Məhkəmə qərarları › İş №2(011)-1401/2023

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-1401/2023

07.03.2023 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi - Mənzilə hüquqların itirilmiş hesab edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-1401/2023 07.03.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Zamanlı Pərviz Mirsiyaf oğlunun sədrliyi, Həsənova Elnarə Daşdəmir qızının katibliyi, İddiaçı, Cavabdehlər Cavabdeh1 və X2 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və qeyrilərinə qarşı istifadə hüququnun itirilmiş hesab olunması barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İşin faktiki halları:

1. İddiaçı ilə X8 arasında Bakı şəhəri, Xətai rayonu, Mədinə Gülgün küçəsi, 1 saylı evin 11 saylı mənzilin (bundan sonra - Mənzil) alqı-satqısına dair xx.xx.2022-ci il tarixdə alqı-satqı müqaviləsi bağlanmış və iddiaçının Mənzilə dair mülkiyyət hüququ xx.xx.2022-ci il tarixdə ********** nömrəsi ilə dövlət qeydiyyatına alınmışdır. Cavabdehlər hazırda iddiaçıya məxsus Mənzildə pasport qeydiyyatındadır.

2. İddia ərizəsinin və ona etirazın dəlilləri:

a) İddia ərizəsinin dəlilləri

3. İddiaçı cavabdehlərin Mənzildən istifadə hüququnun itirilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

4. İddiaçı iddia ərizəsində qeyd etmişdir ki, o, Mənzili keçmiş mülkiyyətçisi X4 06 iyul 2022-ci il tarixdə Bakı şəhəri 52 saylı Notariat Kontorunda bağlanmış AN-İ № ******* yaşayış sahəsinin alqı-satqı müqaviləsinə əsasən almışdır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin Bakı şəhər Ərazi İdarəsi tərəfindən verilmiş 8 iyul 2022-ci il tarixli ********** qeydiyyat nömrəli çıxarışa əsasən onun adına mülkiyyət kimi qeydiyyata keçmişdir. Cavabdehlər yaşayış sahəsini ona satdıqdan sonra satdıqları vaxtdan köçüb getmələrinə baxmayaraq qeydiyyatdan çıxmamışlar. Bu hal onun mənzil üzərində mülkiyyət hüquqlarını pozur.

b. Cavabdehin iddia ərizəsinə etirazının dəlilləri:

5. Cavabdehlər məhkəməyə təqdim etdikləri yazılı etirazlarında qeyd etmişlər ki, Mənzildə qeydiyyatdadırlar. Həmin mənzil X6na məxsusdur. Mənzil ata baba mülküdür. Qardaşı oğlu X14 işi ilə əlaqədar evi girov qoymaq məcburiyyətində qalmışdır. Həmin mənzili Nəsirov İlqar maklerin köməkliyi ilə 2021-ci ilin dekabr ayında Malik adlı şəxsə (iyirmi iki min) manata ayi 800 manat olmaqla girova goymuşdur. Sonradan evin ayliq faizi çox olduğuna görə xx.xx.2022-ci il tarixində İlqar evi 42 000 manata evin əşyaları ilə birlikdə X1. xx.xx.2022-ci il tarixində cavabdehlər, Məmmədov Fazil, qardaşım Nəsirov Ayaz, yoldaşı Nəsirova Təranə və böyük qardaşı Nəsirov Araz orada qeydiyyatdaydırlar. Alqı satqı zamanı onlar 52 saylı Notariat Kontoruna gedərək imza çəkmişlər. Lakin bir müddət keçəndən sonra o bilmişdir ki, Müşviq İlqarı aldadaraq onların evini 42.000 manata əşyaları ilə birlikdə alıb. Mənzili atası X7 almışdır. Neçə illərdir qardaşı ailəsi ilə orada yaşayir. İddiaçı qardaşının fağır və sakit insanlar olduğunu bilərək İlqarı, atası Ayazı, anası Təranəni aldadaraq evi 42.000 manata alıb. X6 xəstədir, bir müddət komada idi, bir neçə aydır ki komadan çıxıb, indi isə gözləri görmür, evdən çölə çıxa bilmir. Qardaşı və gəlinləri ikisidə yaşlı insanlardır. Hal hazırda kirayə ev tutaraq balaca daxmada yaşayirlar. Cavabdehlərin oradan qeydiyyatdan çıxmamaq səbəbləri odur ki, iddiaçı qardaşını və ailəsini aldadaraq evlərini əllərindən alıb su qiymətinə və onlardan hər ay 300 manat kirayə pulu alırdı.

6. Məhkəmə iclasında verilən izahatlar:

7. İddiaçı məhkəmə iclasında iddia ərizəsinə uyğun izahat verərək iddia tələbinin təmin edilməsini xahiş etdi.

8. Məhkəmə iclasında iştirak edən cavabdehlər yazılı etiraza uyğun izahat verərək bildirmişlər ki, mənzildən qeydiyyatdan çıxmamalarına səbəb iddiaçının qardaşlarını aldadaraq mənzili daha ucuz qiymətə əldə etməsi olmuşdur.

9. Mülki işə tətbiq edilən hüquq:

10. Azərbaycan Respublikasının Mənzil Məcəlləsi:

11. Maddə 30.1. Yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər.

12. Maddə: 30.2. Əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin ailə üzvləri həmin yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış sahəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri həmin yaşayış sahəsindən təyinatı üzrə istifadə etməyə və onun saxlanmasını təmin etməyə borcludurlar.

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

13. Maddə 14.2 Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

14. Maddə 77.1 Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

15. Maddə 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır.

16. Maddə 217.4 Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

İşə baxan məhkəmənin mövqeyi:

17. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyərək, iddianın dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, iddia əsassızdır.

18. İlk növbədə qeyd olunmalıdır ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır.

19. İşin mübahisəsiz hallarından göründüyü kimi, iddiaçı ilə Mənzilin keçmiş mülkiyyətçisi – Malik Əliyev arasında xx.xx.2022-ci il tarixdə Mənzilin alqı-satqısına dair müqavilə bağlanmışdır. Ona görə də, tərəflər arasındakı mövcud mübahisəyə 01 oktyabr 2009-cu il tarixdən qüvvədə olan Azərbaycan Respublikası Mənzil Məcəlləsinin (bundan sonra – Mənzil Məcəlləsi) 30.1. və 30.2-ci maddələrinin müddəaları tətbiq edilməlidir. (§ 11, 12)

20. Göründüyü kimi, mülkiyyətçi ilə bərabər həmin yaşayış sahəsində yaşayan şəxslərin istifadə hüquqlarının yaranması əsaslarını müəyyən edən MM-nin 30.1-ci maddəsinin mənası baxımından mülkiyyətçinin ailə üzvləri 2 qrupa bölünür. Birincisi, mülkiyyətçi ilə birlikdə yaşayan onun arvadı (əri), uşaqları və valideynləri, ikincisi, mülkiyyətçinin himayəsində olmaqla əmək qabiliyyəti olmayan və mülkiyyətçi tərəfindən ailə üzvü kimi köçürüldükdə - digər qohumlar.

21. Mülki işin mübahisəsiz hallarından da aydın olur ki, cavabdehlər iddiaçının ailə üzvü olmamışlar. Ona görə də cavabdeh Mənzil Məcəlləsinin adı çəkilən müddəalarına nəzərdə tutulan mənada mülkiyyətçinin (iddiaçının) ailə üzvləri tərkibinə daxil deyildir.

22. Həmçinin, iş materialları ilə müəyyən edilir ki, cavabdehlər iddiaçının digər qohumu da hesab edilə bilməz.

23. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 16 dekabr 2014-cü il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1-ci maddəsinin ikinci cümləsinin “digər qohumlar” ifadəsi Azərbaycan Respublikası Ailə Məcəlləsinin 15-ci Fəslinin müddəalarına əsasən yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ olan şəxsləri ehtiva edir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.2-ci maddəsində mülkiyyətçiyə məxsus yaşayış sahəsindən onun ailə üzvlərinin istifadə etməsinə əsas verən hüququn yaranması və xitamı mülki qanunvericiliyin deyil, ailə qanunvericiliyinin müvafiq normaları ilə tənzimləndiyindən, bu hüququn yaranması və həyata keçirilməsi üçün Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci maddələrinə əsasən notariat qaydasında müqavilənin bağlanması və onun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması tələb olunmur.

24. İşin hallarından da göründüyü kimi, cavabdehlər nə iddiaçının nə də Mənzilin keçmiş mülkiyyətçisinin digər qohumu deyil və o, əmək qabiliyyəti olmayan şəxs kimi iddiaçının himayəsində olmamışdır.

25. Sadalanan qanunvericilik normalarına, eləcə də, Konstitusiya Məhkəməsinin formalaşdırdığı hüquqi mövqeyə əsasən, məhkəmə hesab edir ki, cavabdeh nə iddiaçının ailə üzvü, nə iddiaçıdan Azərbaycan Respublikası Ailə Məcəlləsinin 15-ci Fəslinin müddəalarına əsasən özünün saxlanılmasını tələb etmək hüququna malik olan şəxs nə də keçmiş mülkiyyətçinin ailə üzvləri olmamışdır. Bu halda isə, cavabdehin Mənzildən istifadə hüquqları yaranmır. Odur ki, mövcud olmayan istifadə hüququnun itirilməsinə dair iddia tələbi təmin oluna bilməz.

26. Lakin məhkəmə hesab edir ki, hazırkı qətnamə qanuni qüvvəyə mindikdən sonra qətnamə “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 9-cu maddəsinin 1-ci hissəsinin 5-ci bəndinə əsasən cavabdehin mənzilindən yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması üçün əsas sayılacaqdır. Məhkəmənin qeyd etdiyi bu qayda müvafiq dövlət orqanının üzərinə vəzifə qoyulması deyil, qanunun göstərişinin iddiaçıya və müvafiq dövlət orqanına izah edilməsidir.

27. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə

QƏTETDİ:

İddia təmin edilməsin. Bu qətnamə qanuni qüvvəyə mindikdən sonra Cavabdeh1, X5 və X2 Bakı şəhəri, Xətai rayonu, Mədinə Gülgün küçəsi, 1 saylı evin 11 saylı mənzilindən qeydiyyatdan çıxarılmaları üçün əsasdır. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər.

Sədrlik edən: Pərviz Zamanlı

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar