıb, sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, iş materiallarında olan Cavabdeh MMC-nin İddiaçı ünvanlanan 14 yanvar 2024-cü il tarixli məktubun surətindən görünür ki, Cavabdeh MMC-yə ünvanlanmış 11 yanvar 2024-cü il tarixli müraciətilə əlaqədar bildirilmişdir ki, ********* nömrəyə dair İddiaçı ilə "Bakcell” MMC arasında 24 iyul 2019-cu il tarixli, PC4195262 saylı Telekomunikasiya xidmətləri müqaviləsi mövcuddur və müvafiq nömrənin İddiaçı adına qeydə alınması zamanı AZE ******** nömrəli şəxsiyyət vəsiqənin və “Yeni Azərbaycan partiyası” nın 271120 nömrəli üzvlük vəsiqənizin surəti də təqdim olunmuşdur. Həmin müqaviləyə görə abunəçi operator qarşısında yaranmış borca görə tam məsuliyyət daşıyır. Sözügedən nömrə faktura xətti olan nömrələr sırasına aiddir. Fakturalı xətt - sonradan ödəmə (abunəlik) sistemi üzərində qurulmuş ödəmə üsuludur, yəni müvafiq nömrələrdə hər ayın əvvəli avtomatik şəkildə abunə haqqı hesablanır. Hal-hazırda ********* nömrənin borcu 55.07 manat (2021-ci ilin mart ayı üzrə abunə haqqı və istifadəsi və aprel-may ayları üzrə abunə haqqı) təşkil edir. Əgər ********* nömrənin əldə olunması ilə bağlı hüquqlarının pozulmasını iddia edirsə, aidiyyəti hüquq mühafizə orqanına və ya məhkəməyə müraciət edə bilər. İş materiallarında olan Bakı şəhəri 51 saylı Notariat ofisi tərəfindən aparılmış 20 dekabr 2023-cü il tarixli 8İ-10659 reyestr nömrəli icra qeyindən görünür ki, Cavabdeh MMC-nin xeyrinə İddiaçı 55,08 manat və 25 manat məbləğində dövlət rüsumu olmaqla, 80,08 manat tutulmalıdır. İş materiallarında olan Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-2634/2024 saylı 09 oktyabr 2024-cü il tarixli qətnaməsinin surətindən görünür ki, İddiaçı cavabdehlər Cavabdeh ASC və Bakı şəhəri 51 saylı Notariat ofisinə qarşı “icra qeydinin etibarsızlığı və müqaviləyə xitam verilməsi” barədə iddia tələbinə dair iddiası təmin edilmiş, Cavabdeh MMC və İddiaçı arasında bağlandığı qeyd edilən xx.xx.2019-cu il tarixli, PC ******* saylı Abunə müqaviləsi etibarsız hesab edilmiş, Bakı şəhəri 51 saylı Notariat ofisi tərəfindən İddiaçı barəsində verilmiş xx.xx.2023cü il tarixli 8İ-10659 reyestr nömrəli icra qeydinin ləğv edilməsi, Cavabdehndən dövlət rüsumunun əvəzi qismində 100 (yüz) manatın alınaraq Dövlət Büdcəsinə ödənilməsi, ekspertiza tədqiqatının dəyərini təşkil edən 127 (yüz iyirmi yeddi) manatın Cavabdehndən alınaraq Məhkəmə Ekspertizası Mərkəzinə (büdcə təsnifatının kodu: 142319, büdcə səviyyəsinin kodu: 3, SAP XİİİS hesabı: Dövlət xəzinadarlığı Agentliyi, kodu: 210005, VÖEN: **********, Müxbir hesab: AZ41NABZ********************, SFİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN:**********, Hesab: AZ34CTRE********************) ödənilməsi qət edilmişdir. Həmin qətnamə 07 dekabr 2024-cü il tarixdə icra olunması üçün Bakı şəhəri Xətai rayon İcra şöbəsinə göndərilmişdir. İş materiallarında olan Cavabdeh MMC tərəfindən məhkəməyə elekron kabinet vasitəsilə təqdim edilmiş etiraz ərizəsində qeyd edilmişdir ki, işin faktiki hallarına əsasən müəyyən olunur ki, iddiaçı ilə cavabdeh arasında bağlanılmış xx.xx.2019cu il tarixli abunə müqaviləsi (bundan sonra “Müqavilə”) Xətai Rayon Məhkəməsinin 2(011)-2634/2024 nömrəli xx.xx.2024-cü il tarixli qətnaməsi ilə etibarsız hesab edilmişdir. Sözügedən qətnamədə müqavilənin məhkəmə tərəfindən etibarsız sayılmasının əsası kimi həmin müqavilədə iddiaçı adından qeyd edilən imzanın iddiaçıya məxsus olmaması faktı qeyd edilmişdir. Belə ki, müqavilənin iddiaçının adından imzalanmağına, həmçinin iddiaçının şəxsiyyət vəsiqəsinin surətinin müqaviləyə qoşma kimi əlavə olunmasına baxmayaraq, sözügedən məhkəmə icraatı çərçivəsində cəlb edilmiş ekspertizanın rəyinə əsasən müqavilədəki imzanın iddiaçıya məxsus olmadığı müəyyən edilmişdir. İddiaçı müqavilənin etibarsız sayılmasını cavabdehin saxtakarlığı kimi qiymətləndirərək bununla bağlı ona ümumilikdə 210000 manat məbləğində olmaqla, maddi və mənəvi ziyan vurulduğunu iddia etmiş, iddia tələbinin hüquqi əsası qismində maddi zərərlə bağlı Mülki Məcəllənin (bundan sonra “MM”) 21-ci, mənəvi zərərə münasibətdə isə 23-cü maddələrinə istinad etmişdir. Müqavilənin faktiki olaraq bağlanılması və nömrənin abunəçiyə təqdim edilməsi cavabdeh tərəfindən həyata keçirilməmişdir. İlk öncə qeyd edilməlidir ki, müqaviləni faktiki olaraq cavabdeh deyil, cavabdehin adından cavabdehin təmsilçisi (ticarət agenti) olan "xxxx" MMC (işçisi vasitəsilə) bağlamışdır. Belə ki, "xxxx" MMC (bundan sonra “Təmsilçi”) ilə cavabdeh arasında cavabdehin kommersiya məhsullarının satılması ilə bağlı xx.xx.2016-cı il tarixli təmsilçilik müqaviləsi bağlanılmışdır. Həmin Müqaviləyə əsasən "xxxx" MMC Cavabdeh MMC-nin adından abunəçilərlə abunə müqaviləsi bağlamaqla, Cavabdeh MMC-yə məxsus nömrələri abunəçilərə təqdim edir, Cavabdeh MMC isə bunun müqabilində "xxxx" MMC-yə həmin cüqaviləyə müvafiq qaydada razılaşdırılmış komissiyanı ödəyir. Müqavilənin 2.1.7-ci bəndinə əsasən "xxxx" MMC sifariş blankına əsasən nömrələri Cavabdeh MMC-dən sifariş verir. Həmin müqavilənin 2.1.11-ci bəndinə əsasən "xxxx" MMC Cavabdeh MMC tərəfindən ona təqdim edilmiş nömrələr üzrə abunəçi ilə bağladığı müqavilənin surətini Cavabdeh MMC-yə təqdim edir. Müqavilənin şərtlərindən də aydın olur ki, cavabdehin təmsilçiyə təqdim edilmiş nömrələr üzrə abunə müqavilələrinin imzalanma prosesində heç bir iştirakı olmur. Buna görə də müqavilənin təmsilçi tərəfindən qanunvericiliyə zidd olaraq qeyri əlaqədar şəxsin (hazırkı halda İddiaçının) adına rəsmiləşdirilməsi İddiaçı ilə yanaşı Cavabdehin də hüquqlarını və qanuni maraqlarını pozmuşdur.Belə ki, Cavabdeh MMC-nin tərəfi olduğu abunə müqaviləsinin digər tərəfinin kimliyi, yəni həmin müqavilə çərçivəsində hansı şəxs qarşısında öhdəlik daşıdığı barədə dürüst məlumata malik olmaq hüququ vardır. Lakin təmsilçi müqavilənin bağlanılması prosesində qanunvericiliyə zidd hərəkət edərək həm cavabdehin, həm iddiaçının qanunla qorunan hüquqlarını və maraqlarını pozmuşdur. İddia edilən pozuntu abunə müqaviləsi üzrə öhdəliklərin pozuntusu olmamaqla, deliktdir. Müqavilənin cavabdehin adından bağlanılmasına, yəni həmin müqavilənin digər tərəfinin Cavabdeh MMC olmasına münasibətdə isə qeyd edilməlidir ki, bu hal cavabdehi yalnız sözügedən müqavilənin şərtlərinin icrası (müqavilə öhdəlikləri) üzrə iddiaçı qarşısında məsul etmişdir. Yəni, həmin müqavilə fiziki olaraq təmsilçi tərəfindən bağlanılsa da, cavabdehin adından bağlanılmışdır. Belə ki, müqavilə üzrə telekommunikasiya xidmətlərinin göstərilməsi, o cümlədən xidmət təchizatçısına aid digər öhdəliklərin pozulması üzrə abunəçi (İddiaçı) qarşısında məsul şəxs Cavabdeh MMC-dir. Lakin hazırkı iş üzrə iddiaçının hüquqlarının pozulması ilə bağlı iddiası müqavilə öhdəliklərinin pozulması ilə deyil, müqavilənin bağlanılması (rəsmiləşdirilməsi) mərhələsində yol verilmiş hüquq pozuntusu ilə bağlıdır. Bir sözlə, iddiaçının vurulmuş zərərlə bağlı tələbi müqavilə öhdəliyinin pozulmasından deyil, Mülki Məcəllənin (bundan sonra “MM”) 1096-cı maddəsinə müvafiq olaraq delikt əsasından əmələ gəlmişdir. Mənəvi zərərin vurulmasını təsdiq edən tərkib əlamətlərinin mövcudluğu iddiaçı tərəfindən sübuta yetirilməmişdir. Zərərin vurulmasına səbəb olduğu iddia edilən hüquq pozuntusu (imzanın saxtalaşdırılması) mülki məhkəmə icraatı çərçivəsində müəyyən edilə bilməz. Bundan əlavə, qeyd edilməlidir ki, iddiaçı iddia ərizəsində imzasının qəsdən saxtalaşdırıldığını və bunun nəticəsində ona ziyan dəydiyini qeyd etmişdir. Bununla bağlı qeyd olunmalıdır ki, iddiaçının iddia etdiyi hüquq pozuntusu cinayət qanunu ilə qorunan münasibətlərə qəsd edən əməldir. Təmsilçinin əməkdaşının sözügedən əməli törədib-törətməməsi isə cinayət mühakimə icraatı çərçivəsində müəyyən edilə bilər. Yəni, qüvvəyə minmiş məhkəmə qətnaməsində sübut kimi istinad edilmiş ekspertizanın rəyi ilə sözügedən abunə müqaviləsindəki imzanın iddiaçıya məxsus olmaması faktı müəyyən edilmişdir. Lakin iddiaçının iddia etdiyi üzrə həmin imzanın saxtalaşdırılması faktının müəyyən edilməsi mülki məhkəmə icraatının predmeti olmamaqla, cinayət prosesini həyata keçirən orqanlar tərəfindən cinayət mühakimə icraatı çərçivəsində müəyyən edilə bilər. Odur ki, iddiaçının sözügedən tələbi təmsilçiyə qarşı yönəlsəydi belə, tələbin təmin edilməsi üzrə müəyyən edilməli pozuntu (imzanın saxtalaşdırılması) özlüyündə mülki məhkəmə icraatı çərçivəsində müəyyən edilə bilən olmadığından, tələb əsaslı olmazdı. Yuxarıda qeyd edildiyi kimi Cavabdeh MMC-nin iddiaçının iddiası üzrə cavab verməli şəxs olmaması ilə yanaşı, iddia tələbi mahiyyəti üzrə də əsaslı deyildir. Müqavilənin icrası ilə bağlı notariusun xx.xx.2023-cü il tarixli qeydindən və cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2024-cü il tarixli məktubdan aydın olur ki, müqavilə əsasında iddiaçının cavabdehə 55.07 manat borcu yaranmış və sözügedən borc məbləği iddiaçı tərəfindən cavabdehə ödənilməmişdir. Xətai Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qətnaməsi ilə müqavilə etibarsız hesab edilmiş, nəticə etibarilə müqavilə ilə bağlı yaranmış 55.07 manat borc da ləğv edilmiş, həmçinin məhkəmə xərcləri - iddia tələbi üzrə 100 manat məbləğində dövlət rüsumu və ekspertiza tədqiqatı üzrə 127 manat cavabdehdən tutulmuşdur. Qeyd edilənlərdən aydın olur ki, müqavilənin bağlanılması, o cümlədən məhkəmə qaydasında etibarsız hesab edilməsi ilə bağlı iddiaçı hər hansı xərc çəkməmiş, yəni iddiaçıya hər hansı zərər vurulmamışdır. Belə ki, iddiaçının ona maddi zərər vurulması ilə bağlı iddiası tamamilə əsassızdır. Hər kəs özünün subyektiv hüququnun həyata keçirilməsi və ya bərpası üçün iddia irəli sürmək yolu ilə məhkəmə müdafiəsi vasitələrindən istifadə edə bilər. Lakin bu zaman mütləq nəzərə almaq lazımdır ki, iddia etmək hüququ öz daxilində iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarını ehtiva edir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. İkinci hüquq iddia tələblərinin məhkəmə vasitəsi ilə məcburi şəkildə həyata keçirilməsinin mümkünlüyünü nəzərdə tutur. Buna görə, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulubpozulmadığını araşdırmalıdır. Yalnız belə subyektiv hüququn mövcudluğu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər. Ona görə də, məhkəmə icraatında olan hər bir iddia tələbi üzrə qabaqcadan iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmaması, subyektiv hüququn pozulub-pozulmaması, cavabdehin bu pozuntunu edib-etməməsi məsələlərini araşdırılmalıdır. İddia irəli sürməyə imkan verən subyektiv mülki hüququn mövcudluğu məsələsini həll etməyən məhkəmə aktı daxilən ziddiyyətli və əsassız olardı. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında Avropa Məhkəməsi xatırlatmışdır ki, sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti, incumbit probation (sübutetmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm-mövcudluğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər. Qavazov Bolqarıstana qarşı iş üzrə 06 mart 2008-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi mövqeyini ifadə etmişdir ki, sübutları qiymətləndirərkən, bir qayda olaraq, «əsaslı şübhədən kənar» sübut standartları tətbiq edilir. “İnsan Hüquqları üzrə Ümumi Bəyannamə”nin 8-ci maddəsinə əsasən hər bir şəxs konstitusiyanın və ya qanunun ona verdiyi hüquqların pozulması zamanı səlahiyyətli milli məhkəmələr tərəfindən hüquqlarının bərpa olunması hüququna malikdir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə görə bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli qərarında qeyd edilmişdir ki, hər bir hüquq pozuntusu sosial mənada ictimai münasibətlərə mənfi təsir göstərdiyindən zərər (ziyan) törədir.Bu baxımdan zərər sosial və hüquqi aspektlərə malikdir. Zərər yetirmə şəxsin və yaxud təşkilatın subyektiv hüququnu pozur.Bununla yanaşı mülki hüquqda zərər ona görə sosial məna kəsb edir ki, subyektiv hüququn pozulması müəyyən edilmiş və qanunla qorunan obyektiv hüquqların pozulması ilə müşayiət olunur. Zərər forma və məzmunundan asılı olaraq əmlak və qeyri-əmlak xarakterli olur. Mülki Məcəllənin 1097.1-ci maddəsi müəyyən edir ki, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Həmin Məcəllənin 1099.1-ci maddəsinə görə hüquqi və ya fiziki şəxs öz işçisinin törətdiyi mülki hüquq pozuntusu (delikt) üçün məsuliyyət daşıyır və əmək (qulluq, mənsəb) vəzifələrinin icrası zamanı işçisinin vurduğu zərərin əvəzini ödəməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli qərarında Plenum qeyd etmişdir ki, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqları və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı iztirab verir. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri və əmlak vəziyyəti və sair vacib halların nəzərə alınması zəruridir. Hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən edilməlidir. «Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun 03 noyabr 2008-ci il tarixli 7 №li qərarının 1-ci bəndində göstərilmişdir ki, «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında Konvensiya»nın 41-ci maddəsinə və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərinə əsasən mənəvi zərər şəxsə qeyri-əmlak, habelə, əmlak zərəri vurulduqda ödənilə bilər. Həmin Qərarın 2-ci bəndinə əsasən Azərbaycan Respublikası qanunvericiliyinin, «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında Konvensiya»nın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından «mənəvi zərər» anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyriəmlak xarakterli hüquq və azadlıqlarının, habelə, əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibb sirlərin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığa xəsarət yetirilməsi və s. hallarda özünü büruzə verə bilər. Qeyd edilən Qərarın 8-ci bəndinə əsasən məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirməsini aydınlaşdırmağa borcludur. Beləliklə, məhkəmə tərəfindən tədqiq olunmuş sübutlar əsasında müəyyən edilmişdir ki, Cavabdeh MMC-nin xeyrinə İddiaçı 55,08 manat və 25 manat məbləğində dövlət rüsumu olmaqla, 80,08 manat tutulmasına dair Bakı şəhəri 51 saylı notariat ofisi tərəfindən xx.xx.2023-cü il tarixli icra qeydi aparılmışdır, həmin icra qeydinin əsasını Cavabdeh MMC və İddiaçı arasında bağlandığı qeyd edilən xx.xx.2019- cu il tarixli, PC ******* saylı Abunə müqaviləsi təşkil etmişdir, iddiaçı tərəfindən həmin müqavilə iddiaçı tərəfindən mübahisələndirilərək, müqavilədəki imzanın ona məxsus olmadığını bildirmiş, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-2634/2024 saylı 09 oktyabr 2024-cü il tarixli qətnaməsinə əsasən İddiaçı cavabdehlər Cavabdeh MMC və Bakı şəhəri 51 saylı Notariat ofisinə qarşı “icra qeydinin etibarsızlığı və müqaviləyə xitam verilməsi” barədə iddia tələbinə dair iddiası təmin edilmiş, Cavabdeh MMC və İddiaçı arasında bağlandığı qeyd edilən xx.xx.2019-cu il tarixli, PC ******* saylı Abunə müqaviləsi etibarsız hesab edilmiş, Bakı şəhəri 51 saylı Notariat ofisi tərəfindən İddiaçı barəsində verilmiş xx.xx.2023cü il tarixli 8İ-10659 reyestr nömrəli icra qeydinin ləğv edilməsi, Cavabdehndən dövlət rüsumunun əvəzi qismində 100 (yüz) manatın alınaraq Dövlət Büdcəsinə ödənilməsi, ekspertiza tədqiqatının dəyərini təşkil edən 127 (yüz iyirmi yeddi) manatın Cavabdehndən alınaraq Məhkəmə Ekspertizası Mərkəzinə (büdcə təsnifatının kodu: 142319, büdcə səviyyəsinin kodu: 3, SAP XİİİS hesabı: Dövlət xəzinadarlığı Agentliyi, kodu: 210005, VÖEN: **********, Müxbir hesab: AZ41NABZ********************, SFİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN:**********, Hesab: AZ34CTRE********************) ödənilməsi qət edilmişdir. Həmin qətnamə 07 dekabr 2024-cü il tarixdə icra olunması üçün Bakı şəhəri Xətai rayon İcra şöbəsinə göndərilmişdir. Hazırda İddiaçı Şamil oğlu Cavabdeh MMC tərəfindən saxtakarlıq edildiyinə görə iddiaçıya vurduğu 10000 manat maddi, 200000 manat mənəvi ziyan olmaqla, ümumilikdə 210000 manat, Bakı şəhər 51 saylı Notariat ofisi tərəfindən xx.xx.2024-cü il tarixli qanunsuz və saxta icra qeydi ilə vurduğu 100000 manat mənəvi ziyan, ümumilikdə cavabdehdən 210000 (iki yüz on min) manat pulun tutulmasını xahiş etsə də, iddiaçı ona vurulan maddi zərərin nədən ibarət olması və bununla bağlı mötəbər sübutları, həmçinin ona mənəvi zərərin vurulmasını təsdiq edən mötəbər sübutları məhkəməyə təqdim etməmişdir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, İddiaçı Şamil oğlunun Cavabdeh MMC-yə 55 manat məbləğində borcunun mövcud olmaması mülki məhkəmə icraatı qaydasında təsdiqini tapmış, həmin icraat çərçivəsində Cavabdeh MMC 227 manat məhkəmə xərclərini, o cümlədən iddiaçı müharibə veteranı kimi dövlət rüsumundan azad olduğu üçün dövlət rüsumunu ödəməli olmuşdur. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia tələbləri əsassız olduğundan və sübutlarla təsdiq edilmədiyindən təmin edilməməlidir. Eyni Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda hazırki iş üzrə məhkəmə xərcləri də iddiaçıya aid edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə görə isə, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Həmin məcəllənin 217.4 maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddiaçı Şamil oğlunun Cavabdeh MMC-yə qarşı “maddi və mənəvi ziyanın ödənilməsi” tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: İlahə Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar