Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-1341/2025 29.09.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abdullayeva Aynur Aydın qızının sədrliyi, Nəcəfova Evelina Ramid qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh Fərdi Firmasına qarşı “sənədlərin təqdim edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbi barədə iddiasına dair mülki işə qiyabi icraatda açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İddiaçı Cavabdeh Fərdi Firmasına qarşı “sənədlərin təqdim edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin hərəkətlərinin qanunsuz hesab edilərək, ünvan 1 ünvanındakı evə dair çıxarış əldə etməyi üçün mənzil-tikinti kooperativi binasında yaşayış sahəsinin verilməsi barədə mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarının, pay haqqının tam ödənilməsini təsdiq edən sənədlərin: maliyyə arayışının, mənzilin plan və ölçüsünün, ümumilikdə isə dövlət reyestrindən çıxarış əldə etməyi üçün tələb olunan digər zəruri sənədlərin ona verilməsi öhdəliyinin Cavabdeh Fərdi Firmasının üzərinə qoyulması barədə qətnamənin qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, xx.xx.2005-ci il tarixində iddiaçı Bakı şəhəri, Yasamal rayonu, Şəfaət Mehdiyev küçəsi, məhəllə 1054 ünvanında yerləşən, ümumi sahəsi 93.9 kv.m olan, iki otaqlı, 10 saylı mənzili ilkin olaraq dəyəri 40 faiz ödəmək şərtilə qalıq ödənişləri isə aylıq ödəməklə satın almışdır. 2007-ci ilin dekabr ayında ödənişi tam şəkildə ödəmişdir. Bu illər ərzində dəfələrlə onlara bildirilib ki, “gözləyin çıxarış veriləcək” lakin heçbir formada ona həmin mənzilə dair çıxarış verilməmişdir. Dəfələrlə şirkət rəhbərliyinə müraciət etsə də min bir bəhanələrlə “a” nöqtəsindən “b” nöqtəsinə, “b” nöqtəsindən “c” nöqtəsinə göndərilərək məsələnin həllinə dair heç bir müsbət nəticəyə gəlinməmişdir. Çıxarış əldə etmək üçün borcu olmaması barədə maliyyə arayışı alıb dövlət reyestrindən çıxarış almaq istəyini şirkət naməlum səbəblərdən icra etməmiş sonda isə ondan müəyyən bir miqdarda əlavə pul tələb etmişlər. Bunu da əsaslandırmışlar ki, güya kommunal ödənişlər kimi 7.000 manata yaxın ödəniş etməlidir. Onlara bu əməllərin qanunsuz olmasını bildirsə də fikirlərinə əhəmiyyət verməyərək “get nə istəyirsən, haranı bilirsən ora şikayətivi elə” fikrini bildirmişlər. O da ümid yeri kimi Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinə, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə, Bakı şəhər İcra Hakimiyyətinə və Bakı şəhəri Yasamal Rayon İcra Hakimiyyətinə müvafiq şikayət ərizələri ilə müraciət etmişdir. Müraciətinə cavab olaraq isə yekun məzmunda bildirilmişdir ki; "xxxx" fərdi firması arasında olan mübahisəli məsələ mülki hüquq münasibətlərinin predmeti olduğundan həmin məsələlərin həlli ilə bağlı müvafiq məhkəməyə müraciət etməyiniz tövsiyə olunur”. Hal-hazırda hesab edir ki, Cavabdeh Fərdi Firması tərəfindən ünvan 1 ünvanındakı evə çıxarış əldə etməyi üçün zəruri sənədlərin - maliyyə arayışı və s. hüquq müəyyənedici sənədlərin əldə olunması üçün zəruri olan sənədlərin verilməsi öhdəliyini cavabdehin üzərinə qoyulması barədə qətnamə qəbul edilməlidir. Qoşmaya əlavə edilmiş müqavilənin 4-cü bəndindən də göründüyü kimi mənzilin ümumi dəyəri 40.000 ABŞ dolları təşkil etmişdir. Həmin müqavilə üzrə də tərəflərindən 40.000 ABŞ dolları ödəniş edilmişdir. Müqavilə üzrə nəzərdə tutulmuş 16 ay müddətində etdikləri ödənişləri təsdiq edən ümumi məbləğ 40.000 ABŞ dolları olan 17 qəbz qoşmaya əlavə edilir. Bundan əlavə olaraq 2008-ci ilin 03 sentyabr tarixində kvadrat fərqinə görə də əlavə 1.050 ABŞ dolları ödəniş edilmişdir. Bu günədək etdiyi müraciətlərdən əlavə bir müddət əvvəl də cavabdehə pretenziya qaydasında müraciət etmişdir. Lakin uğursuz olmuşdur. Daha sonra iddiaçı iddia tələbinə dəqiqləşmə ərizəsi verərək, ünvan 1 ünvanındakı evə dair yaşayış sahəsinin verilməsi barədə ümumi yığıncağın qərarının və mənzilin dəyərinin ödənilməsi barədə maliyyə arayışının ona verilməsi barədə öhdəliyin Cavabdeh Fərdi Firmasının üzərinə qoyulması barədə qətnamənin qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı məhkəmə iclasında iddianı müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahatlar vermişdir və məhkəmədən iddianın təmin edilməsini xahiş etmişdir. Cavabdeh Fərdi Firmasının nümayəndəsi məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin o, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin üzrlü səbəbi barəsində məhkəməyə məlumat verməmişdir. İddiaçı işə qiyabi icraat qaydasında baxılmasına etiraz etməyərək, işə cavabdehin iştirakı olmadan qiyabi icraat qaydasında baxılmasını tələb etdiyindən, məhkəmə Azərbaycan Respublikasının MPM-nin 238.1-ci maddəsinə əsasən, işə cavabdehin iştirakı olmadan qiyabi icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyərək, iddia ərizəsini və işin materiallarını araşdıraraq, hesab edir ki, iddia əsaslıdır. Buna görə də iddia təmin edilməlidir. İş materiallarında olan İcraçı Cavabdeh Fərdi Firması ilə payçı İddiaçı arasında bağlanmış yeni tikilən yaşayış binasında mənzillərin satışı barədə xx.xx.2005-ci il tarixli müqavilənin surətindən görünür ki, icraçı ünvan 2 ünvanında yeni tikilən yaşayış binasının 7-ci blokunda 5-ci mərtəbədə 10 nömrəli mənzilini payçıya verməyi öz öhdəsinə götürür. Mənzil 2 otaqdan ibarətdir, mənzilin ümumi sahəsi 93,9 m2 təşkil edir. Müqavilənin 3-cü bəndinə əsasən mənzilin dəyəri 40.000 ABŞ dolları ekvivalentində Azərbaycan manatı ilə ödənilməlidir. “Alıcı” mənzilin dəyərinin 40 faizini ödəməli və mənzilin sifarişçisi hüququna malik olmalıdır. Mənzilin dəyərinin qalan hissəsi 16 (on altı) ay ərzində tam bərabər bölünərək aylıq ödənilməlidir. İş materiallarında olan Cavabdeh Fərdi Firması tərəfindən İddiaçı verilmiş mədaxil orderlərinin surətindən görünür ki, ünvan 2 ünvanında yeni tikilən yaşayış binasının 7-ci blokunda 5-ci mərtəbədə yerləşən 2 otaqlı, ümumi sahəsi 93,9 m2 olan mənzil üçün İddiaçı tərəfindən xx.xx.2005-ci il tarixdə 15.000 ABŞ dolları, xx.xx.2005-ci il tarixdə 1.200 ABŞ dolları, xx.xx.2005-ci il tarixdə 1.300 ABŞ dolları, xx.xx.2005-ci il tarixdə 1.300 ABŞ dolları, xx.xx.2005-ci il tarixdə 1.500 ABŞ dolları, xx.xx.2006-cı il tarixdə 1.400 ABŞ dolları, xx.xx.2006-cı il tarixdə 1.400 ABŞ dolları, xx.xx.2006-cı il tarixdə 1.400 ABŞ dolları, xx.xx.2006-cı il tarixdə 1.100 ABŞ dolları, xx.xx.2006-cı il tarixdə 1.500 ABŞ dolları, xx.xx.2006-cı il tarixdə 1.500 ABŞ dolları, xx.xx.2006-cı il tarixdə 1.500 ABŞ dolları, xx.xx.2006-cı il tarixdə 1.600 ABŞ dolları, xx.xx.2006-cı il tarixdə 1.600 ABŞ dolları, xx.xx.2006-cı il tarixdə 1.200 ABŞ dolları, xx.xx.2006-cı il tarixdə 2.200 ABŞ dolları və xx.xx.2006-cı il tarixdə 3.300 ABŞ dolları pul ödənilmişdir. İş materiallarında olan Cavabdeh Fərdi Firması tərəfindən İddiaçı verilmiş mədaxil orderinin surətindən görünür ki, İddiaçı tərəfindən “kvadrat fərqi” üçün xx.xx.2008-ci il tarixdə 1.050 ABŞ dolları pul ödənilmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 1 saylı Bakı Ərazi İdarəsi 3 aprel 2025-ci il tarixində məhkəməyə ünvanlanmış məktubun surətindən görünür ki, Bakı şəhəri, Yasamal rayonu, X1 küçəsi, 1054-cü məhəllədə inşa edilmiş binada mənzillər Cavabdeh Fərdi Firması ilə imzalanmış alqı-satqı müqaviləsinə, Cavabdeh Fərdi Firması tərəfindən təqdim edilmiş maliyyə arayışına əsasən daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçmişdir. Bakı şəhəri, Yasamal rayonu, X1 küçəsi, 1054-cü məhəllədə inşa edilmiş binada 10 saylı mənzilin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçməsi barədə məlumat aşkar edilməmişdir. İş materiallarında olan Cavabdeh Fərdi Firması tərəfindən İddiaçı ünvanlanmış 10 saylı bildirişin surətindən görünür ki, xx.xx.2024-cü il tarixinədək mənzilin istismarı zamanı binanın təsərrüfat xərcləri üçün müəyyənləşdirilmiş aylıq ödəniş məbləğinin ödənilməsi tələb olunur. xx.xx.2024-cü il üçün borc 7.800 manat təşkil edir. İddia tələbi ilə əlaqədar məhkəmə hesab edir ki, iddiaçı ünvan 1 ünvanındakı evə dair çıxarış əldə etməyi üçün yaşayış sahəsinin verilməsi barədə binanı idarəedən təşkilatın yaşayış sahəsinin verilməsi barədə qərarının, pay haqqının tam ödənilməsini təsdiq edən maliyyə arayışının verilməsini cavabdehdən tələb etməkdə haqlı olmuşdur. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Mülki Məcəllənin 752.1-ci maddəsinə görə podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Mülki Məcəllənin 752.2-ci maddəsinə görə əgər podratda hər hansı məmulatın hazırlanması nəzərdə tutularsa və podratçı onu özünün əldə etdiyi materiallardan hazırlayarsa, hazırlanmış məmulata mülkiyyəti sifarişçiyə verir. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 8.0.9.2-ci maddəsinə görə çoxmənzilli binalara, qeyri-yaşayış binalarına və hündürlüyü 12 metrdən çox olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə, müvafiq icra hakimiyyəti orqanının tikilinin inşa edilməsinə icazə barədə qərarı, istismara qəbul aktı daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Belə ki, iş materialları ilə müəyyən edilmişdir ki, Bakı şəhəri, Yasamal rayonu, Şəfaət Mehdiyev küçəsi, məhəllə 1054 ünvanında Cavabdeh Fərdi Firması tərəfindən inşa edilmiş çoxmərtəbəli binanın 10 saylı mənzilinə dair tərəflər arasında xx.xx.2005-ci il tarixdə podrat müqaviləsi bağlanılmışdır. Müqavilə şərtlərinə görə binanın 7-ci blok 5ci mərtəbədə olan 10 nömrəli mənzili iddiaçıya verilməli, iddiaçı bunun müqabilində 40.000 ABŞ dolları ekvivalentində Azərbaycan manatı ilə pul ödəməlidir. Mənzilin dəyərinin 40 faizini əvvəlcədən, qalan hissəsi 16 (on altı) ay ərzində ödənilməlidir. İş materiallarına əlavə edilmiş kassa mədaxil qəbzlərinin surətlərindən görünür ki, xx.xx.2005-xx.xx.2008-ci il tarixlərində podrat müqaviləsi üzrə iddiaçı tərəfindən cavabdeh müəssisəyə 41.050 ABŞ dolları pul ödənişi icra edilmişdir. Belə ki, yuxarıda qeyd edilmiş müqaviləyə əsasən mənzil tikildikdən sonra iddiaçıya təhvil verilməlidir, iddiaçı isə mənzilin dəyərini ödəmək öhdəliyini daşıyır. Mənzil tikintisi ilə bağlı iddiaçının bağladığı müqavilə podrat müqaviləsidir. Mülki Məcəllənin 752.2-ci maddəsinə görə əgər podratda hər hansı məmulatın hazırlanması nəzərdə tutularsa və podratçı onu özünün əldə etdiyi materiallardan hazırlayarsa, hazırlanmış məmulata mülkiyyəti sifarişçiyə verir. Belə ki, “hazırlanmış məmulata mülkiyyəti sifarişçiyə vermək” podratçının müqavilə üzrə vəzifəsi kimi müəyyən edilib. Mənzil podratın maddiləşmiş nəticəsidir, iddiaçıların sifarişi və maliyyəsi hesabına əmələ gəlib, ona görə də podratçının vəzifəsidir ki, mənzilə dair mülkiyyət hüquqlarının qeydiyyatı üçün zəruri olan sənədləri iddiaçıya verilsin. Cavabdehin müvafiq sənədləri təqdim etməməsi nəticəsində iddiaçının əmlak hüquqları pozulur və o, mənzilini öz adına dövlət qeydiyyatına ala bilmir. Bundan başqa podrat münasibətlərində podratçının “hazırlanmış məmulata mülkiyyəti sifarişçiyə vermək” öhdəliyi mülkiyyət hüququnun qeydə alınması üçün zəruri olan ağlabatan bütün hərəkətlərin də icrasını, misal üçün binanın istismara qəbul aktının alınması üçün müvafiq dövlət orqanına podratçının müraciətini də nəzərdə tutur. Belə ki, iddiaçı tərəfindən mənzilin alınması ilə bağlı podrat müqaviləsi ilə nəzərdə tutulan (40.000 ABŞ dolları) məbləğdən də artıq olan 41.050 ABŞ dollarını ödəməsi öz təsdiqini tapdığından, buna dair maliyyə arayışının və sahənin ayrılmasına dair qərarın verilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmalıdır. Qeyd olunanlara əsasən ünvan 1 ünvandakı mənzilə dair yaşayış sahəsinin verilməsi barədə qərarın (ümumi yığıncağın protokolundan çıxarışın) və mənzilin dəyərinin tam ödənilməsini təsdiq edən maliyyə arayışının iddiaçıya təqdim olunması öhdəliyi Cavabdeh Fərdi Firmasının üzərinə qoyulmalıdır. Məhkəmə xərcləri ilə bağlı məhkəmə belə qənaətə gəlir ki, iddia təmin edildiyindən, dövlət rüsumuna daxil olan və iddiaçı tərəfindən ödənilmiş 100 manat pul vəsaiti Cavabdeh Fərdi Firmasından tutularaq İddiaçı ödənilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qətetdi: İddia təmin edilsin. ünvan 1 ünvandakı mənzilə dair yaşayış sahəsinin verilməsi barədə qərarın (ümumi yığıncağın protokolundan çıxarışın) və mənzilin dəyərinin tam ödənilməsini təsdiq edən maliyyə arayışının iddiaçıya təqdim olunması öhdəliyi Cavabdeh Fərdi Firmasının üzərinə qoyulsun. 100 (bir yüz) manat dövlət rüsumu Cavabdeh Fərdi Firmasından alınaraq İddiaçı ödənilsin. Qiyabi qətnamə rəsmi qaydada verilməsindən sonra 10 (on) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsinə qətnamənin ləğvi üçün ərizə verilə bilər. Qiyabi qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsi ilə) Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Aynur Abdullayeva
Məhkəmə qərarları › İş №2(011)-1341/2025
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qiyabi qətnamə — İş №2(011)-1341/2025
29.09.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver