Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-1475/2024 01.02.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Həsənova Aygün Namiq qızının sədrliyi, Quliyeva Nərmin İsmayıl qızının katibliyi ilə, İddiaçı Cavabdeh qarşı “pul tələbi”nə dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi : İddia ərizəsinin dəlilləri: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh, iddiaçıdan aldığı 4.000 manat pulun, ödənilmiş 60 manat dövlət rüsumunun alınaraq iddiaçıya qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh X2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 va 178.2.4-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 2 il 5 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Cavabdeh vahid qəsdlə, iddiaçının etibarından sui-istifadə edərək, iddiaçının anası X1 təqaüdünü bərpa etdirəcəyinə dair yalan vəd verib 2022-ci ilin may ayının ortasında, ünvan 1 ünvanında yerləşən, “McDonalds” restoranının qarşısında 4.000 manat məbləğində nağd pul vəsaitini alıb ələ keçirməklə iddiaçını aldadaraq, zərərçəkmiş şəxs olaraq iddiaçıya 4.000 manat məbləğində ziyan vurmaqla dələduzluq etmişdir. İddiaçı zərərçəkmiş olaraq məhkəmədə verdiyi ifadəsində Cavabdeh 4.000 manat pulunun hələ də qaytarılmamasını göstərib təqsirləndirilən şəxsdən şikayətinin və tələbinin olduğunu bildirmişdir. Hökmdə iddiaçıya zərərin 4.000 manat qaytarılması göstərilməmişdir. Ancaq məhkəmədə iddiaçıya tövsiyə olunmuşdur ki, məhkəməyə iddia ərizəsi ilə müraciət etsin. İddiaçı da 4.000 manat pulun qaytarılması barədə məhkəməyə müraciət edir. Tərəflərin izahatları: Məhkəmə iclasına gəlməmiş iddiaçı məhkəməyə ərizə ilə müraciət edərək məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olunmuş cavabdeh məhkəməyə gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat daxil olmamışdır. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İşin faktiki halları: İş materiallarında olan Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 09 avqust 2023-cü il tarixli 1(011)-383/2023 saylı hökmündən görünür ki, Cavabdeh Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələrində nəzərdə tutulmuş əməllərin törədilməsində təqsirli bilinərək 02 il 06 ay müddətinə azadlıqdan məhrum edilmişdir. Hökmdən görünür ki, hazırkı mülki iş üzrə iddiaçı olan İddiaçı cinayət işi üzrə zərərçəkmiş qismində tanınmışdır. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 09 avqust 2023-cü il tarixli 1(011)-383/2023 saylı hökmündən görünür ki, Cavabdeh məhkəmə istintaqı zamanı elan edilmiş ittihamda özünü qismən təqsirli bilərək İddiaçı anasının pensiyasını bərpa etmək üçün sonuncudan ilkin olaraq 4.000 manat pul aldığını, lakin işi görə bilmədiyini bildirmişdir. Cavabdehin etirazı məhkəməyə daxil olmamışdır. Mülki işə tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsi: 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 740-cı maddəsinə əsasən borc müqaviləsi şifahi bağlanır. Tərəflərin razılaşması ilə yazılı formadan da istifadə edilə bilər. 740.2-ci maddəsinə görə, borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsi: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir. 82.4-cü maddəsinə əsasən, məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 124.1-ci maddəsinə əsasən, işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. İşə baxan məhkəmənin mövqeyi: Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçı ilə cavabdehin arasında şifahi razılaşma olmuşdur. Razılaşmaya əsasən, cavabdeh iddiaçının anasının pensiyasını bərpa etmək adı ilə iddiaçıdan 4.000 manat pul almış, lakin işi düzəldə bilməmiş, aldığı pulu da iddiaçıya qaytarmamışdır. Cavabdehin törətdiyi əmələ dələduzluq olaraq qiymət verilmiş, o, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 09 avqust 2023-cü il tarixli 1(011)- 383/2023 saylı hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələrində nəzərdə tutulmuş əməllərin törədilməsində təqsirli bilinərək 02 il 06 ay müddətinə azadlıqdan məhrum edilmişdir. Cinayət işində məhkəmə istintaqı zamanı cavabdehin iddiaçıdan həmin məbləği alması halı öz təsdiqini tapmışdır. Beləliklə, cavabdehin pulu alması və aldığı pulu qaytarmaması işin mübahisəsiz halıdır. Odur ki, iddia tələbi həmin təmin edilməli, Cavabdeh iddiaçıdan aldığı 4.000 manat pul vəsaiti iddiaçının xeyrinə tutulmalıdır. Məhkəmə mülki-prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq məhkəmə xərclərinin bölüşdürülməsi məsələsini də qətnaməsində əks etdirməlidir. İş materiallarından görünür ki, iddiaçı 60 manat dövlət rüsumu ödəmişdir. Odur ki, məhkəmə dövlət rüsumunun alınması məsələsinə qiymət verərək, hesab edir ki, iddia tələbi təmin edildiyindən, cavabdehdən 60 manat dövlət rüsumu alınaraq iddiaçıya ödənilməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki-Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki-Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi : İddia tələbi təmin edilsin. Cavabdeh 4.000 (dörd min) manat və dövlət rüsumunun əvəzi olan 60 (altmış) manat pul vəsaiti alınaraq İddiaçı ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə (“Elekron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Aygün Həsənova
Məhkəmə qərarları › İş №2(011)-1475/2024
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-1475/2024
01.02.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver