Məhkəmə qərarları › İş №2(011)-133/2023

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-133/2023

30.05.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-133/2023 30.05.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Zamanlı Pərviz Mirsiyaf oğlunun sədrliyi, Həsənova Elnarə Daşdəmir qızının katibliyi, İddiaçı iştirakı, onun tərcüməçisi X1, Cavabdehin nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “maddi və mənəvi ziyanın əvəzinin ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İşin faktiki halları:

1. Tərəflər arasında iddiaçının anasının qəbri üzərində xa, formasında qara qranit materialından məzar daşının hazırlanması və quraşdırılması barədə 2019-cu il tarixdə şifahi razılaşma olmuş, razılaşmaya uyğun olaraq məzar daşı cavabeh tərəfindən hazırlanaraq, Birinci Zabrat qəbirstanlığında iddiaçının anasının məzarı üzərində quraşdırılmış, görülən işə görə iddiaçı tərəfindən cavabdehə 2700 manat məbləğində (cavabdehin bildirdiyinə görə 2500 manat) ödəniş edilmişdir. Ödənişin bir hissəsi hissəhissə ödənilmişdir.

2. İddiaçının bildirdiyinə görə 2021-ci il tarixdə qohumları ona anasının məzarı üzərində olan baş daşı aşaraq sınmasını bildirmilər. Bundan sonra tərəflər arasında məzar daşının düzgün quraşdırılmaması ilə bağlı mübahisə yaranmışdır.

İddia ərizəsinin və ona etirazın dəlilləri:

a) İddia ərizəsinin dəlilləri:

3. İddiaçı anasının məzar daşının sınması nəticəsində ona vurulmuş maddi zərərin əvəzi olaraq 3500 manat, mənəvi zərərin əvəzi olaraq 1000 manat, cəmi 4500 manat məbləğində pulun və ödədiyi 65 manat dövlət rüsumunun cavabdehdən tutularaq ona verilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

4. İddiaçı sonradan iddia tələbinin həcminin artırılması barədə ərizə təqdim edərək 2700 manat pulun illik 5 faizi həcmində pulun cavabdehdən tutulmasını da xahiş etmişdir.

5. İddiaçı iddia ərizəsində qeyd etmişdir ki, 2019-cu il tarixdə o mərhum anasına qara qranitdən məzar daşı düzəltdirmək üçün Mikayıl Əliyev prospektində yerləşən qəbiristanlığın həyətində məzar daşları düzəldilən emalatxanaya getmiş, orada bu işlə məşğul olan cavabdehlə görüşmüşdür. O, cavabdehə anası üçün qara qranitdən xaç formasında məzar daşı düzəltdirmək istədiyini bildirmiş, məzar daşının keyfiyyətli qara qranitdən düzəldilməsi və yerləşdirilməsini 2700 manata razılaşmışlar. İlkin olaraq ona pulun bir hissəsini ödəmiş, yerdə qalan pulu isə məzar daşı hazır olub, yerləşdirildikdən sonra ödəyəcəyi barədə razılığa gəlmişlər. Cavabdeh məzar daşını hazır edib Zabrat-1 qəbiristanlığında olan anasının məzarı üstə yetləşdirmiş, o, da ona pulun qalan hissəsini ödəmişdir. 2021-ci ilin aprel ayında “COVİD” xəstəliyinə yoluxduğu vaxt qohumu ona zəng edərək məzar daşının yaxşı bərkidilmədiyindən yıxılaraq sındığını bildirmişdir. May ayında bunu özü də gedib görmüşdür. Bundan sonra dəfələrlə onun təqsirindən baş verdiyi üçün sınmış məzar daşının düzəltməsini bildirsə də, cavabdeh imtina etmişdir. Bu ilin aprel ayında o, Zabrat-1 qəbiristanlığının müdiri, ustası və cavabdeh Zabrat-1 qəbiristanlığına toplaşaraq sınmış məzar daşına baxış keçirərkən usta bildirdi ki, cavabdeh məzar daşını yerləşdirdikdən sonra armaturlara və sementlə bərkidilməyib, məzar daşında və tumbasında dəmir oxlar üçün yer qoyulsa da, dəmir oxlar qoyulmayıb, məzar daşının və güldanın bərkidilməsi üçün mərmər kleyindən və sementdən də istifadə edilməyib. Bunun nəticəsi olaraq mazər daşı aşaraq sınıb. O, cavabdehə məzar daşını keyfiyyətli qara qranitdən düzəldib ona təhvil verməli olduğunu dedikdə, cavabdeh bildirmişdir ki, hazırda qiymətlər qalxıb, keyfiyyətli qara qranitdən məzar daşını düzəltmək 5000 manat edəcək. Daha sonra, Ukrayna istehsalı olan qranitdən düzəldəcəyi barədə razılaşsalar da, cavabdeh uzun müddət keçməsinə baxmayaraq məzar daşını hazırlamamışdır. Hazırda həmin məzar daşının düzəldilməsi üçün 3500 manat pul tələb olunur.

b) Cavabdehin iddia ərizəsinə etirazının dəlilləri:

6. Cavabdeh yazılı etirazında qeyd etmişdir ki, iddianı qəbul etmirlər. İddiaçı tələbinin əsası kimi istinad etdiyi halların sübut edilməsi üçün məhkəməyə sübut təqdim etməmişdir. Lakin iddiaçıdan fərqli olaraq onlar qısa müddətdə araşdırma zamanı müəyyən etmişlər ki, həmin qəbristanlıqda dəfn edilmiş rus əsilli şəxslərin məzar daşları kütləvi şəkildə naməlum şəxslər tərəfindən dağıdılmışdır. Güman ki, iddiaçının anasının məzar daşı da naməlum şəxslər tərəfindən dağıdılmışdır.

Məhkəmə iclasında verilən izahatlar:

7. İddiaçı məhkəmə baxışı zamanı iddia ərizəsinə uyğun izahat verərək, iddianın təmin edilməsini xahiş etdi.

8. Cavabdehin vəkili və nümayəndəsi iddia ərizəsini qəbil etmədiklərini bildirərək təmin edilməməsini xahiş etdi.

Mülki işə tətbiq edilən hüquq:

Azərbaycan Respublikasının Mülki Məcəlləsi

9. Maddə 752.1. Podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür.

10. Maddə 762.1. Podratçı sifarişçi üçün podratı elə icra etməlidir ki, podratın nəticəsi qüsurlardan, üçüncü şəxslərin hüquqlarından və ya iddialarından azad olsun.

11. Maddə 762.2. Podratın nəticəsi şərtləşdirilmiş keyfiyyətə uyğun gəlirsə, qüsurlardan azad sayılır. Keyfiyyət şərtləşdirilmədikdə podratın nəticəsi müqaviləyə uyğun istifadə və ya adi istifadə üçün yararlı olduğu halda qüsurlardan azad sayılır.

12. Maddə 772.1. Görülmüş işin təsadüfən məhv olması və ya zədələnməsi riski icranın sifarişçiyə verildiyi vaxtadək podratçının üzərinə düşür. İcranın sifarişçiyə verilməsi ilə bir vaxtda təsadüfən məhvolma və ya zədələnmə riski də ona keçir. Sifarişçinin icranı qəbul etməyi gecikdirməsi də icranın verilməsinə bərabər tutulur.

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

13. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

14. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

15. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

16. Maddə 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

17. Maddə 119.2. İddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır.

İşə baxan məhkəmənin mövqeyi:

18. Məhkəmə iddiaçının nümayəndəsinin və cavabdehin izahatlarını dinləyərək, iddianın dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən əsaslıdır.

19. İlk növbədə qeyd olunmalıdır ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir.

20. Tərəflər arasında iddiaçının anasının məzarının üzərində qara qranitdən məzar daşının hazırlanması və quraşdırılması barədə şifahi formada podrat müqaviləsinin bağlanması işin mübahisəsiz halıdır. Mülki Məcəllənin 752.1-ci maddəsində podrat müqavilləsinə verilən anlayışdan da görünür ki, tərəflər sifarişin həcmi və buna uyğun muzd barədə razlığa gəldikləri andan müqavilə bağlanmış sayılır.

21. Mübahisə isə, cavabdeh tərəfindən işin qüsurlu yerinə yetirilməsi, yəni məzar daşının keyfiyyətli materialdan hazırlanmaması və düzgün quraşdırılmaması ilə bağlıdır. İddiaçı iddia edir ki, sifariş etdiyi məzar daşı keyfiyyətsiz materialdan hazırlanıb və onun quraşdırılması zamanı lazımı materiallardan istifadə edilməmişdir. Cavabdeh isə məzar daşının aşaraq zədələnməsini onun təqsirindən baş vermədiyini və kənar şəxslər tərəfindən dağıdıldığını iddia edir. Odur ki, mübahisə üzrə düzgün nəticəyə gəlmək üçün işin keyfiyyətli yerinə yetirilib-yetirilməməsi, habelə məzar daşının sınmasında cavabdehin təqsirli olub-olmamasının müəyyən edilməsi zəruridir.

22. Məhkəmə qeyd edir ki, müqavilə iki və ya bir neçə şəxsin konkret münasibətlərindən irəli gələn hüquq və vəzifələrinin müəyyən edilməsi, dəyişdirilməsi və xitamı üçün, qanunla müəyyən edilmiş hallarda yazılı, yaxud şifahi formada öz iradə azadlıqları ilə, əldə etdikləri razılaşmadır. Müqavilə azadlığı əqli (süuru) iradəyə söykənir və bu özünü müqaviləni bağlayan tərəflərin onun məzmununu sərbəst (iradə azadlığı çərçivəsində) müəyyən etməkdə ifadə edir (Mülki Məcəllənin 389.1 və 390.1-ci maddələri).

23. İşin məhkəmədə araşdırılması zamanı tərəflər arasında bağlanmış şifahi podrat müqaviləsində məzar daşının rəngi və formasından başqa keyfiyyət dərəcəsi, hansı ölkə istehsalı olması və s. şərtlərlə bağlı konkret razılaşmanın olması müəyyən edilmədi. Tərəflər məzar daşının yalnız xaç formasında qara qranit materialdan hazırlanaraq quraşdırılması barədə razılığı gəlmişlər. Lakin məhkəmə qeyd edir ki, görülmüş işin keyfiyyəti bar'də tərəflərin konkret razılaşmasının olmaması podratçını işi qüsursuz görmək vəzifəsindən də azad etmir. Bu zaman podratçının işi hansı keyfiyyətdə yerinə yetiməsi məsələsinə Mülki Məcəllənin 762.2-ci maddəsinin şərtləri tətbiq edilir.

24. Həmin maddədə podratın nəticəsinin qüsursuzluğuna dair 2 meyar nəzərdə tutulmuşdur. Birinci meyara görə podratın nəticəsi əvvəlcədən şərtləşdirilmiş keyfiyyətə uyğun olmalıdır. Belə şərtin tərəflər arasında bağlanmış müqavilələrdə nəzərdə tutulmaması əvvəldə də qeyd edilmişdir. İkinci meyara görə isə podratın nəticəsi müqaviləyə uyğun istifadə və ya adi istifadə üçün yararlıdırsa, bu qüsursuz icra sayılır.

25. Məhkəmənin qənaətinə görə tərəflərin müqavilə münasibətləri üzrə ikinci meyar tətbiq ediləcəkdir. Belə ki, məzar daşının konkret keyfiyyəti barədə tərəflər arasında razılaşmanın olmaması yuxarıda da qeyd edilmişdir. Bu zaman məzar daşının təyinatına uyğun (məzarın üzərinə quraşdırılmaya və razılaşdırılmış formaya uyğun) şəkildə təqdim edilməsi və təqdim edilən zaman iddiaçının onu qəbul etməsi podratın nəticəsinin qüsursuz, yəni keyfiyyətli olması barədə nəticəyə gəlməyə əsas verir, çünki iddiaçı məzar daşını qəbul edərkən heç bir etirazını bildirməmişdir.

26. Məzar daşının cavabdeh tərəfindən keyfiyyətsiz hazırlanması, habelə onun quraşdırılması qaydasının pozulması isə işin məhkəmə araşdırması zamanı öz təsdiqini tapmamışdır.

27. İddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş “X2 Mərkəzi” MMC-nin xx.xx.2023-cü il tarixli mütəxəsis rəyində iddiaçının anasının məzarı üzərində quraşdırılmış məzar daşının Ukrayna istehsalı olan ən aşağı keyfiyyətili qranitdən hazırlanması, məzar daşının düzgün quraşdırılmaması (qranitin bərkidilməsi üçün nəzərdə tutulan konstruktiv elementin – armatur, metal dirək və s. aşkar edilməməsi) və Ukrayna istehsalı olan yaxşı keyfiyyətli qranit daşından olan məzar daşının quraşdırlması üçün 3030 manat vəsaitin tələb edilməsi qeyd edilmişdir.

28. Həmçinin, məhkəmə tərəfindən təyin edilmiş (iş üzrə iki dəfə, tikinti-texniki və materialların məhkmə ekspertizası təyin olunsa da, bu sahədə mütəxəsislərin olmaması əsası ilə iş geri qaytarılmışdır) "xxxx" MMC-nin xx.xx.2023-cü il tarixli rəyində, iddiaçının etirazından sonra isə yenidən təyin edilmiş "xxxx" MMC-nin xx.xx.2023-cü il tarixli rəyində iddiaçının anasının məzarı üzərində quraşdırılmış məzar daşının Çin istehsalı olması, məzar daşının sınmasının onun keyfiyyətsiz materialdan hazırlanması və düzgün quraşdırılmaması nəticəsində deyil, kənar müdaxilə (xarici faktor), yəni kənar şəxslər tərəfindən dağıdılması ilə bağlı olduğu göstərilmişdir.

29. Hər iki rəydə iddiaçının anasının məzarından başqa qəbiristanlıqda quraşdırılan başqa insanlara məxsus məzar daşlarının da dağıdıldığı göstərilmiş və bununla bağlı fotoşəkillər rəyə əlavə edilmişdir.

30. Şərh edilənlərdən, eləcə də, məhkəmə tərəfindən daha mötəbər sübut kimi qəbul edilən "xxxx" MMC-nin və "xxxx" MMC-nin təqdim etdikləri mütəxəsis rəylərindən də göründüyü kimi, idiaçının anasının məzar daşı nə onun keyfiyyətsiz materialdan hazırlanması, nə də düzgün quraşdırılmaması ilə bağlı olmamış, məzar daşı ehtimal olunur ki, kənar şəxslərin müdaxiləsi nəticəsində dağıdılmışdır.

31. Məzar daşının aşması nəticəsində dağılmasında cavabdehin təqsiri sübuta yetrilmədiyi halda isə, Mülki Məcəllənin 772.1-ci maddəsinə əsasən, məzar daşının təsadüfən məhv olması və ya zədələnməsi riski də onun təhvil verildiyi vaxtdan iddiaçının üzərinə düşmüş olur.

32. İşdə olan mütəxəsis rəylərinin hansının daha mötəbər sübut kimi qəbul edilməsi ilə bağlı məhkəmə qeyd edir ki, həm "xxxx" MMC, həm də "xxxx" MMC tərəfindən tərtib edilmiş rəylərdə məhkəmə tərəfindən qoyulmuş suallara ətraflı cavab verilməsi ilə bərabər, müxtəlif mütəxəsislər tərəfindən müxtəlif vaxtlarda tərtib edilmsinə baxmayaraq, mübahisəli vəziyyətlə bağlı eyni mövqe ifadə edilmişdir. Lakin “X2 Mərkəzi” MMC tərəfindən tərtib edilmiş rəydə, iddiaçı iş üçün əhəmiyyətli olan bu halı məhkəmə iclasında bildirsə də, məzarlıqda digər məzar daşlarının sındırılması ilə bağlı hallar qeyd edilməmişdir.

33. Beləliklə, şərh edilənlər əsasında məhkəmə belə nəticəyə gəlir ki, iddiaçının anasının məzar daşının sınması onun keyfiyyətisiz hazırlanması, düzgün quraşdırılmaması nəticəsində baş vermədiyindən iddia həmin hissədə təmin eilməməlidir.

34. Məhkəmə hesab edir ki, iddia mənəvi zərərin ödənilməsi və beş faiz hesablanmaqla pulun cavadehdən tutulması hissəsində də təmin edilməməlidir.

35. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 24 aprel 2020-ci il tarixli Qərarında da deyilir ki, mənəvi zərər insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir və yaxın şəxsin itirilməsi, fəal ictimai həyatın davam etdirilməsinin qeyri-mümkünlüyü, əmək qabiliyyətinin itirilməsi, ailə və şəxsi həyat sirrinin ictimailəşməsi, şərəf və ləyaqəti alçaldan məlumatların yayılması, müəyyən hüquq və azadlıqların qanunsuz məhdudlaşdırılması, fiziki əzab, sağlamlığa zərər vurulması və s. nəticəsində yarana bilər.

36. Şərəf və ləyaqətin müdafiəsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 may 1999-cu il tarixli 7 saylı qərarının 6-cı bəndinə qeyd edilir ki, iddiaçı mənəvi ziyanın ödənilməsini tələb etdikdə keçirdiyi fiziki və mənəvi sarsıntıları sübut etməlidir.

37. Məhkəmə qeyd edir ki, iddiaçının anasının məzar daşının dağıdılması nəticəsinədə mənəvi sarsıntı keçirməsi, bu hadisənin onun psixologiyasında stress, sarsıntı və emosional gərginlik və s. kimi əlamətlərə səbəb olması mümkündür. Lakin işin şərh edilən hallarından görünür ki, iddiaçının anasının məzar daşının sınmasında cavabdehin təqsiri müəyyən edilməmişdir. Bu səbəbdən onun cavabdehdən mənəvi zərər tələb etməsi əsassızdır.

38. Məhkəmə həmçinin, hesab edir ki, iddiaçının əsas tələbi təmin edilmədiyindən illik 5% məbləğində cavabdehdən pul tələbi də təmin edilə bilməz.

39. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə

QƏTETDİ:

İddia təmin edilməsin. Ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. 300 manat məbləğində pul İddiaçı tutularaq "xxxx" MMC-yə (VÖEN: **********, hesab № AZN: AZ77AİİB400600C**********2018, Bank: Kapital Bank ASC Bravo filialı, VÖEN: **********, Müxbir hesab: AZ37NABZ********************, filialın kodu: 210296; SWİFT kod: AİİBAZ2XXXX) ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər.

Sədrlik edən: Pərviz Zamanlı

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar