Məhkəmə qərarları › İş №2(011)-1343/2024

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qiyabi qətnamə — İş №2(011)-1343/2024

04.04.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-1343/2024 04.04.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Eyvazova Samirə Əli qızının sədrliyi Hüseynli Mehriban Qalib qızının katibliyi ilə İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İşin iddia ərizəsində qeyd edilən halları:

1. Cavabdeh "xxxx" ASC ilə xx.xx.2020-ci il tarixli kredit müqaviləsi bağlayaraq dövriyyə vəsaitlərinin artırılması və sair xərclər üçün 12 ay müddətinə 22 iyun 2021-ci ilədək qaytarmaq və illik 24 faiz ödəmək şərti ilə 7000 (yeddi min) manat kredit götürüb. İddiaçı Cavabdeh ilə münasibətləri yaxşı olduğuna görə ona zamin durmuşdur. Cavabdeh bank qarşısında olan öhdəliklərini yerinə yetirmədiyinə görə "xxxx" ASC tərəfləri məhkəməyəə vermişdir.

2. Bakı Kommersiya Məhkəməsinin 19 yanvar 2022-ci il tarixli e-2-2(113)- 316/2022 saylı qətnaməsinə əsasən "xxxx" ASC-nin iddiası təmin edilmiş, Cavabdeh və iddiaçıdan müştərək qaydada 5.142,32 manat məbləğində əsas, 72,93 manat məbləğində faiz borcu, cəmi 5.215,25 manat məbləğində pul vəsaiti və mediasiya xərclərinin əvəzi olaraq 100 manat məbləğində pul vəsaiti tutularaq "xxxx" ASC-yə ödənilməsi qətt edilmişdir. Qətnamə qanuni qüvvəyə minmiş və icraya yönəldilmişdir. Qusar rayon İcra və Probasiya Şöbəsi qətdnamə üzrə verilmiş icra sənədi icraya qəbul edilmiş və mücafiq icra hərəkətləri ödəmişdir. Cavabdeh borcu ödəmədiyindən iddiaçı məcbur qalaraq həmin məbləğdən 3210 manat məbləğində pulu banka ödəmişdir.

3. Cavabdeh iddiaçının ödədiyi 3210 manat məbləğindən iddiaçıya 800 manatı qaytarıb, hzırda cavabdehin iddiaçıya 2500 manat məbləğində pul borcu qalıb. Dəfələrlə iddiaçı Cavabdeh banka ödədiyi pulun qaytarılmasını tələb etsə də o, müxtəlif bəhanələr gətirərək pulu qaytarmaqdan boyun qaçırmışdır.

İddiaçının tələbi:

4. Cavabdeh 3210 manat borc pul və ödənilmiş 50 manat dövlət rüsumunun alınaraq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

5. İddiaçı xx.xx.2024-cü il tarixində məhkəməyə ərizə ilə müaciət edərək, Cavabdeh 2500 manat borc pul və ödənilmiş 45 manat dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

Cavabdehin etirazı:

6. Cavabdeh tərəfindən ərizəçinin tələbinə qarşı yazılı etiraz, o cümlədən hər hansı sənəd daxil olmamışdır. Tərəflərin izahatı:

7. Məhkəmə iclasında iştirak edən İddiaçı öz izahatında bildirmişdir ki, cavabdeh üçün bankda zamin olmuş, məhkəmə qətnaməsi əsasında borc onun əmək haqqısına yönəlmişdir. İddia ərizəsində qeyd edilən məbləğ işə əlavə edilmiş sənədlərlə də sübuta yetrilir. İddia tələbini müdafiə edir, cavabdehdən 2500 manat pulun və 45 manat dövlət rüsumunun tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

8. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmış, lakin məhkəmə iclasına gəlməmiş və gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 147-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxmağı mümkün hesab edir.

İş materiallarına əlavə edilmiş sənədlər:

9. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, e-2-2(113)-316/2022 saylı qətnaməsinə əsasən, Cavabdeh və İddiaçı müştərək qaydada 5.142,32 manat (beş min yüz qırx iki manat otuz iki qəpik) məbləğində əsas, 72,93 manat (yetmiş iki manat doxsan üç qəpik) məbləğində faiz borcu, cəmi 5.215,25 manat (beş min iki yüz on beş manat iyirmi beş qəpik) məbləğində pul vəsaiti və mediasiya xərclərinin əvəzi olaraq 100 (yüz) manat məbləğində pul vəsaiti tutularaq iddiaçı "xxxx" ASC-yə ödənilməsi qət edilmişdir.

10. xx.xx.2023-cü il tarixli 76№-li ödəniş tapşırığına əsasən, Bakı Şəhər Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, e-2-2(113)-316/2022 saylı qətnaməsinə əsasən "xxxx" ASC-in hesabına 258,62 manat ödənilmişdir.

11. xx.xx.2023-cü il tarixli 105№-li ödəniş tapşırığına əsasən, Bakı Şəhər Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, e-2-2(113)-316/2022 saylı qətnaməsinə əsasən "xxxx" ASC-in hesabına 1135,21 manat ödənilmişdir.

12. xx.xx.2023-cü il tarixli 176№-li ödəniş tapşırığına əsasən, Bakı Şəhər Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, e-2-2(113)-316/2022 saylı qətnaməsinə əsasən "xxxx" ASC-in hesabına 244,62 manat ödənilmişdir.

13. xx.xx.2023-cü il tarixli 203№-li ödəniş tapşırığına əsasən, Bakı Şəhər Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, e-2-2(113)-316/2022 saylı qətnaməsinə əsasən "xxxx" ASC-in hesabına 1200,17 manat ödənilmişdir.

14. xx.xx.2023-cü il tarixli 306№-li ödəniş tapşırığına əsasən, Bakı Şəhər Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, e-2-2(113)-316/2022 saylı qətnaməsinə əsasən "xxxx" ASC-in hesabına 372 manat ödənilmişdir.

15. Fotoşəkillərə (“Whatsapp” sosial şəbəkəsi üzərindən aparılmış yazışmalara) əsasən, Cavabdeh (+944 5********) sentyabr ayında pulu qaytaracağını bildirmişdir.

16. Xətai Rayon İcra Başçısının Aparatı tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 5- 11/2-453/2024 nömrəli ərizəyə əsasən, məhkəmə bildirişini iş üzrə Cavabdeh təqdim edilməsi mümkün olmamışdır.

17. İddiaçı xx.xx.2024-cü il tarixində məhkəməyə ərizə ilə müraciət edərək, mülki iş üzrə qiyabi qətnamə qəbul edilməsini xahiş etmişdir.

18. Disk və digər sənədlər.

Tətbiq edilən hüquq:

19. Azərbaycan Respublikası Mülki Məcəlləsi: 385.1 Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 470.1. Zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür.

471. Zaminlik müqaviləsi yazılı formada bağlanmalıdır. Yazılı formaya riayət edilməməsi zaminlik müqaviləsinin etibarsızlığına səbəb olur. 472.1. Borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. 472.2. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. 500.1. Əgər öhdəliyin icrası bir neçə şəxsə onlardan hər birini öhdəliyin tam icrasında iştirak etməyə borclu edən şəkildə həvalə edilirsə, kreditor isə yalnız birdəfəlik icranı tələb etmək hüququna malikdirsə, onlar birgə borclulardır. 500.2. Birgə öhdəlik müqaviləyə, qanuna və ya öhdəlik predmetinin bölünməzliyinə əsasən əmələ gəlir. 509.1. Birgə öhdəliyi icra etmiş borclu, əgər müqavilədə və ya bu Məcəllədə ayrı qayda müəyyənləşdirilməyibsə, qalan borclular barəsində onların paylarına mütənasib surətdə, lakin öz payı çıxılmaqla reqres qaydasında tələb hüququna malikdir.

20. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 82.3. Bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir.

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 89.1. Yazılı sübutlar—iş üçün əhəmiyyətli hallar barədə məlumat verən, notariat qaydasında təsdiq olunmuş sənədlər, aktlar, müqavilələr, arayışlar, işgüzar yazışmalar və sair sənəd və materiallardır. 89.2. Faks, elektron və ya digər rabitə vasitəsi ilə, yaxud sair üsulla əldə edilmiş materiallar məhkəmə tərəfindən o şərtlə yazılı sübut kimi qəbul edilə bilər ki, həmin sənədlərin həqiqiliyini müəyyən etmək mümkün olsun.

107. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

147. Cavabdehin faktiki olduğu yer məlum olmadıqda, məhkəmə cavabdehin məlum olan axırıncı yaşayış yeri üzrə yerli özünüidarə orqanının, müvafiq icra hakimiyyəti orqanının və ya cavabdehin məlum olan axırıncı iş yeri üzrə müdiriyyətin məhkəmə bildirişini aldığını təsdiq edən qeyd yazılmış məhkəmə bildirişi məhkəməyə daxil olduqdan sonra işə baxmağa başlayır. 191.3. cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. 238.1. İclasın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdeh məhkəmə iclasına gəlmədikdə və gəlməməsinin səbəbləri barədə məlumat vermədikdə, iddiaçı buna etiraz etmədikdə, işə qiyabi icraat qaydasında baxıla bilər. 238.3. İşdə cavabdehin lazımi qaydada xəbərdar edilməsi barədə məlumatlar olmalıdır. 238.4. İşə qiyabi baxılmasına iddiaçının razılığı yazılı formada olmalıdır. 238.5. İşə qiyabi icraat qaydasında baxılması barədə məhkəmə qərardad çıxarır. 241.1. Qiyabi icraat qaydasında işə baxarkən hakim, tərəflərin təqdim etdiyi sübutların tədqiqi ilə kifayətlənir, onların dəlillərini və vəsatətlərini nəzərə alır və qiyabi adlanan qətnamə çıxarır.

242. Qiyabi qətnamənin nəticə hissəsində qətnaməyə yenidən baxılması üçün ərizə vermə vaxtı və qaydası göstərilməlidir.

21.Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair” 2016-cı il 23 fevral tarixli Qərarı: Preyudisiallıq məhkəmə aktının qanuni qüvvəsinin təkzibedilməzliyi, müstəsnalığı və məcburiliyi kimi keyfiyyət göstəricilərini özündə ehtiva edir. Preyudisiya institutu məhkəmə aktlarına yenidən baxılmasının qarşısının alınmasına, məhkəmə təcrübəsində eyniliyin, sabitliyin və hüquqi müəyyənliyin təmin edilməsinə yönəlmişdir. Preyudisiallığı tənzim edən normalar sübut etmə prosesini sadələşdirməyə, işlərə baxılma müddətinin qısaldılmasına, məhkəmələrin, eləcə də məhkəmə prosesi iştirakçılarının vəsaitinə qənaət edilməsinə yönəlmişdir.

22. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair 18 mart 2019-cu il Qərarı: “Mülki Prosessual Məcəllədə məhkəmənin həqiqətə nail olmaq vəzifəsi yalnız tərəflər üçün lazımi şəraitin yaradılması, prosessual hüquq və vəzifələrin onlara izah edilməsi ilə məhdudlaşır...Qanunvericilikdə “formal həqiqətin müəyyən edilməsi” ayrıca prinsip kimi nəzərdə tutulmasa da, məhkəmənin yalnız işdə olan sübutlar əsasında həqiqəti müəyyən etmək vəzifəsi aydın ifadə edilmişdir...Proses məhkəmənin publik iradəsindən deyil, tərəflərin iradəsi və fəallığından asılı olaraq həyata keçirilir...”

Məhkəmənin mövqeyi:

23. Məhkəmə mülki iş üzrə iddia ərizəsini, tərəfin izahatını, əlavə edilmiş sənədləri nəzərdən keçirib, təqdim edilmiş sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir.

24. Belə ki, mülki iş materiallarında olan Bakı Şəhər Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, e-2-2(113)-316/2022 saylı qətnaməsinə əsasən, Cavabdeh və İddiaçı müştərək qaydada 5.142,32 manat (beş min yüz qırx iki manat otuz iki qəpik) məbləğində əsas, 72,93 manat (yetmiş iki manat doxsan üç qəpik) məbləğində faiz borcu, cəmi 5.215,25 manat (beş min iki yüz on beş manat iyirmi beş qəpik) məbləğində pul vəsaiti və mediasiya xərclərinin əvəzi olaraq 100 (yüz) manat məbləğində pul vəsaiti tutularaq iddiaçı "xxxx" ASCyə ödənilməsi qət edilmişdir. Qətnamənin mətnində qeyd edilmişdir ki, 22 iyun 2020-ci il tarixli, 16220***-*******03 saylı kredit müqaviləsinin 2.07-ci (a) bəndinə əsasən, borc alanın bu müqavilədən irəli gələn öhdəliyin icrasını təmin etmək məqsədilə İddiaçı ilə xx.xx.2020-ci il tarixli, 16FİZAM190516202 saylı zaminlik müqaviləsi bağlanmışdır. (§9)

25. Məhkəmə qeyd edir ki, MPM-nin 82.3. maddəsinə əsasən, mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Məhkəmə qətnaməsi mülki işə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Cavabdehin iddiaçı qarşısında öhdəlik daşıması preyudisial əhəmiyyətli faktdır.

26. Belə ki, məhkəmə tərəfindən iş materialları araşdırılarkən müəyyən edilmişdir ki, Cavabdeh ilə "xxxx" ASC arasında qanunla müəyyən olunmuş qaydada kredit müqaviləsi bağlanmış, kredit müqaviləsinin icrasını təmin etmək üçün İddiaçı ilə "xxxx" ASC arasında zaminlik müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən, İddiaçı zamin qismində kredit müqaviləsindən irəli gələn öhdəliklərin yerinə yetirilməsi üçün birgə məsuliyyət daşıdığı qeyd edilmişdir. Bakı Şəhər Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, e-2-2(113)- 316/2022 saylı qətnaməsinə əsasən də hazırki iş üzrə iddiaçının Cavabdeh ilə müştərək qaydada öhdəlik daşıdığı qət edilmişdir.

27. Mülki iş materiallarında olan ödəniş tapşırıqlarına əsasən, İddiaçı Bakı Şəhər Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, e-2-2(113)-316/2022 saylı qətnaməsinə əsasən "xxxx" ASC-in hesabına ümumilikdə 3210,62 (258,62+1135,21+244,62+1200,17+372=3210,62) manat məbləğində ödəniş etmişdir. (§10, §11, §12, §13, §14)

28. Məhkəmə qeyd edir ki, dəfələrlə İddiaçı Cavabdeh banka ödədiyi pulun qaytarılmasını tələb etsə də o, müxtəlif bəhanələr gətirərək pulu qaytarmaqdan boyun qaçırmışdır. Qeyd edilənlər məhkəmə araşdırması zamanı mülki iş materiallarına əlavə edilmiş “Whatsapp” sosial şəbəkəsi üzərindən aparılmış yazışmalarla da öz təsdiqini tapır. (§15)

29. Məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında, tam, hərtərəfli və obyektiv hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, Cavabdeh 2500 manat pul məbləği tutularaq İddiaçı xeyrinə ödənilməlidir.

Məhkəmə xərcləri:

30. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

31. İddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 45 manat məbləğində pul Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.

32. Qeyd olunanlara və Azərbaycan Respublikası MPM-nin 216-220, 284-6-cı maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ:

1. İddia təmin edilsin.

2. Cavabdeh 2500 (iki min beş yüz) manat pul məbləği tutularaq İddiaçı ödənilsin.

3. İddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 45 (qırx beş) manat məbləğində pul Cavabdeh tutularaq İddiaçı ödənilsin.

4. Cavabdeh qiyabi qətnamənin ona rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində həmin qətnamənin ləğvi üçün Bakı şəhəri Xətai Rayon Məhkəməsinə ərizə verə bilər.

5. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər.

Sədrlik edən: Samirə Eyvazova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar