Məhkəmə qərarları › İş №2(011)-1441/2023

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-1441/2023

28.03.2023 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi - Mənzilə hüquqların itirilmiş hesab edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-1441/2023 28.03.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyeva Sahibə Cavid qızının sədrliyi, Şükürzadə Aysel Qədir qızının katibliyi, İddiaçı Cavabdeh iştirakı ilə İddiaçı Cavabdeh qarşı mənzilə istifadə hüququna xitam verilməsi barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İddia tələbi: İddiaçı Cavabdeh qarşı - Cavabdeh Bakı şəhəri Xətai rayonu, Gəncə prospekti 89 saylı evin ona məxsus 69-cu mənzilində uzun müddət üzürsüz səbəbdən yaşamamasını nəzərə alaraq həmin yaşayış sahəsindən istifadə hüququnun itirilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbinin dəlilləri: İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Gəncə prospekti, 89 saylı evin 3 otaqdan ibarət sahəsi 46.73 kv.metr olan 69 saylı mənzili xx.xx.2014-cü ildə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən xx.xx.2014-cü il tarixində verilmiş RX seriyalı ******* № li çıxarışa əsasən iddiaçının mülkiyyəti olub ona məxsusdur. Göstərilən mənzildə iddiaçı yaşayır. Mənzilə aid bütün kommunal və digər xərcləri özü ödəyir. Cavabdeh Tağıyev X1 prospekti, 89 saylı evin ona məxsus 69 saylı mənzilində qeydiyyatda olmasına baxmayaraq həmin mənzildə 2014-cü ildən yaşamır. Cavabdeh Bakı şəhəri, Xətai rayonu, İnqilab İsmayılov küçəsində yerləşən 11 saylı evin mülkiyyət hüququ əsasında özünə məxsus 46 saylı mənzilində və Bakı şəhəri Xəzər rayonu Şüvəlan qəsəbəsində yerləşən 229 saylı bağ evində yaşayır. Cavabdehin eyni zamanda Türkan qəsəbəsində də bağ evi var.Cavabdeh uzun müddətdir ki, formal olaraq iddiaçıya məxsus yuxarıda göstərilən mənzildə yaşamadığına baxmayaraq qeydiyyatda qalır. Dəfələrlə ona qeydiyyatdan çıxmalı olduğu bildirilsə də, o qeydiyyatdan çıxmaq istəmir. Cavabdehin mülkiyyətində yaşayış sahəsi olduğundan, onun qeydiyyatda olduğu yaşayış sahəsinə ehtiyacı olmadığından cavabdehin həmin yaşayış. sahəsinə ehtiyacı aradan qalxmışdır. Cavabdeh formal olaraq qeydiyyatda qaldığından mənzildən istifadə hüquqlarını həyata keçirmir. Tərəflərin izahatları: İddiaçı məhkəmə iclasında iddianı müdafiə edərək, məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclasında verdiyi izahatında bildirdi ki, iddianın təmin olunmasına etiraz edir, doğulandan orada qeydiyyatdadır, hazırda evdən qeydiyyatdan çıxmır, 2015-ci ilin yanvar ayının 1-dən evdən özü çıxıb getmişdir, hazırda öz evində yaşayır. İş materiallarına əlavə edilmiş: İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Gəncə prospekti, 89 saylı evin 69 saylı mənzili İddiaçı mülkiyyətindədir. İş materiallarına əlavə edilmiş yaşayış yeri üzrə qeydiyyat haqqında 01/296 saylı xx.xx.2022-ci il tarixli arayışdan görünür ki, cavabdeh Bakı şəhəri, Gəncə prospekti, 89 saylı evin 69 saylı mənzildə qeydiyyatdadır. İş materiallarında olan bağışlama müqaviləsinin surətindən görünür ki, xx.xx.2013-cü ildə İddiaçı Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti 89 saylı evin, 69 nömrəli mənzilini oğlu Tağıyey Rafael oğluna bağışlamış, xx.xx.2014-cü ildə bağışlama müqaviləsi ləğv edilmişdir. İş materiallarında olan Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyat İdarəsi tərəfindən İddiaçı qeydiyyat vəsiqəsi verilmiş, bununla bağlı reyestr kitabında 9712 nömrə, xx.xx.1995-ci il tarixdə qeydiyyat aparılmışdır. İş materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin verdiyi məktubun surətindən görünür ki, Cavabdeh adına Bakı şəhəri, Xətai rayonu, İnqilab İsmayılov küçəsi, ev 11, 46 saylı mənzil, Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, 229 saylı bağ evi qeydiyyatdan keçmişdir və hazırda mülkiyyətindədir. İş materiallarında olan 132 nömrəli Mənzil Tikinti Kooperativinin sədrinin, 49 saylı mənzil sakini S.Z.Vəliyeva və 59 saylı mənzil sakini Z.Ə.Hidayətovanın imzaları ilə təsdiqlədikləri aktın surətindən görünür ki, Cavabdeh 2014-cü ildən yaşamır və mənzilə aid heç bir kommunal ödənişlər etmir. Tətbiq edilən hüquq: 2009-cu ilin oktyabr ayının 01-dək qüvvədə olan Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 60-cı maddəsinin 1-ci hissəsinə əsasən icarədar və ya onun ailə üzvləri müvəqqəti başqa yerə getdikdə, onların yaşayış sahəsi altı ay saxlanılır, müddətli həqiqi hərbi xidmətə çağırıldıqda-müddətli hərbi xidmət qurtarana qədər, habelə ehtiyatda olan zabitlər 3 ilədək müddətə həqiqi hərbi xidmətə çağırıldıqda –həqiqi hərbi müddətində, praporşik, miçman və müddətdən artıq həqiqi hərbi xidmətdə olduqda-hərbi xidmətin birinci beş ili ərzinqdə müvəqqəti başqa yerə gedən vətəndaşların yaşayış sahəsi daha uzun müddətə saxlanılır. Həmin Məcəllənin 87-ci maddəsinin 2-ci hissəsinə əsasən icarədar və onun ailə üzvləri daimi yaşamaq üçün başqa yaşayış məntəqəsinə getdikdə və ya həmin yaşayış məntəqəsində digər yaşayış sahəsinə köçdükdə yaşayış sahəsinin icarə müqaviləsi onların getdiyi və ya köçdüyü gündən pozulmuş hesab edilir. “Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 60-cı maddəsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 12 mart 1999-cu il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 60-cı maddəsinin 1 hissəsi məhkəmələr tərəfindən tətbiq edilərkən nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 87-ci maddəsində və Azərbaycan Respublikasının digər qanunvericilik aktlarında göstərilən əsaslar müəyyən edilmədikdə, icarədar və ya onun ailə üzvlərinin müvəqqəti, o cümlədən, altı ay və daha uzun müddətə başqa yerə getməsi həmin şəxsləri yaşayış sahəsinə olan hüquqlarından məhrum etmir. Mənzil qanunvericiliyinə əsasən tərəflər arasında yaranmış bu mübahisələrə məhkəmə tərəfindən baxılarkən yaşayış sahəsində 6 ay və daha uzun müddətdə yaşamamağının səbəbləri araşdırılmalı, bu xüsusat digər hallarla birlikdə məcmu qaydada tədqiq olunmalı və məhkəmənin müvafiq qərarında əsaslandırılmalıdır. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 24 sentyabr 2020-ci il tarixli Plenum Qərarına əsasən müraciətedənin mənzildən qeydiyyatdan çıxarılma üçün bütün hallarda mənzildən istifadə hüququna xitam verilməsinə dair qətnamənin olması mövqeyi ilə əlaqədar qeyd edilməlidir ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 9-cu maddəsinin birinci hissəsinin 5-ci bəndinin müddəaları onu göstərir ki, məhkəmələr bu növ iddialara baxarkən, hər bir halda şəxsin həmin yaşayış sahəsində yaşayıb-yaşamaması, istifadə hüququnun mövcud olub-olmaması məsələsini araşdırmalıdır. Belə ki, istifadə hüququ mövcud olmadığı halda ona xitam verilməsi məsələsindən də söhbət gedə bilməz. Eyni zamanda nəzərə alınmalıdır ki, sözügedən Qanunun 9-cu maddəsinin birinci hissəsinin 5-ci bəndinə əsasən, məhkəmənin yaşayış sahəsindən çıxarılma və ya istifadə hüququna xitam verilməsi haqqında qətnaməsi şəxsin yaşayış sahəsi üzrə qeydiyyatdan çıxarılması üçün kifayət edir. Bu isə məhkəmə qətnaməsi ilə yaşayış sahəsindən istifadə hüququna xitam verilmiş və ya yaşayış sahəsindən çıxarılmış şəxslərin qeydiyyatdan çıxarılması üçün mülkiyyətçinin yenidən iddia qaldırmasının qarşısını almaqla, prosessual qənaət prinsipinin təmin edilməsinə də xidmət etmiş olur. Qeyd edilməlidir ki, şəxsin yaşayış yerindən qeydiyyatdan çıxarılması onun üçün hər hansı əlverişsiz hüquqi nəticələr yaratmamaqla yanaşı, yaşayış sahəsi üzrə, ümumiyyətlə qeydiyyatsız qalmalarına da səbəb olmur. Belə ki, həmin şəxslər özlərinin yeni yaşayış yerləri üzrə və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 9 aprel 2003-cü il tarixli, 55s nömrəli Sərəncamına uyğun olaraq Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin şəxsiyyət vəsiqəsi verən müvafiq orqanının ünvanı üzrə qeydiyyata alına bilərlər. Məhkəmənin mövqeyi: Məhkəmə tərəflərin izahatını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia əsaslıdır. Buna görə də iddia təmin edilməlidir. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, Bakı şəhəri, Gəncə prospekti, 89 saylı evin 69 saylı mənzili İddiaçı mülkiyyətindədir. Məhkəmə cavabdehin həmin mənzildə yaşamaması səbəbini araşdıraraq hesab edir ki, cavabdehin uzun bir müddət ərzində mənzildə yaşamaması hər hansı bir üzrlü səbəblərlə əlaqədar olmayıb, onun daimi yaşamaq üçün başqa mənzilə köçməsi ilə əlaqədardır. Ona görə ki, cavabdeh mənzildən köçüb getmiş, ailə üzvü sırasından çıxmış və daimi başqa yaşayış yeri seçməklə, mənzillə əlaqəsini tamamilə kəsmişdir. Odur ki, cavabdehin uzun bir müddət ərzində mənzildə yaşamaması hər hansı üzrlü səbəblə əlaqədar ola bilməz. Buna görə də iddia təmin edilərək, Cavabdeh mənzildən istifadə hüququ itirilməlidir. Belə ki, Cavabdeh münasibətdə mübahisəli hüquq münasibəti 1980-ci ildən (mübahisəli mənzildə yaşamağa başladığı tarixdən) yarandığından hazırkı mübahisəyə 2009-cu ilin oktyabr ayınadək qüvvədə olan Mənzil Məcəlləsinin normaları tətbiq olunmalıdır. Sadalanan qanunvericilik aktlarına əsasən məhkəmə hesab edir ki, Cavabdeh mənzildə yaşamaması və bu müddət ərzində mənzilə gəlməməsi, yalnız onun başqa mənzilə köçməsi ilə izah oluna bilər. Odur ki, iddia bu təmin edilərək, Cavabdeh mənzilin yaşayış sahəsindən istifadə hüququ itirilməlidir. Şəxsin əvvəllər yaşadığı yaşayış sahəsini tərk edərək daimi yaşamaq üçün başqa yaşayış məntəqəsinə getdiyi qənaətinə gəlmək üçün mütləq onun özünə məxsus yaşayış sahəsinə malik olması halının müəyyən olunmasına ehtiyac yoxdur. Burada əsas dəyərləndirilməli olan məqam şəxsin tərk etdiyi yaşayış sahəsi ilə bağlılığını nə qədər qoruyub saxladığı, oraya yaşamaq üçün qayıtmaq niyyətinin olub-olmadığı və ən əsası bununla bağlı real təşəbbüslər göstərib-göstərmədiyidir. Cavabdehin başqa yaşayış sahəsinə köçərkən əvvəlki evinə geri qayıtmaq niyyətində olduğu inandırcı deyildir və işdəki sübutların məcmusu onun mənzilə dair hüququnun itirilməsinə münasibətdə keçmiş Mənzil Məcəlləsinin 87-ci maddəsində göstərilən əsasların mövcud olduğunu təsdiq edir. Hazırkı qətnamə qanuni qüvvəyə mindikdən sonra qətnamə “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 9-cu maddəsinin 1-ci hissəsinin 5-ci bəndinə əsasən Cavabdeh mənzildən yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması üçün əsas sayılacaqdır. Məhkəmənin qeyd etdiyi bu qayda müvafiq dövlət orqanının üzərinə vəzifə qoyulması deyil, qanunun göstərişinin iddiaçıya və müvafiq dövlət orqanına izah edilməsidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qətetdi: İddia təmin edilsin. Cavabdeh Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti, 89 saylı evin 69-cu mənzilindən istifadə hüququ itirilmiş hesab edilsin. Bu qətnamə Cavabdeh Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti, 89 saylı evin 69cu mənzilindən qeydiyyatdan çıxarılması üçün əsasdır. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Sahibə Hacıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar